GƏRƏK VULKAN PÜSKÜRSÜN AZƏRBAYCAN ŞAİRİ…

64481608_2046380842337545_5572347572636352512_nYusif Hüseyn:”Səxavət Kəlbəcərli əsl patriot vətəndaş və cəsarətli qələm sahiblərindəndir…”

Səxavət Kəlbəcərli yaradıcılığı haqqında düşüncələrim:
“Tanrıdan istəmərəm bizlərə səbir versin,
Vətəni qəlbən sevək, öləndə qəbir versin.
Elə yazaq ,Prezdent döyüşə əmir versin
Qarabağı heç zaman unutmayın şairlər”.

Səxavət Kəlbəcərli
Maraqlıdı ki, Kəlbəcər poeziyasını vərəqlədikcə hər bir şairin kimsəni təkrarlamayan özünə məxsus yaradıcılığının sehrinə düşürsən.Tutarlı metaforalar, həyatı mövzular əsil şairlər üçün həmişə var və olacaqdır. Belə Kəlbəcərli şairlərimizdən biri də öz ilhamı və sanballı deyim tərzi ilə oxuculara yaxşı tanış olan Səxavət Kəlbəcərlidir:

Təbiət möcüzə- yaranmışından
Arının qəlbini bilən çiçək var.
Səhər günəşində açıb gözlərin,
Gecə köynəyinə girən çiçək var.

Gözündə tək bircə ümüd yanmamış
Həsrətə qohumdu, möhnətə tanış.
Hələ arzuları puçurlanmamış,
Elə qönçəsində ölən çiçək var.
Bu məqamda şair Sücaətin bir bəndi xəyalımda canlandı:
“Kimi titqun doğulur, tutqun ömür-gün sürür,
Kimi günəş şəfəqi saçır, gedir dünyadan..
Kimi düymə yaranır, düymə düşür budaqdan,
Kimi qızılgül kimi açır, gedir dünyadan”..
Sücaət
Gül var ki ,boylanır zirvədən ,dağdan
Gül var ki, naz edir budaqdan, bağdan.
Xoşbəxt görünsədə güllər uzaqdan
Ağlayan çiçək var ,gülən çiçək var.
Səxavətin bu şerini oxuyanda yağı tapdağında qalan dağlarımızın “qan ağlayan çiçəklərini” düşünməyə bilmirsən.
Elektron dünyamızda, vertual aləmdə hazırda şair adına sığınan o qədər “yaxşılı-yamanlı” yazarlara rast gəlirik ki, bəzilərini oxuduğuna da peşiman olursan. Açığını deyim ki Səxavətin şeirlərini illərdi ki, izləyirəm. Yaradıcılığı qənaətbəxşdir.Ona görə də bu yazımı da şairin özündən xəbərsiz yazmışam. Onun sizlərə tanış olan və olmayan tərəflərini göstərməyə çalışacağam. Yazıma qiyməti isə Sizlərdən gözləyirəm hörmətli oxucularım.
TƏRCÜMEYİ HALINDAN QISA ARAYIŞ:
Səxavət Kəlbəcərli. Səxavət Ellaz oğlu Süleymanov 1985 ci ildə Kəlbəcər rayonun Zar kəndində anadan olmuşdur. Məlum Qarabağ hadisələrindən sonra Mingəcevir şəhərində məskunlaşıblar. Gəncə Humanitar Kollecini bitirmişdir. Hələ çox gənc yaşlarından bu imza mənə tanışdır. Məclislərdə ara-sıra gözəl və məzmunlu şeirlərini dinləmişəm. 2012 ci ildə “Mənim ürəyimi sən yaşadırsan” adlı kitabı nəşr olunub. Ailənin sonbeşiyidir. Hələ də subaydı. Azərbaycan Yazçılar Birliyinin üzvüdür. 2018 ci ildə Prezident təqaüdünə layiq görülüb:
Deyirsən sevirəm, amma yaşın çox
Mən nə yaşadım ki , yaşım çox oldu ?
Sənin gözlərinə baxdığım zaman
Bütün sarsıntılar bir an yox oldu.

