Pərviz Axund – “Bir qonağam bu dünyada…”

 

1288966093_semed“Səmədin özü ilə şəxsən tanışam. Yazdıqları xoşuma gəlir. Hissiyatlı və cəsarətli şairdir”.

                                                      A.Tolstoy

 

1947-ci ildə böyük bir sovet nümayəndə heyəti Hindistana səfər edir. Onların arasında şairlər və yazıçılar da var. Gələn qonaqların kimliyi, məsləki, hansı ölkədən gəlməsi və s. ilə maraqlanan ev sahibləri Azərbaycan adını eşidəndə diqqəti azərbaycanlı qonaqlara yönəldərək bu cür söyləyirlər: “Biz Azərbaycanı 40-cı illərdə İran Azərbaycanında baş vermiş demokratik hərəkat, Nizami Gəncəvi və Səməd Vurğunla tanıyırıq”.

 

Qeyd olunan bu kiçik əhvalat Səməd Vurğunun şöhrətini əks etdirən nüansların yüzdən biridir. Onun şöhrəti Azərbaycanın, SSRİ-nin hüdudlarını aşmış, əsərləri və ictimai fəaliyyəti göstərdiyi həmişə yüksək qiymətləndirilimiş, rəğbətlə qarşılanmışdır.

S.Vurğun poeziyamıza özünəməxsus üslub, fərqli bir nəfəs gətirmişdi. Şeirlərini həmişə nikbin ovqata yönəltməyi bacaran şair son nəfəsinədək böyük amallar uğrunda çarpışmış, böyük vətən, azad insan, işıqlı gələcək şüarlarını əlində bayraq edərək aləmə car çəkmişdir. O, hətta ölümünə dəqiqələr qalmış: “Qalxacağam! Yazacağam!” – deyə səslənmiş, son nəfəsində belə “həyat” demişdi.

Onun kədər motivli şeirlərində belə böyük bir nikbinlik baş qaldıraraq həyatın hələ də öz axarı ilə davam etdiyini oxuculara təlqin eləyir:

 

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlkitək.

Saç ağardı, ancaq nə qəm,

Əlimdədir hələ qələm.

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də vətən:

Şair, nə tez qocaldın sən!

 

Bu şeir parçası Mikayıl Müşfiqin “Necə əl çəkim” rədifli şeiri ilə uyarlı bir şəkildə səsləşir. Həmin şeirin aşağıdakı misraları bu mətləbi daha da aydınlaşdırır:

 

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?!

 

Səməd Vurğun Mikayıl Müşfiqlə, o cümlədən Sabit Rəhman, Məmməd Rahim, Mirzə İbrahimov, Hüseyn Cavid, Abdulla Şaiq, Rəsul Rza və s. qələm sahibləriylə dostluq etmiş, onların əksəriyyətiylə birgə bir çox ədəbi-bədii gecələrdə, ictimai-siyasi tədbirlərdə olmuş, xarici ölkələrə səfərlər etmişdi. Onun haqqında xatirə yazan dostları dəfələrlə vurğulayırlar ki, Səməd Vurğun istedadlı şair, məharətli natiq idi. Abdulla Şaiqin oğlu Kamal Talıbzadə yazır: “O həm Azərbaycan, həm də rus dillərində eyni təravət və məlahətlə danışmağı bacarırdı… Onu xitabət kürsüsündə görməyənlər çox şey itiriblər…”

Səməd Vurğun ictimaiyyət adamı idi, öz mənfəətini düşünməz, başqalarının, tanıyıb-tanımamağından asılı olmayaraq hər kəsin dərdini çəkərmiş. O bir müddət öz ailəsi ilə birlikdə qaynanasının birotaqlı evində, çətin şəraitdə yaşamışdır. Halbuki həmin dövürdə nəinki SSRİ səviyyəsində, SSRİ-dən kənarda da şair kimi məşhur idi və artıq birinci Lenin ordenini almışdı. Ev şəraitinin əlverişsiz olmasına baxmayaraq, o ən məşhur əsərlərini məhz həmin dövürdə yazmışdı. Onu elimizdə-obamızda tanımayan, şeirlərindən bir misra da olsa bilməyən adam tapmaq çətindir. O, xalqımızın yaddaşına şair qələmi ilə öz adını elə həkk etmişdir ki, zaman onun xəttini silməyə qabil deyildir.

