Xaliq Rəhimli – “Şəhərdən gələn uşaq”

1800173_286998971495691_171391277621403070_o

( xatirə -povest)

-Artıq adamlar düşsünlər ,tez olun, tez olun , qatar yola düşür ,-deyə səsini başına atan vaqon bələdçisi tutuquşu kimi eyni sözləri təkrarlaya-təkrarlaya vaqonun bu başından o başına ,o başından bu başına addımlaya -addımlaya özündən olsa vəzifə borcunu yerinə yetirirdi.  Mənim o zamankı halıma uyğun olmayan bu səs indinin özündə də harda qatar görürəmsə qulaqlarımda əks -səda verir. Bu səs qədər, bu səsin ifadə elədiyi həmin o “tez olun ,qatardan düşün”-çağırışı qədər mənə düşmən kəsilən ikinci bir ifadə tapmaq çətindi.Çünki, qatardan düşməli olanlardan biri də anam idi .Məni-yeddi yaşlı  oğlunu hansısa qohumumuzla kəndə yola salırdı. Qatar tərpənənə qədər başımı qatırdı ki,  darıxmayım, ağlamayım. Lakin həmin vaxt bu mümkün deyildi. Mən özümü nə qədər toplasam da bacarmırdım.Yavaş -yavaş yeddi yaşlı uşaqdan bir əlçim qara buluda çevrilirdim. Amma var gücümlə çalışırdım ki,heç olmasa anam qatardan düşənə qədər özümü tox tutum , o mənim ağlamağımı görməsin. Ona söz vermişdim ki ,ağlamayacam. Kəndə çatıb babama ,nənəmə necə lazımdırsa  eləcə də qulluq edəcəm.Bu sözlər balaca bir uşağın kişi sözüydü.Və ilk dəfəydi belə kişilənirdim.Uşaqlığıma üstün gəlməyə çalışırdım.Yaşımda boyumda alınmasa da ağlımda düşümcəmdə buna cəhd edirdim .Necə olursa -olsun özümü tox tutmalıydım.Çünki atam deyəndə ki, səni kəndə göndərəcəyik- heç belə darıxmağım ağlıma gəlməmişdi,əksinə qürur duymuşdum ,taleyimə düşən bu öhdəliyi nədənsə çox asanlıqla boynuma götürmüşdüm və geriyə yol olmadığını  yaxşı başa düşürdüm -Artıq adamlar tez düşsün ,tez düşsün , qatar tərpənir,-bələdçinin cır, yöndəmsiz səsi anamla məni son dəfə üz -üzə ,göz -gözə qoydu. Anam üzümdən öpdü və gülümsünə- gülümsünə qapıya tərəf çevrildi. Darıxma, babana ,nənənə salam de, adımızı doğrult. Bu sözləri anam gözlərimin içinə baxa -baxa dedi,-görsün ki gözlərin dolubmu. Özü də qəhərini güclə gizlədirdi .Hal- hazırda mənim yaxşı oğlan olmağımı sübut edən hərəkətlərdən biri də həmin anda hönkürtümü saxlamağım idi. Anam qatardan düşdü . Bir neçə saniyə  pəncərədən bir – birimizə baxmaq imkanı yarandı . Sonra mənə əl eləməyə başladılar. Əllərin sayı çoxaldı. Anamın,atamın , bacımın ,qardaşımın… Nəhayət qatar tərpəndi. Elə bil dayanmağa hövsələsi çatmadı. Sürətini yavaş- yavaş artırdı.Sanki havada yellənən əllərin havasına perrondan uzaqlaşdı…Sevinirdim ki , anamın yanında ağlamadım ,onun ürəyini üzmədim.Bunu özümə böyük  qələbə sayırdım .Sözümün üstündə durduğuma sevinirdim .Həmin vaxt dünyanın ən xoşbəxt uşağıydım .Amma bayaqkı bir əlçim buludluqdan çıxmaya bilməzdim.Baxmayaraq ki, qatar tərpənəndə bir az da doldum,darıxdım. Qəfil hönkürtümə limonadla kojik yeyən qohumumuz əməlli – başlı diksindi.-Ə, bə derdin ağlamajam ,yekə oğlansan bu nədi əəə…Özümü saxlaya bilmirdim.Tulaqulaq papağımı üzümə tutub göz yaşlarıma güc vermişdim.Bir ömürlük göz yaşını bir neçə dəqiqədə axıtdım.Papağım suyun içindəydi. Elə bilirdim ucqar dağ kəndinə nənəmin,babamın yanına yox dünyanın hələ heç kimə məlum olmayan uzaq bir nöqtəsinə gedirdim.O da, mənim uşaq ağlımla götürsək gedər-gəlməzə bərabər bir yer idi.Elə mənimlə yol yoldaşı olan qohumum da gedər- gəlməz adamına oxşayırdı- A bala,  olmadı axı ,bu nə ağlamaxdı,yekə oğlansan üzünü -gözünü sil. Götür limanaddan iç ,kojikdən ye,kənddə bulardan yoxdu.Gözümə heç nə görünmürdü .Anamın son dəfə gördüyüm yarı sevincli ,yarı kədərli üzü gözlərimin önündən getmirdi Və bilirdim ki görüntü ömrüm boyu gözlərimdən getməyəcək .Bir az yüngülləşib  qohumumuza işarə elədim ki ,setkamda anamın yoluma qoyduğu bişmiş toyuq var, götürsün yesin. Qohumum gülə -gülə,- toyuq kənddə də var, -deyib ,acgözlüklə kojikə və cemli peraşkilərə elə girişmişdi ki ,sanki dünyada bunların tayı-bərabəri yoxdu . Mənin əhvalımın onun iştahına heç bir maneçiliyi olmasa da ağzını marçıldada -marçıldada həm də məni ovundurmağı ,ürək-dirək verməyi unutmurdu .Yediyini yeyirdi ,dediyini deyirdi,-heç yaxşı olmadı mən yeyirəm, sən ağlayırsan…–Bir bax gör şəhərin gejə işıxları nejə yaraşıxlıdı. – Özünü şəhəri eninə uzununa tanıyan kimi göstərən qohumumuz kefdəydi ,nə üçdə alacağı vardı ,nə də beşdə verəcəyi. Tülkü gözü kimi parıldayan gözlərini qatarın pəncərəsindən çölə zilləyə-zilləyə cemli perajkiləri elə içtahla ötürürdü ki ,deyərdin xəstəliyinə dərman tapılıb  yeməsə bu dəqiqə bu vaqondaca uzanıb öləcək …Gözümə nə şəhər görünürdü ,nə onun işıqları, nə də qohumumun acgözlüklə yediyi cemli peraşkilər …İndi məni ovundurmaq elə də asan deyildi…Doyunca ağlayıb yorulmuşdum.Qatar öz işindəydi. Sürət götürərək  irəliləyirdi .Mənə maraqlı idi ki, görəsən bu qatarda məndən  başqa da ağlayan varmı. Əgər varsa vay qatarın halına. Bir anlığa qatarı  elektriklə deyil, göz yaşlarıyla hərəkət edən kimi təsəvvür elədim. Mənə elə gəlirdi ki, qatarın sürətini artıran da həmin o göz yaşlarıdı ki,darıxanları mənzil başına tez çatdırsın.–Qalx , qalx tez ol ,çaterax az qalıf.-Bu səsi yuxuda eşitdim, amma qəfil ayılanda gördüm ki, qohumun səsidi.Və nədənsə axşamnan bəri onun danışdığı sözlərdən yalnız bu dedikləri mənə xoş gəldi.Bu da ola bilsin ki məni anamnan ayıran qatardan yaxamı qurtarmaq istəyimdən irəli  gəlirdi . Qatarın havası çox ağırıydı. Dünyanın bütün qübarı ,həsrəti elə bil bu vaqonlara dolmuşdu.Mənim düşməyimlə sanki qatar xeli yüngülləşdi, dərindən nəfəs aldı…

