Proloq
Evdən çıxdım, hara getdiyimi bilmədən yürüməyə başladım. Hava isti, həyatla aramın soyuq olduğu günlərdən biri. Havalı-havalı dayanacağa çatdığımda yeni başlayan əsas yolda sanasan bütün yollarım bitmiş kimiydi.
Marşrut gəlib çıxmırdı ki, heç olmasa, metroya qədər gedim; ordan oyanasını sonra düşünüm. Bu 15-20 dəqiqəlik yolu piyada getməyə həvəs də qalmamışdı. Zatən məni kimsə, nəsə harasa aparmalıydı, yoxsa ruh halımın yerə mıxladığı ayaqlar gün təpəmdən döyərkən belə məni yerindən tərpətmək istəmirdi…
I
Onda mən onu gördüm, yəni həmin qadını. O günü özəl qılan qonşu qadını…
Dayanacaqdan hardasa yüz-yüz əlli metr qabaqda, kirayə qaldığı gecəqondudan çıxıb yol kənarında durmuş, mənim kimi marşrut gözləməkdəydi.
Mən o qadını ilk dəfə onda görmüşdüm; ona qədər orda bir ailənin kirayə qaldığını bilsəm də, məhəllənin girişindəki dükana tez-tez gələn iki balaca oğlan uşağını görsəm də, onların nə atasını, nə də anasını tanımırdım. O sevimli uşaqlarla hər dəfə dükanda qarşılaşanda şirin-şirin zarafatlaşır, deyib-gülürdük. Adlarını da bilirdim; biri – azca böyük və sevimli olanın Şarman, o birinin adı Raul idi.
Gözəl üz cizgilərinə sahib olan bu uşaqlar öz səliqə-sahmanlı görünüşləriylə bu gecəqondu məhəlləsinin başqa uşaqlarından seçilirdilər. Adam heç inana bilmirdi ki, məhəllənin ən baxımsız, daha bir ay əvvəl zibillik olan, birtəhər yaxınlıqdakı sexlərdən yığılmış dəmir-dümür, taxta-kərpic parçalarıyla bir araya gətirlmiş o balaca daxmada yaşayırlar.
Səbrim çatmayıb irəliləməyə başlayanda gəlib o qadının yanına çatmış, özümdən xəbərsiz ona baxmağa başlamışdım. Üzü o qədər doğma idi ki, onu harda görsəm, ilk baxışdan belə tanıyardım. Elə bil uşaqlarının, xüsusən Şarmanın üz cizgilərinə sahib gözəl bir maska geyinmişdi. Hündür boylu, incə belli bu qadının yanından baxmadan keçmək mümkün deyildi. Əmin idim ki, ən çox qadınlar ona paxıllıq edirlər.
Elə onun yanına təzə çatmışdım ki, gördüm marşrut yavaş-yavaş yaxınlaşır. Bunu görən kimi yanında dayanıb-durdum, gözləməyə başladım. Öncə qadın öz ciddi sifətiylə avtobusa qalxdı, sonra mən. Yaxınlıqdakı oturacaqlardan birində əyləşdi. Mənsə ona baxa-baxa qalmışdım. O isə etinasızca pəncərədən çölə baxaraq bu bir neçə dəqiqəlik yolu tez bir zamanda başa vurmaq istəyirmiş kimi oturmuş, sanki heç danışmayacaq biri kimi görüntü yaratmışdı.
Ancaq qadınların arxada da gözləri olduğunu və ona diqqətlə baxan birini baxmadan da gördüklərini bilirdim.
Hərdən nəsə duymuş kimi anidən ora-bura göz gəzdirəndə utanaraq baxışlarımı ondan çəkir, o bayaq etdiyi kimi pəncərədən çölə baxmağa başlayırdım. Ama yenə də onun hər şeyin fərqində olduğunu bilir, hətta biraz da bilməsini istərcəsinə davranırdım.
Gerçəkdən, hiss etdiklərimin nə olduğunu bilmirdim, ancaq dəqiq bilirdim ki, sırf şəhvani hiss deyil. Üstəlik, bu qısa sürədə, yəni ilk baxışdan birinə vurula biləcəyimi də ağlım kəsmir, qəribə ruh halının içində sıxılırdım. Və mən ruhən nə qədər yalnız biri olsam da, elə yalnız biri də sayılmazdım. Çünki istədiyim məqamda yanımda bir qadının olması mümkün idi.
Ama nə etmək olardı; bəzi gerçək hislərin – hətta adını belə dəqiq bilməsən, önünə keçmək olmur.
Hər gün dükanda uşaqlarıyla zarafatlaşdığım bu qadının evli olduğunu anlamışdım. Zatən başqa cür ola da bilməzdi; elə bir yerdə – məhəllədən biraz aralıdakı gecəqonduda iki körpə uşaqla yalnız yaşadığını ağıla gətirmək çətin idi.
Avtobus metronun yanında dayananda bir az cəld tərpənib onun da yolpulunu vermək istədim. Ancaq qəribə bir cəldliklə əlimi geri itələyib öz pulunu verib düşdü. Bir anlıq nə baş verdiyinin fərqində olmadım. Ama iş-işdən keçmiş; qadın mənim bu hərəkətimi özünə sayğısızlıq, ya da nəsə məqsədli bir şey kimi qəbul etmişdi.
O ankı niyyətimin sırf qonşuluq olduğunu bildiyim halda yanlış anlaşılmaq çox zoruma getmişdi. Üstəlik, elə bir vəziyyətdəydim ki, bunu qaldırmaq gücüm də yox idi. Mən bunu bu məqamda ən azı uşaqlarını sevdiyim bir qadın üçün qonşuluq olaraq eləyirdim.
Və bu düşüncələrlə, pərt olmuş halda, üstəlik hara getdiyimi belə bilmədiym bir məqamda artıq metronun içində olduğumu gördüm.
Stansiyada təkəmseyrək adamlar ya ora-bura gedir, ya da durub qatar gözləyirdilər.
Və budur, o qadın mərkəzə doğru gedən istiqamətdə durub qatar gözləməkdədir. Bir anlıq heç nəyin üstünü vurmayıb, yenidən onu incidib özümün də pərt olmamağım üçün sakitcə çıxıb getmək istədim. Ama içimdəki sıxıntıyla özümdən asılı olmadan ona yaxınlaşmağa başladım. Ona bir neçə addım qalmışdı ki, qatar gəlib qayandı, qapıları minib-düşənlərin üzünə açıldı.
Bu məqamda düşündüm ki, hər şey bitdi; qadın qatara minəcək və sözüm ürəyimdə qalacaq. Ona yaxınlaşmağa da çəkindiyimçün “Bəlkə də, belə yaxşıdır”, – fikirləşdim. Ancaq qapılar bağlananda qadının heç bir hərəkət etmədiyini görüb anldım ki, onun gözlədiyi qatar bu deyilmiş. İndi ya ona yaxınlaşmalı, ya da susqunluqda kəsilə-kəsilə qalmalıydım.