Səməd Vurğunun həyat və fəaliyyətinə dair hamımızın bildiyi mətləbləri yazmaq, tərcümələri, pyesləri, poemaları haqda söhət açmaq, fikrimcə, artıqdandır. Tərcümeyi-halına daxil olan aşağıdakı xronologiyanı xatırlatmaqla onun fəaliyyəti barədə qısa arayış verək:

1906-cı il mart ayının 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur.  Bəzi fəxri adlar və ordenlərlə təltif edilmiş, yüksək vəzifələrdə çalışmışdır. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), iki dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945) və vitse-prezidenti (1954-1956) olmuşdur.

Səməd Vurğun Azərbaycanın ilk xalq şairidir. O, bu ada 1956-cı ilin martında, 50 illik yubileyi ərəfəsində layiq görülmüşdü. 1956-cı il mayın 12-də Opera və Balet Teatrında onun yubileyi böyük təntənə ilə qeyd edilir. Ancaq şair özü orada iştirak edə bilmir. Həmin vaxt evində ağır xəstəlikdən yatırmış. Yubileyi radio vasitəsilə dinləyirmiş. Yubiley iştirakçıları onun ölüm ayağında olduğunu bilir, ona görə də özlərini ələ almağı bacarmır, kövrəlir, bəzənsə hönkürtüylə ağlayırmışlar. Şair bunları dinləyərkən özünü saxlaya bilməyib radionu söndürtdürür. Tədbirin rəsmi hissəsindən sonra Lenin ordeni ona evində təqdim edilir. Yubileydən bir neçə gün sonra – may ayının 27-sində xalqımıza böyük itki üz verir – Səməd Vurğun vəfat edir.

Onun nəşi  mayın 28-dən 30-na qədər Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulmuş, ayın 30-da Fəxri Xiyabanda dəfn edilmişdir. Onu ziyarətə gələnlərin ardı-arası kəsilmirmiş. Onunla vidalaşmağa gələn dostlarının, həmkarlarının, oxucularının əlindən tərpənməyə yer yox imiş. Növbəyə duranların bir ucu İçərişəhərin qoşa Qala qapılarına qədər uzanırmış.

Əgər dövrümüzdə Səməd Vurğun kimi bir şair göstərin desələr, mən müəyyən istisnalar olmaqla, Zəlimxan Yaqubun adını çəkərdim. Onların həyat və fəaliyyəti bir-birinə çox bənzəyir. Zəlimxan Yaqub da Bakıya gəldiyi ilk vaxtlarda ev, məişət sıxıntıları çəkmiş, buna rəğmən, öz şeir və poemalarını yazmış, xarici ölkələrə səfərlər etmiş, yaradıcılığı müstəqil Azərbaycan rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Hər ikisi gözəl natiq, ictimai-siyasi xadim, çoxşaxəli yaradıcılığa malik şair, təbiət aşiqi, aşıq sənətinin vurğunu, xeyirxah insan olmuşlar; hər ikisi saz çalıb-oxumağı yaxşı bacarmış, ustad aşıqlarla dostluq etmiş, onlarla deyişmişlər. S.Vurğun Aşıq Şəmşirə yazdığı:

 

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,

Kəklikli daşlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub, yada sal məni.

 

-bəndi ilə başlayan qoşması buna bariz nümunədir. O, Aşıq Şəmşirlə dostluq edirdi. Onlar deyəcəyi sözləri şeir şəklində yazıb bir-birinə göndərirdilər.

 

S.Vurğun yaradıcılığı o qədər hərəkətli, o qədər çoxrənglidir ki, oxuyarkən sənə elə gəlir, böyük bir muzeyə düşmüsən. Burada incəsənətə, folklora, tarixə və tarixi şəxsiyyətlərə, vətənə, təbiət gözəlliyinə, eşqə aid qiymətli eksponatlar, nadidə suvenirlər var. Son dərəcə ehtiyatla davranmaq lazımdır bu şeiriyyət muzeyində.

 

Aşıq, bağrına bas sədəfli sazı,

Min cavablı bir sualdan danışaq.

Meydan quraq, söhbət açaq, saz tutaq,

Gül yanaqda qoşa xaldan danışaq.

 

İlk baxışdan çox sadə görünən bu şeir parçası əslində dərin mətləblərdən xəbər verir. Buradan görünür ki, S.Vurğun aşıq şeirinə, ələlxüsus da dastançılıq ənənəsinə yaxından bələd imiş. S.Vurğunun “min cavablı bir sual” deyə göstərmək istədiyi, deyişmənin qıfılbənd (bağlama) növünə aiddir.

