DİLƏNÇİNİN ÖLÜMÜ
1
Bir də bu dünyanın soyuq üzünü
görməz gözləri,
Əlləri açılmaz kimsə önündə.
Üşütməz dalanlar,
üşütməz tinlər,
Gecələr kiritməz zirzəmilər də…
Bir də ovcundakı həyat eşqinə
Gözlərini dikən kimsəsi olmaz.
Alnına yazılan
işıqlı dünyanın qaranlıq yolu
torpaq evciyinə uzanıb qalar…
2
İndi unutmuş səni
yanından saymazyana
keçib gedən adamlar,
unutmuş küçələr də.
Təkcə ayaq izlərin
səfil adamlar kimi
dolaşır küçələrdə…
Daha şahid deyilsən
çoxüzlü adamların kirli niyyətlərinə.
Kimsəsizlik içində çabalayan gözlərin
daha yoxdu,görəsən…
Səndən sonra bir az da
zaman da qəddarlaşıb,
“Allah xofu qalmayıb”
kimsənin ürəyində.
İnsanlıq ölüb gedir…
Səni çox uzaqlara
apardı “gedən qatar”.
Bundan sonra gələnə
həyat bir çərçivədi,
Nə yol var,
nə ümid var…
BELƏ YAZMAMIŞDIN
Addımları aparan,
dayandıran qürurmuş.
Ayrılan yollar
ümidləri qırırmış.
Doğum otaqlarında
ölüm yazan əllərdə
körpə haraylarını
udur soyuq divarlar.
Cənnət yolu uçulur
ayaqların altında.
Bir addım geri sayır
saatlar zamanından,
Bir həyatı yetirmək
bitirməkdən çətinmiş.
Nə deyir yellənməyən uşaq yelləncəkləri?
Belə deməmişdin Sən…
Belə yazmamışdın Sən alın yazılarını…
İçimdə gizlətdiyim
ağrı sancır sinəmi,
Göz yaşlarına susmaq
unutqanlıq deyil ki…
BİLMİRSƏN
Bu ömür də xəbərsiz
keçir necə,bilmirsən.
Hər günün axırında
enir heçə,bilmirsən.
Bu,nə qədər,nə də sirr?
Vaxt da ki hesab çəkir,
Üstünə yollar gəlir
Küçə-küçə,bilmirsən.
Ötdükcə sağ-solundan,
Qəm yapışır qolundan,
Əzrayılın yolundan
Keçə-keçə bilmirsən.
BƏRABƏRLİK
1
Divardan səs çıxmadı…
gün də saralıb qaldı.
Qürbət havası dindi
yarpaq pıçıltısında.
2
Bu boşluğun içində
üşüyən
təkcə susanlar deyil,
Göy üzünə baxmaqdan
yorğun düşüb adamlar.
Nədənsə
fit səsinə
diksinir sərnişinlər,
“Bəxtiyar” anlar gəlir
ömrün gün saatına.
3
Hər gecə
əllərimdən yuxarı
bir müqəddəs söz açır.
Əllərimdən aşağı
sükut aldadır məni.
4
Yox,bu da bir taledi,
olmayanların olmaq.
Olanlar arasında
əriyib külə dönmək.
5
Və həyat bir oyundu,
sonu sıfra bərabər…
DÜNYA
Min yerdən pozuldu bakirəliyin,
Qərinə-qərinə pozuldun,dünya.
Günahın olmadı,günahkar kimi
Dildən-dilə düşdün,yozuldun,dünya.
Gələn xeyri üçün çəkdi nazını,
Sildi Tanrı yazan alın yazını,
Hər yetən üstünə çırpdı tozunu,
Bulandın,qarışdın,toz oldun,dünya.
Rüzgar çalxaladı dənizlərini…
Dumanlar köksündə qəm izləridi,
Əsrlər saçında dən izləridi,
Tarixdən-tarixə söz oldun,dünya…
SƏNİN UŞAQ TALEYİN
Əldən-ələ keçdin,yavrum,
bapbalaca vücudunda
zamanın
barmaq izləri qaldı.
Alnındakı yazı
ağrın boyda
sınağa çəkdi ömrünü,
Ana sevgin
düşdü daş üstünə,
qırıldı dünyan.
Onsuz da
qaranlıq məmləkətdi balaca taleyin,
Batan günəşi
ya doğular,
ya doğulmaz…
Baxışlarından
qızaran üfüqlər,
Gözlərindən
anasızlıq yağar,
islanar əllərin.
Tək məsumluğun çəkilməz
gözlərindən,
tərk etməz səni.
