Eyvaz Əyyub “Sözü də Murovtək vüqarlı şair”

25397636_1950084465238350_335759045_o

Elə bölgələr var ki, orda söz qoşmağa, şeir yazmağa qeyri-adi bacarıq kimi baxırlar, ancaq bizim Kəlbəcərdə şeir yazmağa, söz qoşamağ heç də qeyri-adi bacarıq kimi yox, bu, hamının edə biləcəyi bir iş kimi qəbul edilir. Kəlbəcərdə şair kimi tanınmaq üçün sözün bütün mənalarında şair doğulmaq lazımdı. Kəlbəcərin bir unikallığı da onda idi ki, burda sözə bağlılıq, poeziyaya hörmət nəsildən-nəsilə ötürülərək genetik fakta çevrilir.

Son dövrlər ədəbi mühitdə diqqəti cəlb edəcək istiqamətlərdən biri, bəlkə də əsaslı şəkildə nəzərə çarpanı üslubların və düşüncələrin müxtəlifliyidir. Burda bir ləngərlik, bədii inersiya, hisslərin, duyğuların çeşidləri nəzərə çarpır.Təbii ki, bu hal ədəbiyyatda sevindirici haldır ki, ədəbiyyata yeni nəfəs, yeni manera ortaya çıxır. Heç şübhəsiz ki, klassiklərimiz, ədəbiyyatımızın ən görkəmli nümayəndələri belə məhz bu axtarışdan sonra parlamışlar.
Son dövrlərdə ədəbi mühitin zənginliyində ürəyini sözə verən şairlərdən biri də duyğular səltənətində özünə şeir boyda ev quran Rəsul Murovdağlıdır.

Rəsulun şeirlərinin əsas leytmotivini milli düşüncə, folklor gələnəkləri təşkil edir. Xalq şeirinin ən işlək janrı-“qoşma” Rəsulun ən çox müraicət etdiyi janırdı. Rəsulun qoşmalarının başqa qoşma yazanlardan fərqi odur ki, ritmi, intonasiyası, ahəngdarlığı ilə birlikdə Kəlbəcər təbiətinə bənzəyir. Misralar bir-birinə elə bağlanır ki, sanki büllür Tərtər çayı əl çatmaz dağların belinə kəmər kimi dolanır:

Bir az sevincim var, alın əlimdən,
Zarafat yaraşmır dilimə mənim.
Əzin ürəyimin sevinc tağların,
Yığın qəm şələsin belimə mənim.

El dərdi, yurd həsrəti Rəsul Murovdağlının şeirlərinin varlığına köçüb. Doğrusu, bu yazını qələmə alanda bu başlıq altında yazmağı düşünmüşdüm “Vətəndən uzaqda qalan şairim”. Ancaq müəyyən səbəblərdən o başlıq altında yox, məhz “SÖZÜ DƏ MUROVTƏK VUQARLI ŞAIR” adı altında yazmağı daha məqsədə uyğun hesab etdim, çünki Rəsul müəllimin ləqəbi Murovdağlı olmaqla yanaşı, şeirləri də Murov kimi qəlbi və əl çatmazdır.Bəli, az öncə yazımda da qeyd etdim ki, Rəsul müəllim şeirlərinin əksəriyyətini Kəlbəcər həsrətli şeirlər təşkil edir. Axı, niyə də təşkil etməsin?! Çünki, insan gözlərini dünyaya açdığı, havasını udduğu, suyunu içdiyini, gülünü-çiçəyini qoxladığı, ilk məktəbə qədəm qoyduğu yurdunu necə unuda bilər? Təbi ki, bu hal qeyri mümkündür.

Gəlin yarın, ürəyimi yoxlayın,
Ürəyimdən Kəlbəcərə yol gedir.
Arzularım boynun büküb hey baxır,
Xəyallarım ana yurda lal gedir.

Daşa dönüb qayasında qalmadım,
Çiçək olub çəmənindən solmadım.
Bircə xoşbəxt arı qədər olmadım,
Yuvasına dodağında bal gedir..

Fərqim yoxdu bu dağlarda bir ovdan,
Dərdlərimə üz çəkirəm qırovdan.
Uşaq vaxtı gətirmişdim Murovdan,
Rəsul indi Murovdağa çal gedir…

Sanki ağzısüdlü körpə bir uşağın anasından ayrı düşdüb, fəryad qoparıb anasını gəzdiyi kimi.

