Əlişad CƏFƏROV – Quşlar yuva qurar

elisadceferov-300x169Əlişad CƏFƏROV Cəlilabad rayonunun Üçtəpə kədində anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fəqlənmə diplomu ilə bitirib. AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin müdiri və redaksiya heyətinin üzvüdür. Şeirləri respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunub.

Xalq şairi Rəsul Rzaya

Bu ağır itkini varlığım danar,
Necə ki, ölməzlər ölümü danıb.
Aprelin birində bir dost aldanar,
Aprelin birində bir xalq aldanıb.

Uca zirvələri çən-çisək aldı,
Yamaca nə qaldı, yala nə qaldı?
Dünyaya gəlməyin həqiqət oldu,
Dünyadan getməyin yalana qaldı.

Nurlu misraların, odlu sənətin,
Könlümdən kədəri talan eylədi.
Vuruldum aprelin birinə, şair,
Gerçək ölümünü yalan eylədi.

1 aprel 1981-ci il.

***

Dördlüklər

Dünyanı çiyninə alıbdı qoca,-
Əsir yük altında zəif dizləri.
Sual işarəsi olubdu qoca,
Çoxlu nöqtələr tək ayaq izləri…

* * *

Dörd divar içində bəslənən hər gün
Qapqara bir daşdır, ürək deyildir.
Kim deyir, arabir tamaşa üçün
Bu güniş üfüqlıər gərək deyildir?

* * *

Qovaram qəlbimdən ağrılarımı,
Canımla, qanımla yaradaram mən.
Leysanda islanan misralarımı,
İsti şəfəqlərlə qurudaram mən.

***

Dünya bu gün

Yenə dinləyirəm son xəbərləri-
Fələstin övladı yurddan qaçaqdır.
Azadlıq altında gizlənənlərin
Arzusu, əməli işğlaçılıqdır.

Oğrunun, əyrinin inadına bax:
Başına tac qoyub xalqını soyur.
Bu dövrün, zamanın inadına bax,
Qara xəbərləri Ağ evlər yayır.

Əzmini, gücünü açıq duyanlar,
Ölkədən-ölkəyə qovğa ələyir.
Mənliyi, varlığı bur heç olanlar,
Yüksək kürsülərdən çıxış eyləyir.

Həyadan, abırdan qalmayıb əsər:
Çoxu öz-özünü öyən olubdur.
Üz-üzə gəlməkdən çəkinən kəslər,
Efirdə döşünə döyən olubdur.

Dalayır qəlbimi min fəğan, min ah,
Silah yarışları başlayır bu gün.
Xalqın əlləriylə düzələn silah,
Xalqın sinəsinə tuşlanır bu gün.

Arzu istəyimi daş belə anlar,
Bütün varlıqlara qəlbim həyandır.
“İnsan hüququ”ndan çox danışanlar,
İnsan hüququnu tapdalayandır.

***

Qısqanıram mən

Hələ vərəq-vərəq oxunmamışam,
Gedişin-gəlişin oxunur sənin.
Bəyaz əllərinə toxunmamışam,
Küləklər saçına toxunur sənin.

Otuzu adlayıb gözləmir yaşım,
Sonsuz həsrətindən usanıram mən.
Zülmət gecələrə necə tapşıram,
Səni gündüzlərə qsıqanıram mən?!

***

Quşlar yuva qurar

Quruyub qalmışam çölün düzündə,
Əsən küləklər də mənim yağımdı.
İki gün dustağam bu yer üzündə,
İkicə gün olur azadlığım da.

Aydındır hər kəlmən ay işığıtək,
Əsərəm yarpaqtək sözünün üstə.
Aralı düşərik iki günlüyə,-
Quşlar yuva qurar izinin üstə.

***

Bermut üçbucağı

Arzular, əməllər gülə bilməyir,
Dəhşətli fikirlə oyanır orda.
Əqrəblər yükünü çəkə bilməyir,
Deyirlər, zaman da dayanır orda.

Dünyaya bir ümman kədər ələdi,
İlan tək qıvrılıb çaldı dünyanı.
İnsan vəhşiliyi azlıq eylədi,
Qorxunc bir dəhşət də aldı dünyanı.

***

Qaranquş

Ağın başqa yanadı,
Bir yanadı qaran, quş.
Mənə xoş xəbər gətir
Qayçı quyruq qaranquş
Ağın da var, qaran da
Niyə yoxdur sarın, quş?
Baharlı sevincindən
Küləkləri yaran quş
Qismətin bahar olsun
Görməyəsən boran, qış
Yazdan mənə köynək biç,
Qayçı quyruq qaranquş.

***

Payız dördlükləri

 

Ümidim bahara itməyibdi ki,

Ümidim qəlbimdə yaraqlanıbdı.

Hansı rəssamınsa əsərindəki

Qadıntək ağaclar çılpaqlanıbdı.

