Yağır dolu kimi, yağır qar kimi,
bəla misra-misra, dərd sətir-sətir,
gizlənə bilmirəm günahlarımdan,
yoxdumu başımın üstündə çətir,
yoxdu, yox, nə belə ötürəm dil-dil,
ay millət, bu mənim millətim deyil.
Bu millət dən kimi yelə verildi,
sovruldu havaya, küləş, samanla,
bu millət gizlədi gözündə suyu,
bu millət yumadı qanı da qanla,
Babəkim avara, Xətaim səfil,
ay millət, bu mənim millətim deyil.
Süfrəni dizinin üstündə açdı,
diz üstə çörəyi, duzu bu yurdun,
mən sözün əlində əsir qalmışam,
əsirdi gəlini, qızı bu yurdun,
bu yurdun ərləri, bəyləri veyil,
ay millət, bu mənim millətim deyil.
Hələ də başıma tökülür ah-zar,
hələ də tənələr kölgəsindəyəm,
yıxıb yad altına öz anasını,
gözüylə görənlər ölkəsindəyəm,
bu mənim qaxıncım, minnətim deyil,
ay millət, bu mənim millətim deyil.
Nə bilək bu ağrı hayandan gəlir,
nə bilək hardandı, nədir sancımız,
düşmənin başına çaxılmalıydı,
enir öz başıma öz qılıncımız,
day bu yer behiştim, cənnətim deyil,
ay millət, bu mənim millətim deyil.
Daha gizlənməyə soyuq zirzəmin,
sinməyə bucağın, küncün yoxdusa,
düşübsə təpərin, düşübsə heydən,
savaşa qalxmağa gücün yoxdusa,
əyil yad önündə, qul kimi əyil,
ay millət, bu mənim millətim deyil.
***
Elə istəyirəm bir yarım olsun,
süzsün öz əliyiə şərabı mənə,
toxunsun dərdimə dodaqlarıyla,
versin şirin-şirin əzabı mənə.
Qolları boynumun kəndiri olsun,
asılım min dəfə dar ağacından,
elə istəyirəm bir məktub alım,
gözləri ağlayan qərib Laçından.
Elə istəyirəm, yara dəyməsin,
yandırsın dağları könlümün ahı,
bir mələk donunda səcdəyə gəlsin,
endirsin göylərdən baxan allahı.
Bu ayrı savaşdı, bu ayrı qəmdi,
elə dəliqanlı, elə kürəm ki…
Elə istəyirəm yar mənim olsun,
elə istəyirəm, istəyirəm ki…
***
Sənin saçlarına uca göylərin,
ələyib səpməyə təmiz qarı yox,
bu məsum bədəni qucaqlamağa,
qatil əllərinin ixtiyarı yox.
Dərvişdi, dəlidi ürək vurğunu,
hər gülü, çiçəyi qoxlaya bilmir,
bənövşə gülünü qəm əydiyindən,
bənövşə saplağı saxlaya bilmir.
Bir az qan köhnədi, bir az qəm kəsir,
mən necə boynumu burub gözləyim,
nə qədər uzaqmış gəldiyin yollar,
bəlkə ölənəcən durub gözləyim?
Sənə küləyin də toxunmağı yad,
arı qonması da ar gəlir mənə,
mən indi bilmişəm, niyə tənhayam,
niyə səhra dünya dar gəlir mənə…
***
Susursan bir payız yarpağı kimi,
bircə göyüzüdür üstündə damın,
öləndə çıxmır ki, adamın canı,
canı saralanda çıxır adamın…
Alıb əllərinə gülöyşə nartək,
bir eşqin adına əzib də sıxar,
çökər gözlərinə həsrətin rəngi,
saralmış heyvalar yadından çıxar.
Sən hardan biləsən, gözdü, buluddu,
baxtımız içindən axın eyliyən,
sən hardan biləsən, hardan biləsən,
nədir uzaqları yaxın eyliyən?
Yazıya 493 dəfə baxılıb