Daha ayağa qalxmaq
ayağın işi deyil,
Tək adamlıq uçurumdu
dünyanın hər tərəfi…
Bilirəm…
elə bilirsən addım atmaq
yeriməkdi, əzizim.
Axı sənə necə deyim
Addım atmaq
ayağın vərdişidi…
Günəşin bircə dəfə
alnından öpmədiyi
quzeylərə and olsun,
Quzey tənhalığıdı
tənha insanın ömrü…
İndi səndən söz soruşum,
Sən cavabla, əzizim.
De görüm
iki əlin bir ovuc qədərdimi,
…Bir ömür ölürsə insan,
Səncə bu qədərdimi…
Dağıtdımı saçını
Saçını bircə dəfə oxşamayan
O sərsəri küləklər
Onda əllərini unutma…
Bir ovucluq əlini
üzünə sıx, əzizim,
Cahana bax…
cahana bax, əzizim.
*
İşdi-qəzadı,
….ölsəm,
Sənə bağışlayaram
ulduzlarımızın barışmadığı
bütün zaman kəsiklərini…
Nəfəslərin toxuna biləcəyi
hər yer Vətən sayılar…
İndi hardasa, çox uzaqlarda
qara dərili nurani bir qoca
pəncərə önündə
öz nəfəsiylə toxunaraq tərlədiyi
şüşəyə tapşırır canını…
Vətənə tapşırır canını
Səni inandırmağa and içirəm, İlahi,
And olsun, arzuların
fəzada intihar etdiyi zaman kəsiklərinə,
Bu kəsiklər öz çoxluğu ilə diş ağardır sənə…
…və yenə çox uzaqlarda bir körpə üşüyür,
…və yenə demək istəyirəm ki,
və yenə demək istəyirəm ki:
və yenə demək istədiklərim
sinəmdə düyün düşür…
…və sənə bağışlayıram
ulduzlarımızın barışmadığı
bütün zaman kəsiklərini.
*
Yenə kimi axtarar
o külək,
o sazaq,
o qar…
Kiminin əli titrəyər,
kiminin qəlbi üşüyər,
kiminin gözü dolar…
Bir quşcığaz dən axtarar,
Yuvada ac qoyduğu
o ətcə balalara…
O uşaq da hey boylanar sınıq-sökük daxmadan…
İndi ona yalnız yükdü
qoynunda düyün düşmüş o çəlimsiz qolları.
Gözündən acıyıb bəlkə,
Gözünə təpmək istəyər
o uzanan yolları…
Bir qoca da öz ömrünü
sığışdırıb kürkünə,
…yığışdırıb özünü
otağın bir küncünə.
Bir şamın titrək şöləsin
oğurlayır gözüylə…
İnsanlar gözlərindən acıyarmış,
ala gözlüm…
Oysa səni xatırladan
həmişəlik nəsə var-
Bir az külək,
bir az sazaq,
bir az qar…!
*
Başımda şeir havası,
şeirdə havasızlıqmış…
Dünyada ən isti yuva,
sən demə, yuvasızlıqmış.
…Bu otağın istisi yox,
bu evin damı üşüyür.
Əyni qalın bu dünyada
bəs niyə hamı üşüyür.
Tanrım, bir azca ütülə…
Palı-paltarı qırışdı.
…Bu dünya bir az nahamar,
bu dünya bir az yoxuşdu.
Hamının əli uzalı
bir tikə ümid almağa…
Tanrı, məni apar nolar
bir tikə ümid olmağa.
*
…Nə olsun gözün dolub,
nə olsun darıxırsan.
…və nə olsun əllərin
dizini qucaqlayıb.
…Nə olsun bir təbəssüm
min kədəri gizlədir.
…və nə olsun gülürəm
yoxluğuna ağlayıb.
…Nə olsun buralarda
yağışlar da səngimir.
…və nə olsun bu sevgi
ancaq payız rəngidir.
…Nə olsun qəfil düşən
qaranlığa düşmüşük.
…və nə olsun bu ömrü
qaranlıqda üşüdük.
…Nə olsun hər şey bomboş,
təkcə ürəyin dolu.
…Və nə olsun gülürsən,
amma gözlərin dolub.
*
Daha əllərim əl izi,
gözüm göz izi götürmür.
Üzü səmaya durmuşam…
Ahımı göy üzü götürmür.
…Yer üzü bayquş yuvası,
göy üzü gizlicə evdi.
Qapını tapa bilmədim…
İlahi, bu necə evdi?!.
Yazıya 561 dəfə baxılıb