Ülkər qapını təpiklə açaraq, qucağındakıları evin ortasına tökdü.
Otağın bir küncündə, dizlərini qucaqlamış anasına baxaraq gülümsədi:
– Gör nə qədər qıjıltikan, yarpız, qulançar yığmışam. Bu dəqiqə bişirib yeyərik.
Ana məhzun baxışlarını ona zillədi. Zəif səslə: – Nə ilə bişirək? Axı, heç nəyimiz yoxdur.
Ülkər şad bir halda: – Suyumuz ki, var. Mən bu dəqiqə hazırlaram.
O, tez qazanda su qaynatdı, qıjıltikanı suya basdı, pöşələnmiş göyü süzərək suyunu çıxardı, sonra duzladı. Bir parça çörək gətirib anasının qabağına qoydu: – Sən çörəklə bunu ye, mən də qulançarı odda bişirim.
Elə bil Ülkərin sevinci, anaya sirayət etdi. O, ürəklə yeməyə başladı. Ülkər həvəslə qulançarları odda kabab edərək, duzlayır, sevinclə anasının qabağına qoyurdu. Ana, ona baxdıqca dirçəlir, ürəyində Allaha şükür edirdi. “Allah səni mənə çox görməsin qızım, allah səni pis gözdən, pis nəzərdən, zəhər dildən, xəyanətkar əldən saxlasın. Sən olmasan, mən ölərəm”.
– Ana, doydun? – deyərək Ülkər anasının dizlərinə qısıldı.
– Hə, sən də ye, Ülkər balam.
– Mən doymuşam, ana. Özümlə çörək götürmüşdüm, yarpızla yeyəndə bilirsən nə ləzzətli olur? Yaxşı, sən dincəl, mən getdim bağımızı belləməyə.
– Ülkər, özünü yorma bala. Onsuz da çox arıqsan, üzülərsən. Elə yaxşı yeməyimiz yoxdur ki, səni tox saxlasın. Atan bizi yaman yerdə tək qoydu. Mən xəstə, sənsə dünənki uşaq. Qohum-qonşu da adama nə qədər əl tutar? Sən gərək əmingildə qalmağa razı olaydın. Yenə vaxtı-vaxtında bir tikə çörək tapardın. Mənə nə var, bu gün, sabahlığam.
Ülkər xəyallandı. Gözləri yol çəkdi. Sanki öz-özünə yox, ona dedi. Biz hamıdan yaxşı olacağıq. Mən səni saxlayacam. Bu zaman, Ülkər, Ülkər ay bala evdəsən – Deyən səs eşidildi. Bu səsin dalınca qapı açıldı. Kübra xala, əlində balaca bir qab içəri girdi. Qabı, anasına verərək, çəkməcədi ay Gülsüm, ye – dedi. Əgər Ülkər boşsa, dedim bizim quzuları bir az çay kənarında hərləsin. Uşaqların heç biri evdə tapılmır.
Yaxşı, çörəyini yesin göndərərəm. Yubanma ha, deyərək Kübra xala getdi. Gəl birlikdə yeyək qızım, ürəyinə qut olsun. Ülkər yaxınlaşdı. Balaca, dayaz qabın ortasında qoyulan xörəyə baxdı. Bu, onun qabaq-cadan verilən zəhmət haqqı idi. Könülsüz olaraq bir-iki qaşıq yedikdən sonra, doydum deyərək kənara çəkildi.
Di onda get qızım, Kübra xalan səni gözləyir.
