İlıq yay səhəri Nəsibə yuxudan oyandı. Həmin andaca yadına düşdü ki, axşamdan topunu oynatdığı yerdə, küçədə qoyub. Cəld əynini geyib ora cumdu. Balaca, yumşaq, şabalıdı topu yolun ortasındaca yatıb qalmışdı. Qız onu götürüb sinəsinə sıxdı, öz-özünə pıçıldadı: «Yaxşı ki, maşınlar topumu basıb öldürməyib».
Top uşağın qucağında xoşallandı, əzizləndi, yuxusundan tamam ayılıb oynamağı tutdu. Qıza elə gəldi ki, topu onun əlindən özü sıçrayıb yerə düşdü, ordan da dığırlana-dığırlana qaçdı. Gedib üstü narın torpaqla dövrələnmiş, ortası yerin təkinə ovulmuş qarışqa yuvasının böyründə dayandı. Narın, şabalıdı torpaqdan güclə seçilən qarışqalar yuvanın ətrafında top kimi yumrulanmışdılar. Onlara ötəri baxanda qaynaşmaları, tərpənmələri o qədər də bilinib sezilmirdi. Gərək çox diqqətlə fikir verib nəzər salaydın ki, xırdaca qarışqaların xırdaca tərpənməsini, titrəməsini, bir ürək kimi döyünməsini görəydin. Qız qarışqa topasını öz topuna bənzətdi. Onun topu rezindən yox, parçadan hazırlanmışdı deyə qarışqa topasından seçilmirdi. Budur, elə bir iki balaca topcuğaz yanaşı durub himə bənd imiş kimi dığarlanıb qaçacaqdılar. Lakin onlar qaçmadılar. Nəsibə maraqla gah topuna, gah da qarışqa topasına baxırdı.
Qarışqaların nizamlı tərpənməsi, onların yumruca dövrəsini pozmaması qızın çox xoşuna gəldi. Bax, bu dəqiqə o, öz topuna bir təpik vurar, topu qabağa qaçardı. Lakin ortası deşik qarışqa topuna vura bilməzdi. Onların nizamı pozular, yuvası dağılar, ölərdilər. Axı bu qarışqa topu minlərlə qarışqanın bir yerdə cəm olmasından yaranmışdı. Bu canlı top dığarlanıb heç yana getmək istəmirdi. Onlar necə hərəkət edirdilərsə heç nizamları pozulmurdu.
Nəsibə zənd ilə baxıb gördü ki, heç yana dığarlanmayan qarışqa topunun yanlarından çıxan xırdaca qarışqaların gedişi-gəlişi, şabalıdı yumaqdan çıxan incə, sərif «sapa» bənzəyir. Bu «saplar» öz yollarını dəqiq bilir, yumaqdan ayrılanlar ayrılıb gedir, gələnlər isə elə məharətlə «yumağ»a bitişirlər ki, bunu gözlə görmək o qədər də asan olmur.
Qız qarışqaların hərəkətlərini nə qədər səylə izləsə də hansıların yumaqdan ayrıldığını, hansıların yumağa doğru axışdığını seçə bilmirdi. Uşağa elə gəlirdi ki, onun da topundan şabalıdı saplar çıxacaq, onun da topu canlanacaqdı. Onun topu yerindəcə durur, gözləyirdi, ondan heç bir sap çıxmırdı.
Nəsibəni qorxu bürüdü, ağlına gəldi ki, qarışqa topundan çıxan şabalıdı «sap»lar bu saat hücum çəkib onun topunu aparıb yuvalarına salacaqlar, ya da öz qarışqa topasının böyrünə sürüyəcəklər. Onun topunu əlindən alacaqlar.
Tez topunu yerdən götürüb bərk-bərk qucağına sıxdı. Yenidən heyranlıqla bu xırdaca varlıqların yüklü və ya yüksüz yuvaya, eşiyə çıxmalarına tamaşa etdi. Bu qarışqaların çoxunun ağzında cıqqlıca yem vardı. Onlar bu yemi bərk-bərk saxlayır, yollarından qalmırdılar. Qız axşam burada uşaqlarla top oynayanda qarışqa yuvasını görməmişdi. Onlar bura gecəykən köçmüş, yuva qurmuşdular.
