18 sentyabrda şəhid Rəşad Ələkbərovun anadan olmasının 28 illiyi münasibətilə “Qazi ananın şəhid oğlu” adlı anım tədbiri keçirilib. Tədbir Milli QHT Forumu və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Şəhidin əziz xatirəsini yad etmək üçün tədbirə şəhid ailələri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri qatılıb. Çıxış edənlər Rəşadın döyüş yolları, şücaəti və Vətənə sədaqətindən danışaraq, onun gənc nəsil üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıblar.
Rəşad Ələkbərov 15 sentyabr 1997-ci ildə Gəncədə doğulub. O, 44 günlük Vətən müharibəsində Xocavənd, Füzuli, Şuşa və Laçın dəhlizi istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. 9 noyabr 2020-ci ildə şəhadətə yüksəlib və 12 noyabrda Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə R.Ələkbərov “Vətən uğrunda”, “Cəsur döyüşçü” , “Xocavəndin azad olunması” və “Şuşanın azad olunmasına görə” medallara layiq görülüb.
Xatırladaq ki, Rəşad Ələkbərovun anası Nailə Ələkbərova Birinci Qarabağ döyüşləri veteranıdır.
Tədbir, vətənpərvərlik ruhunda olan ‘Azərbaycan’ mahnısının sədaları altında başa çatıb.
Yazıya 19 dəfə baxılıb