Quzular sevinclə Ülkərin qabağında oynaq-layırdılar. Ülkər onlara baxdıqca həzz alır, ürəyində ülvi duyğular oyanırdı. Həyat xəyal qədər gözəl idi. Hər tərəf yam-yaşıl. Dəyirman çayı sakit-sakit axır və elə bil ki, möcüzəli, ecazkar bir səslə çay nəğməsi oxuyurdu. Bu nəğmədən Ülkərin qəlbi riqqətlənir və nədənsə bu riqqətdən, duyduğu ləzzətdən ağlamaq istəyirdi. Ülkər çayın kənarında oturub, heyrətlə ona tamaşa edirdi, onunla danışırdı. Bu gizli pıçıltılar onu ehtizaza gətirir, o, özünü quş tək yüngül hiss edərək qanadlanmaq istəyirdi. Yox, yox o, artıq bacarmayacaqdı, atası öləndən sonra özünə qadağan etmişdi ki, müəyyən müddət oxumasın. Axı, atası ölmüş qız oxumaz. Ancaq budu, o dözmür, qəlbindəki, ülvi, sirli hissləri ifadə etmək üçün oxumaq istəyirdi. Birdən elə bil ki, şəlalə canlandı, səs dalğası göyün yeddinci qatına yayıldı. O oxuyurdu. Yerə, göyə, çiçəklərə, çaya, otardığı quzulara, çay kənarındakı kol-koslara oxuyurdu. Oxuduqca, səsi quş tək, qanad açır, göydəki Günəşə sarı uçurdu. O, oxuduqca sevincindən üfüqün yanaqları qızardı. Səmada buludlar, bu qızartıdan daha bəyaz, daha gözəl göründülər. Çay Ülkərin oxumasına öz zümzüməsilə səs verirdi.
Ülkər oxuyurdu. Niyə həyat belə sirli, sehirlidi ilahi, niyə? Niyə yaranmışların hamısının gözəlliyi bir-birinə oxşamır? Çayın çay gözəlliyi, göyün göy gözəlliyi, günəşin günəş gözəlliyi, quzuların körpə gözəlliyi, insanın insan gözəlliyi, otların ot gözəlliyi var. Onlar ayrı-ayrılıqda olsalar da, birlikdə daha gözəl görünürlər. Onun uşaq təxəyyülü bundan dərinlərə enə bilmir, ətrafı heyrətlə seyr edərək oxuyurdu.
Birdən nəsə onu bir güclü qüvvənin zəhmi basdı. Elə bil yan böyründə kiminsə nəfəsini hiss etdi. Dərhal çöndü və yerindəcə dondu. Bəlkə də, yüzlərlə parıltılı rənglərin qarşığından don geymiş bir ilan, yarı quyruğu üstə qıvrılıb, başını bir metr hündürlükdə üfüqdən boylanan, hələ ki, yatmaq istəməyən günəşin zəif, qırmızı şüaları, bu rənglərin üzərinə düşdükcə, gözqamaşdırıcı rənglərin, şəfəqləri oynayan gözlərilə, başını dik tutaraq Ülkərə baxırdı.
Ülkər sanki, sehirlənmişdi, ilanın dəhşətli gözəlliyinin qabağında əl-qolu bağlanmışdı. Tərpənə bilmirdi. Gözləyirdi ki, ilan bu saat onu çalacaq. İlan isə yerindən tərpənmir, Ülkərə baxırdı. Birdən ilan qoşa, haça dilini çıxararaq, başını yarım qövs şəkili ilə hərəkətə gətirərək yalmanmağa başladı.
Elə bil gözəgörünməz bir qüvvə Ülkərə anlatdı ki, ilan onun oxumasını istəyir. Bunun üçün ilan ona yalvarır. Ülkərin qorxusu çəkildi və o, yenidən oxumağa başladı, ilan o dəqiqə sakitləşdi. İndi Ülkər daha ürəkdən oxuyur, bəlkə də heç kəsin ağlına sığışdıra bilmədiyi, elə təbii zəngulələr vururdu ki, bu zəngulələrin təsirindən adam ağlamaq istəyirdi.
Birdən, hardansa ay qız ay Ülkər, quzular xalxın yerinə düşdü axı, görmürsən? – deyən səs ucaldı. Ülkər təlaşla ayağa qalxıb quzular tərəfə boylandı və həmin an ilan yadına düşdü. Çöndü, ilan yerində yox idi.
II
O vaxtdan neçə illər keçmiş, Ülkər böyümüş, duzlu bir gözələ çevrilmişdi. Onun badamı, uzunsov, gur kiprikli gözlərin quruluşu, məsumluğu ilə körpə cüyür gözlərinə oxşayırdı. Uca qamətli, incə beli, rəssamların çəkdiyi miniatur gözəlləri xatırladırdı. Gülümsəyəndə gözlərində, sehirli bir işıq yanır, bütün çöhrəsini işıqlandırırdı. Bu anlarda onun gözlərinə baxıb, sarsılmamaq böyük hünər tələb edirdi. Bu isə insan qüvvəsindən xaric idi.