Kim səni qınayır qınasın elə
Sevirəm sözünü dilində saxla.
Qoy sənə kimsənin sözü çatmasın
Birini deyəndə ,birin də saxla.

Elə xoşum gəlir, inan əzizim
Qoy olsun əbədi mənim , saçların.
Burda bölünməli nə var ki , gülüm
Mənim yaşım uzun, sənin saçların.
Gözəl təzaddı. Əslində şairin elə də çox yaşı yoxdu. Doğma el-oba həsrəti, yurd-yuva nisgili çox gənclərimizin qara tellərini vaxtsız- vədəsiz ağardıb.
Səxavət Kəlbəcərlinin şeirlərini oxuyanda hiss edirsən ki klassik ənənələrimizdən, ustadlarımızdan bəhrələnib:
Vaxtım itib, görən saat neçədi
Bilirəm ki, bir ömürlük gecədi.
Sən ey dəniz söylə gorüm necədi ?
İki ürək bir ürəyin içində.

Deyilər ki ,sadiq olaq bir birə,
Hərdən küsək nəticəsi;- bir- birə.
Nə şirincə sarılıbdı birbirə-
İki ürək bir ürəyin içində.

Çin olmamış arzuları söyünür,
Qara gözlüm paklığıyla öyünür.
İnan, bütöv dünya boyda döyünür
İki ürək bir ürəyin içində.

Bu qəm yükün daşıyarmı görəsən?
Ayrılarmı,boşuyarmı görəsən?
Xoşbəxt olub yaşayarmı görəsən?
İki ürək bir ürəyin içində?
Gözəldi..Yenə də deyirəm. O şair yaşayacaq ki onun öz deyimi, öz yolu var. Şeri özünə bənzəsin..Bəli Səxavət Kəlbəcərlinin bütün yaradıcılığı haqqında deyə bilərəm ki, onun da öz dəsti-xətti, özünə məxsus şair baxışı var. Şairin poeziyasında insan amilinə müasir baxışı qürurvericidir:
Kimsənin işinə qarışmaq olmaz,
Ay insan, əməlin, işin mübarək!
Daş nədi, əllərə nizə götürün
Şeytanın bağrını deşin- mübarək.

Ziyarət edirsiz can bahasına,
Şöhrət bahasına, şan bahasına,
Tanrının yanında qan bahasına,
Aldığın qiymətin – beşin mübarək!

Səxavət, dünyaya sirr gəlişindən,
De varmı xəbərdar pir gəlişindən?!
Bir kral oğlunun bir gəlişindən-
A cənnət, bir yığın leşin mübarək!…
Düşündürücü bir şeirdi. Xüsusən son beytdə çox şey əxz olunub:

 

”Bir kral oğlunun bir gəlişindən-
“A cənnət, bir yığın leşin mübarək”!

 

Bu cənnət isə şəhidlərimizin ali dünyasıdır desək yanılmarıq…
“Vətən deyəndə” şerində yurd yanğısı , ana fəryadı, vətəndaş bir şairin hayı-harayı açıq-aşikar görünür:
…Səxavət, zirvədən baxan şəhidin,
Əbədi günəş tək doğan şəhidin.
Qanı o torpağa axan şəhidin
Anası göynəyir- Vətən deyəndə.
Bütün müşahidələrimdən açıq-aşikar deyə bilərəm ki, Səxavət Kəlbəcərli əsil patriot vətəndaş və cəsarətli qələm sahiblərindəndir ki, öz poeziyasının dili ilə çoxlarının danışıqda deyə bilmədiyini nəzmə çəkə bilir. Onun aşagıdakı gəraylısı yurda çağırışdı:

Biz silaha köklənmişik,
Hər anımız Qarabağdı.
Həm yaralı torpağımız,
Həm canımız Qarabağdı.

Karvan -karvan ,köçündəyik
Yığındayıq ,biçindəyik.
Biz bir dərdin içindəyik
Hər yanımız Qarabağdı.

