“Ata Toy Edəcək ŞƏHİD Oğluna”

56734853_2626411377372524_2827825850873806848_oAta toy edəcək şəhid oğluna,
Vətən yağılardan qurtulan günü.
Ata toy edəcək şəhid oğluna,
Davalar, qırğınlar qurtaran günü.
.
Ata toy edəcək şəhid oğluna,
Toyda kövrələcək ürəyi daş da…
Oğlunun şəklini bəy əvəzinə,
Ata oturdacaq yuxarı başda.
.
Ata toy edəcək şəhid oğluna,
Yalan olmayacaq belə yalantək.
Xonçanın içindən nişan üzüyü,
Qıvrılıb baxacaq sarı ilan tək.
.
Ata toy edəcək şəhid oğluna,
Düşəcək bir qızın köz qismətinə.
Əllərdə alışan bəzəkli şamlar,
Göz yaşı tökəcək öz qismətinə.
.
Ata toy edəcək şəhid oğluna,
Sağlıq deyənləri boğacaqqəhər.
Bəyin bacıları otağını yox,
Tənha məzarını bəzəyəcəklər.
.
Ata toy edəcək şəhid oğluna,
Ruhu öz toyuna enəcək bəyin.
Qardaşı həyətdə körpə palıda,
Anası heykələ dönəcək bəyin…
.
Ata toy edəcək şəhid oğluna,
Fərqi olmayacaq bu toydan yasın.
Ata toy edəcək… bir də belə toy,
Heç kəsə, heç kəsə qismət olmasın!
.
Kamal İsgəndər
***

Heç kəsə, heç kəsə arzulamadığımız belə bir toyu fələk toy üzü görməyən çox oğullarımıza qismət elədi, çox nişanlı qızların gözü, çox anaların oğul haraylayan sözü yolda qaldı. Çox ataların oğul deyəndə dilləri ağızlarında qarsıdı, belləri büküldü… çox bacılara qardaş toyu yox, qardaş vayı qismət oldu…
Uca boyu, enli kürəyi, iri, ala gözləri, mehribanlığı ilə çoxlarının ürəyini ovlayan Faiq də belə bir toyun “bəyi” oldu.
Ələkbərov Faiq Museyib oğlu 1968-ci il iyun ayının 5-də Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra (1986-88-ci illər) Rusiya Federasiyasının Primorskiy Kray adlanan bölgəsinə həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidməti zamanı serjant (çavuş) rütbəsinəcən ucalan Faiq, təhsilini artırmaq üçün Hərbi Komissarlıq tərəfindən Odessa şəhərinə – Zabitlər İnstitutuna göndərilir. Lakin o, Vətəndən kənarda yaşamaq istəmədiyinə görə geri dönür…
Kəndinə, elinə, torpağına bağlı bir gənc idi. Vətən, torpaq ona hər şeydən əziz idi. Torpaqlarımızda müharibə başlayandan onun gülər üzünə qara buludlar çökmüşdü. 20 Yanvar hadisəsindən sonra bir yerdə qərar tuta bilmirdi. Ermənilərin azğınlığı ilə barışa bilməyən Faiqin qəzəbi 20 noyabr 1991-ci ildən sonra daha da coşmağa başladı. Alı Mustafayevə, İsmət Qayıbova, Tofiq İsmayılova və bir çox başbilən, ziyalı oğullarımıza olan xəyanət Faiqin döyüşə atılmasına daha da təkan verdi. Həmin gecəni səhərə dirigözlü açan Faiq səhər tezdən atasına bircə kəlmə “gedirəm” – dedi. Onun qəti qərarın- dan sonra ata heç nə deyə bilmədi. Şəmkir rayon Hərbi Ko- missarlığına gedib, könüllü olaraq cəbhəyə getmək istədiyini bildirdi və nəhayət, arzusuna çatdı. Şəmkir Ərazi Batalyonunu yaradan ilk könüllü əsgərlərdən biri oldu.

