Dünya yarımçıq namədi,
oxunmur yara, yazdığın,
vərəm ləkəsidir bəlkə,
sağalmır yara yazdığın.
Sönür ocaq kimi həvəs,
hər yer zülmət, hər yan qəfəs,
alır bir xəzridən nəfəs,
bir gilavara yazdığın.
Hal dəyişməzdi kölgədə,
kim gəzdi, azdı kölgədə,
çıxıb yadından bəlkə də,
bu bəxti hara yazdığın.
Təkdi, rəbbim kimi təkdi,
canı bir sulanmaz ləkdi,
qıpqırmızı çiyələkdi,
bəxtini qara yazdığın.
Adam nədən zalım olur,
hər cəllada zamin olur,
birdən-birə alim olur,
payın avara yazdığın.
Sən həkimsən, ya bir yabı,
ya könlümün iztirabı,
gəzir, gəzir, qapı-qapı,
dərdinə çarə yazdığın.
Xumar olanlar xofdadı,
bilməz nədir hərif dadı,
koram, hansı əlifbadı,
daşa, divara yazdığın?
***
Eyvana xalı sərmisən,
bəs xalı sərən hardadı,
ilmədə gül göndərmisən,
gülü göndərən hardadı?
Ay qonça gülüm hardasan,
ay hansı yoxda, vardasan,
gör özün nə diyardasan,
gör bu gül dərən hardadı.
Sən bir pəri, sən bir mələk,
bal dodaqların çiyələk,
hardadı Əsli, ey fələk,
hardadı Kərəm, hardadı?
***
Yer üstünə səpələndim,
əkildim bir toxum kimi,
azdım şoran torpaqlarda,
varım kimi, yoxum kimi.
Yer üstü daşdı, qayadı,
çiçəkdi, otdu, ələfdi,
mən gələn dünya uzaqdı,
getdiyim hansı tərəfdi?
Deyirlər bu təriqətin,
öz dərdi, öz mərəzi var,
guya, haqqın qandalı yox,
guya, mizan-tərəzi var.
Guya bilir bu əndəluş,
canın çəkdiyi nəm nədir,
ağrı nədir, əzab nədir,
cənnət nə, cəhənnəm nədir.
Bu ağrıda, bu hüzndə,
neydə kim var, salam olsun,
yerdə kim var cəhalətdə,
göydə kim var, salam olsun!
Gedim, uzaqlara gedim,
soysun sevənlər dərimi,
yer adamı anlamadı,
yer üstü şərqilərimi…
Deyin dağlar gözəlinə,
enib dağdan düzə gəlsin,
gahdan sındıra-sındıra,
gahdan süzə-süzə gəlsin.
Eşqin gövhəri düzdədi,
yağdı, mayası, üzdədi,
dərayalarda, dənizdədi,
gecədən gündüzə gəlsin.
Bir şərqi söyləyib pəsdən,
eşqə varsın bu həvəsdən,
əl uzadıb çəpər üstən,
güllər üzə-üzə gəlsin.
Qırmasın könül bağını,
qoy mən əkim torpağını,
eybi yoxdur, dodağını,
gəlsin, büzə-büzə gəlsin.
Bu mələkdi, yoxsa pəri,
olub könlüm dərbədəri,
ellərdən gəlir xəbəri,
bir dəfə də bizə gəlsin.
Var saçımda, dən neyləyim,
bu duman, bu çən, neyləyim,
yola gəlmir, mən neyləyim,
bir yol baxıb sözə, gəlsin.