O, indi təsərrüfatda işləyir, anası Gülsümü saxlayırdı. Ana da artıq qapı-bacada hərlənirdi.
Ülkəri indi başqa aləm cəzb etsə də, o günü, ilanla gördüyü günü heç vaxt yadından çıxara bilmirdi.
Hərdən ilan yuxusuna girir, dəhşətli gözəlliyi ilə onu sarsıdır, bəzən də özünün xəyal qəhrəmanını xatırladan bir cavana çevrilir ona xoşbəxtlik, uğurlu gələcək vəd edirdi.
Ülkər qəlbi ilə tək idi, xəyalları idi onun həmdəmi. Bəzən xəyalların əlindən qurtulanda, kasıb otaqlarında tək qalanda öz həzin ürək nəğmələrini köməyə çağırırdı və həmin anların birində, Ülkər həzin, kövrək bir kədərlə oxuyanda, otaqda onu bir hənirti aldı. O, hər tərəfə boylandı, heç nə görmədi. Yenə oxumağa başladı. Ancaq hiss etdi ki, sümükləri eymənir. Başını qaldırıb tavana baxdı və qurudu. Təbii qarğılarla örtülmüş tavanın neçə yeri çürüyüb tökülmüşdür. O yerlərin birində, neçə il bundan qabaq gördüyü ilan başını uzadaraq ona baxırdı.
Ülkər qışqırmaq istədi, səsi çıxmadı. Bir təhər özünü ələ alaraq eşiyə qaçdı. Özünü qapıda hərlənən Gülsümün üstünə saldı. Ana, ilan – deyə bildi.
Anası təlaşla onu üzünə baxdı.
– Hanı?
– Evdə, otaqda tavanda.
– Ola bilməz.
Gülsüm qorxa-qorxa içəri girdi və bir azdan səsi gəldi.
– Bəs, hanı ay qız. Yoxsa yuxu görmüsən. Ülkər ehtiyatla içəri keçib, tavana baxdı, ilan yox idi.
– Yox, yox, mən gözümlə gördüm, odey tavanın arasından baxırdı. Uşaq vaxtı gördüyüm ilan idi.
– Nə gördüyüm ilan, hansı ilan? Nə sayıqlayırsan?
Ülkər, hər şeyi anasına danışdı. Ana fikirli-fikirli
– Qorxma, ilan sənin səsinə vurulub, ondan bizə xəta törəməz. Bir oxu görüm, bəlkə yenə gəldi.
Ülkər oxumağa başladı. Gülsüm tavana Ülkər göstərdiyi yerə baxırdı. Heç nə görünmürdü. Birdən Gülsüm künc tərəfə baxdı və həmin anda boğazı qurudu. Tavanın küncündəki tirə sarılaraq heç vaxt görmədiyi, eşitmədiyi, göz qamaşdırıcı görkəmilə bir ilan başını qaldıraraq Ülkərə baxırdı. Gülsüm əlini uzadaraq Ülkəri silkələdi və əlilə ilanı göstərdi. O, səsini kəsdi. Bu an ilan dilini çıxararaq yalmanmağa başladı.
– Oxu qızım, o, sənin oxumağını istəyir. Ülkər oxumağa başladı. İlan sakitləşdi. Ülkər xeyli oxuduqdan sonra dayandı. İlan sivrilərək qarğıların arasında yox oldu.
Gülsümlə, Ülkər rahat nəfəs alaraq bir-birlərinə baxdılar.
Elə bu vaxt qoca bir arvad, qapını açaraq içəri girdi. Ülkərin sifəti sərt körkəm aldı. Onun Nazlı qarıdan xoşu gəlmirdi. O vaxt, bu vaxt haçan gəldi, onların kasıb güzəranlarını başlarına çırpır, qanlarını qaraldırdı. O, yenə də içəri girən kimi başladı.
