SİRLƏR DOLU İNSAN NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ” ƏSƏRİNDƏ

20200301_113722 (1)Mirzə Əbdülrəhim Talıbov yazır ki: “Həqiqi alimlərin ömür və zəkalarının, həyat təc­rü­bələrinin və ağır sınaqlarının məhsulu olan kitablar əbədi olaraq bütün bəşəriyyətin ix­ti­yarına verilmişdir. Hər kəs bu süfrədən istədiyini götürə bilər”. Bu mənada, insana öz lə­ya­qətini düzgün qiymətləndirməsinə, onun özü­nü, kimliyini dərk etməsinə, həyatın mə­na­sı­nın nədən ibarət olduğunu aşılanmasına kö­mək edən bəşəri kitabladan biri də Azər­bay­ca­nın dahi şairi Nizami Gəncəvinin “Sirlər xə­zi­nə­si” (Bakı: “Lider nəşriyyat”, 2004, 264 səh.) adlı əsəridir.

Azərbaycanı qədim bir diyar, həmçinin, qədim və zəngin mədəniyyətə sahib olan bir xalq kimi dünyaya tanıdan şərqşünas tədqiqatçılar Nizami Gən­cə­­vini əbəs yerə “Türk məsnəviçilərinin ən böyük ustadı” (V.Bartold), “Ruhşünas şair” (akademik S.F.Ol­­den­burq), “Nadir bir düha ” (professor E.Broun), “İnsanın şəxsiyyətini bütün də­yər­ləri ilə bə­zə­­yən şair” (Y.Bertels), “Təqlid və nəzirə qaynağı” (A. Krımski) kimi ali rüt­bə­lərlə tə­rən­nüm etmirlər.

Nizami Gəncəvinin “Sirlər xə­zi­nə­si” adlı əsərinin obyekti insandır. Göstərir ki, Tan­­rı hələ “Ol!” (Kun!) əmri ilə kainatı yaratmaq ərəfəsində İnsanı düşünmüş, kainatı İn­san üçün xəlq et­diyini qərarlaşdırmışdır. Buna görə də, Nizami insanın və insana mə­həb­bə­tin hər şeydən qədim, qo­ca­man və əzəli olduğu fikrini aşağıdakı kimi ifadə edir:

Eşqi bizdən öyrənib, bu göy pərgardan öncə,

                            Öncə xəlq olunanlar, sonrakılar da məncə.

                            Qoyan biz deyilikmi eşqin bünövrəsini?

                            Yalnız biz yemədikmi sevginin silləsini? [səh.119]

Nizaminin fikrincə, İnsan kainatın əşrəfidir və əslində Tanrı kainatı İnsanın şə­rə­fi­nə ərmağan etmişdir. Ay, Günəş, bütün səyyarələr və bütün nemətlər İnsana xidmət na­mi­­nə xəlq olu­nub. Buna görə də, İnsanı təbiətin nazlı yavrusu adlandırmaq olar. Qurani-şə­­ri­fin “ət-Tin” su­rəsinin dördüncü ayəsində deyilir: “Biz insanı ən gözəl biçimdə ya­rat­dıq!”. Bu­na görə, insan bütün xilqətlərdən daha kamil olması münasibətilə nə­cib, xe­yir­xah, hu­ma­nist olmalı, özündən aşağı pillədə duranların hamısı qarşısında məs­u­liy­­yə­ti­ni, ca­vab­deh­­liyini daim dərk etməlidir. İnsan bütün flora, fauna aləmini, bütün tə­bi­əti sevib qo­ru­ma­ğa, yaşatmağa borcludur. Onun başlıca məziyyətlərindən biri cə­miy­yə­ti ka­mil­ləş­dir­mək və təbiətlə cəmiyyət arasında üzvi ahəngdarlıq yaratmaqdan ibarətdir.

O gün ki, xəlq olundu bizim surətlərimiz,

                            Dərhal ayırd edildi dürlü qismətlərimiz.

                            Əzəldən söz verdiyin din uğrunda, get, çalış,

                            İşləməklə nə dövlət, nə də ruzi çoxalmış.

