Günəşin zərif telləri bərq vurduqca insanları kölgəyə çəkilməyə vadar edirdi. Dalğalar yırğalanaraq öz sərqilərini oxuyur, ucu-bucağı görünməyən yatağında o tərəf-bu tərəfə çevrilir, astadan mürgüləyirdi.
Elnur Dənizkənarı Milli parkda nəfəs kəsən istidən özünə gələ bilmirdi. Ürəyi çırpınır, başı ağrıyırdı. Amma yenə də Xəzərin mavi sularına tamaşa etməkdən doymurdu. Ləpələrin şırıltısı ona məşhur bəstəkarların yaratdığı ecazkar musiqi əsərlərini xatırladırdı.
Gəmi ilə gəzintiyə çıxanda bir yerdə qərar tuta bilmədi. Gəminin ön tərəfinə keçib Bakının panoramını seyr etdi, dalğaların köpüklənıb ətrafa yayılmasına maraqla baxdı. Küləyin mehi başı üzərindən yaraşıqlı kəpənəktək uçaraq qəlbinə sərinlik gətirdi, ürəyində göyərib qol-budaq atan şirin arzularına qanad verdi.
Ali məktəbdə oxuyanda qrup yoldaşları ilə dəniz gəzintisinə çıxdığı may gecəsini xatırladı. Həmin səfərdən iyirmi il keçmişdi. Qrup yoldaşları yadına düşdü. Hərəsi bir rayonda yaşayırdı. Lamiyə və Lətafətin vaxtsız ölümü ona bu yaxınlarda məlum olmuşdu. Bu xəbər gənci pərişan etmiş, kövrəltmişdi. İndi həyatdan nakam getmiş, övladlarını həsrətdə qoymuş o anaları kədərlə xatırladı.
O zaman üz-gözlərindən sevinc yağan qarayanız, gülərüz, mehriban simalı Lətafət və saçları günəş rənginə çalan, hündürboy, çatmaqaş Lamiyə tələbə yoldaşları ilə gəmidə deyib-gülür, şənlənirdi. Həmin gün qızların aləmi başına götürən şaqraq qəhqəhələri dənizin nəhayətsiz suları üzərində yorulmadan qanad çalan fırtına quşlarını belə heyrətləndirirdi…
Gəmidən çıxdıqdan sonra günün altında duruş gətirmək asan deyildi. Həmin dəqiqələrdə adama elə gəlirdi ki, hətta ağaclar, otlar da istidən yanır, yanğılarını su ilə söndürmək istəyir. Gecənin sərinliyindən fərqli olaraq indi yaşıl yarpaqlar sanki bir qədər solmuşdu. Bəlkə də, bir içim su üçün varlıqlarını belə qurban verməyə hazır idilər. Lakin insanları günəşdən qoruyan xilaskarların səsi eşidilmir, hiss olunmurdu.
Elnur əlində tutduğu litrlik şüşəni açdı, sərinləşdirici içkidən bir qədər içdi. Amma yanğısı keçmədi. Tərslikdən oturacaqlarda boş yer yox idi. Odur ki, ağacların altında gözlədi. Elə bu an iki nəfər ayağa qalxıb uzaqlaşdı. Tez özünü oturacağa tərəf çatdırıb əyləşdi. Əllərini başının altında çarpazlayıb arxaya söykəndi və dənizə tamaşa etməyə başladı. Günəşin qızılı şəfəqləri Xəzərin mavi suları üzərində qiymətli zinət əşyasıtək bərq vurur, yorğun dalğalar bir an içərisində rəngdən rəngə düşürdü. Bayaq gəmidən baxarkən şahə qalxıb hücuma keçən dalğalar sanki halsızlaşmış, taqətdən düşmüşdü.
Dəniz qulaqbatırıcı səssizlik içərisində gələcək arzuları barədə düşünür, sahilsə ona baxaraq lal-dinməz dayanmışdı. Ağaclar, kollar, otlar sərinliyin düşməsini səbirsizliklə gözləyir, bir-birinə təskinlik verirdilər. İnsanlarsa astadan söhbət edir, bəzən isə gülüş səsləri ətrafa yayılırdı.
Elnurun yanında yer boşalan kimi üç qadın oturacağa yaxınlaşdı. Xarici görünüşlərinə görə gəlmə olduqları hiss olunurdu. Çantalarını çıxardıqdan sonra əyləşib söhbət etməyə başladılar.