Faiq komandanlıq tərəfindən ilk təşəkkürə Zəyəm Hərbi Aeroportunda layiq görüldü. Belə ki, rus əsgərlərinin bizim hərbi sursatı özləri ilə aparmaq istəyi zamanı bizimkilər tərə findən aeroporta ciddi nəzarət qoyuldu. Nəzarətçilərlə yana- şı orada keşik çəkən Faiq sayıqlığı və işinə məsuliyyətli olmasına görə hamıdan seçilirdi. Sonra Faiqgilin dəstəsi döyüşə yollanır. Döyüşdüyü bir ilə yaxın müddətdə ən qaynar nöqtələrdə olub. Ağdamda, Tərtərdə, Goranboyda gedən döyüşlər də ən qabaqcıl döyüşçü olur. Qazaxda, Tovuzda sərhəd kəndlərini düşməndən qoruyur. Ancaq onun əsas qulluq yeri Gədəbəy rayonu olur. Batalyonda onu təcrübəli sürücü-mexanik kimi tanıyırlar. Piyadanın Döyüş Maşınını idarə etməklə yanaşı, ən çətin tapşırıqlara gedir. Başkənd, Şınıx kəndlərində öz qəhrəmanlığı ilə tanınan Faiq polk komandirinin müavini Dilqəm Əliyevlə birgə düşmənin beş müxtəlif mövqeyini darmadağın edir. Ən çətin kəşfiyyata gedər, hər dəfə də üzüağ dönərdi. Başkəndin təmizlənməsi əməliyyatında qəlpə yarası alan Faiq cəmi bir gün xəstəxanada yatdıqdan sonra yenidən döyüşə yollanır.
Onun son döyüşü Gədəbəydə Kaftar dağında olur.

Döyüş yoldaşı Bəhruz Hüseynovun söylədikləri:
”Avqustun 29-u 1992-cü ildə Kaftar dağına növbəti əməliyyata getdik. İsalı kəndinə qədər PDM-dən düşmədik. Onu da deyim ki, Faiq sürdüyü maşında özümüzü çox arxayın hiss edirdik. Çünki, o, çox mahir sürücü idi. Dağın ətəyində maşını saxladı. Bir çiynində mənim avtomatım, o biri çiynində öz avtomatını götürmüşdü. Mən isə PDM-dəki pulemyotu dağa çıxardırdım. Bizim uşaqlar düşmənin Daşqala yüksəkliyindəki mövqelərini atəşə tutdu. Düz bir gün yarım atəş altında irəlilədik. Ertəsi gün səhər saat dörddə Daşqala yüksəkliyinə hücuma keçməli idik. Yüz iyirmi nəfər idik. Mənlə Faiq daha təcrübəli olduğumuzdan irəlidə gedirdik. Batalyon (tabur) komandiri Nəbi Əhmədov da bizimlə idi. Düşmənlə üzbəüz dayanmışdıq. Hücum başlandı… həmin hücum zamanı Faiq həlak oldu… Faiq kimi oğullar ehtirama, qəhrəman adı daşı- mağa layiqdirlər.”
Bəli, həmin gün tarixə bir igidin də adı yazıldı – Faiq Ələk bərovun.
Faiqin ölüm xəbəri seyfəlilərlə yanaşı, bütün şəmkirliləri sarsıtdı. Eşidənlər Faiqin son evinə – Seyfəli Şəhidlər xiyabanına axın-axın gəldilər. Əli silahlı, gözü yaşlı döyüş yoldaşla- rı, komandirləri Faiqlə son kərə görüşmək üçün Seyfəliyə axışdılar. Dilqəm Əliyev dəfn mərasimindəki çıxışını göz ya şları altında belə bitirdi: “Sən anadan qəhrəman doğulmuş- dun, öləndə də qəhrəman kimi öldün, Faiq!”
Faiqin ölümü hamının ürəyinə dərd, gözlərinə yaş gətirsə də, elə-obaya bir qürur, vüqar da gətirdi. Çünki, belə şərəfli ölüm hər kəsə qismət olmur. Faiq ŞƏHİDLİK ZİRVƏSİ ilə yanaşı, KİŞİLİK ZİRVƏsini də fəth etdi. indi Şəmkir rayo- nunun Seyfəli kəndindəki keçmiş V.İ.Lenin adına orta mək- təb öz məzununun – Faiq Ələkbərovun adını daşıyır.
Atası Ələkbərov Museyib Məhəmmədəli oğlu 1934-cü ildə Seyfəli kəndində anadan olub. Orta məktəbi bitirdikdən so- nra yeddi il Bakı Neft Buruqlarında fəhlə işləyib. 1957-59-cu illərində Çinarlı kənd şərab zavodunda işlədikdən sonra 1959-cu ildən üzübəri düz 25 il Gəncə şəhər Gil-torpaq İsteh- salat birliyində briqadir vəzifəsində çalışıb. Əmək Veteranı olmaqla yanaşı, çoxlu orden və medallara layiq görülüb. Ha- zırda təqaüdçüdür: “Səkkiz övlad böyütmüşəm. Onların ali təhsilli olmaları ilə yanaşı, sənət sahibləri də olmaları üçün əlimdən gələni etmişəm. Faiq sonbeşiyimiz idi. Hələ də… hə- lə də onun yoxluğuna inanmaq istəmirəm. Hələ də onun toy- unun arzusu ilə yaşayıram. Gələcəyə çox inanan insan idi. Bəlkə də onun elə qırılmaz inamıdır ki, məni bu gün də yaşa- dır. Qardaşı Ələddinin övladına Faiq balamın adını qoymuşam. Arzum budur ki, kiçik Faiq əmisinin adına layiq oğul olsun”.