S.Vurğunun həyat və yaradıclığına dair çoxdan arxivləşmiş mənbələrdə araşdırma apararkən qarşıma maraqlı bir yazı çıxdı. Bu, məşhur şair və tərcüməçi Əliağa Kürçaylının xatirə yazısı idi. Bu yazıda Ə.Kürçaylı S.Vurğunun ona etdiyi maddi və mənəvi dəstəkdən, Yazıçılar İttifaqına üzv etdirməsindən, yarımçıq qalan təhsilini Bakıda bitirməsinə köməkdarlıq etməsindən, gənclərə diqqət və qayğısından və s. xeyirxah əməllərindən könül dolusu söhbət açır.

On ilə yaxın bir müddət ərzində S.Vurğunun qayğısını və dəstəyini görən Ə.Kürçaylı onunla birgə tez-tez müxtəlif tədbirlərə, görüşlərə gedirmiş. Bir gün Novruz bayramı ərəfəsində Bakı kəndlərinin birinə səfər edirlər. Bu səfərin məqsədi ədəbi məclislər keçirmək, din və dini mərasimlər əleyhinə təbliğat aparmaq imiş. Maşına minib yola düşəndə S.Vurğun öz yoldaşlarına üzünü tutub gülə-gülə deyir:

– Gedək, cahil babalarımızın övladlarını başa salaq ki, Ərəbistan səhrasında xilafət üstündə şəhid olan ərəblərin sizə heç bir dəxli yoxdur.

Həmin görüşdə S.Vurğun Novruz bayramı ilə bağlı nitq söylədikdən sonra bu bayrama aid bir şeirini də oxuyur. Buradan çox ilginc bir nəticə hasil olur. Azərbaycanın ən parlaq şairlərindən biri olan bu söz ustadı sovet dövrünün kəshakəs vaxtlarında milli bayramımızın təbliğinə çalışmış, bir çox dini və milli elementlər işlədildiyi halda, bu bayramın itib-batmasına, tarixin arxivində tozlanmasına razı olmamışdır. Başqa bir tərəfdən isə, dini, xurafatı pisləyib, ateizm yönümlü təbliğatlar aparmışdır. Təbiidir ki, ateizm üzərində qurulmuş bir dövlətin qabaqcıl şairi Allahdan, peyğəmbərdən, o cümlədən milli rudan qabarıq şəkildə danışsaydı, onu əzərdilər, bir qaşıq suda boğardılar; Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Almas İldırımın aqibəti onu da gözləyə bilərdi.

Məlumdur ki, sürgünlərin geniş vüsət aldığı həmin dövürdə S.Vurğun da təqib edilmiş, yazdıqlarına ciddi nəzarət olunmuşdu. Böyük çətinliklərlə bu təqiblərdən yaxa qurtarmağı bacaran şair, haqqındakı ittihamların tamamilə absurd olduğunu öz əsərləri ilə sübuta yetirə bilmiş, zaman-zaman partiyaya sadiqliyini nümayiş etdirmişdi.

Son zamanlar, yəni müstəqillik dövründən etibarən S.Vurğunun yaradıcılığını təhlil edən araşdırmaçılar onun şeirlərindəki məna çalarlarını müxtəlif şəkillərdə izah edirlər, hər hansı bir şeirinin mövzusunun sovet müstəmləkəçiliyinin əleyhinə yazıldığını diqqətə çatdırırlar. Bunlardan daha çox “Zəncinin arzuları” poemasını vurğulayırlar. Bu poemanın yazılması müəyyən bir hadisə ilə bağlıdır.

1948-ci ildə S.Vurğun SSRİ nümayəndə heyətinin tərkibində Polşanın Vroslav şəhərinə yollanaraq, orada keçirilən konqresdə iştirak edir. Bir madaqaskarlı zənci tribunaya çıxaraq nitq söyləyir və çıxışını bu nida ilə yekunlaşdırır: “Mən insanam!” Həmin çıxış S.Vurğuna çox təsir edir, bir zəncinin əsarətə etiraz etməsini, oyanmasını, özünü axır ki, insan saymasını hörmət və ehtiramla qarşılayır. Elə həmin şəhərdə, qaldıqları mehmanxanada “Zəncinin arzuları” poemasını yazmağa başlayır. Bu poemada Azərbaycan xalqının dərdinə də üstüörtülü toxunur. Bu poema, müəyyən dərəcədə sovet istilasına etiraz etməyin təcəssümü idi.