– Sizə gələn kimi damarlarımda qanım donur. Belə də yaşayış olar? Belə də ev olar? Hər yan yırtıq, sökük. Aaz, insan deyilsiz? Bu nə gündü, bu nə güzərandı? Xalxın adama oxşamazları yağ içində böyrək kimi bəslənir. Bu cür su sonası kimi qız bu yırtıq evin küncündə çürüyür. O danışdıqca Ülkər rəng verib, rəng alır, dişi bağırsağını kəsirdi.
Qəflətən onun ağlına nəsə gəldi, qımışaraq oxumağa başladı. Qarı səsini kəsərək ona baxdı və yenidən donquldanmağa başladı.
– Eehh, bunun nə eyninə xalxın qızları ailə qurub, ev, eşik sahibi olublar, bu da hələ oxuyur.
Ülkər onu silkələyərək sözünü kəsdi, oxuya-oxuya əlilə tavanı göstərdi. Nazlı qarı ayaq üstə dayana bilməyib dizi üstə çökdü və sürünə-sürünə bir təhər bayıra çıxdı.
Bayırdan onun, – ay camaat kömək edin – səsi eşidildi. Gülsüm ilə Ülkər güldülər. Bir azdan bir neçə qonşu ilə birlikdə Nazlı qarı içəri girdi və tavanı onlara göstərdi. O dey, bax, orada idi, əjdaha boyda ilan idi. Sökün, dağıdın, tapın, öldürün – dedi.
Ülkər gülərək, nə danışırsan Ay Nazlı nənə nə ilan, yəqin gözünə görünüb?
– Aaz, sən əlinlə göstərmədin?
– Yox, əşi ilan nə gəzirdi?
– Ay allah, ay qız axı, ilanı mənə sən göstərdin?
– Mən ilan görməmişəm.
– Daha sənə sözüm yoxdur. Sizdən qorxmaq lazımdır. Siz gərək bu saat hay-küy salaydınız. Ataların məsəlidir. İlanın ağına da, qarasına da lənət. Yox, yox, sizdə şeytan işi var. Qonşular sirli-sirli bir-birinin üzünə baxıb, çiyinlərini çəkərək dağılışdılar.
Ülkərin ecazkar, qaynar və səmimi səsinin sorağı hər tərəfə yayılmışdı. El arasında söz gəzirdi ki, onun səsi hətta ilanı belə ovsunlayır. Kəndin və başqa qonşu kəndlərin cavanların da Ülkərə qarşı hörmət və gizli bir maraq oyanmışdı. Onun səsini, hətta azacıq zümzüməsini eşitmək üçün özünü oda-közə vuranlar var idi. Bununla birlikdə onun sözü-söhbəti kəndin qeybət qıran, ara arvadlarının da dilindən düşmürdü. Bir də görürdün Ülkər onların yanından keçəndə, ona atmaca atır, şəbədə qoşurdular.
– Bıy az bu şah oğlu şah Abbasın qızı kimi yeriyən o dilənçi, dul Gülsümün yetimçəsi deyilmi?
– Sən allah, yəni bu cavanların yuxusunu əlindən alan, ilan ovsunlayan qızdır?
– Yaxşı az, qoy oturaq, bu kifirin nəyi cavanları dərdə salır. Adicə görürlər ki, yiyəsiz şeydi, istifadə etmək istəyirlər
– Az, a balam nəyiniz var, nə istəyirsiniz qoyun xalxın qızı öz yolunnan getsin və s. bu kimi sözlər Ülkərin heysiyyətinə toxunur, daxilindən acı tüstü kimi keçən nə isə boğazına toplanır, dilini qovuşdurub ağzında kösöv edirdi. Onun pisliklərdən uzaq, təmiz qəlbi özünə olan bu münasibəti başa düşmür, hardasa bütün bunların günahını özündə görürdü. Yəqin mənim hərəkətlərim yüngülsayaqdı, özümdə bilmədən səhv hərəkət edirəm. Yəqin o günü toyda, o cavana gizlicə baxdığımı duyublar? Deyirlər ki, yetimçənin könlündən gör kimlər keçir. Ah, mən nə pis qızam, deyə özünə divan qururdu.