***
Əyilə-əyilə yaz şeirlərini,
yeriyə-yeriyə yazma,
ayaqlarını,
gəlin paltarının ətəkləritək,
sürüyə-sürüyə yazma,
qabağında çay olsun mütləq,
soyusun, içmə,
şairsən, təzədən gətirəcəklər,
şəkil çəkdirmək istəsən,
dibçəkdən boylansın,
üzünü qızardan çiçəklər,
ad günü, toy əhvallı şeirlərinin,
bəri başdan al qonorarını,
təzə meyidə də bir şeir həsr elə,
görməmiş məzarını,
bir az fikirli görün,
əlini çənənə qoy hərdən-hərdən,
artacaq sevənlərin,
kənddən, şəhərdən,
ayda bir kitab çıxar,
əlbəttə gözəl olsun təqdimatı,
yüyürüb gələcək tənqidçilərin,
ucunu görən kimi
əzilmiş beş manatın,
mütləq mahnılar bəstələnsin,
müğənnilər mamlımatan,
anan toylarda süzəcək,
məəttəl qalacaq atan,
divaniyə də qarmaq at,
qəzəllərə də,
nakam məhəbbətdən şeirlər yaz,
iliş yüngülayaq gözəllərə də,
divarlardan asılsın,
rəssamların çəkdiyi surətin,
bir misran olmasa belə,
aşsın başından sərvətin,
xarici səfərlərdə birinci ol,
şeirlərini yüz dilə çevirəcəklər,
şeir yaza bilməyən neçə xudpəsənd,
adını it kimi gəmirəcəklər,
fikir vermə,
bənzərin var ayğır atlara,
xırda-xırda, xısın-xısın,
yol axtar mükafatlara,
bircə şeirlərini yeriyə-yeriyə yazma,
əyilə-əyilə yaz,
yoxsa səndən heç vaxt, heç vaxt,
görkəmli şair olmaz…
***
Söz sudur, boğazdan yuxarı çıxıb,
ayaqlar altında əzir adamı,
nəfəsin qaralır boğulduğundan,
nə dərya gizlədir, nə sirr adamı.
Günah ürəyinə düşür xal kimi,
yanıb, parlayırsan təzə nal kimi,
gör necə şişirdir boş motal kimi,
gör necə köpürdür nəzir adamı!
İtdin iynə kimi əkin-biçində,
bir hündür qayasan boyda, biçimdə,
söz adam axtarır adam içində,
söz adam içində gəzir adamı…
Yağır bostanlara söz yağış kimi,
gahdan damarlara dolur qış kimi,
sındırıb qəfəsi, azad quş kimi,
buraxır çöllərə əsir adamı…
Günah yük altında əymədə qəddi,
buludlu gözlərə hər kəs bələddi,
gör necə ağırdır şairin cəddi,
gör necə qılınctək kəsir adamı…
***
Bir qanadlı quş kimidir,
başdan ayağa bu kənd,
bir bulağa baş endirib,
misra-misra və bənd-bənd.
Nəynən dolmusan beləcə,
nədəndi içərin, qadam,
başı göylərə sarıdı,
hər su içənin, qadam.
Çək buludları göydən,
nə var göstər, ilahi,
de nədir zəmzəm suyu,
nədir kövsər, ilahi…
***
Gözlərimlə əzbərlədim,
yolları, küçələri,
günəşli gündüzləri,
ulduzlu gecələri…
Yazıldı yaddaşıma,
başından tüstü çıxan,
kasıb daxmalar,
belə başlayır qəriblik,
belə çimkəşir darıxmalar…
Adamın bir əli çatışmır,
sənə əl eyləsin, əl,
hardasan ay sevgilim,
hardasan bilmirəm, gəl…
***
Xəzan at oynatdı söz bostanında,
nə çiçək şehlənir, nə yarpaq qalıb,
qartıyıb xiyarı, məkəbuğdası,
görün saralmamış neçə tağ qalıb.
Yüz dəfə dəyişdi tərkibi qanın,
döndü xarabaya öz xanımanın,
məhbəsə girəndə safıydı canın,
nə sayaq girmişdin, nə sayaq qalıb.
Sirr deyib ünvanı bildirmədilər,
bildirib, aləmi güldürmədilər,
çox şükür, qan töküb öldürmədilər,
gör necə qurtulub, şair sağ qalıb?
Dərin quyulardan gəlsə də səsi,
sındıra bilmədi bağlı qəfəsi,
bir az ürəyində sevmək həvəsi,
bir az gözlərində isti yağ qalıb.
Bitir çöllər boyu, bitir qamışlar,
kim harda doğular, kim harda qışlar,
öyməyə dağ boyda dostlar, tanışlar,
söyməyə bir-iki qurumsaq qalıb.
Qismətə güc gəlmək bir hünərdimi,
qaməti sındırıb, əzən ərdimi?
Sağalda bilmədi köhnə dərdini,
köksünə çəkilmiş təzə dağ qalıb.
Yazıya 515 dəfə baxılıb