—-ANA YAZARLAR—
İsmayıl yenmədi Ərəbzəngini;
İndi qan becərir ərəb zəngini…
Min ildi dinşəyir ərəb zəngini-
Qulağı göyün də, ana Yerin də.
Zamanı üstələr ana yazarlar,-
Sözün ucasını-“ana” yazarlar.
İlləri sığdırar ana yazarlar,-
Düşünüb hər şeyi an,a,yerində.
Bulaqdı qaynayan isti sinədə,
Dodaq marçıldayır istisinə də…
Özgənin şirini, istisi nə də,–
Gəlib dura bilməz ana yerində.
Osman, baxa-baxa göz ünə çəkər,
Könül gördüyünü gözünə çəkər…
Gözlər yolu çəkər, gözü nə çəkər,-
Könül andığını ana yerində.
7 dekabr 2017.
—-AY ARA ARA—–
(təcnis)
Pərdəlidi böyük kiçik arası,
Qoymayın açıla,ay ara, ara.
Könül şüşə kimi sındı çarasız,
Canı basıb yeyər a yara, yara.
Əgər dönük çıxsa adam əslinə,
Bilinməz saxtası, düzü-əsli nə…
Dərdli Kərəm uzat əli Əslinə,-
Baxma məlul-məlul a yara, yara.
Anında gələndi istək, anında,
Yanana su gələr istəkanında.
Məkanda qalanı istə kanında,
Son deyilən nədi,-ay ara, ara.
Osman, söz önündə qalıb di ləli,
Çoxdan kəməndinə salıb dil əli…
Qoyub tərəziyə gərəkdi ləli,–
Tənləyək, düz gəlsin ayar-ayara.
11 dekabr 2017.
—–QARQAR—-
Yeri, yurdu çalındı,
Oldu düzdə qərq arı.
Qulaqlarda çalındı
Qarğaların “qar qar”ı.
Dolağında sim sarı,
Yoxdu könül simsarı.
Əsər bir əsim sarı,–
Qara tutar qar qarı.
Osman, çöl dolu üzüm,
İxtiyarım yox üzüm…
Qara olasan, üzüm,–
Yelə verdin Qarqarı.
15 dekabr 2017.
——YAZ ARI—–
Xəritəm üst-üstə qara yamandı,
Odlana- odlana yazarı çəkər.
Ad ləkəli isə dərdi yamandı,–
Təmizə nə var ki, yaz-arı çəkər.
Arsız deyilsənsə,dinmə,sus uzan,
Demə göz-göz olub yaran-su sızan.
Bir damcı şeh özü sudu susuza,–
Onun da şəhdini yaz arı çəkər.
Qar üz ağardandı, qara bağlıyıq,
Qolumuz sarğıda–qara bağlıyıq.
Biz qara ləkəli– Qarabağlıyıq,–
Onun da yanına yaz; arı- çək ər.
Qabağa göndərib əli yalını,
Yağıya vermişik dağın yalını.
İt itdi qoruyar qabda yalını,–
Olmaz payından pay,-azarı çəkər.
Osman, sellənəni tutmaz axırı,
Canlını çağırar yemi, axırı…
Kiminin əvvəli, kimin axırı;-
Ya ağla, ya sıtqa, ya zarı,çək əl.
19 dekabr 2017.
——-YAZIPOZANDA—-
(təcnis)
İncə ləpirlərdi düşən qar üstə,
Qış nələr çəkəcək yazı,pozanda.
Yazan sakit tutar özünü üzdə,–
Ürəyi göynəyər yazı pozanda.
Yolları mənzilə yürüyə sər-vaxt,
Vaxtın azlığında yenə əsər vaxt.
Qələm öz işini görməsə sərvaxt,
Yazdığı qalacaq yazıpozanda…
Osman yazılarsa, yazı sınaqda,
Qışı sərt keçənin yazı sınaqda.
Sevən könüllərin yazısın ahda
İnlədər, dərd üstə yazıb Ozan da.
4 yanvar 2018.
——ÇAT-ÇATI—-
Paşam,könlün xəyallara dalınca
Daşlıqlardan gələr nalın çat-çatı.
Sanarsan ki, qoşun düşər dalınca,
Söylənərsən,ləngimə gəl-çat… çatı…
Arzuların, əməllərin bütündü,–
Can içində böyütdüyün bütündü.
Bilməm,necə saxlayarsan bu tündü,
Qulaqlara qurğuşundu çat–çatı.
Hər yan yarğan qara qaşlar çatılar,
Boş buraxma,gələn, gedən çatılar…
Nə qədər ki, əlindədi çatılar,–
İlgək eylə, çatısına çat çatı.
Osman, yolda maneədi daş, qalaq,
Bəlkə, elə tərpənməyək, daş qalaq.
