(“Fateh Sultan Məhmət” romanından)
Bir gün gəldi ki, yaşayıb boya-başa çatdığı Göynük Ağ Şəmsəddinə dar gəldi. Dar gəldi deyəndə bu diyarı çox sevirdi, buradakı mədrəsədə dərs alırdı. Göynüklülərin ən uzağa getdikləri yer 7 kilometr aralıda yerləşən Kemer rayonu idi. Çox da uzağa yollanmazdılar. Daha çox ətraf kəndlərdə gəzib-dolanardılar. Gəzib-dolanmaq deyəndə nə gəzib dolanmaq? Əyləncə yox idi ki, deyəsən başlarını qatırdılar. Qonşu kəndlərin adamları əkində-biçində bir-birlərindən kömək almaq üçün, bir də toy-düyündə bir-birlərinin qapısını döyürdülər. Kasıb adamın başqa şəhərlərdə nə işi? Belə yerlərə varlılar gedirdilər, əylənmək, kef çəkmək üçün.
Göynük – Anadoluda Kemer rayonunda bir qəsəbə idi. Bu qəsəbənin ətrafında Tavr dağları, demək olar ki, dənizə yaxınlaşır, dərələr və qayalar yaradır. Göynükdən gözəl bir kanyon yaradan çay keçir. Həmin kanyon məşhur təbiət abidəsi kimi ucalır.
Ağ Şəmsəddini yola çıxmağa vadar edən onun təsəvvüfə olan sonsuz marağı idi. Onda bu elmə yiyələnməyə güclü bir tələbat yaranmışdı. Amma Göynükdə buna imkan yox idi. Bu qəsəbədə elmlərə vaqif olan elə onun özü idi.
Ağ Şəmsəddin mədrəsədə və ətrafda güclü ilahiyyat bilicisi kimi tanınırdı. O, uşaq yaşlarından dinə bağlanmışdı, Qurani-Şərifi əzbər bilirdi. Özü də bütün mənəvi-əxlaqi dəyərlərə sahiblənmişdi. Dəyərli islam alimləri Mövlana Cəlaləddin Rumi, Şeyx Əbdülqadir Geylani, İmam Gəzzalinin əsərlərini dərindən öyrənmişdi. Lakin bütün bunlar ona kifayət etmirdi, özündə bir boşluq hiss edirdi. İrfan məktəbi keçmək istəyirdi.
Ağ Şəmsəddinin layiq, ləyaqətli savadlı, mürşidə ehtiyacı vardı. Göynükdəki mədrəsədə müəllimləri ona dedilər:
-Bu mədrəsədə bir çox elmlərə yiyələndin. Üzün ağ olsun. Hamıdan zirək və qabiliyyətli çıxdın. Buralar artıq çox dar, elmin doldu-daşdı, buraları da keçdi. Elmini artırma istəyirsənsə Anadoluya üz tut.
Ağ Şəmsəddin:
-Bələd olmadığım yerdə azıb qalaram, – dedi. –Mənə yol göstərin. Kimi tanıyırdım ki, onun yanına gedim. Tanıdığım-bildiyim yox. Ankaranın adını eşitmişəm.
Sevimli müəllimi Ağ Şəmsəddinə dedi:
-Səni hər adamın yanına göndərmək olmaz. Doğru deyirsən, tanış-biliş olmadan oralara getməyinin də adı yoxdur. Sən övliya Hacı Bayram Vəlinin yanında olmalı, ondan dərs almalısan. O, dövrümüzün böyük alimidir. Hacı Bayram Vəliilahi səyahət yolunda sənə bələdçilik edəcək.
Başqa bir müəllimi də xeyir-duasını verdi:
-Sənin böyük qabiliyyətin var. Səylisən, oxumaqda, hüsnxətdə, qurani-şərifin dərin mənasını anlamaqda tay-bərabərin yoxdur. Burada – Göynükdə imkansızlıq, yaxud tənbəllik üzündən ilişib qalsan, get-gedə geri gedəcək, yavaş-yavaş həvəsdən düşəcək və adi qabiliyyət sahibi olacaqsan. Yəni bilib-bacardıqların inkişafdan qalacaq. Odur ki, məsləhətdir ki, Hacı Bayram Vəlinin yanına yollanasan, elmini, biliyini artırasan! Ağsaqqal, müdrik üləmalarla, imamlarla otur-dur, onların elmini mənimsə. Amma bütün bunlar sənə asan başa gəlməyəcək. Çox yollar dolaşmalı olacaqsan, ac-susuz, evsiz qalacaqsan. N Ruhdan düşmə, çətinliklərə döz! Qazandığın zahiri elmi məna elmiylə, biliklərini eşq ilə, ağıl vergisini qəlb və könül vergisiylə tamamlamağın gərəkdir. Yolun açıq olsun! Hacı Bayram Vəliyə müraciət etsən, onun şagirdi olsan, onun etimadını doğrultsan, o səni tamamlayacaq, kamilləşdirəcək.