                            İstəsən ki, olasan hamıdan əziz insan,

                            Çalışmaq səndən gərək, başarmaqsa Tanrıdan [səh.125].

Göründüyü kimi, insanı kainatın əşrəfi, ən böyük yetirməsi, təbiətin nadir dür­da­nə­si hesab edən Ni­za­­mi İnsanı öz adına layiq olmağa çağırır: öz ömrünü, varlığını yalnız bö­­­­­yük və nəcib əməl­­­­lərə, xeyirxah, bəşəri qayələrə həsr edənlərin Tanrı xəzinəsində inci ki­­mi yaşamağa la­­yiq olduğunu bildirir.

Ey kamalı, tədbiri xilqətlərə hökm edən!

                           Ayağı baş tacına dürr olan, gövhər verən!

                            Şahsan, şah qəsri istə, qoy görsün dünya səni,

                            İncisənsə, ara, bul Tanrı xəzinəsini [səh.95].

Nizami Gəncəvi yazır ki, Tanrı kainata, təbiətə və bəşəriyyətə nur (Əzəli nur) pay­­­la­­yan zaman İnsan oğluna həmin gövhərdən və ya nurdan daha çox pay vermişdir. İn­san oğ­­lu da bu gövhərdən daha çox bəhrələnmişdir. Çünki başqa canlılardan fərqli olaraq ona id­rak qüv­­­vəsi verilmişdir. Bununla yanaşı, yalnız mənəvi üstünlük, idrak adlı misilsiz töh­fə deyil, həm də insana cismani üstünlük verilib. Buna görə də insan canlıların şahı sa­yı­lır və bütün xilqətlər üçün mə­su­­liyyət onun boynuna düşür.

                            Tanrının xəlq etdiyi ilkin əzəli nurdan,

                            Hamıdan çox pay alan sənsən, özünsən, inan.

                            Cahan – sənin öz evin, sən – bu evin açarı,

                            Səninkidir bu bağın hər barı, hər nubarı.

                            Əzmin, böyüklüyünlə tutmusan yer üzünü,

                            Qürur yaraşır sənə, ver irəli köksünü [səh.95].

Kainatda hər şeyin insan üçün yarandığını deyən Nizami Gəncəvi qeyd edir ki, İn­san öz zəka gücü sayəsində ulduzları köhlən at kimi yəhərləyib çapa bilər. Deməli, bü­tün kainat onun hökmündə, iradə və ixtiyarındadır.

Neçə yəhərli atın bizik süvariləri,

                            Səyyar ulduzlar hazır yalnız bizdən ötəri [səh.119].

İnsanı bütün canlıların tacı və tacidarı adlandıran Nizami gös­tə­rir ki, İnsan kai­nat­da öz müstəsna rolu ilə fəxr edə bilər. O zamana qədər fəxr edə bilər ki, nəf­sinə əsir düş­mə­­­sin. Maddi aləmdən dördəlli yapışmasın.

Mülk həvəsindən əl çək, sənə qürur gətirər,

                            Dəbdəbələr kölgəsi heç məgər nur gətirər? [2, səh.104]

Nizami nəfsinə hakim olanları çevik insan adlandırır. Mütəfəkkir alimin fikrincə, cis­­mani və mənəvi hüsnün atributlarından biri çeviklikdir. Yalnız nəfsini cilovlamağı ba­ca­­­ran, dünya yükünü çiyninə götürməyən pak nəfəsli, pak cövhərli insanlar çevik və ru­hən qanadlı olurlar.

Sakit axan su kimi yaşamağı seç peşə,

                            Yüngül suyun qiyməti ağır olur həmişə.

                            Bədən gözəllik tapır yalnız çevikliyilə,

                            Ruhun yüngüllüyündən can dönür qızılgülə [səh.92].

Ancaq nəfsini cilovlaya bilməyənlər, dünya yükünü özünə yük edənlər Qaf da­ğı ki­mi ağırlaşıb öz yerində qalır, çevik, ruhən qanadlı insanlar isə ruzigar kimi azad və sər­bəst dolaşırlar. Nizami belə insanları kainatın mənəvi hökmdarı adlandırır.

Yüngül əsən rüzgarlar dolaşır hər iqlimi,

                            Ağırlar öz yerində qalır Qaf dağı kimi.