Dil-dil ötər, eləyərsən daş-qalaq,–
Sındırmısan di, birləşdir çat–çatı.
10 yanvar 2018.
—YAĞA-YAĞA—
Paşam,gedən yolu yorar
Dərviş yağış yağa-yağa.
Köçü xeyməyə aparar,-
Yeyin pendir, yağ,ay ağa.
Əlindən qurtarıb qalın,
Deyər, yenə qonaq qalın.
Döşəyi döşəyər qalın,-
Vurar halay, ağ Ay ağa.
Yoğurduğu acıdımı,
Çəkdikləri acıdımı?…
Qarn-qırta acıdımı,-
Tamah salmaz yağa-yağa.
Osman, ağırlar çox piri,
Ocağı andırar piri…
Qarda azar ovçu Piri,
Qar kəlağay; ağa yağa.
11 yanvar 2018
—-BİR DÜYÜN—-
Dalda qalan əngəl oldu bir köçə,
Düz ağaca ləkə saldı bir düyün.
Can içində ağrıları vicvicə,–
Zoqquldadı ovuc-ovuc bir düyün.
Dar günündə xorna çəkib uyurdun,
Safa çıxdı, baş olaraq buyurdun.
Yaddaşında izin yoxdu bu yurdun;
Varın ölüm–çalınmayan bir düyün.
Öyünməli nəyim qalıb ərk edim,
Osman, hansı sınırını bərk edim?
Dağlarını geri alıb Ərk edim,–
Onda məni qayasına bir düyün.
4 fevral 2018.
——–BİR ACI——-
Dostlarına şirin-şirin söz dilə,
Ürəyində yurd salmasın bir acı.
Yaxşı-yaman kəmənd olar söz dilə.
Tərs danışsan, öndəkinə bir acı.
Arzu tutub ürəyində bir dənə,
Tapılacaq qədir bilən bir dənə.
Bəlkə, elə tamarzıdı bir dənə,
Çörəklə çıx, tez ağırla bir acı.
Osman, necə təşnə olar gül yaza,
Qələm istər hər tərəfə gül yaza…
Abbas qıymaz zəhər düşə Gülyaza,
Ağrısına məlhəm olar bir acı.
23 fevral 2018
—AZALANDADI—-
(təcnis)
Paşam, gedən gedir, qayıda çətin,
Damaq çəkə bilmir azalan dadı.
Gözlər gördüyündən kirə istəyir,
Ağızda itirir az alan… dadı…
Deyir, aldığını çox al anında,
Əridib azları,çoxal anında…
Bir onu bilirəm çox alanın da
Yazarlar, suçları az alandadı.
Osman, qeyzlənmə,çətin vurasan,
Asana yeriyib topla, vur asan…
Daha yüz toplaya, yüz də vurasan,
Ömür bölünmədə, azalandadı.
10 mart 2018.
–YAZ ARI YAZAR—
(Təcnis)
Sıyrııb dumanın, çənin içindən
Bütün yazdığını yaz arı yazar.
Yayılar çəmənə qoca köçündən,
Hər gülün şəhdinə yaz arı yazar.
Qoşular arıya gələn gül dərə,
Dağın ayağında dərindi dərə.
Divlər keşikçidi hər gizli dərə,-
Yoluna ya ağla, ya zarı yazar.
Qovuşa könlündə halal halala,
Hallallıq canında gözəl hal ala.
Deyələr, yaraşır,vallah, al ala,-
Böyük hərflərlə yaz arı, yaz AR.
Oturar yanakı Şah divanında,
Hünərdi əyləşmək şah divanında.
Üzünə dayanar şah divanında,
Cibindən çıxarar yazarı “yazar”.
Osman keçər günlər zaman əsimi,
Arıda dillənər zamanə simi…
Zamanə ağalıq zamanəsimi?-
Sözün doğrusunu yazarı yazar.
13 mart 2018.
———-İT İLƏ—–
(təcnis)
Paşam, vaxtdı torpaq çəkir özünə,
Qılıncını kəskin elə, itilə…
Yalmananın arxası nə, özü nə,-
Üstünə get, qıy vur, söylə: itil,ə.
Orda-burda desələr də Türk iyi,
Oğurlarlar Türkdən gələn türkiyi…
Başlarında duman olar Türk iyi,
Guya yeni ad qoyarlar İtilə…
Hiyləgərin quyu qazmaq “cənginə”
Əvəz kimi əlini sal cənginə…
Bir qədər də”Misri” qat ki,”Cəngi”nə
Düşmən qorxub ilim-ilim itilə.
Osman,inan itin meyli yaladı,
Dişlərində şirə salar yal adı…
Nə olsun ki, əllərini yaladı,-
Çomaqla gəz dost olsan da it ilə.
14 mart 2018.
*İtil– çay adıdı.
Yazıya 613 dəfə baxılıb