Akif Abbasov – “ƏTİN SÜMÜYÜ”

 akif abbasov(hekayə)

            İslam fəlsəfə doktoru idi. Elmlər doktorluğu hazırlığı üzrə də mövzu götürüb dissertasiya üzərində işləyirdi. Səriştəli tədqiqatçı idi. Bir gün işdə oturub jurnala məqalə yazırdı. Bu zaman telefon zəng çaldı. Mansur idi. Yaxın dost olmasalar da, salam-kalamları vardı. Bir-birinin xətrini istəyir, bir-birinin sözünü eşidirdilər. İslam dəstəyi qaldırıb:

         -Alo, eşidirəm, Mansur müəllim.

         -Salam, necəsən?

         -Şükür Allaha! Yaxşıyam. Sən necəsən? İşlərin necə gedir?

         Mansur da razılığını bildirdi. O, Bakıdakı zavodlardan birində sex rəisi idi. Öz işinin də ustasıydı.

         Mansur:

         -Qardaş, sənə bir işim düşüb, – deyə mətləb üstünə gəldi.

         -Buyur, buyur.

         -Bilirsən, səndən yaxşı olmasın, mənim bir dostum var. Onun oğlu sizin sahədə doktorantdır. Dissertasiya  yazır. Elmi rəhbəri deyib ki, əsərini redaktəyə ver, qoy abıra salsınlar. Deyirəm bəlkə ona kömək əlini uzadasan. Zəhmət haqqını da verəcək.

         İslam:

         -Bəs nə əcəb elmi rəhbəri əl gəzdirmir? – deyə xəbər aldı.

         Mansur:

         -Elmi rəhbərinin işi başından aşır, deyir özümə məqalə yazmağa vaxt tapmıram. Amma iradlarını bildirib. Deyir: əsərini bir səriştəli adama ver baxsın, həm iradları düzəltsin, həm də redaktə işləri aparsın. Mən də səni məsləhət gördüm. Atasına dedim, qoy İslam müəllimin razılığını alım, sonra gedib söhbət edərsiniz. Nə deyirsən?

         İslam tərəddüdlə:

-Açığı məndə də vaxt azlığı var, – dedi. -Amma  birinci dəfədir ağız açırsan, etiraz eləməyə üzüm gəlmir.

Mansur:

-Ay sağ ol. A kişi, Bir yandan baxanda etiraz eləməyin yeri də yoxdur. Xeyrin olacaq. Qaçıb orada-burada dərs deyir, əldən düşürsən. Ayın axırında da vur-tut 100-150 manat alırsan. Saathesabı dərs deyəndə isə, tədris ilinin sonunu gözləyirsən ki, birdəfəlik əmək haqqını alasan…

İslamı gülmək tutdu:

-Zavodda işləyə-işləyə bunları haradan bilirsən?

Mansur cavabında dedi:

-Mənim qızım da ali məktəbdə dərs deyir.

İslam:

-Yaxşı, zəhmət haqqı müqabilində  mənə nə veriləcək?– deyə soruşdu.

-500 manat.

-Mən razı.

Mansur:

-Onda oğlanı göndərirəm, söhbətinizi edin. Redaktəni qurtaran kimi mənə xəbər ver. Pulu özüm çatdıracağam. İstəmirəm aranızda pul söhbəti olsun. Danışdıq?

-Danışdıq.

Aradan bir müddət keçdi. Bu dəfə İslam Mansura zəng etdi:

-Redaktə etdim. İş hazırdır. Götürə bilərsiniz.

-İşdəsən?

-İşdəyəm.

Mansur tez:

-Yarım saata yanındayam, – dedi.

Az sonra İslamla Mansur görüşdülər.  Laborantın gətirdiyi limonlu çayı içə-içə oradan-buradan, olun-keçənlərdən söhbət saldılar. Sonra İslam stolun siyirməsini açıb iki dissertasiya çıxardı:

-Bu da dissertasiyalar. Bu, əvvəlki variantdır. Redaktə elədiyim. Bu da indiki nüsxə. Redaktədən sonra düzəlişlər də aparılıb.

Mansur razılığını bildirdi:

-Əla! Mən bilirəm də kimə söz deyərlər. Lap yaxşı. Vay, alt-üst salamat yeri qalmayıb ki.

-Əlimdən gələni etmişəm, çatışmayan şeyləri də özümdən yazmışam. 

Mansur kefi  saz:

-Görürəm, -dedi.

Mansur əlimi cibinə atdı. Çıxardığı pulu İslama uzatdı.

İslam pulu sayanda gördü ki, 400 manatdır. Başını qaldırıb Mansurun üzünə baxdı:

-500 manat demişdin axı…

Mansur halını pozmadan:

-Hə, bilirəm. Burada təəccüblü nə var ki? Qardaş, guya  bilmirsən: ətin sümüyü də olur.

İslam başa düşdü ki, qalan 100 manatı Mansur qatlayıb cibinə qoyub. Ona görə də bir söz demədi.  400 manatı verməsəydi, nə edəcəkdi ki? Buna da şükür.

Yazıya 531 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.