Birdən qadına yaxınlaşıb, heç bir şey gözləmədən, biraz da incik halda danışmağa başladım:
– Xanım, yanlış anladınız; sadəcə bir qonşu kimi yolpulunuzu vermək istədim. Yoxsa sizi incitmək, sayğısızlıq eləmək istəməzdim.
Deməyə söz axtarırmış kimi gözəl gözlərindəki kinayəylə məni süzdü. Məgər o sözlər çoxdan hazır imiş, ya da danışmağa başlayanda mənə elə gəldi:
– Bilirəm, hər kəs belə deyir. Hər kəs elə belə başlayır; özünü belə hörmətli, centlemen göstərməyə çalışır. Biriniz də biraz fərqli bir yol, fərqli bir söz tapın da…
Düzü, artıq ikinci dəfə pərt oldum, bu sözlərin qarşısında ona nə deyəcəyimi bilmədim.
- Doğrudan, bunu sizi inandrımaq xətrinə demirəm, inanıb-inanmayacağınızı özünüz bilərsiniz.
– Lazım deyil. Hörmətiniz də, inamınız da sizdə qalsın. Mənim buna ehtiyacım yoxdu, – o da öz sərtliyindən dönməməyə çalışırdı.
– Sadəcə ona görə sizə yaxınlaşdım ki, məni yanlış anlamayasız. Yoxsa başqa niyyətim yoxdu, – biraz da əminliklə, hər şeyi yoluna qoymağa çalışaraq danışmağa başladım: – Bilirəm, siz orda, o evdə yaşayırsız, sizi görən kimi tanıdım.
– Mənsə sizi tanımıram və heç görməmişəm də. Hətta bu məhəllədən olub-olmadığınızı da bilmirəm, – qadın tələsik danışmağa başladı: – Həm bunun heç fərqi də yoxdu; ya burda olun, ya da olmayın. Mənə belə şeylər xoş deyil.
– Əlbəttə, anlayıram. Ama məni də düzgün anlayın; bilmədim siz belə sərt reaksiya verəcəksiz, – biraz gülümsəyərək söhbəti yumşaltmağa çalışdım. – Dedim, birdən yolpulunuzu vermərəm – axı bizdə adət belədi – sonra deyərsiz ki, buna bax, yekə adamdı, düşəndə yolpulumu vermir…
Gözəl üzünün sərt qırışları biraz azalsa da, hələ tam yumşalmamışdı. Bu vaxt heç istəmədiyim bir şey oldu: platformaya yaxınlaşan qatarın səsi eşidildi. Özü də qadın mənə nəsə deməyə hazırlaşdığı bir məqamda.
– Mənim sizə deyəcəyim bir söz yoxdu, sadəcə xoşlanmıram belə şeylərdən. Özünüzü yorub izah eləməyə çalışmayın.
– Mən sizə heç nəyi izah eləməyə çalışmıram, sadəcə yanlış anlamamğınızı istəyirəm, – demişdim ki, qatar dayandı, qapılar açıldı.
Qadın qapıya tərəf azacıq hərəkət etmişdi ki, artıq heç bir sözün işə yaramadığını görüb son cəsarətimi toplayaraq səmimi şəkildə dedim:
– Düzdü, çox gözəl xanımsız, sizə diqqətsiz qalmaq mümkün deyil, ancaq yenə deyirəm: bunun yolpulunuzu verməyə çalışmaqla heç bir əlaqəsi yox idi.
Qadın bir anlıq duruxub ağzımdan çıxan sözlərə inanırmış kimi üzünü mənə çevirdi, dediklərimə nə qədər əmin olduğumu görmək üçün düz gözlərimin içinə baxdı. Gördü mənim heç tüküm belə tərpənmir, onun baxışlarından qorxub qaçmıram, təəssüflə başını yelləyib sadəcə belə dedi:
– Gördüz, gördüz?!
– Başa düşürəm. Ama mən də sizinlə səmimi oldum və bunu çəkinmədən deyirəm…
Bu vaxt qapılar bağlanmş, qatar yola düşməyə başlamışdı. Qadınsa tutqun halda nə deyəcəyini bilmir, əsəbi halda ora-bura baxır, sanasan məni utandırmaqdan ötrü ən sərt və sərrast sözləri tapıb deməyə çalışırdı.
– Bu qədər yetər! Sizin üzünüzdən qatarı da qaçırdım. Mən iş adamıyam, sizin kimi boş-bekar, görüyü hər qadının arxasıyca düşən biri deyiləm. Lütfən məni rahat buraxın.
– Zatən sizi narahat etmək fikrim yox idi, sözümü deyib gedəcəkdim, – onun son sözlərinin təsirindən nə dediyimi bilmirmiş kimi danışmağa başladım: – Həm də istədim anlayasız ki, boş-bekar, hər dəqiqə birinin arxasıyca düşən biri deyiləm…
Bu sözləri deyəndən sonra artıq orda qalmağın yeri olmadığını anladığımdan ağır-ağır dönüb getməyə hazırlaşırdım ki, qadın dedi:
– Sizdən xahiş edirəm, bir də məni harda görsəniz, yaxınlaşıb yolpulumu-filan verməyə çalışmayın.
Anidən dönüb onun üzünə baxdım ki, görüm bu sözləri hansı ifadəylə deyir. Əvvəlki sərtliyindən əsər-əlamət qalmasa da, onu bir də narahat etməməyim üçün yalvarışlı bir əminliyə sahib olduğunu gördüm. Bu çarəsiz baxışlarla çox narahat edildiyini, hətta çox incidildiyini açıq-aydın sezdirirdi.
– Anlayram sizi. Başa düşürəm, çox narahat edilmiş, çox belə hallar görmüsüz, – açıq şəkildə son sözlərini deyən biri kimi danışmağa başladım: – Ancaq yenə deyirəm, sizi narahat etmək və incitmək niyyətim yox idi. Sadəcə belə alındı, üzürlü hesab eləyin.
– Çox sağolun anlayışınıza görə, – deyib relslərə baxmaqla üzünü məndən gizləməyə çalışdı.
Mənsə üzüntülü olsam da, təbəssümlə başımı yellədim, “dəyməz” deyib ordan uzaqlaşdım.
Sonra qatara minmədən metrodan çıxdım, bir siqaret alışdırıb fikirli-fikirli evə tərəf addımlamağa başladım. Piyada qayıtdığım bu yolla 15-20 dəqiqəni nə vaxt gəlib otağıma çatdığımı, nə vaxt şərab şüşəsini açıb içməyə başladığımı və nə vaxt süst halda yatağa düşüb qaldığımı bilmədim.
Bir də gecəyarı ayılıb hər şeyi dumanlı şəkildə xatırlamağa başlayanda indi harda, necə olduğumu yavaş-yavaş anlayır, bu ağır yuxudan ayılmağa çalışırdım.
