Akif ABBASOV – “İSMAYILIN BACISI OĞLU”

AKİF SON ŞƏKİL(hekayə)

Özündəndeyənovu sanballı bir idarənin rəisi vəzifəsinə qoymuşdular. Vəzifəzadənin kürəkəni olduğuna görə. Özündəndeyənov İsmayılın bacısı oğlu idi. İsmayıl da kiçik bir idarədə kiçik bir vəzifədə çalışırdı. Bacısı oğlugillə sən deyən get-gəlləri də yox idi. Amma dil boğaza qoymur, hey onu tərifləyirdi:
– Özündəndeyənov kimi oğullar nadir hallarda doğulur!
-Həmin idarədəki işçilərlə Özündəndeyənov kimi səriştəli adamlar bacara bilərlər!
– Özündəndeyənov idarəni ayaq üstə qaldıracaq!
Əlqərəz, kimin ki, yaxası əlinə keçirdi, İsmayıl başlayırdı bacısı oğlundan, onun bacarığından, təşkilatçılıq qabiliyyətindən danışmağa.
İsmayılın bu idarədə ən çox oturub-durduğu şəxs Məcid idi. Məcid İsmayılın xətrini çox istəsə də, onun Özündəndeyənovdan danışması, onu tərifləməsi xoşuna gəlmirdi. Bir növ uzunçuluq edirdi, baş aparırdı, bacısı oğlunu yersiz olaraq dağ başına qoyurdu. Odur ki, bir dəfə eləməyib tənbəllik telefonun dəstəyini qaldırıb İsmayıla zəng etdi:
-Özündəndeyənov sənin bacın oğludur?
İsmayıl tez:
-Hə, mən onun dayısıyam.
Məcid telefonun dəstəyinə kağız qoymuşdu, səsini də dəyişmişdi ki, İsmayıl onu tanımasın.
– Özündəndeyənov necə adamdır?
İsmayıl sevinclə bacısı oğlunu tərifləməyə başladı. Məcid onun sözünü kəsib:
-Amma gərək bağışlayasan, -dedi. -Sən səhv edirsən. Özündəndeyənov kütün, qabiliyyətsizin, əclafın biridir. Qayınatasının itidir. Onu vəzifəyə o əclaf qoyub! Qabiliyyətinə görə yox. Qızının əri olduğuna görə!
Məcid bunları deyib telefonun dəstəyini yerinə qoydu. Bildi ki, bu dəqiqə İsmayıl hirsindən zəncir çevirir. Az sonra İsmayılla Məcid dəhlizdə rastlaşdılar. İsmayılın qanı qara idi. Məcid:
-Dostum, -dedi. –Nə olub? Gözümə bir təhər dəyirsən?
İsmayıl cavabında:
-Qanımı qaraldıblar, – dedi. –Sən yaxşı bilirsən ki, mən bizim bacı oğlunu necə çox istəyirəm. Özündəndeyənovu deyirəm…
-Hə, hə…
-Bayaq axmağın biri mənə zəng edib bacı oğlunun ünvanına ağzını gələni dedi.
Məcid:
-Doğrudan?
-Həə,.. yandım, töküldüm. Bilmədim kimdir.
Məcid təskinlik verdi:
-Boş burax, “it hürər, karvan keçər” deyiblər. O qədər yaramaz adamlar var ki… Özündəndeyənovun paxıllığını çəkirlər.
İsmayıl onunla razılaşdı:
-Hə də…
Bu hadisə bir neçə gün, bir neçə dəfə təkrar olundu. İsmayıl hər dəfə yanıb-yaxılır, amma əlindən bir şey gəlmirdi. Dərdini dostu Məcidlə bölüşürdü. Məcid onu sakitləşdirməyə çalışır, eyni zamanda ürəyində ona gülürdü. Bir gün İsmayıl Məcidə dedi:
-Belə baxıram ki, mənim səndən yaxın dostum yoxdur, dərdimi də sənə açır, sevincimi səninlə bölüşürəm. İstəyirəm sənə bir qonaqlıq verim.
Məcid sevindi: “Bundan nə əcəb?! Əliaçıq olub”.
Dostlar 20 yanvar metrosunun yaxınlığındakı “Ləvəngi” restoranında əyləşdilər. Doyunca yeyib-içdilər. Oradan-buradan danışdılar. Axırda söhbət gəlib çıxdı Özündəndeyənovun üstünə. İsmayıl yenə də bacısı oğlunun şəninə xoş sözlər dedi, onun sağlığına badə qaldırdı. Məcid İsmayılın gözlərini oğurlayıb qədəhini stolun üstünə qoydu, içmədi arağı. Onun içib-içmədiyini İsmayıl bilmədi. Hər ikisi möhkəm vurmuşdu. Yaxşı-yeyib içəndən sonra durdular. Ayaqları sözlərinə baxmırdı. Məcid keflənmişdi. İsmayıl əvvəl istədi taksi ilə onu yola salıb, özü də metroya minsin. Sonra fikirləşdi ki, bu vəziyyətdə Məcidi tək yola salmaq olmaz, birdən gedib evinə çıxmaz. Yıxılıb küçədə, parkda qalar, biabırçılıq olar. Odur ki, taksi saxlatdırıb əvvəlcə onu oturtdu, sonra özü taksiyə əyləşdi.
Gəlib Dərnəgülə çıxdılar. İsmayıl taksinin pulunu verdi. Məcid yatmışdı. Taksi sürücüsü ilə onu bir təhər maşından düşürdülər. Məcid altımərtəbəli binanın beşinci mərtəbəsində yaşayırdı. Bu vəziyyətdə beşinci mərtəbəyə çıxa bilməzdi. Həm də onun bir ayağı protez idi. Yıxılıb, zədə ala bilərdi.
İsmayıl iri gövdəli, hündür boylu idi. Az fikirləşdi, çox fikirləşdi. Məcidi kürəyinə alıb bir-bir mərtəbələri qalxmağa başladı. Nəhayət, güc-bəla ilə gəlib beşinci mərtəbəyə çatdılar. İsmayıl su içində idi. Yeyib-içdikləri də gözündən gəlmişdi. Məcidi qonaq apardığına peşman olmuşdu. Mənzilin qapısı ağzına çatmışdılar. İsmayıl qapının zəngini basmaq istəyəndə Məcid onu saxladı:
-İsmayıl, Özündəndeyənov sənin bacın oğludur?
İsmayıl:
-Hə, guya bilmirsən. Mən onun dayısıyam, -dedi.
-İsmayıl, Özündəndeyənov necə adamdır?
-Çox bacarıqlı, qabiliyyətli, işgüzardır. Sən ki bilirsən. Analar Özündəndeyənov kimi oğulu az-az doğurlar.
Məcid əlini yellədi, başını yellədi:
-Amma, İsmayıl, Özündəndeyənovla bağlı mənim də öz fikrim var.
İsmayıl kürəyində Məcid qulaq asırdı. Məcid dilləndi:
-İsmayıl, sən mənim dostumsan, amma sən gərək məni bağışlayasan. Sən yanılırsan. Özündəndeyənov kimi əclaf adam yoxdur. O, kütün, qabiliyyətsizin, savadsızın biridir. Qayınatasının itidir. O qoyub vəzifəyə onu!
Bunu eşidən İsmayılın əli boşaldı. Məcid onun kürəyindən sürüşüb beton döşəməyə düşdü. Səs-küyə Məcidin arvad-uşağı çölə atıldılar. Məcidi yerə sərələnmiş görüb İsmayıla baxdılar. Yəni “Nə olub, nə məsələdir? Bu niyə bu gündədir?”
İsmayıl pilləkənləri enə-enə:
-Əclafın özündən soruşarsınız ki, niyə bu günə düşüb, – dedi.