                            Tikan olma, aldanma qızılgülün hüsnünə,

                            Önə bax, bənövşə tək baş əymə öz köksünə [səh.92].

Nizami Gəncəvi zalımlığın, zülmkarlığın, qəddarlığın, qanlı imperiyaların baş alıb get­­­­­mə səbəbini insanın tamahında görür. Əlindən yaxşılıq gəlməyən in­sa­nın qüsurunu onun özündə, “pis xislət”ində görür və yeri gəldikcə, canlının öz təbiətindən irə­li gələn im­­­­­­kan­­­­larını da nəzərdən qaçırmır – deyən Nizami Gəncəvi mahir psixoloq kimi çıxış  edir. İnsanlar arasında baş ve­­rən sax­talığın, natəmizliyin, lovğalığın, paxıllığın, bəd­mə­caz­­­­lığın, yemək dostu ol­ma­ğın, əda­lət­sizliyin, nakişiliyin, şəhvət arxasınca qaçmağın, düş­­­mənçiliyin, vəfasızlığın, xə­­­bis­li­yin, bəd nəfisliyin və sair mənfi halların yaranmasını qeyd etdiyimiz kimi ta­mah­kar­­lıq­da gö­rür­.

Heyhat, dünyadan köçdü ağzından dür saçanlar,

                            Bal süfrəsi yerində eşşək arıları var.

                            Ruzigara bax ki, sən nə üns qalıb, nə insaf,

                            Namərdlik ucbatından insandan qaçır insan.

                            Hanı ülfət, mərifət? İtib, tələf olubdur,

                            İnsanlar qalırsa da, insanlıq məhv olubdur [səh.105].

Əxlaq tərənnümçüsü Nizami Gəncəvi insanda düzlük, cömərdlik, saf münasibət gör­mək istəyir, ancaq bu cür insanların Süleyman peyğəmbərin dünyasında qaldığını gös­tə­rir.

Dünya uzaq düşübdür Süleyman dünyasından,

                            Sanki qeybə çəkilmiş gerçək insan, ər insan [səh.105].

Nizami Gəncəvi qeyd edir ki, ey insan zəka sənə ona görə verilmişdir ki, öz ru­hu­nun qayğısını çəkəsən! Amma sən əksinə davranırsan, tamahın ucbatından özünü dəli, di­va­­nə edir­sən. Əl çək acgözlükdən, sərvət və şöhrət düşkünlüyündən. Əgər sənə verilən öm­­rü də­yərləndirə bilməsən, tamahdan əl çəkib yaşamağı bacarmasan aslanlar, yırtıcılır, ge­­cə və gündüz kimi ikiüzlülər səni kamına çəkəcəklər, yəni səni aldadacaqlar.

Əlizunluq etmə, sən ki pişik deyilsən,

                            Qoşulma dələduztək, dələyə, tülküyə sən.

                            Ölüm tələsi qurmuş bu yolun üstə aslan,

                            Neçin susuz maraltək quyuya üz tutmusan?

                            Nəfs atını bu qədər havalandırma yetər,

                            Tap bir təmiz su iç ki, sənə düz yediriblər.

                            Nəfsinin xırmanına od vur, elə bir od ki,

                            Nəfsin qoy yanıb sönsün suda təbaşir təkin [səh.133].

Bu kimi səciyyələndirmələrdən sonra Nizami Gəncəvi yazır ki, ey insan, sənin dil­xor olmağın, rənginin saralıb solması dün­ya malına aludəliyindəndir, nəfsinin, tamahının uc­­ba­tın­dandır. Onillik sirkə içibmiş ki­mi üz-gözünü turşudursan. Hey­hat, sənin az qala yü­­zillik acgözlüyünü onillik sirkə apa­ra bilərmi? Səfranı (ürək­bu­lan­ma­nı) sirkə ilə müa­li­cə etsələr də, bunun sənə heç bir xeyri yox­­dur. Ey yırtıcı nəfsinin yağında yanan, qov­ru­lan İnsan! Nə qədər ki sağsan, bu cahan mət­bəxinin ocağında quru odun kimi od tutub ya­na­­caqsan, o dünyada isə səni yalnız cə­hən­nəm alovları gözləyir – deyir.