Hər şey mənə nə qədər yuxu kimi gəlsə də, bu dumanlı şeylərin arasında o qadının tək gerçək olduğunu anlayırdım…
II
Heç nəyi unutmadığım bir payız günü günorta işdə sıxılmış, durub evə yol almışdım. Bu düşüncələrlə nə qədər heç işləməməli olduğumu duysam da, həyatda qalmaq üçün başqa yolun olmadığını bildiyimdən hələ də nələrəsə dözüb-durur, yarım gün də olsa, işləməyə çalşırdım. Zatən bugünə qədər aldıqlarımın heç yarım iş gününə belə dəymir, haqqını ala bilməmək məni biraz da yalnızlaşdırırdı.
İşə gedəndə, adətən, marşrutla gedir, gələndəsə o yolu piyada qayıtmağı sevirdim. Bu mənə gün ərzində gördüyüm haqsızlıqlar, xoşagəlməz hallar haqqında ən azı 15-20 dəqiqə düşünmək imkanı verirdi. Ondan əvvəl və ondan sonra – insan qalabalıqlarında, səs-küydə və pəncərəsiz gecəqondu otağının yaratdığı havasızlıqda çox da düşünmək imkanım və halım olmurdu. Bu sakit, kimsəsiz uzun yolda həyat bütün ağırlığıyla insanın üstünə çökür və nə vaxt gəlib evə çatdığını da bilmirsən.
Ama bu gün gündüz evə dönərkən qarşımda onu – o qadını görmək mənə həm biraz güc vermiş, həm də fikirlərimi əməllicə qarışdırmışdı.
Qadın evlərindən azca aralı – mərkəzi yolun səkisiylə yanında oğlu Şarmanla birlikdə harasa gedirdi. Yəqin oğlunu yaxınlıqlakı məktəbə apararkən durub marşrut gözləmyə gərək görməmiş, bu qısa yolu piyada getməyi üstün bilmişdi.
Uzaqdan onu görəndə tanıdığımı deyə bilmərəm, zatən bu məsafədən birini tanımaq çox zor olardı. Nə çoxdur uşağıyla yol gedən qadın və ətrafındakı insanlara fikir vermək üçün gərək heç bir fikirlə uğraşmamış olasan. Oysa indi ölümdən tutmuş hər şey haqqında düşünürdüm. Çünki mənim kimi adamların yaşaması bu dünya üçün elə də fərq eləmir…
Yaxınlaşdıqca daha çox tanış gəlməyə başlayan ana-baladan ilk olaraq uşağı – Şarmanı tanıdım. Bu gözəl üzlü uşağı harda olsa, uzaqdan tanıyardım. Yavaş-yavaş o qadını da tanımağa, gözümdə onun az qala bir fəsil qabaqkı halı canlanmağa başladı. Bu qədər canlı bir üzü niyə gec tanımışdım, bilmirəm, ancaq heç unutmamış olmağım yəqindi.
Gündə onlarla, yüzlərlə insan görür, bir çoxundan xoşlanır və qısa zaman içində də çoxunu unuduruq. Ama indi onu uşağına görə deyil, bəlkə uşağını belə sonra görəcəyim bu gözəlliyə görə sevməyə başladığımı anlayırdım.
Qadının üzü getdikcə daha ciddi hal alarkən Şarmanın üzündə təbəssüm yaranırdı. Elə bilirdim, Şarman mənə yaxınlaşdıqca böyümək əvəzinə, üzündəki təbəssümün çoxalmasıyla biraz da uşaqlaşır, ama əksinə, anasının üzündəki ifadə ciddiləşdikcə biraz daha böyüyür və normal halından çıxır.
Ancaq nə olur, olsun, gözlər həmişə gerçəyi deyir. Qadının narahat halda tez-tez ora-bura baxan gözləri özü də bilmədən üzünə verdiyi ciddi ifadəni azaldır, daha da yaxınlaşdıqca sanasan onu bir qəmli mələyə çevirir, bir növ ələ verirdi.
Mən indi onun gözündə kim idim, necə idim, məlum deyildi. Elə qəribə bir haldaydım ki, onlarla üz-üzə gəlməmək üçün hətta bir neçə dəfə yolun o biri üzünə keçməyi düşündüm. Ancaq Şarmanın yaxınlaşan təbəssümü məni fikrimdən daşındırdı. İndi o qadının gözəlliyinə deyil, daha çox bu balaca uşağın təbəssümünə can atırdım. Nə deyə gülə-gülə üzərimə gələn bir uşaqdan qaça bilərdim ki?! Bilməzdimmi? Bunu da bilmirəm, ama yaxınlaşdıqca onu bilirdim ki, mən bunu istəyirəm…
Onu yenidən görmək, yaxından ona baxmaq – indi anlayırdım ki, bütün bu mənasız düşüncələrdən, gündəlik həyat və ötəri qayğılardan uzaqlaşmağın ən gözəl yoluymuş. Bütün varlığımla bu ana köklənməyim mənə hər şeyi unutdurur, duyduğum həzz bir ömür boyu unudulmayan sevişmək həzzini xatırladırdı. Və o yaxınlaşdıqca orqazm anına yaxınlaşırmış kimi bir istilik duymağa başlayırdım. Sanasan heç vaxt doya bilməyəcəyim bu həzz bütün vücuduma yayılır, get-gedə beynimin içində alov dilimləri yüksəlməyə başlayırdı.
Bu arada yeridiyimi deyil, uçduğumu hiss edir, mənzilə daha tez varmaq üçün içimdəki qanadları daha tez-tez çırpmağa başlayırdım – elə bil içimdən uçaraq ona tərəf gedirdim.
Kor etmək həddindəki bu aydın görüntü məni nə zaman çəkib özünün beş addımlığına gətirdi, heç bilmirəm. Bir də onu gördüm ki, Şarman gülə-gülə üstümə qaçır, mənimlə salamlaşıb söhbət etmək üçün tələsir.
Qadın narahat halda ilk öncə uşağın niyə belə elədiyini anlaya bilmir, sanasan elə bilirdi ki, sadəcə yolda qaçmaq, oynamaq istəyir. Ancaq Şarmanın mənə çatıb sevincdən az qala üzərimə tullanmaq istədiyini görəndə təlaşlı gözləri biraz daha böyümüş, bir anlıq nə baş verdiyini anlamaqda çətinlik çəkmişdi.
Mən dayanıb Şarmanı qucaqlayıb öpəndə, sonra başını sığallayıb şirin-şirin söhbət eləməyə başlayanda o da gəlib bizə çatmış, neyləyəcəyini bilmədən bir növ kənardan seyirçi olmaq zorunda qalmışdı.
– Necəsən? Kefin necədi? – Mən Şarmanı nazlaya-nazlaya soruşanda o, kənardan durub baxır, uşağın bu sevincinə təəccüblənir, nə demək lazım olduğunu bilmirdi.
– Ana, bu mənim dostumdu. Hər dəfə dükanda, məhəllədə, yolda görəndə zarafat edən, mənimlə oynayan, – uşaq gülə-gülə məni anasına tanıtdırmaq istəyir, niyə sevindiyini, niyə mənimlə mehriban olduğunu anlatmağa çalışırdı.