Bu zaman o, tamamilə daxilinə qapanır, adamlardan uzaq qaçırdı. Arzusunu, istəyini, narazılığını, fəryadını nəğməsinə söyləyib, bununla özünə təsəlli tapırdı.
Dan yeri yenicə sökülür. Səhər gecənin qoynundan çıxmağa çalışırdı. Ülkər ürəyinin nəğməsinin səsinə oyandı. Düşündü ki, elə indi gedim tütün dərim. Camaat gələnədək xeyli yığaram. Bəlkə bu yay xeyli pul toplayıb, evimizi qaydaya saldıraq. Gözünün qabağına rənglənmiş, səliqəli evləri gəldi. Bu xəyalın sevinciylə ayağa qalxdı və bir azdan tütün sahəsinə yollandı. Ülkər bütün varlığıyla yuxudan yenicə oyanan təbiətin gözəlliyini, təmizliyini duyurdu. O, addımlarını atdıqca cığırlarda bitən kol-koslar, otlar onun ayaqlarını qucaqlayır, sevinc yaşlarını ayaqlarına tökürdülər. Bu təmasdan Ülkər diksinir, bədənindən soyuq rişə keçir, o həyacanlanır, könlündə riqqətli duyğular oyanırdı. Bəlkə də bu anın keçirdiyi hisslər uzun, yuxulu ömürlərin hamısına bərabər idi.
O, tütün sahəsinə çatdı, bir azca nimdaş, təmiz paltarlarını tütün sahəsindən qorumaq üçün, üstündən köhnə, yamaqlı paltar geydi, saçını yaylıqa möhkəm-möhkəm sarıdı. Sahəyə girib tütün dərməyə başladı. O, şirəli, sarımtıl-yaşıl tütün yarpaqlarını vərdişanə bir hərəkətlə dərdikcə qeyri-müəyyən, sehirlə bir musiqi ritmi yaranır, onun sümüklərini oynadırdı. Şaq-şaq, şıq-şıq, şıq-şaq, şaq-şaraq.
Ülkər bu ritmə uyğun oxumağa başladı. Oxuya-oxuya, işləyə-işləyə öz dünyasına qapıldı. O dünyaya ki, orda nə paxıllıq, nə riyakarlıq, nə də yalana yer var idi. O dünyaya ki, o dünya da dünyəvi arzular qol-qanad açıb göylərdə süzürdü. İnsanı yaşamağa, yaratmağa, yaxşılığa səsləyirdi.
Birdən böyründə şıqqıltı eşitdi. Özünə gələndə, özünü kənddə birinci nifrət elədiyi, ona pis nəzərlərilə göz verib, işıq verməyən yekəpər, nataraz gövdəli Nadirin qolları arasında gördü. Az qaldı ürəyi partlasın, çırpınmağa başladı, qurtara bilməyəcəyini görəndə, qışqırmaq istədi. Yekəpərin kobud əlləri ağzını qapadı. O, nifrət elədiyi bu qolların arasında əzabla çırpınırdı. Qollar getdikcə, kəlbətin kimi onu sıxır, ayaqları yerdən üzülürdü. O, nifrət elədiyi bu adama yalvarmağa başladı.
– Mənim ismətimə toxunma, yalvarıram. Məni məhv etmə.
Cavab əvəzinə onu iyrəndirən təmaslar alırdı.
Ülkər çırpına-çırpına heydən düşdüyünü hiss edir, gücsüzlüyünü dərk etdikcə bu iyrənc məxluqa daha da nifrət edirdi. Birdən yekəpər Nadir vəhşi bir böyürtü ilə onu qolları arasından buraxdı.
Ülkər, canavar əlindən qurtarmış kimi geri sıçrayıb qaçmaq istərkən, qorxu dolu iniltiyə geri çevrildi. Gördüyü mənzərə onu sarsıtdı.
Onun səsinin vurğunu olan həmin ilan, yekəpər Nadirin bədəninə dolanıb, onu sıxır, başını dik tutub düz onun gözlərinə baxaraq, haça dilini acıqla oynadırdı.
Ülkər donub qalmışdı. Nadir yalvarışla, qorxu dolu gözlərini ona zilləyib, imdad diləyirdi. Bu an hiss elədi ki, bir azdan Nadirin son nəfəsidir. O, bu fikirdən diksinərək göz yaşlarıyla, ilana yalvarmağa başladı.
