Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı ( – Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilən – ) layihəsi çərçivəsində Gəncədən məruzə hazırlamaq sorumluluğunu üzərimizə götürmək bir az cəsarətimizi ürkəkləşdirdi… lakin “aşıq gördüyünü çağırar” misalındakı kimi, gördüyümüzü yazmağa cəhd etdik
Hazırda ədəbi proses haqqında yazılan əksər yazılarda bu cümlə rastımıza çıxır: “Ədəbiyyat inkişaf edir”. Biz bu deyilişlə, heç də razı deyilik. Ədəbiyyat inkişaf etmir, çünki… Ədəbiyyat həmişə olduğu kimi təqdim olunub oxucuya, olduğu kimi sevilib, tənqid olunub. Bu, o deməkdir ki, ədəbiyyat bütün zamanlarda olduğu kimi qalıb…
Fikrimizcə, “ədəbiyyat inkişaf edir” demək absurddur. Ədəbiyyat inkişaf etmir, yaradılır. Zövq, ruh, ovqat, ən əsası da duyğu bu yaradılış prosesinin xammalıdır. Proses irəlilədikcə xammala müşahidə qabiliyyəti, elmi biliklər və Tanrının bəxş etdiyi “görə bilmək”lə yanaşı fiziki terminlə izah olunan görmə bucağı da “əlavə olunur”. Və budur; hazır məhsul – ədəbi örnək oxucunun qarşısındadır. İndi qalır ki, oxucu bunu necə “həzm edəcək”… Bu isə, yazarın deyil də, oxuyanın incələcəyi mövzudur.
Bizim bölgədə də ədəbiyyat olduğu kimi yaradılır.
Ədəbi mühit Gəncədə uzun illər (Sovet dönəmindən başlayaraq) Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsində mərkəzləşib. Bölmə “Qızıl qələmlər” Ədəbi Cəmiyyətinin 1927-28-ci illərdə Gəncədə təşəkkül tapan özəyi əsasında meydana gəlmişdir. Qeyd edək ki, ilk olaraq 1925-ci ildə Bakıda “Gənc qızıl qələmlər Cəmiyyəti” kimi yaranan qurumun həmin illərdə Gəncə ilə yanaşı Naxçıvan və Şəkidə də şöbələri açılmışdı.
1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının təsis edilməsindən az sonra Gəncə bölməsi də filial kimi fəaliyyət göstərməyə başlamışdır. Mərhum şair Məmməd Alimin yazdığına görə, filialın ilk məsul katibi Əli Razi Şamçızadə olub. Lakin, o, cəmi üç ildən sonra repressiyyaya məruz qalıb, 1938-ci ildə güllələnib. Ondan sonra məsul katib kimi yazıçı-publisist Oruc Qoşqarlı görəvləndirilib. 1941-1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib Ələkbər Ziyatay olub. Bu on ildə filialın fəaliyyəti yüksələn xətlə göstərilə bilər. 1950-ci ildə növbəti rəhbərlik Əli Xeybərə, iki il sonra isə Rüfət Quliyevə tapşırılıb. 1950-1952-ci illərdə filialın işinin zəifləməsi Azərbaycan yazıçılarını narahat edib. Bakıda Gəncə filialının fəaliyyətini canlandırmaq üçün tədbirlər planı hazırlanıb. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd Cəmilin iştirakı ilə iclas keçirilərək Gəncə filialının Fəridə Əliyarbəylidən, Nazim Axundovdan, Nəriman Həsənzadədən ibarət bürosu təsdiq edilib. Fəridə Əliyarbəyli filialın məsul katibi seçilib. Arada iki il şöbəyə Müzəffər Piriyev başçılıq etsə də, Fəridə xanım yenidən qurumun rəhbərliyinə qayıdıb. 1962-ci ildə görkəmli Azərbaycan yazıçısı, dramaturq və ədəbiyyatşünas alim Altay Yusifoğlu (Məmmədov) da bölmənin başçısı kimi az bir müddətdə fəaliyyət göstərib. Ardınca yenidən Fəridə xanım təqaüdə çıxanadək Yazıçılar Birliyinin Gəncə şöbəsinin məsul katibi olub.