Qadınsa yalnız susaraq başını yelləyir, guya məmnun olduğunu bildirməyə çalışır, uşağın əlindən tutub uzaqlaşmağa çalışırdı.
– Şarman, dərsə gecikirsən, gedək, – deyəndə buna daha çox əmin oldum.
– Hələ 25 dəqiqəmiz var, ana, tələsmə, – uşaq ərköyünlüklə etiraz eləməyə çalışsa da, anasının üzündəki ifadədən israrlı olduğunu görüb boynunu bükərək razılaşmağa başladı.
Ama bu an Şarmanla zarafatlaşmadan sonra təlaşımı azca yenmiş halda dövrəyə mən girdim. Ortamı biraz yumşaltmaqdan ötrü dedim:
– Belə gözəl dostumla 2 dəqiqə şirin-şirin söhbət etməyi, zarafatlaşmağı mənə çox görürsüzsə, onda çıxıb gedə bilərsiz, mən öz-özümə oynayaram burda. Ama unutmayın, siz onun anasısızsa, mən də dostuyam…
Qadın üzünə zorla azca təbəssüm verib deməyə nəsə axtararkən mən üzümü uşağa tutub dedim:
– Axşamçağı gələrsən dükana, acığa orda oynayarıq rahat. Hələ sözüm də var sənə.
– Nə? Nədi? İndi denən, tez… – israr etməyə başlayanda anası biraz da narahat halda dilləndi:
– Şari, biz hələ sənin hazırlıq müəllimini görməliyik. Gedək.
– Hə, Şari, – mən də uşağı anası kimi çağırıb dedim, – getməlisiz. Axşamçağı oynayarıq, yaxşı?
Uşaq başıyla könülsüz razılıq verəndə ona dedim:
– Bax, ananı əsəbiləşdirməyək, yoxsa ikimizi də yolun ortasında döyər haa…
Sonra üzümü qadına tutub zarafatla dedim:
– Bu uşağı sizin doğduğunuza inana bilmirəm…
– Niyə inana bilmirsiz? – qadın, nəhayət, mənimlə danışmağa başladı.
– Çünki belə sevimli və şirin uşağın sizin kimi ciddi və qaşqabaqlı anası olmasına inanmaq olmur.
– Hər kəslə səmimi və gülərüz olmaq mənə görə deyil, – qadın elə bil zarafatımı anlamırmış kimi sərt şəkildə dedi.
– Yenə anlayıram sizi, – ilk dəfəki söhbətimizə işarə vurdum, – sadəcə yenə yanlış anlamağınızdan çəkinərək dedim.
Qadın üzümdəki ifadənin sərtləşdiyini, ciddiləşdiyimi görüb tez-tələsik dilləndi:
– Yox, narahat olmayın, yanlış anlamıram bu səfər. Bu da yolpulumu verməyə çalışmaq deyil ki… – qadın ilk dəfə yarızarafat, yarıkinayəli bir şey dedi.
– Hə, o gün sizin qəbul eləmədiyiniz o 20 qəpiklə bilirsiz nə qədər iş gördüm, nə qədər şey aldım?! Metrodan keçməklə qalmayıb, gedib onunla işdə nahar elədim, işdən sonra dostlarla görüşüb onlara yaxşı bir qonaqlıq verdim, sonra evə gələndə nə lazımdısa aldım, gəlib hətta kirayəmi verdim, dükanın borcunu bağladım, hələ ev də aldım, toy da elədim özümə. Sonra yenə xeyli qaldı o 20 qəpikdən. Hə, vallah, üstəlik, Şarman daxil, bütün məhəllə uşaqlarına dükandan ürəkləri nə istədi aldım, dedik-güldük, sevindik hamımız bir yerdə…
Qadının gülümsədiyini görəndə niyə bu qədər coşub zarafatlaşmağa davam elədiyimi yalnız indi anladım.
– Yaxşı ki, o vaxt yolpulunu qəbul eləməmişəm, yoxsa sizi xeyli xərcə salmış olardım, – dilləndi.
– Əslində, sizi ilk dəfə gördüyüm o gündən sonra həyatımdan nə qədər xərclədiyimi indi anlada bilmərəm… – özümdən asılı olmadan onun getmək istədiyini görəndə dedim: – ama ondan sonra bir dəfə də qarşıma çıxmadınız ki, sizə o yolpulunu almadığınıza görə təşəkkür eləyim…
Qadın nə deyəcəyini yenidən unutmuş halda cəld uşağın əlindən yapışdı və getməyə hazır dayandı. Mənsə susqun halda dayanıb-durmuş, ondan bircə kəlmə gözləməkdəydim. Bu arada Şarman da nə baş verdiyini anlamamış halda ətrafına baxınır, bizim dialoqumuzdan bir şey anlamırdı.
– Mən sizə heç bir şey eləməmişəm, eləmək fikrim də olmayıb, – uşağın başa düşməməsi üçün tələskən halda dilləndi. – Bu barədə nəsə demək istəmirəm, inciməyin. Üstəlik, tələsirik də.
– Haqlısız. Sizi yolunuzdan elədiyimə və belə danışdığıma görə yenə də üzrlü sayın. Yəqin mən yenə nə danışdığımı, neylədiyimi bilmirəm…
Bu arada gözüm yenə Şarmana sataşanda uşağın hələ də bu söhbətdən bir şey anlamırmış kimi ətrafa baxdığını gördüm. Bizim son ciddi söhbətimiz uşağın gülüşünü də qaçırmışdı.
– Belə gözəl balanız olduğu üçün çox şanslısız, – Şarmanın başını sığallayıb dedim.
– Çox sağolun, allah sizə də qismət eləsin, əgər yoxunuzdursa…
– Yox, mənim heç nəyim yoxdu, – gülümsəmyə çalışsam da, nəsə sözlərim daha çox hüzünlü çıxdı.
– Olar, inşallah! Hələ nə yaşınız var ki… – qadın tələsik dilləndi.
– Ehh… nə demək istədiyimi bilmədən bir anlıq susdum.
Əslində nəsə deməyə macal tapmadan onların yola düşdüyünü, Şarmanın arxaya boylana-boylana anasının əlindən tutmuş halda getdiyini gördüm. İçimdəki deyilməmiş sözlərlə necə yerə mıxlanıb qalmışdımsa, onlar gözdən itənə qədər qımıldanmadım belə. Sonra ağır-ağır evə doğru irəliləməyə başladım.
O an həyatın mənimçün büsbütün durduğunu hiss edir, zamanın donduğunu duyur, özümdə heç bir həyat əlaməti görmürdüm. Sanasan bir yuxu içində irəliləyirdim və tək düşündüym də nə vaxt evə çatacağım, içib yenə süst halda düşüb qalacağım idi…
III
Gecəyarı yuxudan ayılanda saç-saqqalımın uzandığını və əynimdəki paltarların köhnəldiyini, otağımın divarlarının pis günə düşdüyünü, küncləri hörümçək torlarının basdığını gördüm. İşıq sönmüş, isidici çoxdan xarab olub otağın bir küncünə aşmış, qab-qacaq və pal-paltar toz-torpaq içindəydi.