Əllərindən tutmaz ana sevgisi,
unutmaz kimsəsizlik.
Böyü,sevdalım,böyü…
NƏ OLARDI Kİ..?
1
Sənsiz sevə bilmədim bu şəhəri,
Sevsəm,
nə olardı ki..?
Bu şəhər mənim deyil,
Burda tənha,
kimsəsiz
ölsəm,nə olardı ki..?
Bir az yolları geniş,
Bir az yolları dardı,
Bəlkə,burda
gözümdəki həsrətin,
içimdəki möhnətin
gizli keçmişi vardı?
Sənsiz sevə bilmədim bu şəhəri…
2
küçələri nəfəs təngidən
adamları soyuq şəhərdə
görünən üzünə deyilmiş heç nə.
mənəm,
sənsən,
söz yığınıdı
o qara dəftərin
yazılan ilk sətri,
imzalanan son cümləsi…
yenə axtarış var bu şəhərdə
küçə-küçə,
dalan-dalan,
qapı-qapı…
polis də üstünə gəlir
izinə it sümsünən adamların.
rüzgarların səsini təftiş edir
zaman xəfiyyə kimi.
arzusu gözündə qalır onun,
asır qəzəbini nifrətinin divarlarından.
indi gizlənə bilmir
dar gələn qınına
çəkilə bilməyən xəyanət.
ayrılan yollar buradan başlandı,
uzun,
cox uzun…
yenə də
kölgəsinə hürməkdədi
kimsə haqq sözün…
3
Daha bu şəhərin
Nə yazı var,
nə qışı…
Küçələrin boyunda bayquş ulartısıdı,
Ağacları da qorxur küləklərin səsindən.
Adamları sükutdan,
Sükutu böyüməkdən
darıxır öz içində.
Qarışıb saçlarımda soyuq xatirə kimi,
Daha məni isitmir
bu şəhərin istisi,
bu şəhərin qolları.
Yollar da qərib gəlir gözlərimə,baxanda,
Bir az qəribsəyirəm,
Bir az qərib sayıram özümü bu şəhərdə…
SUSACAQSAN
Bax,bu da son dayanacaq,
Burda yox duracaq yerin.
Xəyalında sətir-sətir
Tikəcək,quracaq yerin.
Tale də alın yazısı,
Həyat da elədi,bəlkə.
Ömrün bir üzündə işıq,
Bir üzündə qara kölgə.
Saxlar səni,
ayağından
Yollar qaçar,susacaqsan.
Rüzgarlar da can sıxacaq,
Naçar-naçar qaçacaqsan.
Susacaqsan,o illəri,
O sevdanı,o qadını.
O qadının baxışında
Unudub eşqin dadını…
UNUT DEYİR
Əllərindən yarpaq düşür
gözlərinin yuxusuna.
Hər gün bir az tələsirəm
saçlarının qoxusuna.
Bu gecə də sənə sarı
baxışlarım yol eləyir.
Boş qalıb getdiyin küçə,
həsrət mənə əl eləyir.
Unut deyir bu sevdanı
yoluna baxdığım gözlər.
Getmə, deyir
ürəyimə
səndən qopub düşən izlər.
…Hər gün bir az tələsirəm
saçlarının qoxusuna…
UNUDULANDA
İnsan unudulanda
vətən ə vətən olmur…
Sıxılır divarlara,
sığınır tənhalığına…
Kirpiklərilə biçir
saatları,
günləri,
ayları,
fəsilləri.
Qaçır yuxularından,
qaçır ümidlərindən,
əlləri üzülür hər şeydən…
Və öz kölgəsi qalır.
Xəyalı yuvasını itirmiş quşa bənzər.
İnsan unudulanda
Alnındakı yazı da
unudulur elə bil.
Çəkilir öz küncünə,
Qısılır buz küncünə,
Dizləri üstündəki
xatirələr danışır…
DURULMUR
Susursan bu gecə də,
susduqca səbr edirsən.
Ölən ümidlərinə
zamanı qəbir edirsən.
Baxırsan
Yolların üstündə
duran günahkar kimi.
Küləklər də üzünə
çırpır günahlarını.
Xəyalında tikdiyin
atmadığın körpülər
uçulur gözlərindən…
Bu bulanıq dünya da
durulmur ki,durulmur…
İYUL SƏHƏRİ
Bu günün şəklin çəkirəm
ayaqqabılarımın qabarıyla
bürkülü iyul səhəri.
Baxışlarımla gəzirəm
ağ bədənli,
qara üzlü şəhəri.