 

* * *

Payızda bir ağac gülə bələnib,-

Gizlədə bilməyib bahar heyrətin.

Payız yarpaqların məktub eyləyib

Yazır ünvanına əbədiyyətin.

 

* * *

Bahar çiçəkləri fikirlərimdə,

Payızlı bir nəğmə dindirib məni.

Qızıl paqonları çiyinlərimdə,-

Payız da rütbəyə mindirib məni…

 

* * *

Səmanı çiyninə görən aldımı?

Ağaclar anteytək çılpaq yaşayır.

Küləklər tələsən poçtalyonumdu,

Payızdan bahara məktub daşıyır.

***

Qurban olum

 

(Azad nəvəmin bir yaşına)

 

Süd qoxulu isti yumşaq

Yatağına qurban olum.

Təzə-təzə ayaq üstə

Durmağına qurban olum.

 

Gəl babanı salma dara

Ürəyinə vurma yara

Şirin-şirin xülyalara

Dalmağına qurban olum.

 

Ruhum uçdu, qəlbim güldü

Çox istəkli nəvəm gəldi.

Həftəsonu babangildə

Qalmağına qurban olum.

 

İzləyirəm izlərini,

Gəl qatlama dizlərini

Buta-buta gözlərinin

Qapağına qurban olum.

 

Mələksifət, açıqalın,

Səni sevir, sağın, solun.

Ağlayanda dördkünc olan,

Dodağına qurban olum.

 

Düşmən çəpərinə daş atdın

Nəslin başını ucaltdın

Azad babanı yaşatdın

Varlığına qurban olum.

 

Yerinə yetsin diləyin

Şad olsun kövrək ürəyin

Səni bizə bəxş eyləyən

Xaliqinə qurban olum.

 

* * *

 

SRRİ Yazıçılar İttifaqının M.Qorki adına Ədəbiyyat  İnstitutunda mənə dərs deyən Rus dili müəlliməm-Korneeva İnna İllarionovnaya böyük məhəbbətlə həsr edirəm.

 

Gərək ürəyimi hər kəsə açam,-

Bir ülvi məxluqdan öyüd alıram.

Otuzu adlayıb

Ötsə də yaşım,

Hər dəfə yanında uşaq oluram.

 

Sənli günlərimi duman-çən almaz,

Ömrümün çiçəyi solmaz önündə.

Məndən küçələrdə

Dəcəli olmaz,

Məndən həlimi də olmaz önündə.

 

Min nöqsan görsən də, hər bir işimdə,

Çəkib qulağımı

Burmamısan heç.

Vaxt olub dərsinə gecikmişəm də

Qayıdıb üzümə

Vurmamısan heç…

 

Açıb qucağını Ana Vətən də.

Qəlbim də qırılmaz inamdı mənim.

Mənə ikinci bir

Dil öyrədən də,

Deməli,

İkinci Anamdı mənim.

 

Gərək hər ağırıya-acıya dözəm.

Böyükdür insanın

Səbri, deyirəm.

Bir rus qadınına

Anamdı, desəm,

Çatlamaz Anamın qəbri, deyirəm!..

***

ANA, SIZLADIM…

 

Sinəmin üstünə gərək daş qoyum.

Bu dərdi mən necə udum görəsən?!

Kimin dizlərinin üstə baş qoyum,

Kimin ətəyindən tutum görəsən?

 

Gözümdə bir damla yaş da qalmayıb.

Acı taleyimə, ANA, sızladım.

Mənim ki Analı günüm olmayıb,

Nə yaman, nə yaman Anasızladım!..

 

* * *

Tələbə dostum, tanınmış şair Maarif Soltana həsr olunur

 

Gözünü, könlünü bulud alsa da,

Özü bulud kimi boşalır, dolur.

İlhamı arabir ayıq olsa da,

Çox zaman gözləri yuxulu olur.

 

Zamanın özüylə yarışan kəsin

Yerişi-duruşu dağlardan ağır.

Yenilik eşqiylə alışan kəsin

Əynindən-başından köhnəlik yağır.

 

Əsrin tufanına sinə gərməyib

Süsəndən, sünbüldən ötür sazında.

Hələ ilk kitabı işıq görməyib

Yaşayır dahilik iddiasında.

 

Əyilir köksünə fikirli başı-

Sanki qurtaracaq kimisə, dardan.

Çəkir imtahana dostu, yoldaşı

Özü iki alır imtahanlardan.

 

Onun bu gününə acıyıb halım:

Bükülür yumaqtək fikrə dalanda.

O qədər tənbəki çəkir bu zalım,

Sinəsi fit çalır nəfəs alanda.

 

Atıb bir tərəfə eşqi, ilhamı,

Bir az qulaq asıb Haqqın səsinə:

İmkanım olsaydı, Maarif Soltanı

Çəkərdim yoldaşlıq məhkəməsinə!..

 

 

 

Yazıya 456 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.