O o o
Ağ Şəmsəddin karvansarada dincəlib səhər erkən yataqdan qalxdı. Əl-üzünə su vurub keçib süfrə başında oturdu. İsti təndir çörəyi, nehrə yağı və keçi pendiri və çay gətizdirdi. Çayını şirin edib iştahla səhər yeməyini yedi. Soyutma yumurtanı da sındırıb üzərinə nazik lay yağ çəkilmiş çörəklə aşırdı. Bir azdan gün günorta yerinə qalxacaqdı. Yol getmək çətinləşəcəkdi. Səhər yeməyini qədərincə yeməlisən ki, istiyə, uzun yola dözümün olsun. Bir də Allah bilir nə zaman nahar etməyə imkan düşəcək. Əslində Ağ Şəmsəddindən olsaydı, gündüzlər dincəlib, gecələr yol gedərdi. Həm hava nisbətən sərin olurdu, həm də yolda gediş-gəliş ya olmurdu, ya da az olurdu. Həm də yolçuların və arabaların qaldırdığı tozu udmalı olmurdun. Fəqət gecələr yol getməyin də öz problemi vardı. Qaçaq-quldura rast gələ bilərdin, ya da canavara, ayıya yem.
Ağ Şəmsəddin karvansara sahibi və xidmətçi ilə xudahafizləşib yola düzəldi. Karvansaradan uzanan dar cığırı başa vurub geniş yola çıxdı. Yol boyunca rastına bağ-bağçalar, meşəliklər, meyvəliklər, tarlalar çıxırdı. Düzənin gözəl mənzərəsi adamı valeh edirdi. Bir müddət sonra sağında və solunda yastı damlı evlər və alaçıqlar, varlıların malikanələri görünməyə başladı. Malikanələrin divarlarının künclərində şiş qüllələr vardı. Qalaya oxşar bu malikanələrdə varlı bəylər, tacirlər, əyanlar kef damaq içində yaşayırdılar.
Ağ Şəmsəddin bir qədər getdikdən sonra bir kəndə çatdı. Səs-küy ətrafı başına götürmüşdü. Ayaq saxlayıb maraqlandı. Acığından dodaqların gəmirən bir kəndlinin yanında dayanmışdı:
-Əfəndim, nədir bu qarmaqarışıqlıq? Hamı bir-birinə dəyib.
Ömər adlı kəndli əl-qolunu ölçərək:
-Camaatın on oğlu var. Mən var-yox bir oğul atasıyam. Bilmirəm bu uşağı harada gizlədim, hara aparım ki, qulağım dinc olsun, onun da narahatlığı ötüb-keçsin.
-Axı nə məsələdir?
-Orduya əsgər yığırlar. Hər dəfə səfərbərlik olanda birinci mənim qapımı döyürlər.
-Hə, macarlar dinc durmurlar. Sərkərdə Macar sərkərdəsi general Yanoş Hundaydı fironluq edir.
-Sən bir ağsaqqal adamsan. Hər bir şeyin bir çəmi var. Səfərbərlik elan olunursa, bu, gərək məmə yeyəndən pəpə deyənə qədər hamıya aid ola. Harada deyilib, harada yazılıb, kim deyib ki, müharibəyə kasıb uşağı getməli, vuruşmalı, ölməlidir? Bu sualın cavabı var?
-Yoxdur, əlbəttə. Sən doğrusan, həqiqəti deyirsən. Qanun, hökm, sərəncam, buyruq hamı üçün eyni olmalı, fərq qoyulmamalıdır.
-Başa düşmürəm. Bunlar kasıb uşaqlarını qabaqlarına qatıb müharibəyə göndərməklə kasıbların sayını azaltmaq istəyirlər, yoxsa kasıblardan zəhlələri gedir?
-Elə deyil, kasıbların, dilənçilərin, ac-yalavacların sayı durmadan artır. Burada nə isə özgə maraq var. Kimdir bu səfərbərliyi həyata keçirən? Yerli hakimlər.
-Sultan II Murad buyuranda, göstəriş verəndə, əmr edəndə deməyib ki, harada kasıb uşağı varsa boynundan tutub atın müharibə meydanına. Sənin sözünün qüvvəti məmurlar haqqı-ədaləti tapdayırlar. Puldan, maldan alıb varlı uşaqlarına dəymir, əvəzində yapışırlar kasıbların xirtdəyindən.