1989-cu ildən şöbəyə başçılıq etmək sorumluluğunu şair Məmməd Alim öz üzərinə götürmüşdür. Dünyasını dəyişənədək – 2014-cü ilin avqustunadək fəaliyyəti dövründə mərhum şair şöbənin işində yüksəliş xəttini davam etdirməyi bacarmışdır.
2014-cü ilin sentyabrında şair XƏZANGÜLün (Hüseynova) AYB Gəncə bölməsinin sədri seçilməsilə bu xətt növbəti dəfə üzü yuxarı yol başlayıb və getməkdədir. Xatırladaq ki, XƏZANGÜL 1947-ci il dekabrın 17-də Borçalının Qırıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov “XƏZANGÜL” adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində “Ekvebi” adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə “Bitmeyen Hazan” (Ankara-2008, “Bengü”) adlı kitabı gün üzü görüb. “Məhəbbətin qənimi” adlı mənzum pyesi Gəncə Dövlət Dram Teatrında uğurla səhnəyə qoyulub. 1988-ci ildən AYB-nin üzvüdür.
Son üç ildə XƏZANGÜL xanımın “Özümü axtarıram” (şeirlər) və “Seçilmiş əsərləri” (I cild) kitabları çap olunaraq ədəbi ictimaiyyətə, oxuculara təqdim olunmuşdur. Həmçinin, VII Şairlər Günündə XƏZANGÜL “Mikayıl Müşfiq” ödülünə layiq görülmüşdür (2017-ci il).
Hazırda AYB Gəncə bölməsi ətrafında (quruma üzv olan və olmayan) yüzdən çox yazarı birləşdirir. Düşünürük ki, məhz 2014-cü ildən bu yana bölmənin fəaliyyətini nəşr olunan kitabların siyahısı ilə izləmək daha məqsədəuyğundur.
***
2014-cü il noyabrın 29-da AYB Gəncə bölməsinin üzvləri və ətrafında birləşən qələm sahibləri Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri doktoru, “Altın Yıldız” medalına layiq görülmüş yazıçı Qərib Mehdinin “Uzun yol boyu” və “Elçin-ül üçün” kitablarının təqdimatına yığışdı. Ümumiyyətlə, Qərib Mehdinin kitabları nəinki Gəncə ədəbi mühitinin nümayəndələri tərəfindən, bütün gəncəlilər tərəfindən həmişə ilgi ilə qarşılanır. Dəfələrlə şahidi olmuşuq, köşklərdən onun kitablarının olub-olmamasını soruşub, tapmayanda heyfsiləniblər. Qərib Mehdinin yetirmələrindən sayılan şair-publisist Qəşəm Nəcəfzadə yazır ki, “O vaxt Qərib müəllim Alimlər Evinin nəzdində “İlham” Ədəbi Birliyini yaratdı. Böyük bir ədəbiyyat ocağı alovlandı. Bizə söz verdi, şeirlərimizi oxuduq. Təhlillər apardıq. Biz gənclər “İlham” Ədəbi Birliyində şeir haqqında fikir bildirməyi, mühakimə yürütməyi öyrəndik. Şair üçün bu, əsas məsələ idi. Adlı-sanlı şairlər məşğələlərdə şeir oxumaqdan çəkinirdi. Hər həftə “Gəncənin səsi” (o vaxt “Kirovabad kommunisti”) qəzetində bir səhifə şeirimiz çap olunurdu. Hər dəfə Qərib müəllim birimizi oxuculara təqdim edirdi, şeirlərimizə ön söz yazırdı.”
Bu cümlələrdən sonra əlavə etməli bir neçə cümlə qalır ki, onu da mən – Şəfa Vəli “Gəncə nasirlərinin maraqlı hekayələri” adlı məqaləmdə yazmışam: “Mən Qərib Mehdinin Azərbaycan ədəbiyyatı tarixinə ərməğan etdiyi “İlham” Ədəbi Birliyinin ilk üzvlərindən olan Güldərən Vəliyevanın qızıyam. Bir sözlə, Dədə Qəribi yaradıcılıqda sağlam bir gövdəyə bənzətsək, Güldərən Vəliyeva o gövdədən çıxan min budaqdan biri, mənsə həmin budaqda zərif bir yarpağam.”