Bir dilənçi
sərxoş-sərxoş
əl açır adamlara…
Yollar keçir fit səsində,
zaman susur it səsində,
yaxında bir kimsə yox…
Gözlərimdə
şəkil-şəkil kiçilir sevdiyim həyat,
Ağacların kölgəsi də,
yalançılar ölkəsi də…
Bir qarış da dünyaya
uzanır soyuq əllər…
QADININ
Silməz göz yaşını qaranlıq gecə,
Əlləri gözündə ölən qadının.
İsitməz qəlbini soyuq divarlar,
Göz yaşı içində gülən qadının.
Durar pəncərədə,baxar yollara,
Qəmli baxışları axar yollara,
Arzuları çatmaz bu kar yollara,
Həsrəti ovcuna alan qadının.
İçinə sığınıb ovuna bilməz,
Sükutu diksinər gələndə bir səs,
Gecələri bitər,sabahı gəlməz,
Günləri ümidsiz gələn qadının.
BİR QADIN TALEYİN VAR
Bir qadın taleyin var.
Tənha,
susqun baxışlı,
Xatirələr oxuyar gözlərini hər gecə.
Sənsə durub baxarsan uzaq-uzaq yollara,
Nə bir gələnin olar,
nə gedəcək bir kimsən,
sükut yatar qapında.
Bir qadın taleyin var,
ağrılarla oynayan,
həsrətindən doymayan
məhkum qadın taleyin…
Bir qadın taleyin var,
baxışıyla yolları süpürər səhər-axşam…
***
bir daş atdım
içimdə
böyüyən sükutuma,
sınıb düşdü əlimdən…
bax,
gecənin ən bədbəxt
məxluqu kimidi şam,
özünə ölüm gətirir,
gecəyə göz ağrısı…
sənin də dönəcəyin
deyəsən,yalan oldu…
YAĞIŞLI GECƏ KİMİ
Yağişli gecə kimi
üstümə dağılır saçların,
Yatıram bu gecəni saçlarının içində.
Bu gecəki yuxuma yağış yağır hələ də,
islanır damla-damla
bir qadının sinəsi.
Zaman yad qadın kimi girir həyatımıza,
çırpır pəncərəmizə küləyin örpəyini…
Mənsə çox ümidliyəm
dağılan saçlarına…
DÜŞÜR
Sənin addımların çox yeyin oldu,
Mənimçün bu yollar nədən dar düşür?
Mən bilə bilmirəm bu ayrılıqda
Kimin qismətinə ağrılar düşür?
Qaldım baxa-baxa,ha susdum sənə,
Kiçildikcə ümid,böyüdü sinə,
Üşüyən əllərin çətin isinə,
Daha saçlarıma vaxtsız qar düşür.
Bu hicran anıdı,küləklər əsir,
Ayrı vaqonlarda ürəklər əsir,
Əks tərəflərə yollar tələsir,
Hər kəsə ayrıca bir qatar düşür.
NIYƏ UNUDURSAN?
Məni milyon dəfə aldadan olub,
Hələ aldatmadım bir aldananı.
Niyə unudursan yarpaqlar kimi
Sənin həsrətinlə solub yananı?
Elə dərdin kimi biləydin məni,
Hər gün ağrı kimi xatırlayaydın.
Xəyal guşəsində asıb şəklimi,
Azacıq könlünə yaxın sanaydın.
İndi nə günahım,nə suçum,danış?
Yağdımmı gözünün yağışlarında?
Xatırlat,hisslərin baharmı,ya qış,
Haldan-hala düşür baxışlarında?
Yenə dərdləşməyə “sən” axtarırsan,
Görmürsən içimdə “sən” var,əzizim
Mənim saçlarımda dən axtarırsan,
Bəxtimin telində dən var,əzizim.
Məni milyon dəfə aldadan olub,
Hələ aldatmadım bir aldananı.
Niyə unudursan yarpaqlar kimi
Sənin həsrətinlə solub yananı?
MƏHKUM SEVGİ
Gözlərimə çəkirəm
gündəliyin vərəqlərini…
Hələ də sətirlərində durur
adının saralmlş hərfləri.
Bilirəm,
indi bir tənhalığın var,
örtmüsən üstünə,
Bir də
ürəyin başında
ağrı olan sevgi…
Heç kəsə qıymamısan,
heç kəsə…
Səni divarlar sıxıb,
yatağın buza dönüb…
Sən evli qadın oldun,
ərli ola bilmədin.
Uşaqlarının
atası
varkən
yenə yaşayacaqmı
içindəki məhkum sevgi..?
Yazıya 402 dəfə baxılıb