Yad əliylə yanıb qalan
El obasın anıb,qalan.
Qanadları sınıb qalan
Tərlanımız Qarabağdı.

Vətən gözəl , Yurdum xalı
Sona yetsin qeylü-qalı!
İnamımız qayıtmalı!
İmanımız Qarabağdı!

Bax o günə qalıbdı az
Ay Səxavət zəfərdən yaz.
Qılıncımız umur qisas
Ünvanımız Qarabağdı.
Bəli, şair əvvəl-axır bu ünvana axınımız da başlayacaq. Ta ki Allah rüsxət versin. Səxavət Kəlbəcərlinin cəsarətli və inamlı şeirlərindən biri də “Qaytaraq Qarabağı” şeiridir:

Bizlərə haray yoxdu, yad qonşudan, yamandan,
Xocalını göynədir, o qarlı gün, həmin dan.
Ey Müdrik Prezdentdim, ey Ali Baş Komandan,
Bu illər dolandıqca dağ üstə çəkir dağı-
Vədəsi çoxdan keçib, qaytaraq Qarabağı.

Sarılaq silahlara, canlar alaq, can verək,
Cadar-cadar torpağa qanımızdan qan verək.
Üçrəngli bayrağmıza şöhrət verək, şan verək
Yerlə yeksan eyləyək, “zatı qırıq calağı”-
Vədəsi çoxdan keçib, qaytaraq Qarabağı.

Çoxumuz dildən düşüb, azımız dilə gəlsin
Saralıb dağlarımız, yazımız gülə gəlsin.
Şeirimiz havalansın, sazımız dilə gəlsin
Şəmşirin məzarının üstə qoyaq çırağı –
Vədəsi çoxdan keçib, qaytaraq Qarabağı.

Səxavət, gözləməkdən bağrımız köz- köz olar…
Siyasət meydanıdı, gündə min cür söz olar..
Hücuma keçər olsaq, məramımız düz olar,
Sancılar Dəlidağa Azərbaycan bayrağı-
Vədəsi çoxdan kecib, qaytaraq Qarabağı.
Şair, qardaşım, iİnanıram ki, bütün bu arzularımızın yerinə yetməsinə çox qısa zaman kəsiyi qalıbdı. Biz mübarək bayrağımızı möhtəşəm dağlarımıza taxacağıq. Ali Baş Komandanımızın və Qüdrətli ordumuzun, Qeyrətli oğullarımızın sayəsində. İnşallah…
Səxavət Kəlbəcərli oxucusu olan və sevilən şairlərimizdəndir. Hətta şeirləri İranda fars əlifbası ilə dəfələrlə dərc olunub. Onun bir çox şeirləri qiraətçilər tərəfindən məclislərimizin yaraşığına çevrilib. Bu qəbildən şairin bir şerini də siz oxucularıma ərməğan edirəm:

Siz Vətən şeirlərin , deyin necə yazdınız?
Qarabağı heç zaman unutmayın şairlər.
Ruh dəyişdi , bir anlıq fikirdənmi azdınız ?
Qarabağı heç zaman unutmayın şairlər.

Gecələri düşünün, açılanda dan, yazın,
Əbədi cuşa gəlsin damarlarda qan,yazın.
Laçından, Kəlbəcərdən, “Qanlı Şuşa”dan yazın,
Qarabağı heç zaman unutmayın şairlər.

Ürəyimdə neçə dərd boya çatdı, irildi,
Sağlarım ölü kimi, ölülərim dirildi.
Qarabağ qan ağlayır elsiz iyirmi bir ildi
Qarabağı heç zaman unutmayın şairlər.

Birin yazıb durmayın,yazın beşindən yazın.
Ruslarla erməninin qanlı işindən yazın.
Xocalıda kəsilən “ana döşü”ndən yazın
Qarabağı heç zaman unutmayın şairlər.

Tanrıdan istəmərəm bizlərə səbir versin,
Vətəni qəlbən sevək, öləndə qəbir versin.
Elə yazaq ,Prezdent döyüşə əmir versin
Qarabağı heç zaman unutmayın şairlər.