Stolun üstündəki boş şərab şüşələrinin üstündəki kağızlar saralıb solmuş, üstündə yazılanlar oxunmaz hala düşmüşdü. Üzərimə örtdüyüm yorğana baxdığımda dəlik-deşik sap-sarı bez parçasına bənzədiyini və toxunduğumda yırtılmağa başladığını gördüm. Beynim o qədər dumanlı, hər şey o qədər yuxuyabənzər idi ki, bu halımı belə çox rahatlıqla qəbullanır, bütün bunları görərkən nəsə qəribə və şaşırdıcı hallar keçirmirdim. Elə bildirdim ki, hər şey qaydasında və mən də olduğum yerdəyəm. O qədər çökmüş haldaydım ki, nə yerimdən tərpənməyə, nə də nəsə eləməyə həvəsim vardı.
Üstəlik, hiss edirdim ki, çox arıqlamışam; özümü çox yüngül hiss edir, sümüklərimin dərimə necə toxunduğunu duyurdum. Bu saç-saqqal və uzun, köhnə pal-paltar içində özümü çox rahat hiss edir, heç bir yerimdə heç bir ağrı duymur, beynimin bu dumanlı halında belə hər şeyin daha aydın olduğunu anlayırdım…
Ətraf elə səssizlik, elə sükut içində idi ki, sanasan heç bu civarda heç vaxt adam yaşamayıb və heç bir ins-cins gəlib burdan keçməyib. Yavaş-yavaş qalxıb qapıya yaxınlaşanda içimdən bir küləyin əslib keçdiyini duydum; elə bildim bu dəqiqə ucsuz-bucaqsız bir alanda göyə sovrulacam və uçub çox uzaqlara düşəcəm.
Qapını açıb ilk addımımı çölə qoyanda özümü sonsuz bir boşluqda hiss elədim. Ətraf toz-duman içində, ayağımın altı narın qum şəklindəydi. Yavaş-yavaş yeridikcə hər şey biraz daha toz-dumana bürünür, ayaqlarım altında biraz daha narınlığı duyurdum. Külək yenə içimdən keçib məni arxada qoyur, mən də öz otağımı arxada qoyub gedirdim. Hər şey artıq o qədər uzaqda, o qədər toz-duman içində idi ki, yürüdükcə bütün olub keçənləri daha az xatırlayır, daha az duyurdum.
Onsuz da bugünə qədərki həyatım bir boşluqdan, bir heçlikdən oluşmuşdu və xatırlayarkən içimi titrədəcək bir şey yox idi. Çox az-az şeylər ola bilərdi ki, mənə həyatımla, mənlə bağlı nəsə desin və məni doğrudan ifadə edə bilsin. Oysa geridə qalan başqa tərəflərimin böyük bir boşluqdan, böyük bir tənhalıqdan oluşduğunu duymaya bilmirdim.
Son olaraq o qadından başqa ağlıma daha canlı, daha aydın bir varlıq, bir hadisə gəlmirdi. Hər şey və hər kəs böyük bir yalandan ibarət idi və mən bunu indi – bu toz-duman içində, bu boz-bulanıq yürüşdə daha çox duyurdum. Həm də anlayırdım ki, geridə qalan həyatımda istədiyim, sevdiyim heç nəyə qovuşmaq imkanım yoxdur. Hər şeyi çoxdan ələ keçirmiş, hər yeri çoxdan işğal etmişdilər. Mənimsə heç nəyim və heç kimim qalmamış, belə baxıram, heç olmamışdı da. Nə ailə o ailə idi, nə dostlar o dost, nə də qadınlar, tanışlar-bilişlər…
Nə desəm də, heç bir şeyin fərqli olmadığını duyub gəlib həyatın bir küncünə dirənərkən, bu səfər elə bir qapı açılmasını istəyirsən ki, ordan biraz hava gəlsin, nəfəs ala biləsən və yaşamaq üçün bir səbəbin olmasa da, heç olmasa gözlə görməyə, əllə tutmağa, ən əsası ürəklə duymağa bir şey olsun. Ancaq sənin istədiyin ancaq sənin istəyin olub qalarkən sən də başqa bir insan olub yaşamaq zorunda qalır, zaman sənin üstündən həyatını əzərək keçir…
Yürüyə-yürüyə içimdən keçən küləklərdə daha da rahatlıq tapır, hara və niyə getdiyimi bilmədiyim bu yolda daha çox inamlı olur, daha böyük bir yaşama can atdığımı hiss edirdim. Hər şey mənim içimdən keçən küləklərlə savrulur, hər addımda biraz daha təmizlənir, üzümü arxada qalan toz-dumanla yuyur, içimdə sonsuz bir rahatlıq duyurdum.
Nə susuzluq duyur, nə aclıq, üstəlik, heç içmək də istəmir, sadəcə rahat olduğumu hiss edirdim. Dumanlı fikirlərim arındıqca ağlımda yalnız o qadın qalır, get-gedə daha da gözlərimdə böyüyür, bu toz-duman içində canlı bir varlığa çevrilməyə başlayırdı. Ancaq yenə ondan çox uzaqda olduğumu duyur, bu haqda düşünməməyə çalışır, bu hislərin belə yaxamı rahat buraxmasını istəyirdim. Çünki artıq heç nəyin heç bir önəmi qalmamış, bütün adamlar məndən çıxıb getmiş, mən sonda onlardan çıxıb getmişdim…
Birdən ayağım bir daşa ilişdi və az qaldım ağzım üstə səriləm yerə. Səndələyib özümü güclə ayaqda tutarkən bu daşın yanında başqa daşların da varlığını sezib, bunun daş döşənmiş bir cığır olduğunu gördüm. Bəli, bu bir daş cığır idi və harasa yaxınlıqdakı bir yerə gedib çıxırdı. Ayaqları əzilə-əzilə bu daşlarla yeriməyə, bu cığırın hara gedib çıxdığını görməyə çalışırdım.. Get-gedə qarşıda bir qaraltı sezdim, yaxınlaşdıqca gözlərimdə aydınlanmağa, bir daxmaya çevrilməyə başladı.