Anası Ələkbərova Dursun Mirzalı qızı:
Bizi çox mehribanlıqla qarşılayan Dursun ana məqsədimizi bildikdən sonra çətinliklə də olsa özünü ələ aldı. Doğma balası Faiq anasının gözlərini yolda qoyduğu gündən bəri ürəyi dağlı gözləri yaşlı olub. Amma dərdini heç kəsə bildir- məyib. Başqalarından xoş təbəssümünü əskik etməyib. Elə bizə də ilk sözü bu oldu ki, balalarım, əvvəl oturun, bir tikə çörək yeyin, sonra söhbət edərik.
Doğrudan da, biz bütün şəhid ailələrində olduğu kimi, həmin ailədə də bir doğmalıq hiss etdik. Bizə elə gəldi ki, Dur- sun ananı çoxdan, lap çoxdan tanıyırıq.
“Bütün analar kimi mənim də ən böyük arzum balamın toyunu görmək idi. Neçə dəfə dedim, ay bala, evlən, qoy biz də rahat nəfəs alaq. Dedi, yox ay ana, qoy hələ dava qurtar- sın sonra. Axı erməni azğınlarının cavabını vermək lazımdır. Hələ ki gəlninin adını ürəyində saxla.
Döyüşdə olanda bir neçə dəfə yanına getdim. Lakin özünü görə bilmədim. Hər dəfə sorağı bir döyüş bölgəsindən gəlirdi. Döyüş yoldaşı Paşa, həm də Faiqin yaxın dostu idi. Onun ölümündən sonra gəldi ki, xala, oğlum olub, istəyirəm adını Faiq qoyam, icazə verərsənmi? Dedim ay bala, böyük oğlan olsun, torpağı sanı yaşasın. İndi həmin uşaq böyük oğlandır. Nəvəm Faiq də artıq böyüyüb. Eynən də əmisinə oxşayır. Əmisinin adına yazılan bütün şeirləri əzbər bilir. Böyüyəndə mən də əsgər olacam deyir”.
Müseyib atanın, Dursun ananın sinəsinə fələk Faiqdən sonra daha bir dözülməz dağ vurdu. Qardaş yoxluğuna dözməyən Elmira da cavan ikən bu dünyayla vidalaşdı…
Elmira 5 mart 1962-ci ildə Seyfəlidə anadan olmuşdu. Ali təhsilli idi. Biz Elmiranın özünün dəsti-xətti ilə yazılan şeir dəftərçəsini vərəqlədik. Oradakı şeirlərin bütövlükdə şəhidlərimizə, yaralı torpaqlarımıza, qaçqın və köçkünlərimizə həsr olunduğunun şahidi olduq. Vətənimizin başına gələn bütün faciələrin ağrı-acısına dözən Elmira qardaş ağrısına dözmədi. 1993-cü il yanvar ayının 20-də doğma qardaşına əbədi bacı olmaq üçün ata-anasının gözünü yaşlı qoydu. Bəli, məhz 20 Yanvar günü. Şəhidlərin hər birinin dərdini öz dərdi bilən Elmira Şəhidlər gününü də özününküləşdirdi.