Edib ürəyimi dərd oyum-oyum,
İzin ver , havanı qoxlayıb doyum.
Dağların mehiylə ətrini duyum,
Bir damcı qoxunu ömrümə pay ver,
Ay anam Kəlbəcər, hayıma hay ver !

Dünya yaranandan, insan oğluna beşikdən qəbirə qədər yoldaşlıq edən onun tanınmasında böyük rolu olan sözdür. Bəzən isə söz nadanın, anlamazın dilində qorxulu silaha, əfi ilana oxşayır. Ancaq söz aqilin dilində möhtəşəmdir, gözəldir və ölməzdir. Rəsul Murovdağlı da sözdən həqiqi məna da yüksək səviyyədə istifadə edir və yazdıqlarını orijinal yazmağa çalışır. Hətta, bir şeirində özü də qeyd edir ki, kimsədən nəyisə ummadım..

Hər nə vermisənsə bəsdi, ilahi,
Birin bəs elədi, yüz istəmirəm.
Yazdım varaqlara qəlbimdə nə var,
Özgədən bir kəlmə SÖZ istəmədim..!

Rəsul Murovdağlının şeirlərin oxuqca bir daha məşhur fikirə qayıdıram ki, şair anadan şair doğulmalıdı. Çünki şairlik ilham qanadları altında seçilmiş bəndələrə Allah tərfindən transfer olunur. Ancaq şeir yazan kəs bu istedadla kifayətlənməməlidir, öz üzərində işləməli, dünyada gedən ədəbi prosesi izləməli, bütün izimlərdən hali olmalıdı. Öz çevrəsində qapanıb qalmamalıdı. Son günlərdə əslən Türkiyəli olan böyük şair Tuğrul Tanyonun bir müsahibəsin oxudum, o da qeyd etmişdir ki, istedadla kifayətlənmək doğru deyil. Ümumiyyətlə şair olmaq üçün axtarışda olmalısan.
Rəsul Murovdağlının “Hicran Əsiriyəm Dərd Qalasında” kitabını sözün həqiqi mənasında bir nəfəsə oxudum. Çünki kitabda nəşr olunan şeirlərin ovqatındakı kədər, misra daxili emosiya, yurd-yuva nisgili bir kəlbəcərli kimi mənə çox doğmadı.
Poeziyamızda təcnis janrı öz klassik ənənəsini,qoruyub saxlamaqla, xalq şeirində sınaq janrında çevrilib. Bəzi qələm sahibləri cinasları işlətməklə zənn edirlər ki, təcnis yazıblar, hətta öyünənlər də var. Ancaq təcnisin öz qanunauyğunluqları, daxili bir rittmi var ki, bu da hər təcnis yazana müəssər olmur. Gərək misralarda işlənən cinaslar sözün daxili harmoniyasını əks etdirə bilə. Rəsulun təcnislərində başqa təcnislərdən fərqi odur ki, cinaslar ilham köhlənin yalmanına yata-yata mənzil başına çatır. Bəzən şahə də qalxa bilir:

Xəyalım dağlarda dönübdü ova,
Ovçu ol, biraz da ov ara, baxtım.
Şil-şikəst arzuma qəm dəryasında,
Ümidsiz gəldiyim avara baxtım.

Ömürdən bir daş da, ay ağa, düşdü,
Sındı arzularım ayağa düşdü.
Piltə də, çıraq da a yağa düşdü,
Gecə işıqlandı a vara baxdım.

Rəsul Murovdağlı gənc olmasına baxmayaraq, ilhamının “qulu” olan şeirləri ona geniş oxucu kütləsi qazandırıb. Rəsulun dünya görmüş müdrik biri kimi didaktik uslubda yazdığı şeirlər, onu həm də yaşlı nəslin nümayəndələrinə, söz xirdarlarına sevdirmişdir.
Rəsul Murovdağlı yaradıcılığnı incələyib, misralarının ” altını” qazıb, çox “itmişləri” tapmaq olar. Sonda əziz dostuma uğurlar diləyib bildirirəm ki, Kəlbəcər ədəbi mühitinin yeni yaradıcılığa başlayan yazarları üçün, Aşıq Şəmşir ustalığı, Ənvər Rza, Məmməd Aslan peşəkarlığı, Sücaət, Bəhmən, Əyyub, Yusif Hüseyn zərifliyi əsas istinad nöqtəsi olmuşdur.Ümid edirəm ki, Rəsul Murovdağlı da ustadlar saldığı körpüdən keçib, apaydın bir sənət yoluna yolçuluq edəcək.

Eyvaz Əyyub

Yazıya 603 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.