Gənc onları nəzərdən keçirdi. “Necə gözəldirlər!” – deyə düşündü. Yanında əyləşmiş orta yaşlı qadın qarayanız, bir qədər qıvrım saçlı, dolu bədənli, qəşəng simalı idi. Sağanaqlı eynəyi sifətinə xüsusi yaraşıq verirdi. Hər üçü şalvar geymişdi. Çiyin və kürəklərinə baxarkən çimərlikdə özlərini günə verdikləri aydın hiss olunurdu.
O, yanındakı qadına ingilis dilində müraciət etdi:
– Where are you going? (“Haradan gəlmisiniz?”)
Qadın ona tərəf döndü.
– Siz Ərəbistandanmı gəlmisiniz? – deyə bir daha soruşdu.
– Xeyr, İrandan gəlmişik, – eynəkli qadın gülümsəyərək cavab verdi.
– Azərbaycanlısınız?
– Yox. Farsıq.
Elnur təəccübləndi. Hələ indiyə qədər farsla söhbət etməmiş, ünsiyyət yaratmamışdı. İndi isə ona belə bir tanışlıq nəsib olmuşdu. Qadına bütün suallara təbəssümlə cavab verirdi.
– Bağışlayın, mən ilk dəfədir ki, farsla söhbət edirəm.
– Lap yaxşı. – Onun özü kimi səsi də incə və məlahətli idi.
– Bəs, adınız nədir?
– Rüxsarə, – deyə qadın dilləndi. O, sanki bu ünsiyyət üçün sevinirdi. Odur ki, həmsöhbətindən maraqla soruşdu:
– What is your name? (“Sizin adınız nədir?”).
– Elnur!
– Tanışlığımıza çox şadam.
– Mən də.
Qadın hərdənbir rəfiqələrinə tərəf dönür, farsca nə isə deyirdi. Onlar da diqqətlə qulaq asırdılar.
– Bəs, bunlar kimdir? – deyə Elnur xəbər aldı.
-Yanımdakı bacımdır, adı Rövşanədir, – Rüxsarə onu təqdim etdikdən sonra küncdəki o biri qıza tərəf döndü. – Bu isə rəfiqəm Məfkurədir.
Qızlar ehmalca başlarını tərpətdilər, Elnur yüngülcə təzim etdi:
– Çox yaxşı!
Bir anlıq fasilədən sonra qızlar ayağa durdular. Çantalarını oturacağa qoyub hara isə getdilər. Elnur sual dolu baxışlarla yanındakı qadına baxdı.
– İndi qayıdacaqlar, – deyə Rüxsarə bildirdi.
– Sən ailəlisənmi?
– Əlbəttə.
– Uşağın varmı?
– İki övladım var.
– Allah saxlasın.
– Sağ ol.
– Boy or girle? (“Oğlandır, yoxsa qız?”)
– Biri oğlan, o biri qız.
– Neçə yaşları var?
– Oğlumun on dörd, qızımın on bir yaşı var.
– Bəs, sənin? – deyə Elnur qəfildən xəbər aldı.
– Otuz beş! – Rüxsarə gülərək dedi, həm də barmağı ilə ovcuna həmin rəqəmi iki dəfə yazdı.
Rüxsarə çantasını açıb nazik bir papiros götürdü, damağına qoyub alışqanla yandırdı. Ciyərlərinə çəkib tüstü burumlarını havaya milləndirdi. Ayaqlarını aşırıb dənizin parlaq mənzərəsinə tamaşa etdi. Tehrana necə də bənzəyir”, – deyə ürəyindən keçirdi, “elə bil bütün dənizlər bir-birinə oxşayır, yalnız sahillərinə görə fərqlənir. Bu bir həftə ərzində doyunca dincəldim, Xəzər dənizində üzdüm, günəş vannası qəbul etdim. İranda mümkün olmasa da, burada istədiyim kimi geyindim, qızlarla şəhəri gəzdim. Hər şey mənə möcüzəli təsir bağışladı. Orada mənəviyyatım sanki buxovlanmışdı, varlığım azadlığa can atırdı. Yaşamaq həvəsi sərt qayda – qanunlar içərisində çox sönükdür. Bakı isə ayrı aləmdir. Necə istəyirsən, yaşa. Heç kəsin səninlə işi yoxdur. Nə jandarm, nə xəfiyyə, nə də din xadimlərindən çəkinmək qorxusu var. Necə azad ölkədir, xarici dövlətlərdən xeyli insan gəlir, sərbəst gəzib dolaşır. Heç kəs xətrinə dəymir, əksinə, hörmətlə yanaşır, qayğı göstərir”, – bu düşüncələri ani olaraq xəyalından keçirdi.