Budur günəşin zərrin şəfəqləri qızın gözünü qamaşdırdı. O, topunu günlük kimi alnına tutdu. Günəş qarışqa topasını da parıldadırdı. Sübh şəfəqləri qarışqa yuvasının içinə doğru işıq cığırı açmışdı. İşıq cığırında da minlərlə qarışqa qaynaşırdı.
Qıza elə gəlirdi ki, onunku kimi qarışqaların da gözü qamaşır. Onlar da istəyirlər gözlərirnin üstünə topla günlük tutsunlar. Lakin onlar bunu bacarmırdılar. Onlar gözləri qamaşa-qamaşa gedib-gəlirdilər. Qız bunları fikirləşərkən rəfiqəsi Sonanın atasının iri yük maşınının tırıltısı onu fikirdən ayırdı.
O, indicə indicə anlayıb başa düşdü ki, qarışqalar yuvalarını yolun düz ortasında qurublar. Ya maşınlar, ya da adamlar onların üstündən keçəcəklər. Mütləq əzilib öləcəklər. Uşaq yamanca pərt oldu, xoş əhvalı korlandı. Öz-özünə söyləndi: «Axı qarışqalar niyə belə ağılsız iş tutublar, yuvalarını yolun kənarında qurmayıblar.
O, öz topuna oxşatdığı qarışqa topasına necə hirslənib acığı tutdusa, yuvaya tərəf əyilib bərkdən çığırdı: «Eyy… ağılsız qarışqalar, yoldan çəkilin! Tez olun buradan çıxıb gedin».
Başları öz sevimli işlərinə qarışan qarışqalar qızın çığırtısına əhəmiyyət verib, veclərinə almadılar. Elə bil qız onlara qışqırmır, onlara söz demirdi. Onların təhlükədə olduqlarını qarışqalara heç cür başa sala bilmirdi. Qarışqalar bilmirdilər ki, bu saat maşın gəlib üstlərindən keçəcək, yuvaları dağılacaq, özləri də öləcəklər.
Uşaq bir istədi ki, qarışqa yuvasının böyründəcə durub onları qorusun, qoymasın nə maşınlar, nə də adamlar onları ayaqlayıb keçsinlər. Bir də fikirləşdi ki, tezcə gedib məhlələrindən yekə ağac parçası gətirsin, onu yuvanın yanında yerə basdırsın, gələn-gedən qıraqdan hərlənsin, bu ağılsız qarışqaları basdalamasın.
Gördü nə qarışqa yuvasının yanında durub gözləmək, nə də ora ağac basdırmaq olmaz. Axı bu yol adamların, həm də maşınlarındı. Onlar yollarını dəyişməyəcəklər. Çünki, onların başqa yolu yoxdur.
Uşaq yamanca təntimişdi. İlk dəfəydi belə işə düşmüşdü. İlk dəfəydi qarışqa yuvasını yolun ortasında görürdü. Onları mütləq xilas eləməli idi. Onları ölməyə qoymamalıydı.
Bax budur, qarışqa topası onun topu deyildi ki, əlinə alıb istədiyi yerə qoysun, istədiyi yerə aparsın, atsın-tutsun, oynatsın.
Qız ayaqlarını yerə döyə-döyə zərif tərpənişli qarışqa topasına daha bərkdən qışqırdı: «Qaçın! Qaçın, ay axmaq qarışqalar, heç olmasa hamınız yerin altındakı yuvanıza girin, burada topalaşmayın. Nə olsun sizin qarışqa topu topuma oxşayır, ancaq mənim topum ağıllıdır, o mənim sözümə baxır. Siz isə məni eşitmirsiniz, siz öz bildiyinizi eləyir, yuvanıza çəkilmirsiniz».
Qarışqa topası astaca tərpəşməyində, qaynaşmağında davam edir, qızı eşitmirdi.
Nəsibə dözmədi. Bir əlində topunu saxlayıb, o biri əlini qarışqa topuna tərəf yellədib onlara ehmallıca toxundu, ağlamsındı: «Girin yuvanıza, girin, ay ağılsız qarışqalar» – demişdi ki, üç dənə qarışqa təntiyib onun əlinə dırmaşdı. Qız qarışqalardan qorxmayıb, sevinə-sevinə qaçıb onları yolun kənarına, divarın dibinə üfürdü.
