İKİ ŞAİR
mənsur şeir
“Paralel tərcümeyi-hallar” əsərinin müəllifi Plutarxa hörmətlə
Eyni gündə iki şair doğuldu.
Mikayıl Müşfiq və Vaqif Səmədoğlu.
Müşfiqin qanadları çıxdı, Səmədoğlunun barmaqları.
Şairlik Müşfiqin alnına yazıldı, Səmədoğlunun əlinə.
Müşfiq anadangəlmə şair idi, Səmədoğlu atadangəlmə.
Müşfiq anadan yetim qaldI, Səmədoğlu atadan.
Müşfiqə mələk adı qoydular, Səmədoğluna şair.
Müşfiqi şairlər öldürdü, Səmədoğlunu mələk.
Müşfiq Səmədoğlunun atasını gördü, Səmədoğlu Müşfiqin oğlunu görmədi.
Müşfiq şeirə öz adı ilə gəldi, Səmədoğlu atasının.
Müşfiq tuthatutda yaşadı, Səmədoğlu qaçhaqaçda.
Müşfiqin sovetə qarşı çıxması qəhrəmanlıq idi, Səmədoğlununku ərköyünlük.
Müşfiq sovetdən öncəni gördü, Səmədoğlu sonranı.
Müşfiq hər şeyə inandı, Səmədoğlu heç nəyə.
Müşfiq saza vuruldu, Səmədoğlu caza.
Müşfiq Abşeronun şanısını sevdi, Səmədoğlu Fransanın şərabını.
Müşfiq şeirinin misraları var, Səmədoğlu şeirinin cümlələri.
Müşfiq həyatdan yazdı, Səmədoğlu ölümdən.
Xəzərin sahilində, qayalıqların üstündə gənc bir oğlan oturub. O, Müşfiqdir.
Bakının küçələri ilə çiyninə çanta salmış, çalsaçlı bir qoca gedir. O, Səmədoğludur.
Müşfiq şeirmizin yeganə əbədi gəncidir, Səmədoğlu çoxsaylı ədəbi qocalarından biri.
Müşfiq şair taleyi yaşadı, Səmədoğlu şair oğlu taleyi.
Müşfiq xalqın şairidir, Səmədoğlu Xalq şairi.
Müşfiqin qocalığı Səmədoğluna oxşaya bilərdi, Səmədoğlunun gəncliyi Müşfiqə oxşamadı.
Müşfiq çox sevdiyi dənizdə öldürüldü, Səmədoğlu zəhləsi getdiyi xəstəxanada öldü.
Müşfiq 1938-də getdi, Səmədoğlu 1939-da gəldi.
Müşfiqin adını daşıyan on minlər var, Səmədoğlu Vaqfin adını daşıyan on minlərdən biridir.
Eyni gündə iki insan doğuldu
Əkizlər bürcündə doğulsalar da, taleləri əkiz olmadı.
Biri Müşfiq oldu, o biri Səmədoğlu.
Allah hər ikisinə rəhmət eləsin.
Analoq.az
Yazıya 730 dəfə baxılıb