Son…
Müəllif hqqında: Abbasov Akif Nurağa oğlu (Akif Nurağaoğlu) 1950-ci il may ayının 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində anadan olmuşdur.
Pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi və institutun “Elmi əsərlər”inin baş redaktorudur.
Respublikanın əməkdar müəllimidir.
“Tərəqqi” medalına layiq görülmüşdür.
“Qızıl qələm” mükafatı laureatıdır.
100-dən çox kitabın müəllifidir.
Ümumtəhsil, orta ixtisas, ali məktəblər və xüsusi məktəblər üçün 20-dən artıq dərslik və dərs vəsaitinin (o cümlədən “Ailə”, “Ailə həyatının etika və psixologiyası”, “Pedaqogika”, “Milli əxlaq və ailə etikası”, zəif eşidən uşaqlar üçün” “Oxu-2”, “Oxu-3”, “Oxu-4”, “Oxu-5” və s.);
4 romanın (“Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad”), 2 povestin (“Xəyanət” və “Kremli tikən azərbaycanlı”), 2 pyesin (“Atatürk” və “Yaxşı dost”), xeyli hekayələr kitabının müəllifidir.
İngilis və rus dillərindən bədii tərcümələr edir. 9 tərcümə kitabının müəllifidir.
10 cilddən ibarət bədii əsərlərinin 7 cildi işıq üzü görmüşdür.

 

Yazıya 480 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.