Qapısı ağzında cürbəcir buynuzlar, səbətlər, sümüklər, əşyalar asılmış bu daxmanın sadə taxta qapısını görəndə daha da yaxınlaşmış, içəridən sızan zəif işıqda orda kiminsə ola biləcəyini düşünmüşdüm. Qapını astaca açıb içəri girdiyimdə daxmanın ortasında balaca bir ocaq yandığını, ama içəridə heç kimin olmadığını gördüm. Qıraqlarına daşlar düzülmüş bu ocağın yanında oturmaq üçün bir neçə yekə daş vardı və biraz daha böyük stol kimi gözə çarpan daşın üstünə saxsı qab və yanında iki qədəh qoyulmuşdu. Qıraqdan baxanda elə düşünmək olardı ki, kimsə iki nəfər sevgili bütün cəmiyyətdən qaçıb bura sığınıb və içə-içə azadca sevişiblər, sonra da içə-içə, sevişə-sevişə yoxa çıxıblar…
Ürəyim heç bir şey istəməsə də, bu mənzərəni görəndə gedib ocağın kənarında oturmaq, o şərabdan içmək istədim. Artıq mənə elə gəlirdi ki, bütün həyatımı bu daxmada içə-içə keçirə bilər, bir də başqa nəsə arzusunda olmaya bilərəm. Çünki bu mənim bugünə qədər can atdığım bir hüzur və qaçış idi ki, sonunda savaşaraq bunu qazandığımı duyurdum. Ancaq nə qədər olsa da, buranın da mənim olmadığını, öz əllərim və zəhmətimlə tikib yaratmadığımı, başqasının olduğunu anlayır, çıxmaq, yoluma davam eləmək istəyirdim. Necə olsa, mən də sonunda öz istədiyimə, öz istədiyim rahatlığa gəlib çıxacağımı, ya da elə belə yollarda yürüyə-yürüyə ölüb gedəcəyimi duyurdum. İnsan ömrü o qədər uzun və maraqlı deyil ki, ondan sonsuz və qalıcı bir şey də gözləyəsən. Hər şey sadəcə təkrarlanır və bir-birinin içindən çıxır ki, bu da milyonlarla insanın bəzən bir insan ömrü düzəltmək cəhdindən başqa bir şey deyil…
Ancaq yenə burdan çıxıb getmir, elə bil nəsə gözləyir, dayanıb-durmaq istəyirdim. Bayaqkı pessimist düşüncələrimi biraz özümdən aralayıb yenidən içəri diqqətlə baxmağa, şərab qabını götürüb qədəhlərə süzməyə başlamışdım. Baxdıqca gözlərim böyüyür, onlar da gözlərimdə öyüyüb məni buralardan tamam uzaqlaşdırır, yenidən toz-duman içinə salırdılar. Ancaq qapının açılması hər şeyi yenə öz yerinə, məni də öz yerimə qoydu, istər-istəməz dönüb qapıya baxdım. Və qucağında odun tutan o qadını qapıda gördüm. Hər şey sanki gözlənildiyi kimi baş vermişdi və biz bir-birimizə baxıb gülümsəyir, bu sonsuz boşluğu olduğu kimi duyurduq. O mənim birinci danışmayacağımı bilib heç tərəddüd etmədən dedi:
– Bilirdim gələcəksən və bu sonsuza qədər davam etməyəcək. Səndən sonra hər şey çox dəyişdi. Məhəlləmizi sökdülər və bizlər pərən-pərən düşdük. Atası uşaqlarımı götürüb öz rayonlarına getdi və mən də bura gəlib özümə bir daxma tikib yaşamağa başladım. Düzdü, səni belə qoyub getmək istəmədim, ama…
– Mən nə qədər olar ki, getmişəm? – heç nə bilmirmiş kimi soruşdum.
– Çox deyil. Hər şey bir anda oldu, hər şey birdən dəyişdi və biz gəlib bura çıxdıq…
– Bəs bu halımla məni necə tanıdın? – yenə heç nə bilmirmiş kimi soruşdum.
– Bura səndən başqa heç kim gəlib çıxa bilməzdi, çünki bura yol ancaq sənin otağının qapısından başlayırdı və orda səndən başqa heç kim yaşamırdı.
Nə deyəcəyimi bilmədən öz evimdəymiş kimi ocağın yanındakı daşlardan birinin üstünə oturdum və şərab qabını götürüb özümə şərab süzdüm və başıma çəkdim. Bir müddət səssizlik oldu və o qadın gətirdiyi odunlardan bir-ikisini ocağa atıb, qalanını da ocağın yanına qoydu, mənimlə üzbəüz daşın üstündə oturub düz mənə baxmağa başladı. Şərab əla dadırdı, sanasan 30 ildən qalma basdırılmış şərab idi. Növbəti qədəhi süzəndə qadın ona da süzməyimi istədi. İkimiz də eyni vaxtda qədəhləri qaldırıb içməyə başladıq və qadın qədəhi başına çəkib daha rahatlıqla gözlərimə baxmağa başladı.
Bu ala-qaranlıq daxmada hər şeyi aydın görmək olmasa da, insan gözlərini aydın görmək olurdu. Ocağın işığından parıldayan gölərimiz bizi çox yaxşı “ələ verir”, bir-birimizə göstərirdi. O heç dəyişməmişdi və eynən həmin boy-buxunda, həmin gözəllikdə idi. Sadəcə saçları biraz daha uzanmış və daranmamaqdan azca dağınıq hala gəlmiş, pal-paltarı köhnəlib saralmışdı. Qalan hər şey əskisi kimi idi və mən onu görən kimi tanımışdım. Bu iki uşaq anası evli qadınla əvvəl iki dəfə qarşılaşmışdıq, hər ikisi başqa-başqa fəsillərdə olmuş, söhbətimiz alınmamış, az qala məni acılayıb getmişdi. Mən də heç nə deyə bilməmiş, evə qayıdıb içmiş, heç vaxt heç nəyin yaxşı olmayacağını düşünmüş, ümidsizlik içində yıxılıb yatmış, hər şeyi unutmağa çalışmışdım…
İndisə hər şey tamam başqa cür; heç ummadığım bir hal almışdı və məni düz gətrib ona çıxarmışdı. Ondan bu qədər qaçmağa çalışarkən bu qədər ona gəlib çıxacağımı düşünmədiyim halda, bu olmuş, bütün fikirlərimi daha da qarışdırmış, içimdən keçən biraz öncəki küləklərin rahatlığı yerini onun yanındakı rahatlığa vermişdi. İndi burda – onun yanında – üzbəüz oturub içərkən başqa nə etməli olduğumu bilmir, söhbət belə etmədən oturub qalmaq, bu sonsuz hüzuru pozmaq istəmirdim. Ama hər şeyin bir yerə qədər olduğunu bilir, bu halların da bir sonu olacağını hiss edirdim.
Bir yandan da şərab beynimi dumanlandırır, kefimi daha da açır, üzümdə içimdən yayılan istiliklə bir təbəssüm oyanır, eynən onda da elə olduğunu görürdüm. Yavaş-yavaş onunla eyniləşdiyimi hiss edir, ona daha yaxın olduğumu, indiki məqamda onunla var olduğumu duyurdum. Hər qədəhdə biraz daha yaxınlaşır, biraz daha içdən bir-birimizə can atdığımızı duyur, artıq yerimizdə oturub-qala bilmədiyimizi hiss edirdik.
Birdən o, heç tərəddüd etmədən biraz daha yaxına gəldi və o gözəlim dodaqlarını dodaqlarıma yapışdırıb dəli kimi öpməyə başladı. Mən də artıq məst olmuş halda ona qarşılıq vermiş, öpüşə-öpüşə sarılmağa, qaynayıb qarışmağa başlamışdıq. Saniyəbəsaniyə, dəqiqəbədiqə bir-birimizə daha da sarılır, daha da bir-birimizdə əriyir, öpüşlərdən daha da məst olub çılğına dönür, dayanıb-dura bilmir, əllərimiz bir-birimizin bədənində gəzirdi. Biz artıq başqa cür olmayacağını bilib bütünlüklə arınmağa, dəlicə sevişməyə başlamışdıq.