– Burax bu heyvanı, ay Allahın insan ilanı. Sən öz hərəkətinlə insana, bu nataraz isə öz hərəkətilə canavara oxşayır. Burax onu, Allah xatirinə, qoy öz əməli öz başında çatlasın. O ölsə, mən həmişə onun ölümün də özümü günahkar hiss edəcəm. Burax,… burax… Ülkər hönkürtü ilə ağlamağa başladı. İlan yavaş-yavaş Nadirin bədənindən sıyrılıb düşdü və Nadirin iki addımlığında quyruğu üstündə, başını dikəldib, bütün dəhşətli gözəlliyi ilə ona baxıb, meydan oxumağa başladı.
Nadir dal-dalı çəkilərək, birdən qaçdı və briqadir Rüstəmlə qarşılaşdı.
– Ayə, a xalası göyçək, nə yaman həyacanlısan, səhərin gözü açılmamış burda nə veyillənirsən?
Nadir cavab verməyərək, sürətli addımlarla irəlilədi. Onun bu halından şübhəyə düşən Rüstəm atının belinə çıxıb, ayağa qalxıb sahəyə boylandı. Ülkərin heysiz torpaq üstə oturmasını görüb, baxışlarını düyünlədi. Bir az fikirləşdikdən sonra, ikrahla ağzını büzərək öz-özünə qıza sarı – tfu sənin qeyrətinə dedi.
O gündən sonra Ülkərin günü qara geydi. Bu qara paltarlı gün Ülkərin ürəyini sıxır, onu günahlandırır dünya gözündə qaralırdı.
Dedi-qodular, qeybətlər qol-qanad açıb onun başı üstündə hərlənirdi.
Qızlar onu görəndə bir-birinə göz vururaq deyirdilər: Mən, obaşdan tütün yığmağı sevirəm, çünki onda heç bir şahid, filan olmur – sözləri Ülkərin qəlbini dağ-dağ edir, haldan-hala salırdı.
O, adamların gözünə görünməməyə çalışır, bu adamların arasında özünü günaha batmış, natəmiz hesab edirdi.
Bəli, o ləkələnmişdi. Nataraz Nadir onu qucaqlamış, murdar nəfəsi üzünü yalayıb murdarlamışdı. Bu düşüncələr onun qəlbini yorur, içəridən oyulurdu. Özünün gizli dünyasında əzizlədiyi o cavanın xəyalı düşüncələrinə qonaq gələndə diksinir və o xəyalın qabağında xəcalətindən duz kimi əriyirdi. Özünün ona layiq olmadığını bütün varlığıyla duyurdu, gərək o, özünü qoruyaydı. Axı, nəyə görə ehtiyatı əldən verib, tək tənha tütün sahəsinə yollandı. Nəyə görə? Deməli, o yelbeyindir, ağılsızdır. O, təmizliyini qoruya bilmədi. Bu anda o xilaskar ölüm haqqında düşünür, anası Gülsümün yetim baxışları ölümü qovurdu. Ülkər naəlac halda əlilə üzünü tutaraq hönkürürdü. Ağlaya-ağlaya düşünürdü ki, Allahın ilanı da daha onun gözünə görünmür. İlan da onu bağışlaya bilmir.
Ülkər bu düşüncələr içində qovrularkən nataraz Nadir də rahatlıq bilmirdi, bir neçə dəqiqə ağuşunda çırpınan bədəninin gözəlliyi oda dönərək yorğan-döşəyinə tökülür, onu səhərədək yatmağa qoymurdu. Bu hisslərin qabağını ilanın zəhmi də ala bilmirdi.
O, bu hisslərin əlində üzüldüyünü hiss edərək Ülkərgilə elçi göndərməyi qərara aldı.
Elçilər minnət qoya-qoya Gülsüm arvada dedilər: Oğlumuz deyir ki, adımız çıxıb, qoy canımız da bir yerdə çıxsın.