Tez elə , nə fikirrəşersən çəmədənin böyrünnən tut tüşörək.Cemli peraşkilərın axırına çıxan qohumun səsi məni xəyallardan ayırdı.Qatardan düşdük .Qohumum bir xeyli limonad alıb aparırdı. Kiçik oğlu deyibmiş ki ,-ay qağa mənə Bakıdan çoxlu limonadnan  kojik al gətir.  Zavallı uşağın xəbəri yoxdu ki ,qağası ona aldığı kojiklərin dibinə çoxdan daş atıb.Bir- iki dənə qala ,ya qalmaya .Səhər saat altı olardı. Hava işıqlaşmamışdı .Özümdə bir yüngüllük hiss elədim .Elə bil bütün ağrı acılarım qatarla getdi.Amma birdən- birə yenə darıxdım .Təzədən o qatarla nə vaxtsa şəhərə evimizə qayıdacağımı düşündüm.Lakin bu cür düşünmək hələ çox tez idi.Məni irəlidə yeni həyat gözləyirdi,- kənd həyatı…

Ə, a bala tez -tez gəl ayağını sürümə ,-aftobusa çata bilməsək  gərək  burada qalıf aj-susuz veyillənək,Dəllərdən Gədəbəyə avtobus savax -savax geder,- bunu da kənd qohumum deməyib kim deyəsiydi…

