Məryəm Əliyeva -MƏNİM TANIDIĞIM BİLAL ALARLI

bilal alarliKamilliyinə, fəlsəfi təfəkkürünə, vicdanına və ləyaqətinə dəyər verdiyim, hörmət etdiyim qiymətli elm adamı, elimin ziyalısı, alimi, söz xəzinəsinin müəllimi ürəklə və vicdanla —ŞAİR dediyim İNSAN!

Təxminən altı ilə yaxındır virtual dostluq bağlarımız var. Bu qədər uzun zaman tunelində nə incikliyimiz, nə anlaşılmazlığımız, nə də ortaq olmayan düşüncə bəhsimiz olmuşdur. Hələ yenicə qələmi əlimə aldığım bir zamanlardan indiki tarixədək Bilal Alarlı yaradıcılığını, elmi məqalələrini, fəlsəfi əsərlərini, publisistik yazılarını araşdırmaq kimi istəyim olmuşdur. Demək qismət bu günə imiş.
Bu gün Bilal müəllimin şairlik dünyasına kiçik gözlərimlə böyük baxış keçirmək istədim, inşallah uğurlu sonla nəticələnəcəyinə ümidliyəm.

Bilal Alarlının yaradıcılığında məni çəkən ən önəmli tərəf —rəngarənglik və bənzərsizlikdir. Şair hər şeirindəki sözü bir ata övladını əzizləyən kimi sığallayaraq istifadə etmişdir. Sözlər dərin və düşündürən olmaqla yanaşı təkrarlanmır, yəni bir şeirindəki söz-digər şeirində kətan üzərindəki abstrak təsvirlər kimi rənglənib oxucunun gözlərini boyamır. Əksinə—oxucu hər şeirdə yeni bir çalar görməklə yanaşı, çox məharətli bir rəssamın sözlərlə çəkdiyi qiymətli tabloyla qarşılaşır. Eynilə bu şeirində olduğu kimi:

Şeir qazılan qəbir,
Bir az dərin,
Bir az dayaz.
Bir az gen,
Bir az dar.
Bir az da boyundan hündür düşən
Məzar kimidi.

İlk baxışdan oxucu gözləri önündə soyuq məzarlığı canlandırır. Lakin şeirin dərinliyinə qapıldıqca şairin əslində sətirlərdə gizlətdiyi dünyanın acı həqiqətlərini necə ustalıqla qələmə aldığının canlı şahidi olur.
Bilal Alarlı şeirlərində qadın zərifliyinə, nəcabətinə yüksək ehtiramın izləri öz daxili vicdanının, ləyaqətinin hansı böyüklükdə olmasının sübutudur. Bir şeirində şair bu gözəllikləri özündən belə qorumaq istədiyini qeyd edir. Hətta özünü qınayaraq:

Gəlin sizə sirr açım,
Mən qatiləm.
Bir qadının arzularını öldürmüşəm,
Ümidlərinə qəsd etmişəm.
Ona olan sevgimi ,
Öz əllərimlə boğub,
Öz içimdə dəfn etmişəm.
Elə bilməyin ki,
Cinayətim cəzasız qalıb
Vicdanım hakim olub,
Fikrimi,
düşüncəmi ömürlük həbsə alıb,
Ruhumu zindana salıb,
Məni azad buraxmır.

Bəli, bir vicdan sahibinin ürəyindən süzülən kəlmələrdir bunlar. Şair bununla gənc nəslə öz öyüdünü verərək, bir qadın ürəyinin nə qədər zərif olduğunu, tez sına biləcəyini, onu aldadaraq, incidərək gec-tez cəza çəkə biləcəyini anladır . Və bütün bunları öz ismiylə hallandırır—əgər oxucu kifayət qədər yüksək zəkaya, dünyagörüşə, şərəf və ləyaqətə sahibdirsə—şairin misralarındakı həyat dərsindən öz payını götürmüş olur. Əslində isə bu misraları yazan insan böyük ürəyə sahib olan qayğıkeş, şərəfli və vicdanlı olmağıyla övladlarının hər zaman başını uca edən Atadır. Eyni zamanda mən və mənim timsalımda ailə içində tərbiyə alan gənc oğlan və qızların da müəllimi, yol göstərəni və sözün əsl mənasında atasıdır.
Bilal Alarlının məhz üstün keyfiyyətlərindəndir— gəncləri önlərinə düzülən əngəllərdən xəbərdar etmək, daşlı-kəsəkli yollardan uzaqlaşdırmaq, həyatın qaranlık pərdələri ilə bağlanmış gözlərini açmaq!Bu nəcib xarakter isə şairin “Ot kökü üstə bitər” —Atalar misalına uyğun olaraq -genetik kodunun saflığından irəli gəlir. Şairin öz Atası haqqında yazdığı şeirini bu baxımdan duyğulanmadan oxumaq çətindir.

Ata mən altmışa gəldim,
Sənin gəlmədiyin yaşa
daş qoydum.
Çoxlarını heyrətdə saxladım,
Özümü də çaş-baş qoydum.
Bu zirvədirsə, üzü enişə gedirəm.
Oğul kimi böyütdün məni,
İndi sənin yaşına atalıq edirəm.

Rəbbim dünyadan köçən cəmi valideynlərimizə rəhmət eləsin, Bilal Alarlıya isə uzun və mənalı ömür yolu arzulayıram. Çünki şair övladlarına və biz gənclərə ömür boyu yol göstərən, məsləhət verən, öyrədən və böyüklük edən Ata kimi, dəyərli qələm sahibi, hörmətli elm adamı və ziyalı kimi çox lazım olacaqdır!

Yazıya 513 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.