Ülkər dəhşətə gəldi. Özünü sanki, əjdahanın ağzında hiss etdi. Yox, yox, o, ölməyə razıdır, ancaq Nadirin arvadı olmağa yox.
Anası Gülsüm ilan dili çıxararaq ona yalvarmağa başladı. O, mütləq bu işə razı olmalıdı ki, bu pis ad üstündən götürülsün. Onda Gülsüm də elin dinazından qurtarar, nəvə sahibi olar. Öləndə də o dünyaya rahat gedər. Nəhayət, o, Ülkəri razı sala bildi.
Toya hazırlıq gedirdi. Ülkər nişanlandığı gündən ta indiyə qədər lal kimi hərlənir, mükəddər baxışları dil deyib ağlayırdı. Artıq üç gündən sonra, dünyada ən çox nifrət elədiyi adamın arvadı olacaq. Onun bədheybət sifətinə baxa-baxa yuxuya gedəcək, səhər ayılan kimi yenə də gözləri ilk dəfə ona baxacaqdır. O, dərdin ağırlığı altında inləyərək, özü də bilmədən dəyirman çayının kənarına gəldi.
Çayın nəğməsi ona, şikayət dolu fəryad kimi gəldi. Necə ki, dünən onu Nadir qolları arasına alanda, onunda ürəyi belə fəryad çəkirdi. Göy üzünə baxdı, bulud qaralmışdı, üzünə bir neçə damcı yağış düşdü. Düşündü ki, bu, mənim göz yaşlarımdır, dünyanın torpağına, daşına tökülür. O, bu hüzündən sıxıldı, bəlkə də dünyanın eşitmədiyi bir kədərlə oxumağa başladı.
Öldürdü bu qəm, haray,
Ölürəm, aləm, haray.
Görən qismət olarmı,
Ürəkdən güləm, haray.
Bağçada gülüm soldu,
Od tutan külüm oldu,
Mən göyləri istədim,
Ayaqda kilim oldum.
Onun bənzərsiz, dərdlə, ələmlə suvarılmış səsi, qol, qanad açaraq, elin başı üstündə çağladı. İnsanlar bu səsi eşidərək yerlərində dondular. Bu səs onların iliyinə işlədi. Bu anlarda hamı anladı ki, bu səs, bu səsin yiyəsi təbiət tərəfindən yaradılan möcüzədi.
Çayın kənarında kol dibində gizlənən ilan, bu səsin möcüzəsindən tir-tir əsirdi. Ülkər oxuyurdu:
Nə tez aşıkar oldum
Ovçuya şikar oldum.
Mən neylədim dünyaya
Belə günahkar oldum.
Bu səsin harayı, ürəyində Ülkərin məhəbbətini qoruyan cavanın da qulağına doldu. O, söz aça bilmədiyinə, gecikdiyinə görə özünü danlaya-danlaya o səsin harayına uçdu. Ülkərin on addımlığında, kol dalında diz çökərək, bu səsin harayı ilə birgə gizlicə göz yaşı tökdü.
Əzizim qəmdə qaldı
Dil susdu bəmdə qaldı,
Ay xəbərsiz sevgilim,
Eşqin qəlbimdə qaldı.
Bu zaman Ülkər bütün qəlbiylə nifrət etdiyi adamın nataraz addımlarının yaxınlaşdığını duydu. Onun yaxınlaşmasına imkan vermədən, həyacan içində evə tərəf qaçdı.
Ülkər oğlan evində, gəlin otağında təkcə, qorxusundan tir-tir əsərək gözləyirdi. Gözləyirdi ki, indicə əjdaha onu kamına çəkəcək və əbədi məhv olacaq. O, özünə ürək-dirək verir. Nadirin namuslu olmağını, onu biabırçılıqdan qurtardığını özünə təlqin etmək istəyirdi. Lakin ürək o dediyini demirdi. Anasının yalvarışlı səsi qulağında cingildəyirdi. Üzümüzü ağ et, atanın ruhunu sevindir.
Nadir içəri girdi. O, qabağında tir-tir titrəyən ovunun misilsiz gözəlliyindən sarsılmışdı. Bu gözəlin sahibi olduğuna inanmırdı. O, ovunu qucağına aldı. Ülkər gözlərini yumdu…
O, gözlərini açanda, özünü nifrət elədiyi adamın ağuşunda gördü.