Saralmısan, görürəm sənin solğunluğunu,

                            Onillik sirkə belə apara bilməz onu.

                            Acgözlüyün yüzillik çırağın yağı kimi,

                            Səni onillik sirkə pak eləyə bilərmi?

                            Ağır yük daşımaqdan qozbel oldun, şil oldun,

                            Yandın nəfsin yağında, ömür boyu qovruldun.

                            Sən – cahan mətbəxində ocağın külü, hisi,

                            Qiyamət günündəsə cəhənnəm gözətçisi! [səh.134]

“Dünya qayğılarından qurtulma bəhsi” adlı doqquzuncu söhbətdə Nizami yenə Tan­­rının İnsana verdiyi dəyərdən söz açır. Yazır ki, biz kainatın əşrəfi yaranmışıq. Bütün baş­­qa varlıqlardan fərqli olaraq bizə düşünmək və dünya bilməcələrini qavramaq, an­la­maq istedadı verilib. Yeddi qat göylərin sirlərini də açan bizik, fələyin əbcəd-dini, əlif­ba­da hərflərin düzülüş qaydasını Yerin yazı taxtasında yazıb-oxuyan da bizik. Lakin sən ta­ma­­­hın ucbatından yenə narahatsan. Bircə ip üstündə oynamaq səni təmin etmir. Heç yan­da qərar tuta bilmirsən. Halbuki, kamil insan özünün bütün qüvvəsini, bədən və idrak enerjisini bə­­­­şə­­riyyət və tərəqqi naminə xərcləməli, özü üçün yox, özgələr üçün ya­şa­ma­lı­dır. N.Gəncəvi üzünü tamahkar insana tutaraq deyir: Ey in­san­­­lıqdan əl çəkib nəfsə, ta­ma­ha uyan insan! Səni maddi dünyaya bağlayan yırtıcı eh­ti­ras­lar­­dan əl çək, mənəvi aləminin qayğısına qal! Atan Həzrəti Adəmin yolunu get! Gü­nah­la­rın­­dan əl çəkmək üçün tövbə qıl, təmizlən, pak ol! Zülm etməyə, ucuz ehtiraslara, sərvət, şöh­rət, düşkünlüyə sərf olu­nan hədər günlərin yerini doldurmağın yeganə çarəsi tövbə qıl­­maq, din yoluna qayıtmaq və insan kimi yaşamağın qaydalarını öyrənməkdir. Ulu göy­lər daim öz qasırğaları, il­dı­rım­ları və göy gurultuları ilə tamah içində yatmış in­sa­nı ayıl­t­ma­ğa, xəbərdar etməyə ça­lı­şır ki, bir mənəvi ömür də var. Onu düşün! Ölən­də yatmaq eyib deyil. Tamah yuxusunda yat­maq eyibdir. Ayıl! O dünyaya köç­mək üçün azu­qə yığ, mə­nəvi ömrünü uzatmaq üçün ça­rələr tap.

Biz ki, doqquz fələyin dərs aldıq məktəbində,

                                      Əbcədini oxuduq bizim yer lövhəsində.

                                      Tanrının yoğurduğu bu torpağı tanı sən,

                                      Şükür qıl, ey naşükür, ən ulu zirvədəsən.

                                      Tərəddüd içindəsən. Özgə hansı işin var?

                                      Bircə ipin üstündə tuta bilmirsən qərar.

                                      Ey sadə insan oğlu, dədənə bax, dədənə,

                                      Gör neylədi? Dədənin yolu “Gəl!” deyir sənə.

                                      Ayıltmasa göy səni çəkil, hicra guşəyə,

                                      Bir azca azuqə yığ, o dünyaya köçməyə [səh.138].