Elnur qadının vurduğu ətrin qoxusundan sanki bihuş olmuşdu. Deyəsən, fransız ətri idi. Onun zülmət gecəyə bənzəyən saçları çiyninə tökülmüşdü. Çatma qaşları günəşin təsirindən qaralmış sifətində bəzəkli gül kimi açmışdı. İri gözləri, bir az xırda burnu, incə dodaqları sifətinə xüsusi yaraşıq verirdi. Ancaq ən gözəgəlimlisi Rüxsarənin mehribanlıq ifadə edən təbəssümü və asta gülüşü idi. “ Necə də səmimidir”, – deyə Elnur düşündü.
Rüxsarə gözlərini gəncə dikib tərəddüdlə soruşdu:
– Evlisinizmi?
Bu sual Elnur üçün gözlənilməz idi. O, bu sualı gözləmirdi.
– Hə.
– Neçə uşağın var?
– Məndə də ikidir.
– Allah amanında olsun, – deyə Rüxsarə qəhqəhə çəkdi. – Maşallah! Saxlaya bilirsənmi?
– Əlbəttə.
– Bəs, nə işlə məşğul olursan?
– Muzeydə bələdçi işləyirəm.
– Lap yaxşı. Ziyalı insanlarla təmasda olmaq xoşdur. Evdar qadın olsam da, kitab həvəskarıyam, oxumağı sevirəm. – O, Qız qalasına tərəf baxıb sözünü davam etdirdi, – Sizdə qədim və möhtəşəm abidələr var. Tarixinizin şah əsərlərini qoruyub saxlayırsınız. Bakının hər yerində tikinti işləri aparılır. Şəhər gözəlləşir, müasirləşir. Əminəm ki, gələcəkdə paytaxtınız Avropanın qabaqcıl şəhərləri içərisində özünə layiqli yer tutacaq.
– Elədir. Şəhərin ən qədim hissəsi olan İçərişəhər, sən baxdığın Qız Qalası, Şirvanşahlar saray kompleksi, karvansaralar, məscidlər buna gözəl nümunədir. Mən hər dəfə Bakıya gələndə şəhəri tanıya bilmir, hündür, göz oxşayan, zövqlə tikilmiş binaların ucaldığının şahidi oluram.
– Bir həftədir Bakıdayam. Şəhər haqqında xoş təəssüratım var. Mən Tehranda yaşayıram.
– Doğrudan? – deyə Elnur maraqla soruşdu.
– Hə.
– İstəyirsən, gəmi ilə dəniz gəzintisinə çıxaq.
O, özünəməxsus şəkildə qəhqəhə ilə güldü.
– Thank you (“Çox sağ ol!”)! Bayaq gəmidə idik. Səyahət xoşumuza gəldi.
-Bəs, İrana nə vaxt qayıdacaqsız?
– Bu gün.
– Saat necədə?
– Gecə saat on birdə dəmir yolu vağzalından qatarla Astaraya, oradan da İran Astarasına yola düşəcəyik.
– Nə əcəb, avtobusla getmirsiz?
– Yox, qatar hamısından yaxşıdır. Rahatlıqdır.
Qızlar qayıdıb gəldi. Xəfif külək əsdiyindən istinin təsiri bir qədər azalır, yarpaqlar titrəyirdi. Odur ki, gənc onları şəhər gəzintisinə dəvət etdi. Rüxsarə qızlarla danışıb razılıq aldı. Ayağa qalxıb Kukla teatrının yanındayeraltı keçiddən keçdilər. “Azərbaycan” kinoteatrının qarşısına çatdılar. Burada klassik Azərbaycan şairi Xurşidbanu Natəvanın abidəsi qoyulmuşdu.
– Natəvan xalqımızın görkəmli şairlərindən biri olmuşdur! – deyə Elnur sükutu pozdu. Bir az dayanıb sözünə davam etdi: – O, həm də doğma Qarabağımzda təşkil edilmiş şeir məclislərinin təşəbbüskarlarından biri kimi məşhurdur. Belə məclislər xalq arasında elm və bilik qığılcımlarını daha da artırırdı. Bu nurlu insan nadanlığa, cəhalətə qarşı çarpışan alovlu vətənpərvər kimi qəlbimizdə yaşayır.
