Aynur Yasəmən – HƏSRƏTİN QOXUSU

IMG_20181206_195521

 

 

 

 

 

 

 

 

 

 

NECƏ SEVMƏYİM

Gözlərimin baxışını süsləyən,
Qucağında sevgimizi bəsləyən,
Varlığımı hər tərəfdən izləyən,
Özəl adam, səni necə sevməyim.

Sevdamızın keşiyini çəkənim,
Baxışımı baxışına əkənim,
Kasıb bəxtə eşq sarayı tikənim,
Gözəl adam, səni necə sevməyim.

Hər nazıma oğrun-oğrun gülənim,
Gülüşünün ətirinə bələnim.
Otağıma şeir ilə gələnim,
Qəzəl adam səni necə sevməyim.

HƏSRƏTİN QOXUSU

Ətirinin qoxusunu gətirən,
Həzin yelin tellərini hörürəm.
Ağacların soyunmuş budağindan,
Bir ürəkdə, iki bədən dərirəm.

Həsrətinin qınağına düşmüşəm,
Təbəssümün fənərini öldürüm.
Qirip düşən bu ayrılıq anının,
Qızdırmasın xatirənlə söndürüm.

İndi duyğuların rəngi qarışıb,
Aldığım rənglərdən əsər yaranmır.
Saçımda sığalın qısılıb küncə,
Dolaşıb əl izin, artıq daranmır.

Gözümün bulağı sızır astaca,
Öpüşün süsləyən sima dağına.
Bəxtəvərlik rəngin gətir gələndə,
Səpələ ömrümün baxça bağına.

Həsrətin qoxusu hopub hər yerə,
Beynim yadırğıyıb ayaq səsini.
Gəlmirsən özün bil, bu gün də gəlmə,
Barı əsirgəmə can kəlməsini.

KİPRİYİNLƏ ƏLƏ MƏNİ

Gözlərinlə üyüt ana,
Kipriyinlə ələ məni.
İradəndən güc almasam,
Dünya qoşar vələ məni.

Köksünə sıx arzuların,
Donu açılsın qundağın.
Qapı sökən uğurların,
Bələyinə bələ məni.

Etdiyin duanı bitir,
Zəmzəmin suyunu gətir.
Uzaqlaşsin qara çətir,
Salır fitnə, felə məni.

Buludlardan al yağışı,
Qüsul elə hər qarğışı.
Sevgi rəngli et alğışı,
Yorub nakam şələ məni.

Gözlərinlə üyüt ana,
Kipriyinlə ələ məni.
İradəndən güc almasam,
Dünya qoşar vələ məni.

Özünü gətir

Oğrun-oğrun talan etdin ömrümü,
Yağılar yurdumu talayan kimi.
Sinəmdə bir tonqal çatmısan, zalım,
Tanrı yanar dağı qalayan kimi.

Gəncliyin ən gözəl dəmiydi, inan,
Götürüb göndərdin qaranlıqlara.
Gənclik illərimi özünlə birgə,
Həbs etdin buz kimi barmaqlıqlara.

Baxçamda boy atan üç tər fidanın,
Zəhmətkeş bağbantək çəkdim keşiyin.
Gecə bulud əvəz gözlərim yağdı,
Gündüz günəşiydim evin, eşiyin.

Varlığın, yoxluğun bəlli olmadı,
Olmuşdun əsiri özgə qucağın.
Cismin hərdən evə baş çəksə belə,
Fikirin olmuşdu daim uzağın.

Etdiyin səhvləri unutmaq olmur,
Xətrini ALLAHa xatir istədim.
Qohumlar yolundan pay umduğu vaxt,
Mən isə özünü gətir istədim.

KÜLÜM GÖY XƏZƏRİN SAHİLİNDƏDİR

Sevgimi nəxş elə həyat yoluna,
Rəssam kətan üstə nəxş edən kimi.
Özümü götür get halalın olsun,
Tanrı taleyinə bəxş edən kimi.

Qadanı, bəlanı birdə sevgini,
Ötür mənə tərəf, açacam qucaq.
Bu gələn acının qoxusu gözəl,
Məhəbbət qoxacaq hər künc, hər bucaq.

Bir-bir xatirəni vərəq-vərəq keç,
Nəvazişli günün laylasıyla yat.
Ötüb keçən günün məzarı üstə,
Sağ əllə üzünə çək bir salavat.

Təmizlən əzizim bütün çirkabdan,
Bataqlıq qurudan bir günəşin var.
Sevginin gücündən güc almışam ki,
Bizə güc gəlməsin xəzri, gilavar.

Eşqinin atəşi yandırır, yaxır,
Külüm göy Xəzərin sahilindədir.
Gəl götür bu ülvi, sadiq eşqimi,
Bilirsən yerini, “Bilgəhgildədir”.

QƏLBİNİ QƏLBİMƏ MÖHÜRLƏMİŞƏM

Fincanda üşüdü indi süzdüyüm,
Təzə dəmlədiyim məxməri çayım.
Sanki pərişandır gozlərim kimi,
Pəncərədən baxan sürməli ayım.

Üzünə xoş baxdım həsrət yükünün,
Elə hey qapımı ünvan bilibdi
Əllərim itirib huşunu vallah,
Alnımdan tər əvəz bəxti silibdi.

Yolunu gözlədim heç yorulmadan,
Gözümü yolların boz rəngi sarıb.
Sənin baxışların qol saatında,
Mənimsə gözlərim yolunda qalıb.

Bu yolu bu qədər uzadan nədir?
Bəlkə bəhanədir, bəlkə də tuzaq.
Gözümü sıxıram donsun gedişin,
Gözümü açıram cismindən uzaq.

Darıxdım gözümün nuru sevgilim,
Gözəl gözlərinin baxışı üçün.
Darıxdım arxanca yeridikcə mən,
Yolumda izinin naxışı üçün.

Səndən söz açdıqca sözüm alışır.
Ey mənim bəxtimə düşməyən payım.
Qəlbini qəlbimə möhürləsəm də,
Sənlə nə bütünəm, nə də ki, yarım.

GÖZÜMÜN BULUDUN DAĞIDAN ADAM

Sevgin sülh elçisi göyərçin kimi,
Enib səmalardan qəlbimə qondu.
Sındı həyatımın buzlu tilsimi,
Çevrildi bir anda gülüstan oldu.

Gəldin həyatıma yağmurlu gündə,
Günəş də qısqandı bu gəlişini.
Saçımda əlinin izi qalmışdı,
ALLAH da sevmişdi bu əl işini.

Həyatın sirrini açdın gözümdə,
Hər tərəf dəyişib oldu gülüstan.
Məni elə sevdin, sevdim hər kəsi,
Dəyişdi qarşıma çıxan hər insan.

Dünyaya yenicə göz açdım Vallah,
Oldum iki canı sevən bir bəndə.
Yuz səksən dərəcə dəyişdin məni,
Ruhuma, cismimə çəkərək rəndə.

Eylə yad sevgini keçmişdə edam,
Olanı-olmazı o, vaxtda unut.
Gözümün buludun dağıdan adam,
Bax bu cür bir ömür əllərimdən tut.

 

Yazıya 671 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.