Azərbaycan Xalq şairi Nəriman Həsənzadənin şeirlərini Azərbaycan Mədəniyyət və Ədəbiyyat Portalı
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murğuzov təqdim edir:
ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM
Ürəyim ananı istəyir, qızım,
sən yaşa dünyada qəmsiz, kədərsiz.
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm,
yaş ötdü məndən xəbərsiz.
Qaşlarım qaradı, saçlarım ağdı,
təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı
amma tək qocalmaq dərd verir hərdən.
“Dağlar” deyə-deyə mən dağ şamışam,
Hanı tale dostum,
ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
dünyayla düz gəlmir daha mən deyən.
Daddım acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım, qardaşınla sən olmasayadın,-
deyərdim, dünyada ana olmayıb.
Mən işdən çıxanda eybi yox,-dedim,-
dəyirman dünyadı, çarxa düşmüşəm.
Özümünkü bilib fəxr elədiyim,
arxadan vuranda arxa düşmüşm.
Mən qisas almadım yaşadı düşmən,
ilhamda, sənətdə axırdaydılar.
Qisası aldım mən yalnız özümdən,-
böyüklər də gördüm, çox xırdaydılar,
ilhamda, sənətdə axırdaydılar.
Daha yaş artdıqca, səbrim azalır,
yaş yaşdı…
neyləsən yaş əyir, qızım.
Qadınsız-ata da anasız qalır,
ürəyim ananı istəyir, qızım,
.
MƏN
Kimsə salam verdi mənə rəhm ilə,
Allahın nə yazıq bəndəsiyəm mən.
Tüstüsüz yandım mən odlar içində,
təndirin küt gedən kündəsiyəm mən.
Məndən inciməsin dostlar, tanışlar,
daha yadlaşıbdı doğma baxışlar.
Ey əsən küləklər, yağan yağışlar,
tökülün üstümə dözəsiyəm mən.
Yatır süfrəmizə çörək gətirən,
ailə yükünü təkcə götürən,
Mən boynu büküyəm, o köks ötürən,
Yeganə arxası, kimsəsiəym mən.
Qadındır hər evin isti nəfəsi,
qadın anadırsa-yoxdur əvəzi.
Ağırdı ananın ağır xəstəsi.
atayam, ananın xəstəsiəym mən.
Bəlkə bədbəxtlərin təzəsiəym mən.
.
AY HƏKİM
Ağzın bəd xəbərə açıldı sənin,
Sonra necə güldün, necə, ay həkim.
Səsin ürəyimə sancıldı sənin,
Həkimlik buydumu səncə, ay həkim.
Sən güldün, yanında ssusub ağladım,
Yenə ümidimi sənə bağladım.
Sağ ikən insana mən yas saxladım,
Verdin əməyimi heçə, ay həkim.
Bir qapı bağladın, yüz qapı açdım,
Qızışn soyuğunda ölkə dolaşdım.
Həkimin əlindən həkimə qaçdım,
Hanı diplomuyun gücü, ay həkim.
Xəstənin yaleyi ilgəkdi pünhan,
Həkimin əlləri düymə bağlayan.
Sən bir qəbristanlıq insan qırmısan,
Bir elmi dərəcə üçün, ay həkim.
Qəbula gələndə bivaxt düşmüşəm,
Bu evdən-eşikdən uzaq düşmüşəm.
Mən sənin əlindən qaçaq düşmüşəm,
Həkimləri seçə-seçə, ay həkim,
Şəhər-şəhər, küçə-küçə, ay həkim.
.
QOYMARAM
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq qana
apardı sellər Saranı.
bir gülər üzlü balanı..
Nəbati
Gedin deyin Nərimana,
Sıxır məni xəstəxan,.
Xəstəxana batıb qana.
aparır sellər Saranı.
eşitsin ellər Saranı.
.
Sara
Dözmün azalıb, nə olub yenə,
Belə görməmişdim, ay Sara, səni.
Oxuma yanımda qəm mahnısını,
Qoymaram bu ellər apara səni,
Özüm aparacam gör hara, səni.
Yenə bir çəməndə süfrə açarıq,
Yemlik yığa-yığa arxı aşarıq.
Bir az qocalmışıq, cavanlaşarıq.
Bir az dincələrik bulaqlar üstə,
Quşlar mahnı deyər budaqlar üstə.
Biz ömür sürümüşük ləyaqət ilə,
Biz həyat görmüşük nə minnət ilə.
Ev-eşik qurumuşuq əziyyət ilə,
Bir-bir daş üstünə biz daş qoymuşuq,
Bir halal yastığa biz baş qoymuşuq.
