“…MƏNİM ÜRƏYİMDİ, MƏNİM CANIMDI”- deyirdi Sücaət…
Arxamca döşünə döyməsin ölüm,
Dünyadan könüllü köçürəm daha….
Sanki bu misralar sinəsindən süzüləndə gənc yaşında nəfəsinin tükənəcəyini bilirdi bu dəyərli söz xiridarı! Hələ uşaq idim ki, evimizdə bayatı kimi səslənən bir şeir əzbərim olmuşdu. Rəhmətlik babam pəncərənin önündə dayanıb,gözlərini dupduru göy üzünə zilləyərək pıçıltıyla deyirdi. Bir gün dayanmayıb soruşdum:
Baba, bu bayatını hardan öyrənmisən?
Babam gözlərini məndən qaçıraraq yavaşca dilləndi:
Yaşılgözlüm, bu bayatı deyil, Sücaətin şeiridir!
Sücaətin! İllər boyu bu dəyərli insanı,xalqın içindən sevilərək ucalan söz xiridarı —-Sücaət Əhmədov Yunus oğlunun ismini Sücayət kimi bilirdim. Ta ki, azərbaycan dilinin zənginliyini mənimsəməyə çalışdığım, ədəbi dünyanın qaymaqlarının yaradıcılığı ilə tanış olmağa başladığım zamana qədər… Və məhz o zaman anladım babamın o şeiri niyə elə yanğıyla söyləməsini. Bəli, o şeir Vətəndən didərgin düşən bir ürəyin həsrətinin çırpıntıları imiş. Hansı ki, səfalı yaylaqların, içdikcə doyulmayan bulaqların, min bir dərdin dərmanı olan “İstisu”-nun gözündən ovuc-ovuc içən, səhər erkəndən üzü Murova tərəf dayanaraq dağın tərtəmiz havasını ciyərlərinə çəkən biri —məhz o havanın həsrətini çəkə-çəkə dünya adlanan bu fanilikdən Vətənin ağır yükünü də özüylə götürüb aparmışdı. Gəlin o şeirin yanğısıyla bizlər də alışaq, alışaq ki, hansı xəzinəni itirdiyimizi anlaya bilək!
Yağıların ayağının altında,
İnildəyən torpağım oyy, dağım oyy.
Sızım-sızım sızıldayan bulağım,
Viran olmuş gülşənim oyy,bağım oyy.
Danışmağa sözü hardan alım mən,
Ağlamağa gözü hardan alım mən.
Qürbət eldə sizi hardan alım mən,
O dağlarda sevinc dolu çağım oyy.
Sücaətəm ,təpiyibdi dodağım,
Sinəm üstə silinərmi bu dağım?
Yad əllərlə silkələnən budağım,
Tapdalanmış bostanım oyy,tağım oyy.
Nə deyim, bilmirəm ki. Kəlbəcərin Kəlbəcərsiz şairi! Əslində haralıyam sualı verən birinə insan deməzdim. Çünki torpaq deyəndə şoran çölündən tutmuş bərəkətli düzlərinə kimi hər yer Vətəndir! Eynilə bu ağrını közü qopmuş sinəsində gəzdirə bilməyən Vətən oğlunun sətirlərlə özünü təsəlli etməsi kimi!
Sən ey Vətən xaini, sən ey millət düşməni,
Şirinin zəhər oldu, açını qaytar geri.
Azərbaycan xalqının ləkəsiz namusunu,
Azərbaycan xalqının tacını qaytar geri.
Dönməz igidlərimin kürəyindən atılan,
Məsum körpələrimin tonqallarda çatılan,
Diri-diri kəsilib ağalara satılan,
Cavanların qolunu, qıçını qaytar geri.
Bədəni parça-parça zindanlara atılmış,
Hər cür təhqir olunmuş, hər cur ələ salınmış,
Erməninin əliylə bircə-bircə yolunmuş,
Qızımın-gəlinimin saçını qaytar geri.
Arxa seçdin özünə əfəndini, paşanı,
Varımı daşımağa milyon qoşqu qoşanı,
Qızıl pula satdığın Zəngilanı, Şuşanı,
Canımız Kəlbəcəri, Laçını qaytar geri.