Nizami deyir ki, sərvətə, var-dövlət yığmağa susuzluğunu, təşnəliyini yal­nız və yal­­­nız zəka, tədbir, səbr, təmkin sayəsində söndürə, öldürə bilərsən. Necə ki, gün­düz ge­cə­­ni öz nuru ilə boğub öldürür. Nizamiyə görə, könlü işıqlandıra bilmək – maddi dün­­ya­dan əl çəkib mənəvi dünyaya qovuşmaqdır. Ən böyük səadət heç də maddi aləmdə de­yil, yal­­­­nız ruhun qüdrəti sayəsində qazandığın mənəvi aləmdədir. Buna görə də, lazım gələrsə nəf­sinə neştər batırmağı bacar.

Neştər batır nəfsinə, ey fələktək saxtakar,

                            Ac gözlü, qısa yenli, uzun əlli tamahkar [səh.163].

Nizami Gəncəvi əsaslandırır ki, şahlar, krallar, səltənət imperiya başçıları xalq­la­rın, müs­təm­ləkə məngəsənəsinə saldıqları ulusların qanını şüşəyə tutmaq hesabına var­la­nır, öz­lə­ri­nə qızıldan taxt-tac düzəltməklə bəşəriyyətin nifrətini, qəzəbini qazanırlar. Sikkə vuran də­mirçilər isə halal əmək adamlarıdır, buna görə rəğbətə, məhəbbətə la­yiq­dir­­lər. Nizami özü­nü va­ra-dövlətə, qızıla təslim edənləri bədbəxt adlandırır. Çünki on­la­rın hamısı bu dünyada qa­landır.

Nə vaxtacan əl atıb özgə budağına sən,

–    Dövlətim kaş bir azda çox olsun! – deyəcəksən?

Tutalım, qamarlayıb, aləmi tutdun da sən,

Gedəndə ki, əl çəkib, əliboş gedəcəksən [səh.179].

İnsan tərbiyəsinin böyük təbliğatçısı olan Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsə­ri insan əxlaqının paklığı, saflığı, təmizliyi və təkmilləşdirilməsi haqqında mükəm­məl bir dərslik ki­mi istifadə olunmalıdır – desək yanılmarıq. Ümumiyyətlə, dinimizdə, elmi-fəl­sə­fi fik­ri­miz­də qa­nunlaşan insan əxlaqının saflaşdırılması ideyası Nizami ya­ra­dıcılı­ğın­da baş­­lıca key­­fiyyət kimi təzahür edir. Nizami deyir ki, sən dünyaya insan kimi yaşamaq üçün gəl­mi­sən. Nizami Gəncəvi bir tərəfdən insanı əşrəf hesab edərək, elmlə birlikdə onu ən yük­sək xilqət sayır, “onun tərəqqiyə bais oldu”ğunu söyləyir, digər tərəfdən mühitin də ona tə­sir göstərdiyini şərh edirdi. İnsanın qüdrət və qüvvətinə inam, həmçinin, tə­rəq­qi­də insanın möv­qeyi, mühitin insana bəd və xoş təsir bağışlaması Nizami yaradıcılığında tər­biyə möv­­zusunun leytmotivini təşkil edir. Əsərdə Nizami Gəncəvi insanlığı kiçik və bö­­­yük­lük­dən, hökmdar və nökər, rəiyyət və əmir və i.a. kimi  silk və imtiyazlara bax­ma­ya­­­raq ha­mı­ya şamil edir. Tərbiyə insanı yalnız cəmiyyət içərisində müşərrəf olmağa de­yil, bü­tün mö­tə­dil və xoşəxlaqlığa sövq edir – deyən Nizami Gəncəvi tərbiyənin qüd­rə­ti­nə bö­yük inam bəsləyirdi. Bir sözlə: Nizami Gəncəvi insan tərbiyəsinin sonsuz olduğunu söy­­lə­­yə­rək onun anadan olduğu bir gündən ta qəbr evinədək davam etdiyini göstərir.

Yekun olaraq qeyd edək ki, Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsə­ri ilə oxucusuna in­­­sana xidmət bayrağı daşımağı tövsiyə etmiş, yırtıcı ehtiraslara kölə olmamağı məsləhət bil­­mişdir. Bu mötəşəm əsəri ilə əxlaq çeşməsi Nizami Gəncəvi insan şəxsiyyətinə, in­san in­ki­şa­fına və tərbiyəsinə sanki himn bəstələmişdir.

 

Kamal CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Yazıya 747 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.