Əlini yenə qarışqa yuvasına uzatdı. Onların topa oxşayan yumru dövrəsi ürküşüb dərhal pozuldu. Əlinə çoxlu-çoxlu qarışqa daraşdı. Qızın qorxudan ürəyi əsdi ki, qarışqalar bu dəqiqə əlini dişləyəcəklər. Ona görə də tezcə «Ay, ayy» – qışqırıb əlini divarın dibinə çırpaladı.
Qarışqalar tökülüşüb gicəllənə-gicəllənə bir andaca başlarını yırtıq deşiyə soxub hara gəldi gizləndilər. Tək bir qarışqa qızın əlinə yapışıb qaldı. O düşmək istəmirdi. Deyəsən yeri yamanca rahat idi. Uşaq əlinə yapışan qarışqanı topu ilə itələyib yavaşca yerə saldı, özünə də tapşırdı: «Bax, ay gözəl qarışqa, yola çıxma ha, get, burda durma, düz ananın yanına get. Sağ ol dostum, tez ol get!».
Qarışqa gözdən itənə kimi qız onu müşaiyət etdi.
Maşın tırıltısı kəsilməmişdi. Sonanın atası iri dəmir qapılarını taybatay açdı. Qız qabağa yüyürüb üzünü rəfiqəsinin atasına tutdu:
– Salam əmi, sabahın xeyir, – dedi.
Kişi də gülümsünüb:
– Salam qızım, sabahın xeyir, nə tezdən durubsan, – soruşdu.
Nəsibə təlaşla yuvasının ətrafına dağılmış qarışqaları kişiyə göstərib təşvişlə, həyəcanla dedi:
– Əmi, maşını bu yandan sür, burda qarışqalar var. Onları əzmə noolar, yazıqdılar. Bu qarışqalırın ağlı yoxdur, əmi! Bir bax, yuvalarını yolun ortasında qurublar. Bir bunlara bax də…
Sonanın atası da qarışqa yuvasını görüb hirsləndi:
– Hə qızım, sən düz deyirsən, bu qarışqaların ağlı yoxdur. Heç yolun ortasında da yuva qurarlar? Bəs indi biz neynəyək? Göyəmi uçaq, yerəmi girək? Gör ha, başımıza gələnə bax. Səhər-səhər işə düşdük də…
Kişi beləcə deyinə-deyinə qıza ürək-dirək verdi:
– Qorxma, qızım, maşını elə sürəcəm ki, yuvanı basmasın. Ancaq bu nazik qarışqa qatarını mütləq yarıb keçməliyəm. Çünki, başqa yolum yoxdur.
Qız topunu sinəsinə sıxıb evlərinə qaçdı ki, daha heç nəyi görməsin. O, evlərində tez-tez topuna tapşırırdı:
– Bax, sənə deyirəm, mənsiz küçəyə çıxma ha… Maşının altında qalıb ölərsən, eşitdin?!
Bu zaman top onu başa düşürmüş kimi qızın qucağına daha bərk sığındı.
Həmin gün yuvalarını yolun ortasında qurmuş qarışqalar Nəsibənin yadından heç çıxmadı. Öz topuna bənzətdiyi qarışqa topunun axırının necə olduğuna da gedib baxmağa ürəyi gəlmədi.
Gecə isə Nəsibə çox narahat yatdı. Yuxusunda gördü ki, həmin qarışqalar maşının tırıltısını eşidən kimi yuvalarını top kimi götürüb yolun ayaq dəyməz yerinə qoydular. Onlar durub-dincəlmədən şirin-şirin, yüklü-yüksüz, bir-birlərinin burnuna toxuna-toxuna gah yuvaya, gah da eşiyə daraşırdılar. Qarışqalar uzun, nazik, şabalıdı saplar yumaqdan açılan kimi qarışqa topasından açılır, eşiyə-içəri hey çözələnir, bu topu astaca tərpəşdirirdilər. Qız da öz sevimli topunu qucağına basıb maraqla onlara baxırdı. Qızın yuxusunda qarışqalar çox ağıllı idilər.
Aləmzər Əlizadə
Yazıya 736 dəfə baxılıb