***

Rayon mərkəzinə çatanda hava yenicə işıqlanmışdı. Eşitdiyimə görə yollar bərbaddı kəndə getmək çətindi . Kiçik Qaramurad kəndinə birtəhər getmək olur .Oradan o yana mənim dədə -baba yurdum Əli- İsmayıl kəndinə isə gedib çıxmaq o qədər də asan məsələ deyil .Xüsusən yağış yağanda qara palçığın əlindən tərpənmək olmur. Nə qədər “buksavat “olar, nə qədər yolda maşın sönər .Kiçik Qaramurada qədər “qruzavoy”un “kuza”sında gəldik. Yaxşı ki,cırıq da olsa üstünün çadırı var idi .Yoxsa külək bizi birtəhər eləyəridi .Eləyərdi deyəndə ki ,qohumun vecinə deyildi ,heç tükü də tərpənmirdi. Elə bil maşının kuzasında yox Brejnyevin çaykasında gedirdi .Hərdən əlini papağına aparırdı ki ,çadırı alladıb arasından keçən külək vızıllatmasın .Arada mənə göz qoyurdu ,görüm necəyəm .Şit -şit gülə -gülə -hə bajoğlu nətəridi işdər,yolların dərdindən buralarda avtabuz zad olmor haaa .Biz beləcə zulum çəkerək .-Başını  bir az aralı tut çənən “borta” dəyməsin, -dedi .Amma sifətindəki şit gülüşü  belə tez getmədi.Qırsaqqız olub üzünə yapışdı. Nədənsə qohumum sözünü deyil, gülüşünü cox uzadırdı. Və o şit ,eybəcər gülüşü üzündən qovunca , dibinə daş atınca özü də haldan -hala düşürdü .Həmin vaxt onun üzünə o gülüşün əvəzinə atmilçəyi  qonsaydı işi daha rahat olardı .Bir şilləylə vurub axırına çıxardı .Neynəmək olar ki ,ömrün hansısa ilində günündə zərərli vərdiş kimi bu süni dingiş gülüşə adət eləmişdi .Elə bil özü də başa düşmüşdü ki ,üzü bir az da elə o saxta gülüşə görəəziyyət çəkir ,eybəcər hala düşür .Qohumumun Royon mərkəzindən başladığı zorrama gülüşü KiçikQaramurad kəndində birdən-birə yoxa çıxdı.- O dağları görörsənmi,yaxşı-yaxşı bax ,kəndimiz o dağların ətəyindədi -az qalıf çaterax ,-deyə qohumum məni məlumatlandırmağı da unutmadı .Və sözünün arxasınca yenə şit -şit güldü .Bu saxta ,şit gülüş onun üzünü yenə eybəcər hala saldı .Özümə söz verdim ki daha ona baxmayım —Ora gərək taksiynən gedək,avtobus zad getmer,-deyən qohumumun  batmış səsi güclə eşidilirdi .Quyuda boğulan adamın səsinə oxşayırdı .Axşamnan içdiyi buz kimi limonadlar öz işini görmüşdü .Ağzınnan sözünü qurtarmamış taksi sürücüsü  üstümüzə elə cumdu ki ,-dedim indi bizi basıb döyəcək .Əli -İsmayıla apararsanmı ,deməklə- qohumum özü də nigaran qaldığı batmış səsini qaldırmağa çalışdı amma bir fərq eləmədi. Taksi sürücülərinin hamısını tanıdığı halda nədənsə bu balacaboy, tösmərək,üst qabaq dişlərinin ikisi qızıl olan oğlanı tanıya bilmədi .Kimin oğlusan deyib -soruşmağa da həvəsi olmadı ,onsuz da səsi sözünə baxmırdı.Tösmərək sürücü, -“mənim bu göy gözlərim üsdə” ni elə dedi ki,-  guya gözlərinin göy olmasının bir başa mətləbə dəxli varmış. Villisdə yerbəyer olduq. Ürəyimdə dedim ki ,Allah dərbədərindən saxlasın.Uşağa oxşar sürücü ata minirmiş kimi  sükan arxasına dırmaşdı. Bir göz qırpımında motoru işə saldı. İlk baxışdan mənə elə gəldi ki ,o maşını sürmür sükanın altında eşələnir, nəsə axtarır ,öz -özünə atılıb düşür ,uşaqlaşır .Amma bir az yol gedəndən sonra gördüm ki, yox zalım balası işinin ustasıymış.Onun o vəziyyətə düşməsinin xətakarı yollar imiş.Yol boyu  villis nərildəyirdi, ulayırdı cürbəcür səslər çıxarırdı .Çala -çuxura düşdükcə ,sağa -sola atıldıqca başım az qalırdı maşının çadırını deşib çölə çıxsın .Özümü saxlaya bilmirdim . Maşında tutmadığı yer qalmayan qohumum -məndən də bərk yapış -deyə  əlavə tədbirə əl atdı ki, ilk çətinliklərdən gözüm kəlləmə çıxmasın…

Yağışlı bir payız günüydü. Villis kənd məktəbinin yanında dayandı. Yol bərbad olduğundan güneyə babamgilə tərəfə qalxmadı .Düşüb əşyalarımızı götürdük .Qohum dedi ki ,mən bax o tərəfdə oloram ,əmbə gedək səni bavana nənənə təfil verem  ürəyim rahat olsun, amanat uşaxsan .Olar indi sənin yolunu  gözdör. Qohumu eşidirdim, amma gözüm əks tərəfə qayıtmaq üçün palçıqda dövrə vuran vilisdəydi. Palçıq maşının damına qədər çıxmışdı .Markasından, modelindən əsər əlamət qalmamışdı. Bir anlığa şəhərın gül kimi asvaltını, tər- təmiz maşınlarını xatırladım .Amma kövrəlməyin yeri deyildi…

A bala tez -tez gəl, əyağının altına bax, palçığa girmə, – bildiyiniz kimi yenə də qohumun səsi idi. Hansı ki ,bir azdan onunla vidalaşacaqdım Baxmayaraq ki birgə yol gəlmişdik, mənə bələdçilik eləmişdi. Allaha acıq getməsin bu adamnan heç xoşum gəlmirdi…