– Çox sağ ol mənim təmizim, mələyim. Al su iç, bir az özünə gəl.
Ülkər bu sözləri eşidər, eşitməz ürəyində nəyinsə qırıldığını hiss etdi, əllərini suya uzatdı. Həmin dəqiqə də qolları yanına düşdü. Nadir onun üzünə baxaraq dəhşətlə qışqırdı.
Evin adamları içəriyə doluşdu. Təbiətin yaratdığı ən nadir möcüzələrdən biri, öz təmizliyini sübüt edərək, insanların haqsız qınağından yaralanmış qəlbilə əbədiyyətə qovuşmuşdu.
El bu qəfil sorağı alaraq, öz saf, təmiz gözəlini ağlamağa yığışmışdı. Hamı bu cənazənin kənarında oturan, arvadlar, evdə, bacada hərlənən kişilərin hər biri bu ölümdə bir növ özünün günahkar olduğunu dərk edir, bu vaxtsız gedişinə ürəkdən təəssüf edir və fikirləşirdilər ki, hələ yüz illər belə, keçsə də, belə nadir istedad bu kəndə qismət olmayacaq. Qaranlıq otağın birində ürəyini ovcu ilə sıxan bir cavan başını yerə döyürdü.
Ağlaşmanın şirin yerində tavandan tappıltıyla min bir rəngə çalan bir ilan cənazənin üstünə düşdü. Camaat qorxaraq qışqıra-qışqıra eşiyə səpələndi. Bir az ürəkliləri aynadan boylandı. İlan haça dilini çıxararaq, cənazənin dörd yanında yalmanmağa başladı.
Hamı susmuşdu, arvadların bəziləri sakitcə dizinə döyür, saçını yolurdu.
Birdən heybətli, insanı dəhşətə salan bir mələrti eşidildi. Hamı qorxudan saraldı. Arvad, kişi bir-birinə qısıldı.
Dünya görmüş Nazim kişi, dizinə vuraraq, İlandı, mələyir dedi.
Nazim kişi sürünə-sürünə pəncərəyə yaxınlaşdı.
İlan mələyirdi. Bu mələrtidən yer, göy, dam, daş silkələnirdi. Adamlar qorxudan bir-birinə sarılmışdı.
Gülsüm arvad zorla camaatın əlindən qopub, özünü içəri saldı. O, cənazənin bir tərəfində, ilansa o biri tərəfində durdu. O, şivən çəkir, ilan isə mələyirdi. Ananın səsi ilə ilanın səsi bir-birinə qarışaraq, damarlarda qanı donduran, sözlə ifadə edilə bilməyən səsə çevrilərək adamları qılınc kimi kəsirdi. Bu səsin təsirindən baş alıb qaçanlar, özündən gedənlər oldu. Bir azdan heydən düşən ananın səsi kəsilərək yerə sərələndi.
Nazim kişi gördü ki, ilan mələdi, mələdi və sonra birdən bir boy qalxaraq özünü, cənazənin yanında yerə çırpdı. Dəhşətlə qıvrılaraq, daha tərpənmədi.
Mələrti kəsildi. Nazim kişi camaata, ilan özünü öldürdü dedi.
Ancaq yadda saxlayın, ilan mələyən yerdə insan yaşamaz. Deməli, bu kənddə insan yaşamır. Bizim haqsızlığımıza görə, bu, bizə allah tərəfindən verilən cəzadı. İlan bizdən yaxşı insanmış.
Bu sözlərdən sonra Nazim kişi əllərilə üzünü örtərək hıçqırdı. Vay-işvən kəndi başına aldı.
Bu vay şivən səsinə qara paltar geyinmiş buludlar kəndin başı üstündə, göy üzünə toplaşdılar. Yandı, yaxıldı buludlar, oda, şimşəyə döndülər. Onların ildırım hönkürtüsü dünyanı silkələdi göylər göy üzündən yaş ələdi. Bu kəndin adamları təlaşla Göy üzünə baxıb-dedilər:
– İlahi, Ülkər ağlayır…
Yazıya 625 dəfə baxılıb