Dədə Qərib 2015-ci ildə “Duet”, 2016-cı ildə isə “Pəncərədən gələn qonaq” adlı kitabı ilə oxucularını sevindirdi. Yazıçı-publisist Fərruxə Pərişan (Umarova) Dədə Qəribin yaradıcılıq yolundan bəhs edən “Dəniz ömrü” kitabını da Qərib Mehdini sevənlərə ərməğan etdi.
Bundan əlavə, Fərruxə xanım ötən il oxucularına “Torpaq adam” adlı nəsr kitabını da təqdim etdi.
***
2016-cı ildə şair, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimlinin 45 il ərzində apardığı araşdırmalarının sonucu olan elmi əsərlərinin bir qisminin toplandığı ”Ədəbi proses: dünən və bu gün” adlı yeni kitabı çapdan çıxdı. Kitabda müəllifin ayrı-ayrı qələm adamlarının yaradıcılığına təhlili və tənqidi baxışlar, mülahizələr yer alıb.
***
Aləmzər Əlizadə üçün 2016-cı il “Ay kimi axtarır?” (“Кого ищет луно”) adlı kitabının ölkəmizin sınırlarından qıraqda – Moskvada nəşri ilə yadda qaldı. Bu uğura bütün Gəncə ədəbi mühiti sevindi, təbii. Çünki, Aləmzər xanım bir-birindən daha səmimi, daha doğma uşaq şeirlərinin müəllifi kimi biz yaşdakıların çoxunun uşaqlıqda sevgiylə oxuduğu kitabları Azərbaycan ədəbiyyatı tarixinə bəxş etmişdir.
***
Ötən il xaricdə kitabının nəşrolunma sevincini yaşayanlardan biri də Nüşabə Əsəd Məmmədlidir. Belə ki, yazıçının “Ağ güllərin rəqsi” (“Dance of white flowers”) kitabı “Dumanlı Albion”da – Londonda gün üzü gördü. Xatırladaq ki, müəllifin daha bir nəsr kitabı “Payız tanqosu” (“Autumn Tango”) yenə Londonda (2015-ci ildə) çıxmışdı. Və özəl vurğulamağı gərəkli sayırıq ki, bu kitab Britaniya ilə yanaşı, ABŞ, Fransa və İtaliyada satışa çıxarılaraq, oxuculara təqdim olunub.
***
2016-cı ildə Ofelya Mədətqızının da yeni, sayca altıncı kitabı çapdan çıxdı. “Mən səni özümə qaytaracağam” adlanan kitabda müəllifin şeir və poemaları ilə yanaşı onun yaradıcılığı haqqında qələm yoldaşlarının qeydləri və şairin özünün publisistik yazıları da yer almışdır.
***
Aydın Murovdağlı daim qəlbləri riqqətə gətirən şeirləri ilə ədəbi mühitdə artıq öz imzasını təsdiq etmiş şairdir. 2016-cı il onun sənədli-bədii-publisistik kitabının nəşri ilə yadda qaldı. Gəncə şəhərinin 4 minilliyinə həsr olunan “Keçmişin gələcəyində görüş” adlı kitab AMEA-nın Gəncə bölməsində nəşr olunub. Kitabın elmi rəyçisi AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, redaktoru Ümbülbanu Hacıyevadır.
***
İstedadlı şair Zahir Şiraninin 2015-ci ildə gün üzü görən “Arzularım çin olaydı…” kitabında şairin müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb. Zahir Şirani özünə aid olan hissləri elə özü kimi də izah edə bilir… və bu, onun yaradıcılıq uğurunun əsas stimuludur. O deyir ki,
Bircə vücudumda şairlik təbim,
sıxılır kağıza, gülüm, nar kimi…
***
2016-cı ildə YEGANƏ də oxucuları ilə görüşə gecikmədi, onun “Adamlar” kitabı olduqca maraqlı içəriyi ilə diqqəti cəlb etdi. Hələ tələbəliyindən gah “Ruzigar”, gah “Yüksəliş” qəzetlərində, gah “Pirsultan” jurnalında onun imzasına rast gəlirdik. Publisistikası olduqca səmimi idi.
Elə çalışıram ayrılıq anı,
olmasın üzümdə zərrəcə təlaş.