Eşşəyin səsi kəndi başına götürmüşdü. Kəndin harasında dayanırsan dayan eynən o məzlum heyvanın səsini eşidəcəkdin.Kəndin bu başında anqıran eşşəyin səsinə kəndin o biri başındkı eşşək mütləq səs verməliydi Səs- səsə qarışırdı.Üçüncü də peyda oldusa, birləşib Həmədana meydan oxuyurdular.  Adamlar bu səsə öyrəşmişdilər. Mənə isə hələ də qəribə gəlirdi .Tamam özgə bir aləmə düşmüşdüm.O boyda şəhərdən bir çimdik də əsər əlamət yoxuydu. Nədənsə ilk dəfə bu kənddə dağlar mənə xoş gəldi ,könlümü oxşadı.Başımı qaldırıb dağlara baxmağımla eşşəyin səsinin kəsilməsi bir oldu.Allahın eşşəyə verdiyi buəcayib səsdən kəndin başı dincəldi .Başqa heyvanların, quşların səsi rahat eşidildi.Sən demə eşşəyin səsi kənddəki bütün səsləri müvəqqəti də olsa batırırmış. Hətta bir-birini çağırmaq istəyənlər belə eşşəyin səsinin kəsilməsini səbirsizliklə gözləyirlər .Bu heyvanın anqırma qrafikini də heç kim bilmir. Ona görə də bu səslə qarşılaşmaq işıqforun qırmızı işığına düşmək kimi bir şeydi.Gözlə ki,yaşıl işıq yanacaq.Amma ağlın şəhərə getməsin .Burdakı qırmızı işıq hələm-hələm sönəsi deyil… Günəş yavaş -yavaş  dağların arxasından boylanırdı . Zirvədə alat-alat duman görünürdü. İraq eşşəkdən ,bu elə gözəl mənzərəydi ki ,yazıçı olsaydım daha maraqlı təsvirlər verərdim .Sonra biləcəkdim ki ,məni bu kənddə darıxmağa qoymayan həm də  günəşli, dumanlı dağlardı.Yeri gəlmişkən deyim ki ,kəndimizin gözəlliyinə ilk gündən heyran oldum. Öz -özümə sirvəsi buludlara dirənən bu əzəmətli dağların nə vaxt yarandığı haqqında düşündüm. Düzlərin, dərələrin, meşələrin ,çayların necə əmələ gəldiyi mənim uşaq marağıma səbəb oldu .Belə bənzərsiz relyefin,gözəlliyi ilə ağlı yerindən oynadan təbiətin memarı şübhəsiz ki ,Allah olub. Bu insanın işi deyil. İnsanın işi odur ki Allahın yaratdığı şəraitdən insan kimi istifadə edib gözəl ömür yaşaya bilsin. İnsanlar bu kəndə nə vaxt, hansı yüzillikdə ,hansı tayfadan gəlib bu haqda tarixi -nadir danışıb başınızı yormaq istəmirəm .Sadəcə kənddə yaşadığım müddətdə əmin oldum ki kəndçilərimiz buraya Allahın məsləhət bildiyi çox gözəl bir vaxtda, gözəl bir yüzillikdə ,gözəl bir tayfadan gəlib .Buranın adamları Allaha yaxındılar .Ona görə yox ki yaşadıqları məkan yer səthində üç min metr yüksəklikdə yerləşir və göyə bir az da yaxındır, -xeyr ona görə ki ,bu insanların qəlbi Allahla döyünür və bu balaca kənddə şər -xəta çox nadir hallarda baş verir. Nənəmnən cənnət  haqqında bilib eşitdikcə gözümün önünə kəndimiz gəlirdi. Çünki cənnətə xas olan nə varsa hamısını kəndimizdə görmüşəm .Adəmlə Həvvadan tutmuş ta cənnət almalarına qədər. Amma kəndçilərimiz nəfsini qoruyandılar. Allahın qəzəbindən qorxurlar.Aralarındakı şeytanı vaxtında  tapıb lənətləyib,daşlaya bilirlər və bir dəfə də olsun şeytanın onları azdırdıqlarını eşitməmişəm .Qənaətim budur ki ,Adəmlə Həvva cənnətdən qovulanda elə bu kəndə düşüblər və Allahın qəzəbinə gəlməklərindən möhkəmcə peşman olublar .Nəfsin, tamahın daşını birdəfəlik atıblar. Burdan da belə anlamaq olur ki  ,yer övladları olan kəndçilərim göydən gələn Adəmlə Həvvanın qeydsiz-şərtsiz müqəddəs şəcərəsindəndilər. Mənə elə gəlir  ,dağa – daşa düşməkdənsə kəndimizin tarixini bu cür təsəvvür eləmək daha maraqlı və ağlabatandı…

Ay Sirəfil əmi  ,Sirəfil əmi heeey -qəfil qışqırmağıyla qohumumun səsinin açılmağı bir oldu .Dedim indi ,bu cür xoşa gəlməz, yöndəmsiz ,tükürpədən səsə qorxudan heç kim evdən çölə çıxmaz .Amma qohumun  qışqırmağıyla İsrafil babamın qapını çölə açması bir oldu. Sən demə oturub məni gözləyirmişlər. İki gün əvvəl aldığı şanlı məktubda mənim kəndə gəlməyim, orada qalıb oxumağım, onlara kömək edib layiqli bir nəvə olacağım barədə atam  yerli -yataqlı yazmışdı .Köməksiz yaşayan babam və nənəm bu şanlı məktubda yazılanlardan məmnun olmuşdular. Bu məmnunluğu mən ilk baxışdanca babamın üzündə gördüm.  Məmnunluğun səbəbkarı olmağımla fəxr elədim.

Sirəfil əmi, alın, nəvənizi mənnən sağ salamat təfil alın .Amanatın nə demək olduğunu yaxşı bilerəm. Ağıllı uşaxdı ,sözə baxandı. Yol yoldaşdığı da yaxşıdı .Zərrə qədər  məni incitmədi .Allah sizi ona ,onu da sizə çox görməsin .Məni üzürlü hesaf eləyin gedem .-Bunlar qohumun mənnən bağlı nitqə bənzər sonuncu  sözləriydi.Bu sözlərdən sonra Bakıdan kəndə qədər mənə bələdçilik eləyən qohumuma birdən -birə qanım qaynadı , yazığım gəldi ,–Keç içəri bir istəkan çay iç ,yengən təzə süd bişirb – babam təkidlə qohumumu evə dəvət elədi.- Yox ,üz vurma ay əmi Şahmalı yolumu gözdör .Hər dəfə mən Bakıya gedif gələndə lumnat deef ,lumnat eşider Gedem onu da söyündüröm , lumnatdarını verem içsin…

***

Düşündüyümdən də hündür ,ucaboy babam məni boyu bərabəri qaldırdı alnımdan öpdü . Mənə bir anlığa elə gəldi ki,  gördüyüm o şah dağının qoynundayam .Babam boy -buxunu, vüqarı ,əzəmətli baxışıyla  dağlara çox oxşayırdı. Mən ona ilk dəfə görürmüş kimi baxırdım . Əvvəl gördüyümü hesaba qata bilmirdim ,xatırlamırdım.Bir iki dəfə görməklə iki yaşında uşağın yadında babam necə qala bilərdi .