Heç bitməyəcək bu öpüşlər bir anda bütün əllərimizi işə salmış və bir-birimizi çoxdan çılpaq etmiş, yerdə qıvrıla-qıvrıla sevişməyə götürmüşdü. Artıq bütün yaradılış bizim ikimizdə cəmlənmişdi və bunu bitirmək də, davam eləmək də bizim öz əlimizdə idi…
Heç nəyin bitməsini istəmədiyimiz həmin gecə o daxmada saatlarca içə-içə bir yerdə olmuş və sonunda hər ikimiz süst halda yerə düşüb qalmış, yenə bu dünyadan ayrılıb, hər şeyi unutmuşduq…
IV
Real həyatla bağlarım çoxdan qopmağa başlamışdı. Son vaxrtlar harda, necə olduğumu da bilmir, yaşayırdım, ama yaşayırmış kimi hiss eləmirdim. 4-5 il qabaq başlayan bu həyatdanqopma halları o qadını görəndən sonra daha da sürətlənmiş, elə bil ruhumun təbii ehtiyacına çevrilmişdi. Bir yandan da bəlirsiz can ağrıları məni daha betər bir hala gətirib çıxarmışdı.
O qadını o gündən sonra bir də görmədim, yəni ən azı bu sətirləri yazana kimi görməmişəm. İlk dəfə onunla qarşılaşan günlərdə olduğu kimi havaların bu isti vaxtında onu görə biləcəyim heç ağlıma da gəlmirdi. Ama hərdən evlərinin yanından keçəndə Şarmanı evlərinin yanında oynayan görürəm, bu da məni onun hələ də burda olduğuna inandırır. Şarman ya tək, ya da başqa uşaqlarla oynayır, ancaq məni görəndə nəsə soyuq davranır, yanıma çağıranda da qaçıb uşaqlaşırdı. Bilmirəm nədən belə olub; anasımı nəsə deyib, özümü qaçır, bilmirəm.
Zatən bu dünyada böyüklərdən çox uşaqların məndən qaçması mənə həmişə pis təsir edib. Ama nə edəsən, bəzən sadəcə olmur.
Bugün evdə sakit və tək olduğumdan, üstəlik hava sərin keçdiyindən nələrsə yazmaq istəyim oyandı. Yazıdan belə soyuduğum bu isti yaz günlərində əvvəlki halımdan çox uzaqlaşdığımı bayaq metrodan evə gələndə daha aydın hiss eləyirdim. Hələ onların evlərinin yanından keçəndə öz hisslərimi heç tanımamış, real həyatla bağlarımın çoxdan qopmağa başladığını, harda, necə və niyə olduğumu bilməmişdim.
Onu belə neçə vaxtdı unutduğumu görəndə biraz daha utandım. Başımı götürüb tez evə qaçmaq, bir şeylər içmək istədim. Bu müddətdə onu görmək üçün heç bir xüsusi çabalarımın olmadığını anlayanda lap utandım və anladım ki, heç vaxt olmadığı kimi bir imkansızlıq, bir yoxluqla uğraşıram…
Heç nəyin qaydasında olmadığını hər şeyi unutduğumda anladım. Dostların yardımı olmasa, aldığım bu cüzi maaşla bu dar gecəqondu kirayəsində belə yaşaya bilməyəcəyimi anlayır, kəndə geri qayıtmağın da bu şərtlər altında zor olduğunu görür, hər gecə içir, heç olmasa bu şəkildə qürurumu dindirməyə çalışırdım.
Niyə keçmiş zamanda “çalışırdım” deyirəm? Ona görə ki, həyat yaşandığı ana qədər keçmişdi və siz bu sətirləri oxuyarkən dəqiq keçmiş zamanda olacaqdır. Və bizi keçmiş qədər indiki hala salan heç nə yoxdu.
Keçmiş demişkən, əslində onunla keçirdiyim son gecədən sonra hər şeyin çox keçmişdə, qaldığını, hətta heç yaşanmadığını düşünürdüm. Hərçənd bütün həyatın bir yuxu olduğunu anlayır, ən gerçək yaşantıların da burdan uzaqda olduğunu duyuram.
O gecə səhər açılanda hər şey yenə toz-duman içində qalmış, mən də şərabın və sevişmənin təsiriylə yuxudan beyni dumanlı oyanmışdım…
Bu arada qonşuların indicə mənə ötürdüyü bir müşahidəni yazım, sonra söhbətimizə davam edək. Yazdır, pəncərlərin açıq,səslərin daha aydın gəldiyi bir vaxtdır. Demək, bir qonşu körpə qızını keçici olaraq qoyub harasa getmək istəyərkən bizim qonşular, xüsusən gənc qızlar arasında o uşağı saxlamaq üçün adətən dava gedir. Sanasan hamı saflıq acıdır.
Məncə, əvvəllər insanlar, xüsusən böyüklər və yad insanlar bu qədər uşaq sevməzdilər. Özlərindəki təmizliyə görə, bir növ özləri də uşaq olduğundan uşaqlara bu qədər sevgi göstərməyə ehtiyac duymazdılar. Onda uşaqlar da çox idi. Düzdür, amma yenə də deyim: səhər bizim dalımızdan bir təpik vurub həyətə qovar, bir də axşamçağı, sizin dildə: şər qarışanda, lap dəqiqi: hava qaralanda axtarıb hansısa dərədən, hansısa kolun dibindən tapıb gətirərdilər. Bu da keçmişlə bağlı idi deyə xatırladım.
Səhər yuxudan oyandım və ora qədər o uzun yolu hansı halda getmişdimsə, elə də qayıtdım. Gəlib evə çatdığımda yenə o əski yatağımda dərin bir yuxu çəkib, bu sıradan həyatımı yaşamağa davam elədim.
Başqa cür yaşamaq mümkün olmayanda insan ən çətin yaşantılardan belə zövq almağa çalışır. Çünki zövqsüz yaşamaq insanın əlindən nəinki gələcəyini, hətta keçmişini də alır.
Mən o qadını eləcə orda buraxıb gəlmişdim, düzdü, ama o anda, yəni o keçmişdə ən doğru olanın bu olduğunu anlamışdım. Və onun da səhər mənim çıxıb getməyimi arzuladığını duymuşdum. “Heç nə əbədi deyil, insan belə”, – öz sözlərimi mənə demiş, hər şeyin yenidən daha gözəl başlaması üçün elə bil getməyimi istəmişdi.