Rüxsarə:
– Elədir. Onun bir xeyriyyəçi kimi bulaq çəkdirməsi də xalqın yaddaşından silinməməlidir. Mən heyran qaldım, bu qadın neçə-neçə imkansız ailəyə köməklik etmiş, pulunu, var – dövlətini belə əsirgəməmişdir – dedi və astadan köksünü ötürdü.
Elnur dalğın halda küləyin qarşısını kəsən hündür binaları və insanların sürətlə keçdiyi geniş meydanı nəzərdən keçirdi. Fars qızları da ətraf mənzərələrə maraqla tamaşa edir, arada bir-biriləri ilə öz dillərində danışırdılr. Onlar birlikdə Nizami küçəsindən sola burularaq geniş ticarət meydanına çıxdılar və fəvvarənin yanından üzüyuxarı qalxmağa başladılar. Pilləkanı qalxarkən dahi Azərbaycan şairi Nizami Gəncəvinin əzəmətli abidəsinə tamaşa etdilər.
– Nizami xalqımızın görkəmli və dünyaca məşhur mütəfəkkiri olmuşdur, – deyə Elnur dilləndi. – O, əlini irəli uzadaraq davam etdi. – Əsrlər ötüb keçsə də, klassikimizin “Xəmsə”si bu gün də yaşayır. Onun bu poemaları əsl şedevrdir və bu gün də dünyada sevə-sevə oxunur.
– Bəs, necə?! İstər “Yeddi gözəl”, istər “Leyli və Məcnun”, istərsə də “Xosrov və Şirin” və digər əsərlər o qədər məşhur olmuşdur ki, Şərq korifeyləri onun əsərlərinə nəzirələr yazmış, Nizamidən bəhrələnmişlər, – deyə Rüxsarə Nizami haqqında öz fikirlərini söylədi.
İçərişəhərə qoşa qapılardan daxil oldular. Qədimlikdən xəbər verən yonulmuş daşların üstü ilə addımlayıb dar və labirintə bənzər küçələrdən keçdilər. Burada olan bütün adibələr, məscid, karvansara, hamam, saray kompleksi, həmçinin evlər qızların heyrət və marağına səbəb oldu. Elnur danışmağa başladı:
– Aşağı hissədən dənizə baxan İçərişəhər yüksək təpə üzərində amfiteatr formasında salınmış və yuxarı hissədən Qafqaz dağları ilə əhatə olunmuşdu. Qız qalası, üçqat qala divarları və digər qurğular şəhərin möhtəşəm müdafiə istehkamı kimi tikildiyini göstərir. Görürsənmi, bütün binalar Qala divarının içərisində yerləşir. İri meydan və enli küçələr şəhərin içərilərinə doğru getdikcə kiçilib sıxlaşır. Bu, onu göstərir ki, əhali müdafiə işlərinə cəlb olunurdu. Şəhərə hücum edən süvarilər dar küçələrə girə bilmirdilər. Həm də dalanlarda atların idarə olunması və ya geri dönməsi mümkün deyildi. Düşmən əsgərləri dar küçələrdə azır və tələyə düşürdülər. İkimərtəbəli evlərin damlarından sakinlər onların başına qətran və qaynar su tökür, daş yağdırırdı. Bununla düşmənə qarşı birlikdə mübarizə aparır, öz vətənlərini qoruyurdular.
– Necə maraqlı tarixiniz var!- deyə Rüxsarə söylədi.
– Əlbəttə, – deyə Elnur cavab verdi. Əcdadlarımızın vətəni qorumaq məharəti bu gün Azərbaycan ordusu tərəfindən uğurla davam etdirilir. Torpaqlarımız erməni cəlladları tərəfindən işğal edilsə də, gec-tez zəbt edilmiş ərazilərimizi geri qaytaracağıq. Onda məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaqlar…
Yenidən dəniz sahilinə qayıtdılar. Ağacların əhatəsində yerləşən çayxana diqqəti cəlb edirdi. Boş masa tapıb əyləşdilər. Elnur çay sifariş verdi. Gözü bir anlıq Rövşanəyə sataşdı. O, otuz yaşlarında dolu bədənli, ağbəniz, iri badamı gözlü, orta boylu, mehriban simalı qız idi. Uzun, qara saçlı, hündür boylu, yaraşıqlı Məfkurə danışmır, elə hey gülümsəyirdi. Elə bil söhbətlərin ona dəxli yoxdu.