Nənəm Bənövşə qarı babamnan boyca balaca idi . Babam məni onun qucağına düşürdü. Nənəm məni bağrına basdı, üzümdən doyunca öpdü.- Daha sən bizim oğlumuzsan, -dedi .Həyəcandan ,sevincdən ürəyinin döyüntüsünü hiss elədim. Üzünün nuru üzümə qarışdı. Nənəmnən kəklikotu ətri, yarpız ətri ,dağ ətri, çörək ətri ,bir sözlə kənd ətri gəlirdi  Uzaq yol gəldiyimi nəzərə alıb yaxıca çay dəmləmişdi ,süd bişirmişdi .Yumurtaları ,tavanı hazır qoymuşdu ki mən çatanda qayğanaq eləsin.-Şəhərdə nə var ,nə yox qardaşın bacın necədi – babam söhbətə yol saldı .-Yaxşıdılar baba ,hamısının sizə salamları var,-dedim. Qatarda pis yatmışdım ,çox yorğunuydum .Bunu babam da hiss elədi və sualları kəsdi.Nənəmə,- tez hazırla onun çay-çörəyini qoy yesin yatsın , dincəlsin Qonşu uşaqlarının səsi -küyü həyəti başına götürmüşdü.Şəhərdən gələn oğlanı görmək istəyirdilər.Mənə də maraqlıydı onları görmək .Amma yorğunluğum bu görüşü təxirə saldı.Birdən -birə dəli bir darıxmaq da bu yandan.Hönkürtümü güclə saxladım .Yatmağa yerim hazır idi . Üzüqoylu yastığa uzanmağımla ağlamağımı gizlətməyim bir oldu. Buna özüm də sevindim .İlk gündən ağlayıb,sızlamağımla babamın,nənəmin kefinə soğan doğramaq  zəhləsini tökmək ,istəmirdim.Özümü ələ almağa çalışırdım.

Bir az yerbəyer olanda sonra nənəm məni qohumlarla ,qonşularla tanış elədi.Kənddə yaşadığım müddətdə ağsaqqalından ,ağbirçəyindən hörmət və ehtiram gördüm.İsrafilin nəvəsidir ,onlara kömək eləməyə gəlib ,halal olsun bu uşağa ,-sözlərini ayrı -ayrı adamlardan tez -tez eşidirdim .Bu sözlərdən istər -istəməz qürurlanırdım , darıxmağın daşını atmağa çalışırdım.Qohumlardan söhbət düşmüşkən mən bir ailəni xüsusi qeyd etməliyəm .Atamın əmisi oğlu İlyas əmimgillə yaxın qonşu  idik .Meşəbəyi işləyirdi .Mən darıxmağın daşını həm də onların sayəsində   atmışam.Əmimin yoldaşı Asiya xala məni öz uşaqlarından seçməyib.Həmişə onların qapısından gülərüzlə qarşılanmışam Uşaqları ilə bacı qardaş olmuşam.Çörəklərini yemişəm, çaylarını içmişəm ,yelləncəklərində yellənmişəm , uşaqlarıyla beş -daş oynamışam.Baxmayaraq nənəm deyərdi ki ,qonşuya çox getmə ,onlarda yemək yemə,- acdın ,gəl evimizə .Amma olmurdu.Onlar yemək yedikləri zaman mən qaçıb evimizə getmək  istəyəndə uşaqlar qolumdan tutub dartırdılar,-hara gedirsən ,yemək yeməsən qoymarıq getməyə -deyirdilər.Utana-utana yeyirdim…

Ana nənəm Gülab arvadın da mənə olan haqqını itirə bilmərəm.Kəndin başında yaşayırdı. Düzdü onlarda az- az qalırdım.Həm də babamın tapşırığı beləydi ki ,heç kimdə qalma ,hara getsən axşam  evə gəl .Hərdən bu tapşırığı pozurdum.Bu da mənə baha başa gəlirdi .Üzümü danlayırdı.Başımı yerə dikirdim, gözlərimi döyürdüm .-Amanat uşaqsan,qalma heç yanda ,yıxılarsan, qorxarsan ,atana ,anana nə cavab verərik bizi işə salma,-deyərdi. .Ağlamaq dərəcəsinə çatanda uşaqlarla oynamağa göndərirdi Sonra dodaqlarının altında nəsə deyinirdi ,daha mən onları eşitmirdim.Mənim kimlərdəsə qalmağımı heç cür qəbul edə bilmirdi…Gülab nənəmə yorğa Gülab deyərdilər.Kənddə onun yerişinə heç kim çata bilmirdi .Hətta son günlərinə qədər o yerişini qoruyub saxlaya bildi. Baxmayaraq ki yaşı doxsanı ötmüşdü .Əvvəllər hərdən dayım onu şəhərə gətirəndə  qardaşım Xanlar deyirdi ki, mən  gəzməyə aparmayacam, bərk gedir ,çata bilmirəm caamatdan utanıram .Bir dəfə də o cür yerişlə itmişdi güclə tapdıq.Bəli nənəm kənd adamıydı. Bir neçə dəfə məni də özü ilə fıstıq yığmağa aparmışdı .Yekə çadırı ağacın altına sərirdik, məndən bir az böyük oğlanlar quş kimi ucaboy ağacın başına çıxırdılar .Çırp ki ,çırpasan .Elə bil göydən dolu yağırdı.Qışda peçin yanında qızarmış kartof dilimləri ilə yanaşı qovrulmuş fistığın da dadı bir başqaydı …

Qayıdaq kəndə təzə gəlməyimə .Bir az geciksək  də babam mənim məktəb məsələmi həll elədi.Məktəbin direktoru alicənablıq nümayiş etdirdi:

-Yusifinmi oğludu ? Allah saxlasın Əlimizdən gələni əsirgəmərik

Babam da öz təşəkkürünü bildirdi

Təbii ki ,kənddə çox adamı tanımırdım .Mən körpəykən atamın işi ilə əlaqədar  Bakıya köçmüşdük .Yeddi yaşım olmasına baxmayaraq  heç yeddi qohum tanımırdım.Ona görə də tanıdıqca bir -bir onlardan utanırdım .