Hə… Bu iki misra “Adamlar” kitabında bizi qaşlarımızı düyünləməyə vadar edən misralardır. Bir qadının qürurunu, o qürur adına nələr edə biləcəyini düşünmək üçün bəs etdi, bəlkə… Gerçəkdən də, YEGANƏ bu iki misrayla gözümüzdə başqalaşdı, filosofcasına bir obraz oldu. Bizi dəhşətə gətirən YEGANƏnin Ulutürk haqqında yazdığı yazılar oldu. Onun bir cümləsi hələ yaddaşımızdadır və hələ yada düşəndə adamın nəfəsini kəsir… O, yazıb ki: “Vulkan kimi, qasırğa kimi, ildırım kimi Xəlil Rza da təbiət hadisəsi idi”!
***
Ötən il yazıçı Fazil Sənan da iki kitabının nəşr sevincini qələm dostları ilə bölüşdü. “Bu mənəm: İmam Cəmilli” adlı kitabda müəllifin çağdaş ədəbiyyatın tanınmış nümayəndəsi İmam Cəmillinin həyat və yaradıcılığına dair fikir və mülahizələri öz əksini tapmışdır. “Gözlə, qayıdacağam” romanı isə maraqlı kompozisiyası, oxunaqlı dili ilə nəzər cəlb edir. Burda müəllif Namiq və Ramellanın məhəbbət xəttini Qarabağ hadisələri ilə birləşdirir… və Azərbaycan oğullarının igidliyini əbədi sevgi nağılı fonunda oxucuya çatdırır.
***
Gülnarə Sadiq 2015-ci ildə iki kitabla oxucularını sevindirdi. Gənclik həvəsi, vətənpərvərlik duyğusu, sevgi çırpıntıları, ən əsası da, humanist duyğuların üstünlük verildiyi mövzular nəsr örnəkləri çərçivəsində “Paralanmış ürək” kitabında, anaya, torpağa, təbiətə ünvanlanmış lirik şeirlər isə “Yuxuların günahı olmur” kitabında ədəbi ictimaiyyətə təqdim olundu. Aprel şəhidi Fərman Əsədlinin həyat yoluna işıq tutan “26 gün” romanı isə 2017-ci ildə nəşr edildi. Həmçinin, Gülnarə Sadiqin şeirləri ötən il DGTYB-nin Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” adlı 4 aylıq layihəsinin yekunlarına dair “Səs… Söz… Rəng” adlı topluda da yer alıb.
***
Şəmkirdə yaşayan Məhəmməd Turan məktəbi bu il bitirsə də, kitabı ötən il nəşr olundu. “Şeir sevgilim” kitabı bir daha təsdiq etdi ki, istedadın və ədəbiyyatın yaşı olmur. “Şeir yazmağımın hansısa bir xüsusi səbəbi yoxdur. Sadəcə olaraq, əgər insanın içində deyiləsi nə isə varsa, onu ifadə etmək lazımdır. Əks təqdirdə həyata davam etmək mümkün olmayacaq. Və mən …öz hisslərimi qafiyə ilə ifadə edirəm” deyən gənc şairə ədəbiyyatın hər addımda qeyri-adi yollarında uğurlar arzulayırıq.
***
Xəyalə Sevil Bakıda yaşasa da, Gəncə ədəbi mühitinin bir üzvü kimi daim Gəncə və gəncəlilərin diqqət mərkəzindədir. Onun 2015-ci ildə nəşr olunan “Saçlarıma Ay qonub” kitabının ilk təqdimatının Gəncədə olması da məhz dediklərimizin sübutu kimi görülə bilər. Kitabda müəllifin könlündən süzülən lirika yer alıb. Ədəbiyyat sahəsindəki uğurlu fəaliyyətinə görə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə layiq görülən şair yazır ki:
Bu ağacın payız dərdi başlayıb,
Əlləri qoynunda fikrə gedir.
Yarpaqlar özünü atır budaqdan,
Yarpaqlar, elə bil, intihar edir.
***
Gənc şair, ötən il AYB-yə üzvlük sevincini, bu il də Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə layiq görülmək sevincini yaşayan Oğuz Aydının ilk şeirlər kitabı “Dəniz və qadın” 2015-ci ildə nəşr olundu. Bütövlükdə rəngarəng şeirlərdən ibarət olan kitabı oxuduqca görmək olur ki, lirik örnəklərin məzmunu eşq-insan-dünya fəlsəfəsinə köklənib.