Yaralı məmləkətin , söyləsin qan, şairi
Vətən! Vətən!..Deməli, verəndə can ,şairi.
Gərək vulkan püsgürsün Azərbaycan şairi,
Qarabağı heç zaman unutmayın şairlər.
Şair dərd içində yanıb qovrulsa da o inildəmir, ağlamır, zarımır. O haray çəkib Vətən oğullarını yenidən döyüş meydanına, düşmənlə mübarizəyə haraylayır.
Səxavət Kəlbəcərlidə mövzu kasadlığına rast gəlmək olmur. Əsil anadan gəlmə şairlərdə mövzu həmişə var və olacaqdır:

Bir bax, yaşıl donlu gözəlim mənim
Həsrətdən düşübdü, saçımda dən var.
O məğrur daşlarda , sal qaylarda
Neçə şəhid qanı, gör neçə “mən” var.

Qartal tək göylərdə təklənmişəm mən
Qurd kimi baxmışam, şəklənmişəm mən
O qədər qəzəbə köklənmişəm mən
Qəlbimdə şimşək var, gözümdə qan var.

Dağların ağ tala qarı boylanır,
O üzdən könlümün yarı boylanır.
Üzüm Kəlbəcərə sarı boylanır,
Ay Allah içimdə tək birçə yön var.

Səxavət ürəyim olubdu yara,
Taleyim dönübdü ocağa ,qora.
Bəlkədə ahımdı çəkildi ora,
Bir baxın Kəpəzin başında çən var.
Şerin təhlilə etiyacı qalmır. Şair öz anadangəlmə təbinin qüdrəti ilə hər şeyi deyir:

“O qədər qəzəbə köklənmişəm mən
Qəlbimdə şimşək var, gözümdə qan var.”
Digər bir şerində mən deyərdim ki, hələ poeziyada deyilməmiş bir bənddə şairin özünə məxsuzu ürək ağrısıdı:
Hələdə dözürük biz ürəyi daş
Ümüdlər bu qədər nazilməyəydi.
Bədəndən ayağım kəsiləydi kaş
Vətəndən ayağım kəsilməyəydi.
İlk baxışda hər birimizə bu ifadə sadə gələ bilər. Amma düşündükcə bu bənddə hansı ağrıların yatdığı da sənə bəlli olur…
Qardaş ölkə Türküyə Resbubilkasi düşmənlərimizə qapı açamaq niyətində olarkən yenə də qələminə sarılıb öz əqidəsindən, öz amalından əl çəkmədi:
Ürəyi dəhşət ilə dolu, Azərbaycanın,
Uçuruma dönərdi yolu ,Azərbaycanın.
İnanın ki, sınardı qolu Azərbaycanın,
Gəl açma düşumənlərə yolu, Türkün Bayrağı-
Gözümüzdən düşməsin Ulu Türkün Bayrağı.

O qapnı yadlara açana haram olsun,
İstəmərəm köksümdə bu da bir yaram olsun.
Niyə daşan səbrimz çəkilsin tarım olsun,
Atın xəyalınızdan bu millətə qıymağı-
Gözümüzdən düşməsin Ulu Türkün Bayrağı.

Korpələrin günahsız ölümündən ayıbdır,
Anaların qapqara geyimindən ayıbdır,
Bir millət iki dövlət deyimindən ayıbdır,
Yağdırma başımıza dolu, Türkün Bayrağı-
Gözümüzdən düşməsin Ulu Türkün Bayrağı.