Əmisi Ələkbərov Ələkbər Məhəmmədəli oğlu. Faiq Ələkbərov adına Seyfəli kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini:

“Faiq sakit təbiətli olmaqla yanaşı, həm də tərbiyəsi ilə nümunəvi şagirdlərdən biri idi. Onun vətənpərvərliyi hələ uşaq yaşlarından özünü göstərirdi. Mən Elmira Ələkbərovanı da şəhidlərimizin siyahısına salmaq istəyirəm. Çünki Elmira da Vətən yolunda canını qurban verdi. Vətənin sinəsinə vurulan hər bir ox sanki onun ürəyindən ke çirdi. Məktəbimizdə şəhidlərimiz üçün güşə var. Həmin güşə də onların şərəfli ömür yollarından söhbət açılır. Hər il müə lim və şagird kollektivi bütün kənd əhli ilə yanaşı şəhidlər xiyabanını ziyarət edir. Faiqin vaxtsız ölümü bizi kövrəltsə də, içimizdə bir qürur hissi də doğurdu. Nə yaxşı ki, Vətənimizin Faiq kimi oğulları, Müseyib ata kimi ataları, Dursun ana kimi anaları var. İki övladın sinələrinə vurduğu dərdin altında nə qədər əzilsələr də, o əzginliyi büruzə verməyən, öz dərdləri ilə başqalarının ürəyini yükləməkdən çəkinən ata-ana”.
Allahdan Faiq və Elmiraya rəhmət diləyir, onların Vətən səmasında gəzən ruhlarının rahat olacaqları günü görməyimi zi arzulayırıq. Söhbətimizi isə Məzahir Alıyevin Faiq Ələkbərova həsr etdiyi “Şəhid qardaşım” şeiri ilə tamamlayırıq:

Sən şöhrət tacısan Azərbaycanın,
Qəhrəman qardaşım, şəhid qardaşım.
Qisas qılıncısan Azərbaycanın,
Qəhrəman qardaşım, şəhid qardaşım.
.
Qorudun vətəni əziz canınla,
Boyadın daşları qızıl qanınla,
Sındırdın düşməni öz inamınla,
Qəhrəman qardaşım, şəhid qardaşım.
.
İsgəndər, Pünhanla dayandın qoşa,
Baxmadın şaxtaya, borana, qışa,
Düşmənlər əlindən çəkdilər haşa,
Qəhrəman qardaşım, şəhid qardaşım.
.
Başkənddə düşmənə çox çəkdin dağı,
Əyildi qarşında o quduz yağı,
Səninlə fəxr etdi Şınıx torpağı,
Qəhrəman qardaşım, şəhid qardaşım.
.
Qoruya-qoruya əziz Vətəni,
Dağıtdın dumanı, əritdin çəni,
Bu gün şəhid kimi anırıq səni,
Qəhrəman qardaşım, şəhid qardaşım.
.
Ən uca zirvəsən, ən uca dağsan,
Öldün söyləmirəm, həmişə sağsan,
Daim ürəklərdə yaşayacaqsan,
Qəhrəman qardaşım, şəhid qardaşım.

İradə Aytel, Gəncə 2003

Yazıya 624 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.