***
Lamiyə İsazadə öz şeirlərini toplu halında 2017-ci ildə oxuculara çatdırdı. “Ömrün bir gecəsi” adlı kitabda toplanan şeirlərdə müəllifin işıqlı, idrakı, bədii boyalarla həmahənglik təşkil edən poetik duyumu oxucuya xoş təəssürat bağışlayır.
***
2014-cü ildən bu yana Oruc Göyçəlinin “Ömür yolları” (şeirlər), Oqtay Abdullanın “Tanrıya da xoş gedər” (şeirlər), İmamverdi Məmmədovun “Məni dünyamdan qoparma” (şeirlər), Mikayıl Yanarın “Qədim Gəncə, yeni Gəncə” (şeirlər), Həsən Göyçəlinin “Nələr keçir ürəyimdən” (şeirlər), Solmaz Çiçəyin “Kəlbəcər həsrətim, Göyçə qəmimdir” (şeirlər), İqbal Babanın “Sönməyən ocaqlar” (roman), Arzu Qayanın “Sevmək demək belə olur” (şeirlər), Tamara İslamqızının “Ünvansız məktub” (şeirlər) kitabı da gün üzü görüb.
***
Son illərdə yeni kitabı çap olunmasa da, Gəncə ədəbi mühitində öz istedadlı qələmi ilə seçilən şair və yazıçılarımız da vardır ki, onlardan biri də Ceyhunə Mehmandır. Gənc şair daim öz qələmi, poetik tapıntıları ilə lirik obrazını oxucusuna sevdirməyi bacarır. O yazır ki,
Mənim taleyimi oğurlayan qız,
İndi mən yalanam, sən isə gerçək.
Sənə oğurluğu həyat öyrədib,
Sənə cəzanı da həyat verəcək!
***
Səadət Ələkbərova öz şeirləri, bədii yükü ilə seçilən misraları ilə dinləyicisini (oxucusunu) heyrətdə buraxa bilir. O, insanı dərin düşüncələrə qərq edən qələm örnəkləri ilə ədəbi mühitin nümayəndələrinin diqqət mərkəzində olmaqla yanaşı, gənc qələm sahiblərinə mənəvi və maddi dəstəyi ilə də seçilməkdədir. Səadət xanım şeirlərinin birində deyir ki,
Açılıb-örtülən qapı ürəyin,
Kirayə mənziltək çox yadlaşmısan.
Sənin gözlərində ümid sevgisi,
Mənim gözlərimdə sən daşlaşmısan…
***
Zeynəb Münzəvi şeirləri ilə tanınsa da, onun esseləri daha çox diqqətimizi cəlb etmişdir. “Tək adam” essesi ilə Zeynəb Münzəvi nasir kimi bacarığını sərgiləyə bilmişdir.
***
“Bu dünya bizimki deyil,
Dərdim, dərdim, yığış gedək!” deyən İradə Aytelin də “Bağışla” adlı şeirlər kitabı son üç ilin ən oxunan kitabları sırasındadır. Nəsrdəki İradə Aytel imzasını isə “Qanlı öpüşlər” kitabı oxucusuna daha çox sevdirmişdi…
***
Gəncə ədəbi mühitinin nəsrindən danışarkən ÜMBÜLBANUnun adını ön sıralarda çəkmək daha məqsədəuyğun olardı deyə düşünürük. “Divardakı şəkil”, “Qırmızı nöqtələr”, “Armud ağacı” kimi hekayələrin müəllifi həyatı olduğu kimi ədəbiyyatda göstərə bilir.
***
Samirə Səma da özünəməxsus səmimi şeirləri ilə seçilməkdədir. Gənc yazar kimi Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə layiq görülən Samirə Səma, növbəti kitabının nəşri üzərində işləyir.
***
Son üç ildə bu məruzənin həmmüəlliflərindən biri – Şəfa Vəli də ədəbiyyat sahəsindəki uğurlarına görə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə (2015) və Gənclər-İdman Nazirliyinin təsis etdiyi “Respublika Gənclər mükafatı”na (2016) layiq görülmüş, eyni zamanda, DGTYB-nin layihələrində (o cümlədən antologiyaların tərtibində) fəal iştirak edərək, “Fəxri fərman” almışdır.
Yazıya 506 dəfə baxılıb