Elsiz yaşamaq çətin, evsiz yaşamaq çətin,
Bağrına od basmısan bu bədbəxt məmləkətin,
Dağların gözəlliyin, bağların bərəkətin,
Əkini qaytar geri, biçini qaytar geri.
Ürəyimiz şələli, əllərimiz boş oldu,
Yazımız, baharımız birdəfəlik qış oldu,
Yorğanımız qar boran, döşəyimiz daş oldu,
Topdağıtmaz evlərin içini qaytar geri.
Azdırdın bir millətin düz çığırın, düz izin,
Bir el haqqın dalıyca sürünür dizin-dizin,
Pərən-pərən saldığın bir milyon kimsəsizin,
Yönünü qaytar geri, köçünü qaytar geri.
Sücaətəm dözmürəm, yurd-yuvasız ölürəm,
Nə ürəkdən danışıb, nə ürəkdən gülürəm,
Başqa şeyə qeyrətin çatmayacaq, bilirəm,
Barı öldür özünü, suçunu qaytar geri.
Hər sətirdə bir intizar, bir inilti, bir üsyan! Söz xiridarının ən çox sevdiyim xüsusiyyəti də məhz bu cəsarəti oldu. Cəsarətli insanlardan qorxmayın əzizlərim, çünki sözü birbaş gözlərinə deyən biri —nə arxadan paslı bıçaqla ürəyini deşməz, nə də kirli əlləriylə ayağının altındakı torpaqda səni basdıra bilmək üçün quyular qazmaz. Yalnız bağlanmış gözlərinizi açaraq həqiqətlərin acılığını daddırmağa çalışar. Çalışar ki, qalan ömrünüzdə bir də namus deyəndə “Xocalıdakı” 11 yaşlı körpənin viran olmasını, Kəlbəcərdə vertolyotlarla mənfurların qucağına atılmış südəmər körpəli gəlinlərin talelərinin şahidi olmayasız. Amma, xeyr! Bizlər həqiqətləri deyənləri ya öldürərik, ya da qaranlıq zindanlarda çürüdərək Günəş üzünə tamarzı qoyarık. Günəş şöləsindən uzaq olan torpağın da, havanın da, bitkinin də, suyun da məhv olacağını bilə-bilə həm də. Hətta bu işıqdan uzaq qalan ruh insanı olarsa! Bu qədər acılara dayana bilən şair, yenə də özünü deyil də, övladının həsrətiylə qovrulan Anasının iniltisinə sətirləriylə təsəlli verməyə çalışa biləcək qədər böyük ürək sahibi!
Deyin dustaqları buraxacaqlar?
Qoy qəm bozartmasın üzün anamın.
Deyinqırılacaq zülmün zənciri,
Birtəhər başını yozun anamın.
Talanmış ömürdü, gündü neyləyim,
Bəxtimin çırağı söndü, neyləyim?
Sevinci fərağa döndü neyləyim
söhbəti nəğmədən həzin anamın.
Zəhər gizlənibmiş aşımın altda,
bir dərya var imiş qaşımın altda.
Yastığım daş oldu başımın altda,
Burda hardan alım dizin anamın?
Sücaət, etdilər talan ömrümü,
kor olsun daşlara çalan ömrümü.
talanan talandı, qalan ömrümü
Ömrümün üstünə yazın anamın.
O ki, deyirlər də torpaq Vətəndən başlar , Vətən də Anadır deyə! Hər iki müqəddəsliyi ölümünə sevən ürək də hər kəsə nəsib olmur. Amma Sücaət ürəyinin fırtınaları daşaraq dəniz kimi bizləri ağuşuna ala bilir—torpağına, Anasına məhəbbətin nə qədər böyük olduğunu göstərərək. Həm də bütöv insanlığa hələ də içindəki ağrıların nəfəsini almağa çalışmasını gizlədə bilərək—eynilə bu şeirində olduğu kimi!
Xoşum gəlmir tez alışıb-sönəndən,
Qəlbimdə yüz illik köz saxlayıram.
Bəlkə bundan ağır günlərə düşdüm,
Sinəmdə ehtiyat söz saxlayıram.