Bayaq Rüxsarə söyləmişdi ki, Rövşanə ərə getməyib. Onda Elnur təəccübləndi: “Məgər İranda da qızlar gec ailə həyatı qurur?!” – Sonra fikirləşdi ki, hər bir ölkədə insanlar müxtəlif həyat tərzi keçirir. Hindistan, İran kimi Şərq ölkələrində lap qədimdən tez ailə qurmaq ənənəvi olsa da, o demək deyil ki, hamı erkən evlənir.
Bu zaman Rövşanə ilə Məfkurə ayağa qalxıb üzrxahlıq etdilər.
– I am sorryı! (“Bağışlayın!”). – O, ingilis dilində necə gözəl, ahəngdar danışırdı. – Biz o biri stolda çay içəcəyik, – deyə Rövşanə bildirdi.
Yavaş-yavaş gün əyilir, ətrafa sərinlik çökürdü. İnsanlar axın-axın sahilə doğru yan alır, gülüş, qəhqəhə səsləri ətrafa yayılırdı. Rüxsarə belə düşüncələrlə limon salınmış çaydan bir qurtum alaraq:
– Nə gözəldir, – deyə sükutu pozdu. Nəzərlərini Elnurun gözlərinə dikdi. Elə bil o gözlərin şəffaf aynasına həkk edilmiş hansısa sualın cavabını tapmağa çalışırdı. Bəlkə də bütün istəyini, duyğularını bu kiçik aynaya yerləşdirməyə can atırdı.
– Hə! – deyə Elnur sükutu pozdu. – Burada çayı yaxşı dəmləyirlər. Şərt yalnız suda və ya quru çayın keyfiyyətində deyil, çayın məharətlə dəmlənməsindədir.
– Sən bunu bacarırsanmı? – deyə qadın xəbər aldı.
– Əlbəttə. Ali məktəbdə oxuyanda o qədər dəmləmişəm ki!
– Hiss olunur. – Rüxsarə gülərək dedi. Bu an onun gülüşü oğlanın ürəyini dəlib keçdi. Qəlbindən xoş duyğular axdı. Odur ki, sevdiyi şeirdən kiçik parçanı Azərbaycan dilində söylədi: “Rəssam olsaydım, surətini yaradardım, ey gözəl pəri! Gözəlliyinin bütün cizgilərini, qəlbinin sevinc işartılarını tablomda əks etdirər, ağappaq əllərinin təmasını, meh tək sərinlik gətirən xoşallandırıcı ətrini doyunca duya-duya varlığımdakı məchulluğa köçürərdim. Aşiq olsaydım, baxışlarının sehrinə düşərək sənin sevgi aləminə tamaşa etməkdən doymaz, səbrsizlikdən həsrətində qovrulduğum ağuşunda yuxuya gedər, doyunca yatardım…”
– Thank you very much (“Çox sağ ol”) ! – deyə qadın incə əllərini bir-birinə vurdu. – Dilinizdə necə də ahəngdar səslənir. – Bundan sonra o, məşhur fars şairləri Sədi Şirazi və Hafizin şeirlərindən söhbət açdı.
– Heyif ki, farsca danışa bilmirik. İngilis dilində lazım olan sözləri demək çox vaxt aparır.
– Mən də istərdim, Azərbaycan dilində ünsiyyət quraq. Onda daha yaxşı danışardıq.
Saat artıq səkkiz idi. Çaylarını içib qurtarmışdılar. Elnur ofisiantı çağırıb pulu ödədi. Bu vaxt qızlar gəldi. Rüxsarə isə durmaq istəmirdi.
– Bir qədər gözləyin, indi qalxırıq.
Elnur xəbər aldı:
– İranın məşhur aktrisası Ququşun oynadığı filmlər çox xoşuma gəlir. O, indi haradadır?
Rövşanə təəccübləndi:
– Onu haradan tanıyırsan?
– O, əslən azərbaycanlıdır, Gəncə şəhərindəndir. Ququşu hər bir azərbaycanlı tanıyır və sevir. – Oğlan qızdan soruşdu: – Deyəsən, o, çoxdandır İranda yaşamır?.
– Elədir. Amerikada, San-Fransisko şəhərində yaşayır.
– Məlumata görə təşəkkür edirəm, – Elnur minnətdarlıq etdi.