Axşam teatrda qoşa oturaq,
Gündüz artistlərə şən məclis quraq,
Hələ “Pompey” durur, biz də bərk duraq,
Onu bu səhnədə görək, ay Sara,
Bir az səbrin olsun gərək, ay Sara.
Hələ nə görmüşük biz bu dünyada,
Quş havada yaşar, balıq dəryada.
Yağışlar, küləklər döyüb səhrada,
Dünya düzəngahmış, heç bilməmşəm,
Sənə sıığınmışam, Sara dümişəm.
Dözmün azalıb, həyatım mənim,
Belə görməmişdim, ay Sara, səni.
Oxuma yanımda qəm mahnısını,
Qoymaram bu ellər apara səni,
Özüm aparacam dağlara, səni.
* * *
Yuxun qaçdı evdə yata bilmədin,
torpaqda yat, torpaq quzum, a laylay.
Gizli-gizli ufuldadın, inlədin,
Oyaq qalan yuxusuzum, a laylay.
Güzgü kimi zərif idi gül üzün,
insafdımı torpaq altda çürüsün?!
Duman gəlsin qəbristanı bürüsün,
duman sənə örpək olsun, a laylay,
Torpaq sənə döşək olsun, a laylay.
Yanımdaydın, yaşayırdıq bir babat,
yuxularda gah doğmasan, gah da yad.
Ayılıram-nə sən varsan, nə həyat.
Yuxularda görüşənim, a laylay.
Yaxın ikən gen düşənim, a laylay.
Laylay dedim,beşik dedim məzara,
daş gətirdik, saldıq səni hasara.
Ha yalvardım, ha çağırdım ay Sa…ra!..
Darıxanda həyanımız, a laylay,
Ayrı düşən ünvanımız, a laylay.
.
DAŞI SEVMƏLİYİK BİZ İNDƏN BELƏ
Gül gətirdim, çiçək qoydum üstünə,
Gül sənindi, yer sənindi, sən mənim.
Sara
Yenə qəbristana düşübdü yolum,
Daş yonur, qum tökür burda ustalar.
Anana baş daşı qoyurlar oğlum,
Səndən xatirədi
məndən yadigar
Oğlundan,ərindən…
Son borcumuzdu,
Qalan borclarımız bir yan qalsın.
O, həyat aşiqi, o, yer qızıydı,
Qoy ondan yer üstə nişanə qalsın.
Həyatda bir sirr var, inan, ay oğul,
Bu sirr açılmayıb qədimdən belə.
Daşdan yonulubdu anan, ay oğul,
Daşı sevməliyik biz indən belə.
Nə deyim, sağ olsun heykəltəraşı,
Gör necədüz verib o gözü, qaşı.
Saçları örpəyin altından çıxıb,
Tək nəfəs verməyi yadından çıxıb.
Bu sirdi, gör necə dəyişir insan,
tanınır, tanınmır…
yaxşı bax, oğlum.
Mənim daş qadınım, sənin daş anan
Bizi qoymayacaq daşlaşaq, oğlum.
.
MƏNİM NİGAHIMI POZDU TƏBİƏT
Mənim nigahımı pozdu təbiət,
Köklədi simləri xeyir-şər üstə.
Sənə-məzar boyda yeraltı zülmət,
Qurulu ev qoydu mənə yer üstə.
Beləcə ayırdı o, payımızı,
Pozdu bu qanuni nigahımızı.
Qoruya-qoruya saxladığımız,
Axırda nə oldu?-adi bir kağız.
Arada ağlayan bir məhəbbətdir,
Yastığöın müqəddəs, yerin müqəddəs.
Dövlət vəsiqəsi rəsmi sənəddir.
Möhürü, imzası bir şeyə dəyməz
Son mənzil deyirlər, mən orda gördüm,
Nədir sənlə gedib, sənsiz qayıtmaq.
Kağızı qorudum, səni itirdim,
İndi səni məndən qoruyur torpaq….
.
FAMİLİMLƏ ÜZ-ÜZƏ
Qəbirlərin içində
Sadə bir qəbir sənin.
Familim mənimkidir,
Ad sənin, ömür sənin.
Nə uşaqlar var idi,
nə indiki vəzifəm,
nə evim, nə ünvanım,
nə indiki ad-sanım.
Kəbin kağızımıza
Yazıldın iki oldum.
Ancaq səninki oldum.
Indi sənin yanında
Səni haraylayıram.
Familimlə üz-üzə
Dayanıb ağayıram,
Səni haraylayıram.
Yazıya 1296 dəfə baxılıb