Başını qaldır üzlərinə yaxşı- yaxşı bax, sonra kim kimdi yadından çıxacaq -deyə qonşumuzun oğlu məni həvəsləndirirdi. Amma mən hələ qohum tanımaq zorunda deyildim .Anamnan başqa heç kimi görmək istəmirdim Bütün bunlara baxmayaraq kəndimizin gözəlliyinə heyran olmuşdum.Kəndə gəlməyim payıza təsadüf eləməsinə baxmayaraq hər şey mənə yeni və gözəl görünürdü.Balaca bir kənddə  qayğısız maraqlı həyat yaşanırdı.Funklyordan bulvardan, sirkdən əsər əlamət olmasa da özünə məxsus tragikomik əhvalatlarıyla ,maraqlı hadisələriylə zəngin olan bu kəndə  yavaş -yavaş öyrəşirdim.Babamın ayaması Pedan İsrafil idi .Yekə İsrafil də deyərdilər Lakin bu Yekə sözü heç də yekəxanalıq demək deyidi. Dağlar kimi uca, vüqarlı anlamına gəlirdi. Boy buxunundan əlavə həm də, hər şeyin yekəsi onunlaydı -sözün, qürurun, halallığın. ..Az danışardı .Adamları dinləyərdi hannan -hana bir -iki söz deyərdi, ya deməzdi.Çoxunu da əlini yelləməklə yola verirdi .Mən onun fikirlərini üzündən oxuya bilirdim .Acıqlı olanda gözünə görünmürdüm. Nənəm deyirdi ,hələ görünmə get bir az oyna ,babanın hirsi soyusun sonra gələrsən. Onu hirsli görməyə mən də ürək eləmirdim…Gecələr tez -tez nənəm yuxuda ağlayardı .Bu hadisə məni lap qorxudurdu .Yorğanı başıma çəkib ayaqlarımı qarnıma yığıb tir -tir əsirdim .Nənəm elə qışqırıb ağlayırdı ki ,sanki yuxuda deyil açıq aşgarcana evimizə girib nənəmin ətini şişə çəkirdilər .Özü hiss eləməsə də səsi çox bədheybət çıxırdı .Nəzarətdən çıxan, hiss olunmayan ,yalnız yuxunun ixtiyarında olan səs bundan artıq olmazdı ki.Bu ara babamın acıqlı ,gur səsi gecənin qaranlığına meydan oxuyurdu.-Ağız ay Bənöyşə nooldu oyan , oyan uşax qorxdu a qıvlasız ,adamı peşman eləmə ,oyan …Nənəm eşitmirdi öz işindəydi ,hələki qışqırırdı .Axırda babam yatağından qalxıb onusilkələyirdi .Nənəm hövlnak gözlərini açırdı , bir az özünə gələndən sonra ,-nə olmuşdu niyə ağlayırdın- deyə yuxusu qaçmış babam acıqlı -acıqlı soruşurdu .- Heç nə ,gördüm ki ,bir yekə at arxasını böyrümə söykəyib, tərpənsəm təpiklə vuracaq.Qışqırdım adamları haraya çağırdım. Mən bu hadisəni izləyə- izləyə yerimdə donub qalmışdım. Daha doğrusu özümü yuxuluğa vurmuşdum.Ayıq olduğumu və qorxduğumu bildirmək istəmirdim.-Kaş elə at vuraydı səni ,-deyən babam sözünün arxasınca ata ,atın yiyəsinə çox da zəif olmayan söyüşlər yağdırdı.Sonralar bu hal ,əlbəttə nənəmnən asılı olmayaraq təkrarlanırdı Yenə babamın sorğu -sualı ,yenə səbəbkarın ünvanına gecə söyüşləri… Bir qorxum var idi ki, babam olmasa mən tək neynərəm. Qorxudan qan -bağır olaram.Elə də oldu babamın dünyasını dəyişməsindən daha çox  nənəmin yuxuda qışqırması ilə üz- üzə dayanacağım məni yaman qorxudurdu , canımı vahimə basırdı.Düzdü bu barədə nənəm mənə təskinlik vermişdi ki,- mən yuxuda qışqıranda qorxma yavaşca qolumnan tut ayılacam .Bir -iki dəfə bərk həyəcanlansam da nənəmin bu qeyri -adi mistik vərdişinə yavaş -yavaş öyrəşdim .Babamın yorğanın altında eşitdiyim dürlü -dürlü söyüşləri yadıma düşdü. Lənət şeytana dedim…