Qızlar çıxıb getdilər.
– Siz şəhərdə harada qalırdız? – deyə gənc soruşdu:
– “Azərbaycan” otelində.
– Bəlkə bir az söhbət edək. Hələ vaxtınıza üç saat qalıb,
– Artıq ordan çıxmışıq. Pulumuz da azalıb.
– Əgər qalsanız, digər oteldə yer təşkil edərəm. Buradan üç dəqiqəlik yoldur.
Rüxsarə qəhqəhə çəkib güldü.
– No, no, no (“Yox, yox, yox!”) !
Elnur da ucadan şaqqanaq çəkdi.
– İn the İran no, no, no, in the Baku yes, yes, yes (“İranda yox, Bakıda hə!”) !
Bu sözlər Rüxsarəyə ləzzət etdi, gülməkdən gözləri yaşardı.
– Ərim bilsə boynumu vurar.
– Haradan biləcək?
– Arvadın xəbər tutacaq.
– Nə danışırsan?! O, burada yaşamır.
Qadın yenə gülüb dedi:
– No, no, no!
Elnur da güldü.
– İranda yox, Bakıda hə!
Rüxsarənin gözlərində kədər nişanələri göründü.
– I am sorry! (“Bağışlayın!”)
– Bir də hacan gələcəksən? – gənc soruşdu.
– Allah bilir. Bəlkə bir neçə ildən sonra gəldim.
– Ünvanını verə bilərsənmi?
– Ərim bilər, başıma oyun açar.
Yenidən şaqqanaq çəkib güldülər. Bu elə xoşbəxt an idi ki, onu heç bir sərvət ilə almaq mümkün deyildi.
– İranda papiros çəkməyə necə münasibət bəsləyirlər?
– Küçədə icazə yoxdur. Evdə isə nə qədər istəsən, olar.
– Bəs, indiki geyimlə orada gəzə bilərsinizmi?
– Nə danışırsan?! Örtülü paltarlarımız çantadadır. Astaraya çatdıqdan sonra bunları çıxaracaq, rübənd taxacağıq. Onu deyim ki, vətəndən ayrı yaşaya bilmərəm. Bakını isə unutmayacam. Şəhəri ürəkdən sevdim, insanlar mehribandır. Səninlə keçirdiyim iki saatlıq görüş xatirimdə əbədi iz qoyacaq.
Bu sözlərdən sonra gözləri yaşardı. Eynəyini çıxarıb kiçik, bəzəkli dəsmalı ilə gözünü sildi.
Elnur da kövrəldi. Qəlbindən kədərli hisslər axıb keçdi. Qadından heç cür ayrılmaq istəmirdi. Ona təəssüf edirdi ki, tezliklə gedəcəklər. – Sabah getsələr, yaxşı olardı, – deyə düşündü.
– Heyif, tez ayrılırıq. İlk dəfədir farsla, sənin kimi gözəl qadınla tanış olmuşam. Səninlə söhbət edir, qəlbinə səyahətə çıxıram. Bu görüş mənim üçün dünyalara dəyər. Səni həmişə xatırlayacam.
– Mən də, – qadın kədərlə söylədi.
Hava getdikcə soyuyurdu. Küləyin təsiri ilə coşan dalğalar qeyzlə sahilə tərəf çırpılır, sanki qızı tutub saxlamaq istəyirdi.
Rüxsarə ayağa qalxıb Elnurla vidalaşdı.
-Yaxşı yol arzulayıram! –gənc dedi və qadının dilindən təmiz azərbaycanca “sağ ol!” kəlməsini eşidərkən qəlbi dağa döndü, sevincinin həddi-hüdudu olmadı.
Elnur geri baxanda görüşün həzin xatirəsini özü ilə aparan Rüxsarənin eynəyinin altından sifətinə axan göz yaşlarını silməyə çalışan ağappaq əlini gördü. Ağlamamaq üçün üzünü dənizə tərəf çevirib ənginliklərə baxdı.
Dənizdən əsən küləyin xəfif mehi saçlarını yalayıb keçərək ağacların budaqlarını yırğalamağa başladı.
Əli Cəfəroğlu (Əliyev),
Prezident təqaüdçüsü, yazıçı, Azərbaycan Yazıçılar –
və Jurnalistlər Birliklərinin üzvü, Ağstafa rayon Təhsil
Şöbəsinin aparıcı məsləhətçisi,
Yazıya 624 dəfə baxılıb