Başqa bir şeirində isə tamamilə fərqli yöndən və ikibaşlı şəkildə gedişlər edir:

 

Baxıram Leninin kitablarına,

Dəstədən geridə qalmamaq üçün.

 

Bu sətirləri həm sovet, həm də müstəqillik dövründə mənfi təəssürat yaratmayacaq mənaya yozurlar. Məsələn, sovet dövründə bu sətirlər, arxada qalmamaq, Leninin kitablarını oxuyub ön cərgələrdə, ön cəbhələrdə mübarizə aparmaq mənasına yozulurdusa, müstəqillik dönəmində belə izah olunur: başının salamat qalmasını istəyirsənsə, sən də başqaları kimi Lenini oxu, təriflə və təbliğ et.

Bunlara baxmayaraq, hər şeydən öncə o, bütün varlığı ilə bir komsomolçu, bir proletariat şairi idi. SSRİ-nin qurulması onun yeniyetməlik dövrünə, yəni həyatı təzə-təzə duyub dərk elədiyi bir dönəmə təsadüf etdiyindən, bütün zehniyyəti bu yöndə formalaşmışdır. O, həyatında, mövqeyində, iş-gücündə nə qazanmışdısa, sovetlər dövründə qazanmışdı. “Oktyabr”, “Partiyamızdır” adlı şeirləri, “Komsomol”, “26-lar” poemaları və digər bu qəbildən olan əsərləri onun sovet respublikasına, sovet şüarlarına nə qədər bağlı olduğunu göstərir.

Digər tərəfdən S.Vurğun, yuxarıda da qeyd edildiyi kimi, öz xaldıqna və mədəniyyətinə, ölkəmizin əsrarəngiz təbiətinə, gözəlliyə, gözəllərə vurğun olan lirik bir şair idi. Təsadüfi deyil ki, onun “Vurğun” təxəllüsünü götürməsi məhz bu səbəbdəndir.

 

Bir qonağam bu dünyada,

Bir gün ömrüm gedər bada.

Vurğunu da salar yada,

Düz ilqarlı bizim dağlar.

 

-deyən şair dünyanın fani, ölümün ani olduğunu, ana təbiətin onu unutmayacağını lirik bir şəkildə ifadə etmişdir. Azərbaycanın dağlarını, meşələrini, ovlaqlarını və oylaqlarını qarış-qarış gəzən bu böyük sənətkar sanki təbiətin bir parçası idi. Ağaclar, quşlar, qayalıqlar sıralanmasında Səməd Vurğun adlı bir təbiət lövhəsi də vardır ki, bu lövhədə dünya və bəşəriyyət öz əksini tapır…

 

Tüfəngi dəyənək kimi tutmazlar

Səməd Vurğunun iki silahı vardı: biri qələm, o biri tüfəng. O, həm də mahir ovçu idi. Necə deyərlər, “quşu gözündən vuran” nişançı. Ov zamanı o, sadəcə Səməd idi. Yəni böyük şair, ictimai xadim olduğunu tamamilə unudar, qarşılaşdığı insanlarla yüz ilin tanışları kimi söhbətləşər, qayğıları ilə maraqlanar, Bakıya qayıtdıqdan sonra imkanı daxilində onların problemlərini həll etməyə çalışarmış.

Çox vaxt kənd camaatına özünü sadəcə bir ovçu kimi təqdim edirmiş. İstəmirmiş ki, ona görə əziyyət çəkilsin. Bəzən adamlar onu tanıyıb heç yerə buraxmır, onu qonaq edib məclislər qurarmışlar.

O, tez-tez öz dostlarını götürüb, ölkəmizin hansı şəhərində, rayonunda, kəndində yaxşı ovlaq vardısa, o yerə üz tutarmış. Onun ov əhvalatlarının hərəsi bir dastan mövzusudur.

Bir gün dostları ilə ova çıxarkən ondan hansı quş növünü, hansı çöl heyvanını soruşurlarsa, o, hamısını vurduğunu deyir. Axırda soruşurlar:

–Bəs Lənkəran pələngi vurmusan?