Qohumlarla tanışlığa başlayanda bibim oğlu Əliyə daha çox isinişdim .Bəlkə də ona görəydi ki, bir yaşdaydıq və bir sinifdə bir partada otururduq. O qədər mehribanlaşdıq dostlaşdıq ki, baxmayaraq hal -hazırda Bakıda taksi xidməti ilə məşğul olur mən onu yenə şagird sifətində görürəm .Elə bilirəm yenə də otuz qəpiklik paçka peçenyesini çantasından çıxardıb mənnən yarı böləcək, iki “iris” konfeti varsa birini mənə verəcək, inadkarlığıma baxmayıb qolumdan darta- darta  evlərinə aparacaq .Atası Cəlil kişi mənnən özünəməxsus görüşəcək, hal -əhval tutacaq.Atamın kəndə niyə gec -gec gəlməsini soruşacaq. Mina bibim tez xəngəl qazanını peçin üstünə qoyacaq . Qızı Pəri qurud əzəcək .Ətrafıma toplaşan uşaqlar bir az şəhərdən danış -deyəcəklər. Amma bu dar macalda şəhərdən danışmağa çətinlik çəkəcəm. Çünki anam yadıma düşəcək ,kövrələcəm Əhvalımı hiss eləyib bu vəziyyətdən məni Mina bibim çıxaracaq:

–Nahaq şəhərdən söz saldınız .Aparın onu eşşəyə mindirin kefi açılsın- deyəcək…

***

Kənd həyatına uyğunlaşmaq  çətin olsa da, geriyə yol yox idi .Bu mənim düz alnımın ortasına yazılmışdı. Uşaqlar, qonşular ,qohumlar, nənəm babam hər cəhdlə çalışırdılar ki ,mən darıxmayım. Hətta nənəm deyirdi,- iş görmə ,əlini ağdan qaraya vurma, amma darıxma, ağlama.Sən darıxanda mənim də əlim işə yatmır, bilmirəm neynəyim. .Nənəmin sözlərin mənim uşaq qəlbimə təsir eləyirdi ,xeyli ürəklənirdim.Dünyanın təkcə darıxmaqdan, sızlamaqdan ibarət olmadığını yavaş- yavaş anlayırdım .Onu da anlayırdım ki şəhərdən bura basa -basa gəlməmişəm ki ,bu binəva qocaların zəhləsini tökəm, keflərinə soğan doğrayım. Anasından ayrı düşənlər azdımı .Bəs böyüyəndə əsgər getsəm neynərəm.Orada ana əvəzinə tankı qucaqlayırlar… Beləcə özüm -özümə təskinlik verirdim, ağıl verirdim.Və bu məndə çox yaxşı alınırdı.Allah bir yandan darıxmaq verirdisə bir yandan da dözüm ,səbr, təmkin verirdi . Daha ağlamayacam -deyirdim .Gündüzlər məktəbdə başım qarışırdı. Dərsdən sonra ev tapşırıqları ilə məğul olurdum. Babam deyirdi, sənin bizə köməyin yaxşı oxumağındı. Yaxşı oxu ki, atanın, ananın yanında bizim də üzümüz ağ olsun

Hələ ki,mənə bütün bu təskinliklərin xeyri yox idi .Bir balaca təklənəndə öz evimiz yadıma düşürdü. Anamın -bax gedib orada da ağlama haaa,- deməyini xatırlayırdım. Amma ən çox yadımda qalan qatarda anamın dopdolu gözlərindən yanağına süzülməyə tələsən göz yaşları idi ki ,anam onu güclə saxlayırdı.Bilirdim ki, qatar uzaqlaşandan sonra  mütləq bir kənara çəkilib doyunca ağlayacaq, ürəyini boşaldacaq. Çünki o həmişə mənə ,- səni hamıdan çox istəyirəm,- deyirdi .Belə şeylər yadıma düşəndə mən nə “yekə kişi “ola bilirdim ,nə də dözümlü oğlan. Heç kim görməsin deyə evimizin arxasındakı vələs ağacının dibinə qısılıb doyunça ağlayırdım. Mənə elə gəlirdi ki ,bu nəhəng ağacın yarpaqları payız fəsli olmasından deyil, mənim miskin ,qərib görkəmimə qoşulub saralırdı Saralmış enli yarpaqlar bir- bir çiynimə tökülürdü, sanki bu dilsiz- ağızsız ağac məni ovundurmağa çalışırdı, -tut  bu yarpaqları ,gözlərini sil,- deyirdi. Bu nəhəng ağacın altına yayda sərinlənməyə, deyib -gülməyə yığışıblar. İndi isə şəhərdən gələn qərib bir uşağın buranı ağlaşmaya döndərməsi bu dilsiz- ağızsız ağacı da kor- peşman eləmişdi Hər gün balaca vücudumla onun iri gövdəsinə sığınırdım ,hıçqıra- hıçqıra budaqlarındakı quşlara baxırdım,baxa-baxa da -bəxtəvər başlarına darıxmırlar, ağlamırlar işləri -peşələri cəh -cəh vurmaqdı, -deyə fikirləşirdim. Quşlara  əməlli – başlı paxıllığım tuturdu. Bu ağacda quş qarışıq  özümə bir doğmalıq hiss edirdim Mənim dönüb quş olmağım mümkün olmadığı kimi ,nə quşlar, nə də vələs ağacı da dönüb adam olası deyildi .Nə yaxşı ki ,ola bilməzdilər .Çünki mən həmin anlarda adamlardan qaçırdım. Daşla ,ağacla əlləşirdim , onlarla baş- başa qalmaq istəyirdim ,tənhalıqdan kömək umurdum.O boyda kəndin adamlarını qoyub tənhalıqdan ,ağacdan, daşdan təskinlik ummağım mənim özümə də qəribə gəlirdi…

