ŞAİRLİYİN ZÜLMÜNÜ EŞQLƏ YAŞAYAN İBRAHİM İLYASLI
İbrahim İsyaslı-Bu imza möhürlü imzalardandlr. Həm də elə möhürlü ki, silinməsi güc, hətta təbiətin zamansız yağışları üst-üstünə yağıb mürəkkəbin izlərini yumağa çalışsa da izlərini silməyə qüdrəti yetməz. Çünki bu imza ruh dolu bir ürəyə Tanrının öz əlləriylə şair adını verdiyi ən böyük paydır! Bu gün kiçik qələmimin iziylə bu böyük qələm sahibinin yaradıcılığına səyahət etməyə qərar verdim. Nə qədər uğurlu olacağına Tanrı özü yol versin! Necə ki, şairin şeirlərində Tanrıya inam, etiqad və ehtiram var. Bu şeirində olduğu kimi:
Mənim vecsiz dünyanın bir kəsiylə işim yox,
Mən haqqa tapınmışam-mənim Allah varımdı.
Mən yazanlar şeir yox,Tanrının möcüzəsi-
Ağaca, daşa, suya, oda məktublarımdı…..
Bir bənddə nə qədər böyüklük, nə qədər saflıq, nə qədər incəlik, nə qədər yaşamağa inam var İlahi! Çirkablarla dolu dünyada təmizliyini qoruyub saxlaya bilən bir ürəyin səssiz çırpıntıları, ümiddən qanadlanan kiçik ürəyin-böyük döyüntüləridir.
Bəli, Tanrı möcüzəsidir əsl şeir. Hər kəlmənin göydən gələn vergisi, hər misranın dildən çıxan duasıdır. Bu baxımdan İbrahim İlyaslı sözünün qüdrəti danılmaz möcüzədir —sözün əsl mənasında. İlahinin bu vergisi hər özünə şair deyən kəslərə nəsib olmur. Hər kəs yaza bilər, amma baxır nə cür və necə yazmasına. Şairin qələmi də, ürəyi də—Tanrının bəxş etdiyi sözlə yoğrulub. Özünün də dediyi kimi,
Mən bir söz bilirəm-ağzımdan çıxsa,
Aqillər adama dəli deyərlər.
Dərvişlər o sözə heyran olarlar,
Olmayan aşiqlər “bəli” deyərlər!
İndi İbrahim İlyaslının hər kəlməsinə, hər sözünə —bəli deyirlər. Nədənmi? – Qüdrətini, dəyərini bildiyi sözü —layiqincə təmsil edən söz ustadı olduğu üçün.
İ. İlyaslının yaradıcılığında uca Tanrıya yön almağın bir başqa sevdası, eşqi bərq vurur. Elə bil səmada bülən-bülən olan buludlar şairin bir beytində ya bir misrasında çəkdiyi ahlardı başının üzərində ününü tanrıya çatdırır.
Hərənin özünə şair dediyi bir zamanda İbrahim İsyaslının şeirindəki bir bənd əslində əsl şairin kim olduğunu bütün həqiqətləri tam aşkara çıxardır:
Qələm, dəftər, dörd divar,
Sevinc, qəm, giley-güzar.
Şeir qoşmağa nə var,
Şair olmaq zülümdü!
Bu sözləri qələmə ala bilən—Vətən həsrətinin, əsl sevginin, hörmətin, sayğının nə olduğunu bilən, ən əlçatmazlığı, vazkeçilməzliyi köksündəki kiçik qəfəsin içindən belə duyan yaralı ürək sahibidir.
Tanrı zülümlə yaşadığınız şairiliyinizi özü hifz eləsin!
Yazıya 640 dəfə baxılıb