Bu aylar ərzində bütün bunlar haqqında heç düşünməmiş, düşünmək belə istəməmişdim. Sanasan bu müddətdə, ümumiyyətlə, düşünüb, ya düşünmədiyimi də bilmirəm, sadəcə indi yaşadığımı bilirəm. Və düşündükcə hər şeyin keçmişdə, çox uzaqda qaldığını anlayıram. Ki, heç nə, hətta bu aylar boyu öz yaşadığım belə inandırıcı gəlmir. O qədər gerçək iblislərlə əhatəli bir dünyada yaşayırıq, ölümün belə gerçəyinə inanmağım gəlmir. Çünki ölüm bizim bütün gerçəklərimizin keçmişdə qalmasıdır…
Epiloq
Mənim həyatım bu dörd divardan ibarətdi əslində. Sıxılıb qalmışam bu bu balaca yerdə. İndiyə kimi gördüklərim, özümlə götürdüklərim, öyrəndiklərim və bildiklərim, hətta ümidlərim və xəyallarım burda gömülüb sanki. Nə risk eləyib başqa həyat üçün burdan çölə çıxa bilir, nə də bu dar alanda yaşaya bilirəm.
Qorxularım, kompleksələrim o qədər çoxalıb ki, sanıram, risk eləyib çölə çıxsam, daha tez öləcəm, ya da heç nə əldə edə bilmədən həyatımı daha da çətinləşdirib sonunda intihar həddinə gəlib çıxacam.
Məcburiyyətdən çölə çıxdığım saatları və dəqiqələri heç sevmirəm. Hər yer, hər şey və hər kəs mənə o qədər əzab verir ki, geri qayıtdığım anların tamamını əsəb gərginliyiylə keçirirəm. İçdikcə beynimin tamamını boşaltmağa çalışır, sevişdikcə hər şeyi unutmaq haqqında düşünürəm. Ama yenə o anlara qayıtdıqca hər şeyin get-gedə daha pisə getdiyini hiss edir, dişimi zorla sıxıb durur, qarşıma çıxan bu qadının sevgisinin məni xilas edəcəyini xəyal edir, hələ də var olduğumu görürəm.
Artıq işlədiyim yerdə də hər şeyin daha bərbad hala gəlməsi, heç bir ümid yerimin qalmaması məni bu qaranlıq otağa daha çox qapadır, əsəblərimi daha çox gərginləşdirir.
Həyatda insanın düşdüyü ən zor durum əzab çəkdiyin bir yerdən başqa sığınacağın olmamasıdır. Hər şey orda daha zor olduğu halda, başqa yerdə ola bilməmək, ora möhtac olmaqdır.
Mənə elə gəlir ki, bu şəhər gənclik qəbiristanıdır. Burda sadəcə qoca təfəkkürlü gənclər daha yaxşı yerlərdə və daha yaxşı gündədirlər. Sıradan bir insan ola bilməməkdir mənəvi ölümə tərk edilmək. Elə bir insan cəmiyyəti ki, heç bir insana güvən yox, nə sən səmimi qəlbdən kiminsə yanındasan, nə də kimsə sənin yanında. Mənəvi intiharın ən böyük etiraza çevrildiyi bir zaman və bir məkan… Var olmağa çalışdığın, ama var ola bilmədiyin bir yaradılış təknəsi.
Dini yalan, siyasəti ondan yalan, elmi saxta, təhsili yox, səhiyyəsi adam öldürən, polisi adam qorxudan nəsnələrin yaratdığı qocaman bir anormal görüntü. Hər kəsin haqqı yerdə qalan haqsızlıq diyarı. Və qocaman bir dörd divar, böyük bir həbsxana, qocalmağa da yer yox. Və əsəb gərginliyinin gətirdiyi qocaman fiziki ağrılar… və… və… və…
O qadınla da necə davranacağımı, nə edəcəyimi bilmirəm. Bu balaca gecəqondularda hər şey daha hüzürlü, hər şey daha kədərlidir. İnsan həyatı sadəcə dəmir və daş sexlərdə ağır əməkdən ibarətdir. Gerisi sadəcə yorğunluq və yuxudur. Özü də narahat yuxu. Mənimsə sadəcə gerçəkdən var olduğumu hiss etdiyim bu dörd divarım var; heç kəsin olmadığı, sadəcə mənim olduğum. Mənim və ağrılarımın var olduğu. Zamanı umursamadan həyata qarşı beyin transı. Beynimi dondurub, hisslərimi öldürərək yaşamaq savaşı…
O qadın son gəldiyində tamamən sönmüş haldaydım. Saatlarca başımın üstündə durmuş, baxmış mənə; arada ayılan kimi olanda bir neçə dəfə sevişmiş, yeməyə nələrsə hazırlayıb qoymuş, evi təmizləyib getmişdi. Tamam ayılanda isə yenə özümü tək görmüş, hər dır-bəcəsini əzbər bildiyim bu dörd divardan başqa heç nə görməmişdim.
Hətta bir anlıq onu sevib-sevmədiyimi də bilə bilməmiş, nəyin necə olacağı da beynimdə öləziməyə başlamış, sonra yavaş-yavaş sönüb getmişdi.
Çarəsizliyin ən böyüyü təkcə özünün çarəsiz olman deyil, həm də heç kəs üçün heç nə edə bilməməkdir. Həm də ən çox heç kəs üçün heç bir çarə ola bilmədiyimə görə çarəsiz hala düşmüşdüm. Ən kədərlisi səssizcə masanın üzərinə buraxılmış beş-on manata baxa-baxa hər şeyin daha ağır olduğunu düşünməkdir. Həyatına kim gəlir, kim gedir, ondan belə xəbərsiz olmaqdır həyatla bağlarının qopmağa başlaması.
Bu iki uşaq anası qadın həyatımın ən görünməz yanıydı. Nə mən onu kiməsə bildirirdim, nə o kiminsə bilməsini istəyirdi. Bizi sadəcə dumanlı şeylər birləşdirir, hər şeyi bu şəkildə edirdik.
Hərdən tam ayıldığım vaxtlar onun heç vaxt gəlib-getmədiyini düşünür, bu düşüncələr arasında həmişəki kimi tək olduğumu anlayır, nə var, nə yox, fərqinə varmadan yaşayırdım.
Yediyim-içdiyim də bir şey deyildi. Gün ərzində içində nə doğru-düzgün yeyə bilir, nə yeməyə iştah olurdu. Hərdən sadəcə bəzi tanışların məclisində olanda iştahım açılır, yemək ehtiyacımın olduğunu hiss edirdim.
Yuxudan durub kompüterin arxasına keçir, bir film seçir, saatlarla baxır, pərdələrini çəkdiyim otaqda gün hardan çıxıb, harda batıb bilmirdim. Sadəcə hərdən tam ayılanda o qadını düşünür, həyatla tək bağımın o olduğunu anlayır, yenə sakitcə gəlməsini gözləyirdim. Çünki təkcə onun toxunuşları məni həyata döndürür, bu divarlar arasında hələ də yaşadığımı hiss elətdirirdi. Biz artıq insanı və onun sevgisini də dörd divar arasına qovub, qapısını bağlamışıq…
Əsəd Qaraqaplan
Yazıya 512 dəfə baxılıb