Sabir Rüstəmxanlı – Mən deyən Azadlıq

sabir rNiyə muğamımın hər xalında qəm,
Niyə bayramlara güvənəmmirəm?
Tale biz istəyən havanı çalmır.
Gözüm yetən yerdə sözüm ucalmır?
Hələ də dərdlidir dumanlı dağlar,
Hələ də yurdumun bir gözü ağlar?
Hər dilin ucunda bir ah yaşayır,
Hər üzdə bir azca günah yaşayır,
Ürəyi nə qışlaq, nə yaylaq çəkir,
Bağ sözü, dağ sözü mənə dağ çəkir..
Bu boyda sərvətə, bu boyda vara,
Dünyanı dolaşan çal-çağırlara
Sevinə bimirsə millət ürəkdən,
Zaman göz yaşımı silməyib hələ.
Düşmən Qarbağda at oynadırsa,
Mən deyən azadlıq gəlməyib hələ!

Səngər əvəzinə dəyirmi masa,
Dilsizlər məclisdə söz ağasısa,
Qəzetə, kitaba sığmırsa yalan,
Eyni gözdədirsə satanla alan
Gədəlik bəyliyin yerindən baxa,
Halallıq oğrular arxından axa,
Çörək peşindəsə milli qəhrəman,
Eldən didərginsə yurduna yanan,
Evsizin könlünü yıxanlar zəngin,
Erməni qarnından çıxanlar zəngin,
Xalqın gözlərində bir bəyaz pərdə
Dost kimdir, düşmən kim?- bilməyib hələ.
Ötən tarixlərdən dərs almadıqsa
Mən deyən azadlıq gəlməyib hələ…

Düzə quyu qazan əyrilik azad,
Yenə din pərdəli gerilik azad,
Ruhumda ocaqlar qalamaq azad,
Qaçqının malını talamaq azad,
Eldən danışanlar elini bilməz,
Dildən danışanlar dilini bilməz,
Ət gəlir, ot gəlir-yeri dəyişik,
Aslana cəsarət öyrədir pişik,
Pul ilə qul olan gözəllər azad,
Dövlətdən çalınan özəllər azad,
Qitədən qitəyə qullar axırsa,
Daş dövrü can çəkir, ölməmiş hələ,
Yadlara bağlısa savaş iznimiz
Mən deyən azadlıq gəlməyib hələ.

İştah hücumunda- tarixin sonu
Qısır sevgilərdə yüz nəsil donur.
Bir gündə kül olur əlinin izi,
Halal kişilərin son xatirəsi.
Kasıb övladını orduya səslər,
Varlı gül balasın xaricdə bəslər.
Qanun yansıtmırsa haq sorğusunu,
Başdan lil tutubsa su borusunu,
Dünənki nihilist, bu gün millisə.
Dünənki ateist, bu gün mollasa,
Qəbilə davası, qohum davası,
Adəmin davası,Nuhun davası,
Hələ təsəllimiz qılıncsa, oxsa,
Bakının yanıında Təbrizim yoxsa,
Qovuşan qardaşlar Araz üstündə
Dərdini çörəktək bölməyib hələ
Hələ də yurdumuz paramparçasa
Mən deyən azadlıq gəlməyib hələ…

Azadlıq –su kimi hər evə axan,
Azadlıq hamlya bir gözlə baxan,
Günəşlə oyanan, baharla gələn,
Lügətdən əyrilik sözünü silən.
Haramlıq, harınlıq, quldur, başkəsən,
Bir gündə silinib gedə lüğətdən.
Əvvəl öz nəfsindən azad olasan,
Pərvaz balalara qanad olasan…

Sonra bu dünyanın hədələrindən,
Dəyişkən liderçik vədələrindən,
Sonra Obamadan, sonra Putindən
Böyük dövlətlərin söz sammitindən,
Qərbin qəzəbindən, Şərqin şərindən,
Dən gəzən siyasət cücələridən,
Papanın qlobal siyasətindən
Hilala xaç taxmaq məharətindən…
Biryolluq qopasan bu gen dünyada…
Yoxsa taleyimiz gülməyib hələ.
Hələ davam edir Səlib yürüşü
Mən deyən azadlıq gəlməyib hələ…

Yazıya 526 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.