Həqiqət tapdanmasın, qoy başda başa dönsün,
Yalan olsun bu xəbər, sevincim yaşa dönsun.
Səxavət inanmıram,.. İnanan daşa dönsün,
Xar edərmi heç bizim eli, Türkün Bayağı-
Yağlara yenlməz, Ulu Türkün Bayrağı.
Şairin zamana baxışı müasir olmalıdı və hər bir nüansı görməlidi. Türkiyyənin səmasında Rusiyanın uçağı vurulan zaman da öz cəsarətli deyimi ilə bir daha sübut etdi ki əsil şair üçün hər bir nüans maraqlı mövzu ola bilər. Şair burda bütün cəsarəti ilə Rusyanın Prezidenti Putinə çox güclü bir mesaj ünvanlayıb ki bu da təqdirə layiqdi. Var ol Şair! Həmişə belə cəsarətli olmağı arzulayardım:

Türkün polad biləyi, Türkün qurd ürəyi var
“Qanlı Xocalı” boyda , Türkün dərd ürəyi var.
Türkün əyilməzliyi, Türkün mərd ürəyi var
Putin, əyil söyləyim, qoy eşitsin qulağın;-

Türkün səmalarında uça bilməz ,uçağın!
Sizlər bayis olmusuz, çox tökülən qanlara!
İyirmi yanvarda ki, günahsız insanlara!
İlişmə türk oğuluna , ilişmə Turanlara!

Nizə batar gözünə ,qanla dolar qucağın!
Türkün səmalarında uça bilməz uçağın!
Yaralı aslanların qəzəbi sərt olur, bil!
Bu qəzəblər sonradan yaxşıca görk olur, bil!

Qartalın gözü iti , çaynağı bərk olur, bil.!
Fəlakətə uğrayar hər küncün, hər bucağın!
Türkün səmalarında uça bilməz uçağın!
Səxavət, ürəyimiz çəkilsədə şişə , de!

Ta səbir bizlər üçün olmaycaq peşə, de.!
Putin, götür qamçını, kürəyinə döşə, de!
Qarabağdan rədd olsun o erməni ulağın!
Türkün səmalarında uça bilməz uçağın!
Onu da xatırladım ki, statuslarındakı rəylərdən görünür, Səxavət Kəlbəcərli oxucu sarıdan korluq çəkmir. Mən həmişə demişəm, bu gün də deyirəm ki, şairin xoşbəxtliyi və uğuru onun bol-bol oxucuları olmağındadır. Səxavət bu cəhətdən deyərdim ki bəxti gətirən şairlərimizdəndir.
Səxavət Kəlbəcərlinin yurd həsrətli, el-oba ağrılı bir şeri də Kəlbəcərin anım günündə yazdığı şeirdi ki, hər misrası bizi yurda haraylayır ki: ”Zəri tapdalanıb Azərbaycanın”:

Bu gün Kəlbəcərin işğal günüdü…
Bu gün ağır elim Murovdan keçir.
Ata balasından nigaran qalır
Oğul ata adlı girovdan keçir.

Bu gün Kəlbəcərin işğal günüdü
Solur, Kəlbəcərin çiçəyi solur.
Zirvədə qartalın gözü yaşarır
Kolda bənövşənin ləçəyi solur.

Bu gün Kəlbəcərin işğal günüdü
Bu gün Sücaətin məzarı yanır.
Bu gün Bəhmənimin ruhu yasdadı.
Külli Kəlbəcərin yazarı yanır.

Bu gün Kəlbəcərin işğal günüdü
Bu günü anmışıq 21 dəfə.
Bir igid ömüründən uzun zamanda
Qeyrətə gəlmirik niyə bir dəfə?

Bu gün Kəlbəcərin işğal günüdü
Yeri tapdalanıb, Azərbaycanın.
O cənnət bənzəri Kəlbəcər adlı
Zəri tapdalanıb Azərbaycanın.
Darıxma, şair,İnşallah inanıram ki, yaxın zamanlarda “Qələbəmiz” adlı şerin də ən tutarlısını sən yazacaqsan. Bu əqidədə, bu amalda yaz-yarat qardaş. Sənə yaradıcılığında yeni-yeni uğurlar arzulayıram. Doğma dağlarımızda görüşməyi hər birimizə arzulayıram.

Kəlbəcər poeziyasına hörmətlə:
Yusif Hüseyn, şair-tədqiqatçı , 
“Qızıl Qələm” mükafatı laureatı,
 05 noyabr 2019 cu il

Yazıya 753 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.