Başqa bir kəndli yaxınlaşıb söhbətə qoşuldu:
-Vallah heç zaman Osmanlı ordusundan kömək əlimizi üzməmişik. Kəndlərdə, qəsəbələrdə elə ev, elə alaçıq tapılmaz ki, əsgərlər üçün yun corab, yun köynək və əlcək toxuyub yola salmasın. Pul toplayıb verməsin. kimin atı varsa atı ilə, kimin atı yoxdursa, at alıb onunla, ya da pay-piyada, özü ilə azuqə götürərək Osmanlı ordusuna qoşulub. Tələb belədir, əməl olunub. Orduya gedəsi adamı yoxdursa, atını verir.
-Müharibə olacaq?
-Sultan Muradın əmridir. Macarların üzərinə gedirik.
Ağ Şəmsəddin xudahafizləşib yoluna davam etdi. Yolun sağ və sol yaxasında kəndlilər torpaqda əlləşirdilər. gün təpələrinə döyürdü. Cib dəsmallarının uclarını düyünləyib yay papağı düzəltmişdilər, suda isladıb başlarına qoymuşdular. Nimdaş həsir şlyapa qoyanlar da vardı. bu adamlar yarıçılpaq və cır-cındır içində idilər. Onlara baxanda adamın ürəyinin başı ağrıyırdı. Yazığın gəlirdi onlara. Günəşin amansız şüaları altında yanıb qaralmışdılar. Həyat bu insanlar üçün cəhənnəm əzabından daha betər idi. ona görə ki, çətin şəraitdə işləyir, amma ağır, dözülməz və məşəqqətli əməkdən qazandıqları qəpik-quruş olurdu. Onu da bilmirdilər nəyə xərcləsinlər, həmin qazancları ilə hansı ehtiyaclarını ödəsinlər.
Günəş yandırıb yaxmaqda idi. Ağ Şəmsəddin də yorulub əldən düşmüşdü. Alnından, kürəyindən tər axırdı. Onun da sifəti gündən qaralmışdı. Bu minvalla gəlin qonşu kəndə çatdı. Özünü karvansaraya verib çay gətirtdi. Xidmətçi taqətdən düşmüş yolçuya təəccüblə baxaraq:
-Ağa, haradan gəlib, hara gedirsən? – deyə soruşdu.
Ağ Şəmsəddin gözlərini ona zillədi. Bir müddət cavab vermədi. Halı yox idi, sualı cavablandırsın. Xidmətçi elə başa düşdü ki, ağanın ona acığı tutub. Öz-özünə dilləndi: “Adama deyərlər sənin nə borcuna haradan gəlib, hara gedirəm”. Günahını yumaq üçün tez:
-Ağa, üzrlü sayın, haqqım olmadığı halda sual verdim.
-Narahat olma, problem yoxdur. Ankaraya gedirəm.
Xidmətçi ürəkləndi:
-Pay-piyadamı? Atsız, yainki ulaqsız bu yolu qət etmək çətin olar…
Karvansara sahibi xidmətçinin müştəriyə qır-saqqız olub yaxınlaşdığını görüb ona acıqlandı:
-Səfər, get işinlə məşğul ol.
Səfər tez uzaqlaşdı.
Çöldən qoyunların mələşməsi, inəklərin böyürtüsü, ağaclara bağlanmış atların fınxırtısı eşidilməkdə idi. Səs-küy karvansaranı da başına götürmüşdü. Aş Şəmsəddinin narahatlığını görən karvansara sahibi:
-Bu qoyun-keçini, malları ha qovuram, ha sahiblərinə şikayətlənirəm, xeyri yoxdur, həmin-həmindir.
Ağ Şəmsəddin əlini yellədi:
-Bənd olma, keçər gedər.
Karvansara sahibi onun şikayətçi olmadığını bildi, amma nəyin keçər-gedər olduğunu anlamadı. Lakin aydınlaşdırmağa təşəbbüs göstərmədi.
Çöl-bayıra nisbətən karvansarada sakitlik idi, sərinlik vardı, dincəlmək olardı, qarnını doydurmaq mümkün idi. Puluna minnət! Hər iki tərəfə pəncərə olduğundan içəridə yel oynayırdı.
Xidmətçi mis aftafa-ləyən gətirdi Ağ Şəmsəddin əlini yudu. Naxışlı əl-üz dəsmalı ilə əlini, ağız-burnunu quruladı.
Yemək gətirildi. Sərin su gəldi. Ağ Şəmsəddin çörəyini toyuq sousuna doğrayıb qarnını doydurdu, gecələməyə yer istədi. Öz-özünə: “İnşallah sabah Ankaraya yetişərəm”, – dedi.
Yazıya 422 dəfə baxılıb