Uzaqdan tətiyi sıxmağa nə var,
Arxadan cümülüb yıxmağa nə var.
Kiçik döyüşlərdən çıxmağa nə var,
Çətin sınaqlara diz saxlayıram.
İnsanlar bir-birin qədrini bilsə,
Qəm nə qələt eylər qoşunla gəlsə?
Tökərəm, nadana qoşulub gülsə,
Elnən ağlamağa göz saxlayıram.
Sücaət, ürəyim əsim-əsimdi,
Həqiqətin səsi-mənim səsimdi.
Etibar bəsimdi, ilqar bəsimdi,
Mən varı-dövləti az saxlayıram.
Bilənlər sual edər ki, Süaətin şeirləri yalnız Vətəndənmi ibarət? Cavabım sadə—məhəbbət də Anayla başlar, Vətənlə bitər! Bəli, şairin sevgi şairləri də çox. Amma Kəlbəcərin anım günü olan bu gündə Vətən məhəbbəti hər hansı bir insana olan məhəbbətdən çox-çox böyük. Bunun ölçüsüz olmasını isə daha yaxşı şəhid qanıyla suvarılan torpağın adsız məzar daşları bilər! Şairin ürəyindəki o məzar kimi!
Ağlım təzə-təzə kəsirdi hələ
Sən vara, dövlətə satanda məni.
Məhəbbət yandırıb kül eləmişdi
On səkkiz yaşıma çatanda məni.
Saçımda dolanan dən idin onda
Gözümdə dumandın, çən idin onda
Özündən xəbərsiz sən idin onda…
Axtaran da məni, atan da məni.
Yollarım od olub, ayağım yalın
Əlində qalmışam dərdin, məlalın
Əridib şam kimi şirin xəyalın
Soyuq zindanlarda yatanda məni.
Onun məhəbbəti dilində idi
Həqiqət gözümün selindəidi
Əlin o alçağın əlində idi
Həsrətin odlara satanda məni.
Birimiz ağlarıq, birmiz də şən
Dağdan ağır dərddi Sücaət çəkən
Həmişə yadıma sən düşəcəksən
Hər ürək ağrısı tutanda məni.
Bəli, hər qadının ürəyi deyil sevdiyini gözləsin, hər kişinin ürəyi deyil Vətən üçün canından keçsin, hər Vətənin ürəyi deyil bir parçasının yoxluğunu sətirlərin göz yaşını silə-silə yaşasın—bir şairin dözə bilməyərək 59 yaşında dünyadan köç etməsi kimi!
Bu nə ney səsidi, nə kaman səsi,
Hicranın harayı, hayıdı, dağlar,
Bir soyuq ürəkdə, bir yad qapıda,
Bu gün sevgilimin toyudu, dağlar.
Arzular, istəklər bizə dərd olur,
Məktublar, şəkillər gözə dərd olur,
Köhnə xatirələr təzə dərd olur,
Arzum ürəyimdə uyudu, dağlar.
Şücaət deyiləm, kül olmuşam, kül,
Dərdinə şərikəm ay sarı bülbül,
Soldu çəmən, soldu çiçək, soldu gül,
Torpaq da günəşdən soyudu, dağlar…
Çox ağrılıdı, çox! Bir qız ürəyin tab gətirə bilməyəcəyi qədər çox dərin ağrıdır. Kəlmələrimin lal olduğu, ürəyimin dayana biləcək qədər zəif döyüntülərinin eşidilməyəcəyi qədər —Ağırdı!
Necə ki, Kəlbəcərin işğalından sonra yana-yana yazmışdın:
…Bir gün gülə-gülə qayıdacaqmı,
Ağlaya-ağlaya köçən Kəlbəcər…
Gücüm yalnız bir sözə çatır fədakar şairim! Ruhun şad, torpağın bol olsun. Sənə söz verirəm ki, bir gün həsrətində olduğumuz Vətən torpağını görmək nəsibim olarsa —sənin və Aranın torpağından o torpağa bir ovuc götürəcəm—bəlkə qovuşasız deyə!
Məryəm Əliyeva
Yazıya 1355 dəfə baxılıb