Səməd tövrünü pozmadan gülümsəyərək deyir:

–Bilirsən, biz Lənkəranda qaban ovuna getmişdik. Qarşımıza pələng çıxdı, gedib girdi qamışlığa. Bir az fikrə getdi. Düşünürdü ki, nə etsin. Biz də fikirləşirdik. Anlayırdıq ki, qarşımıza çıxan pələngdir. Əvvəlcə biz özümüz gizlənmək istəyirdik, ancaq o, ağıllı tərpənib bizdən tez qərara gəldi. – Bunu deyib uşaq kimi gülməyə başlayır. Bilmək olmur, bu əhvalat doğrudan da bu cür olub, yoxsa yox.

Səmədin Reks adlı bir ov iti varmış. Bu it bir az naşı imiş, ov ürkütməyə gedəndə çox tələsirmiş, ona çatmaq olmurmuş. Səmədi ən çox yoran bu itin dalınca qaçmaq imiş. Sonralar həmin iti maşın vurur. Səməd hər ova çıxanda o iti təəssüflə xatırlayır, xatırladıqca da ov etmək həvəsi qalmırmış.

Bir gün Səməd Vurğun Rəsul Rza ilə kəklik ovuna çıxır. Ov işində R.Rzanın əli yox imiş. Qayalıqlardan keçəndə qəfil bir kəklik daşın dibindən qalxıb uçur. R.Rza tüfəngin qayışını çiyninə keçiribmiş. Tüfəngi nizamlayıb nişan alana qədər Səməd kəkliyi vurub yerə salır və R.Rzaya deyir:

–Ayə, ov yerində tüfəngi dəyənək kimi tutmazlar, həmişə əlin tətikdə olsun.

Bir gün Sabit Rəhmanla Səməd ova çıxır. Samux meşəsini xeyli gəzib yorulurlar. Saatlarla sürən ov axtarışı bir fayda vermir. Axırda gəlib bir kəndə çatırlar. Möhkəm susadıqları üçün qarşılarına çıxan ilk evə yaxınlaşıb ev yiyəsindən su istəyirlər. Həmin evin yiyəsi yaşlı bir kişi imiş. Bunlara deyir ki, onun ovçuya verəsi suyu yoxdur. S.Rəhman deyir, ay kişi, ovçu sənə neyləyib axı? Kişi belə cavab verir:

-Ovçular bu kəndə bir toy tutublar ki, gəl görəsən. Buralardakı quşları, ağacları məhv eləyiblər. Axşam-səhər güllə səsinə yatıb-dururuq…

Uzun sözün kəsəsi, kişini birtəhər yola gətirirlər ki, ağsaqqal, biz elə ovçulardan deyilik. Kişi axırda onları könülsüz həyətə dəvət edir. Bu həyətdə oturmağa bir kətil belə yox imiş. S.Rəhman deyir ki, mümkünsə oturmağa bir şey versinlər. Kişi yenə könülsüz halda yan otağın qapısını açır ki, keçib otursunlar. Onlar içəri keçəndə təəccübdən donub qalırlar. Otağın bir divarında Səməd Vurğunun böyüdülmüş şəkli asılıb. Məlum olur ki, bu ailə böyük şairin heyranıdır. Sonra həmin kişinin oğlu otağa gəlir. Səməd Vurğunu görən kimi tanıyır. Atasına nə deyir, nə demirsə, kişi onlara münasibətini tamamilə dəyişir, onları qonaq saxlayır, dost-tanışı çağırıb, onların şərəfinə yaxşı bir məclis qurur.

 

Səməd Vurğun yuileyi ərəfəsində, evdə xəstə yatdığı zaman onun yanına gələn dostlarından birinə belə deyir:

 

-Mənim hər günüm bir yubiley olub. Hansı evə girmişəm, bir yubiley qədər mənə hörmət ediblər, hansı məclisdə olmuşam, bir yubiley qədər ehtiram görmüşəm.

 

Bəli, böyük şair Səməd Vurğun, ömrünün hər anını bir yubiley qədər təntənəli, hərəkətli, maraqlı və mənalı yaşamışdı, yaradıcılıqda qazandığı müvəffəqiyyətlər xalqla, fərdlərlə, təbiətlə sıx ünsiyyəti, mehriban münasibəti nəticəsində ərsəyə gəlmişdi.

83481645_2990682627696156_7564902576219488256_n

 

Yazıya 460 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.