Nuray İmranzadə: “Mən həmişə istəyirəm dostlarım ağlamasın, dərslərini yaxşı oxusunlar ki, müəllimləri onları danlamasın”
Rupor.az saytının “İstedadlı uşaqlarımızı yaxından tanıyaq” layihəsinin ilk qonağı
Nuray İmranzadə. Xırdalan şəhər 7 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdidir. Şəkil çəkir, şeir deyir, şahmat oynayır, rəqs edir…
Həm də elə ağıllı danışır ki.
Özünüz tanış olun: Oxuyun, baxın, dinləyin!
– Sən bir neçə sahə ilə məşğul olursan, oxuyursan, şeir deyirsən, gimnastikaya gedirsən, şahmat oynayırsan? Bunları dərslərinlə birgə neçə çatdırırsan?
– Mən şeir deməyi sevirəm. Ən çox Vətən haqqında şeirlər əzbərləyirəm. Vətən haqqında şeirləri söyləyəndə elə bilirəm quş olub uçuram. Ölkəmizin az yerini görmüşəm, ancaq şeir deyəndə hər yeri görürəm. Gözümün qarşısına xəritəmiz gəlir. Elə istəyirəm ki, biz bütün dövlətlərdən lap yekə dövlət olaq.
Rəsm çəkməyi də bacarıram. Karantindən əvvəl rəsm dərnəyinə gedirdim. Rəssamlıq hobbimdir. Ən cox portret və natürmort janrını sevirəm. Şahmat oynamağı isə məncə hər birimiz bacarmalıyıq. Bizim çox güclü şahmatçılarımız var, onlara oxşamağa çalışmalıyq.
– Bəs dərslərini necə oxuyursan? Ən çox hansı fənni xoşlayırsan?
– Dərslərimi yaxşı oxuyuram. Dərslərini oxumayan uşaqları görəndə çaşıb qalıram. Onlar böyüyəndə necə yaşayacaqlar bəs? Yaxşı oxumasan heç yerdə işləyə bilməyəcəksən. İşləməsən necə pul qazanacaqsan? Mən valideynlərim haqqında düşünürəm ki, onlar bizi saxlamaq üçün oxuyublar, işləyirlər. Başqa cür necə olur axı?.. Bilmirəm. Ən çox ana dili, həyat bilgisi və təsviri incəsənət fənnini sevirəm. Əslində bütün dərslərimi oxuyuram. Dərsə heç vaxt hazırlıqsız getmirəm.
– Yəqin ki nadiclik də edrirsən, daha çox hansı hərəkətlərin valideynlərini, müəllimlərini əsəbiləşdirir, yaxud fərəhləndirir?
– Həə, hərdən olur nadincliyim. Uşağam da… Kim desə ki, uşaqalıqda dəcəllik etməyib, inana bilmərəm. Biz hələ dünyanı tam anlamırıq, indi bizi valideynlərimiz böyüdür. Böyüdükcə başa düşəcəyik ki, nadicliyə sərf etdiyimiz vaxtı da gərək oxuyardıq. Niyə ki, müəllimimi fərəhləndirdiyim günlər də olub. Qəşəng şeir deyəndə müəllimim sevinib. Yaxşı qiymətlər alanda isə valideynlərim.
– Hansı sənəti seçmək istərdin? Məsələn, sən bu dünyaya, vətəninə hansı töhfələri vermək istərsən?
– Cərrah olmaq istəyirəm. Mənim anam da həkimdir. İnsanların qayğısına qalmaq, onları sağaltmaq istəyirəm. Həkimlər olmasalar, insanlar yaşaya bilməzlər. Həmişə düşünürəm ki, xəstələri sağaldacam, onların uşaqları sevinəcəklər. Həm də xaricdə təhsil almaq istəyirəm. Həkimliyi lap yaxşı bilmək arzumdur.
– İnsanın missiyası nədir, deyə soruşsam cavab verə biləcəksən? Deməyəcəksən “missiya” nədir?
– Niyə deyirəm ki, bilirəm də. Evdə valideynlərim, məktəbdə müəllimlərim bu sözü o qədər işlədiblər ki… Yəni mən həyatda nə iş görməliyəm? Necə yaşamalıyam? Əlbəttə bu suallara böyüklər kimi cavab verə bilmərəm. Gərək çoxlu kitab oxuyum ki, maraqlı cavab verim. Ancaq oxuyuram, kitablarım var. İnsan həmişə xeyirxahlıq etməlidir. Bunu mənə anam da deyib. Mən həmişə istəyirəm dostlarım ağlamasın, dərslərini yaxşı oxusunlar ki, müəllimləri onları danlamasın. Niyə bunun belə olmasını istəyirəm? Bax bunu bilmirəm.
– Nuray, sən çoxlu şəkillər çəkirsən. Səncə dünyada neçə rəng var?
– Məncə dünyada 24 rəng var, mənim karandaşlarımın sayı qədər.
Ayna Məmmədova
Yazıya 547 dəfə baxılıb