Zaman keçdikcə yavaş- yavaş ağlamağın daşını atırdım, kəndə öyrəşirdim Yalnız şəhərdən məktub gələndən- gələnə bir az darıxırdım. Poçtalyon Yolçu kişi insanlarla mehriban davranardı .Ondan asılı olsaydı hamıya məktub paylayardı, özündən razı çıxıb evinə gedərdi .O şanlı məktubların üstündəki adları  bir -bir oxuyanda həyəcandan dizlərim əsərdi .Bax indi mənim adım çıxacaq deyə- deyə acgözlüklə paçtalyonun əlinə baxırdım .Adım çıxmırdı. Mənə məktub ayda bir dəfə gəlsə də yenə  hər gün gözlərim paçtalyonun əlindəydi. Birdən gələr, nə bilmək olar deyib poçtalyon Yolçunun çənəsinin altını kəsdirirdim. Amma onun çənəsinin altından məktub çıxası deyildi .Məktub öz vaxtında gəlirdi İçərisində anamın şəkli olanda daha çox kövrəlirdim .Onun baxışlarını qatardakı görkəmi ilə tutuşdururdum .Hiss edirdim ki ,o da mənim kimi  çox kövrəlmir, xeyli toxtayıb.Özüm – özümə təsəlli verirdim…Yavaş-yavaş özümün özümə təsəlli verməyim alınırdı.Çünki bilirdim ki heç kim işini gücünü atıb mənim kövrəlməyimi güdüb başıma sığal şəkən deyil Və kənddə heç boş adam da tapmaq çətin idi. Həmin vaxt kalxoz kartofu yığılırdı . Hər gün səhərdən axşama kimi əmək günü adıyla evinə kolxozun hesabına on- onbeş kilo qırmızı pətək kartofu gətirən yorğun kənd adamının başını qaldırıb məni görməsi çətin məsələydi. Hamısı öz işində gücündəydi. Mən özüm də kəndə gəldiyim ilk günlərdə istəmirdim kimsə ağlamağımı görsün.Bütün cəhdimlə darıxmağın daşını atmağa çalışırdım.Odur ki,  iki işi birdən boynuma götürmüşdüm həm  kövrəlirdim həm də özüm -özümə təsəlli verirdim .Söz yox ki, zaman keçdikcə təsəlli qalib gəlirdi…

******

Bənövşə nənəm təpədən dırnağa folklor bilicisi idi. Mənim o kənddə darıxmağımın qarşısını alan səbəblərdən biri də nənəmin hər gün mənə bir nağıl söyləməsi idi. Hətta mən sonralar universitetdə təhsil alarkən şifahi xalq ədəbiyyatı fənnini öyrənəndə mütləqdir ki, nənəmi xatırlayırdım.Və nənəmin bu fənnən necə gözəl dərs keçə biləcəyini də iftixarla xəyalımda canlandırırdım.Onu auditoriyada folklordan məruzə edən müəllim kimi təsəvvür eləyirdim və bu mənə  xoş gəlirdi .Çünki nənəm bu sahədə çox zəngin idi. Fikir verərdim – cəhrə əyirməyin , çörək bişirməyin, yer şumlamağın, bulağa getməyin ,əkin -əkməyin -hər birinin öz bayatısı var idi.Nağıllar ,lətifələr digər janrlar da öz yerində .Hətta bir dəfə inəyimiz südünü vermədi. Nənəm bir bayatı zümzümə elədi və elə həmin an ağappaq süd təpəl inəyin yelnindən buğlana-buğlana şırhaşır vedrəyə axmağa başladı. İnəyin üzü güldü ,kefi açıldı. Mən inəyimizlə fəxr elədim. Onun boynunu tumarladım, təpəl alnından öpdüm. İnək inəkliyinnən mənim bu evə təzə gəldiyimi anlamışdı . Təbəssümünü bir az da artırdı. İnəyin gülümsəməsi mənə nədənsə çox adamların gülüşündən daha təbii və saf göründü. Adını vurağan qoymuşdular amma bir dəfə də məni vurmadı.Onu da deyim ki ,az da olsa tərsliyi vardı. Səhər -səhər meşəyə örüşə aparardım.Orada heyvan çox olduğundan ot zəif olurdu.Evə gələndə görürdüm ki, inək məndən qabaq qaçıb gəlib .Həyətdəki yoncalıqda heç nə olmamış kimi başını aşağı salıb şirin- şirin otlayır. Hansı ki, həmin ot biçilib qışa saxlanmalıdı. Nənəm hər dəfə tapşırırdı, – bax nə badə inəyi gözündən buraxasan ,yoncanın axırına çıxacaq.Onun bu tapşırığını qulağımda sırğa eləsəm də, inəyin yoncanı əlahiddə bir iştahla yeməsinə maraqla baxırdım .Yazıq heyvanın bir gözü məndəydi ,bir gözü yoncada. Adəti üzrə gözləyirdi deyəm ki ,-oha -oha ay çər dəymiş ,tez ol çıx burdan, tez ol.Yoncanın axırına çıxsan, payını indidən yesən bəs qışda nə yeyəcəksən , deyib üstündən də bir -iki çubuq ilişdirəm.Amma inəyimiz yanılırdı .Daşdan səs çıxırdı mənnən yox.İnəyi qovmağa gücüm çatmırdı .Açığını deyim -qıymırdım. Uşaq ağlımla bu hadisəni öz- özümə çörəyin üstündən qovulan adam kimi çözürdüm .Hərdən ağzındakı otu çeynəyə- çeynəyə başını qaldırıb yazıq- yazıq üzümə baxması ürəyimi bir az da yumşaldırdı ,əlimi qolumu soyudurdu yaxınlaşıb boynunu tumarlayırdım .Sanki inək dilində,-səni mənə Allah yetirib, -deyirdi ,və  mənim nə üçün ona qışqırmadığıma məhəttəl qalmasını da uşaq fəhmimlə hiss eləyirdim.Bir gözü yoncadaydı, bir gözü məndə. Bəlkə elə bu hərəkətimə görə satılana qədər təpəl inək mənə kinli baxmadı ,şıllaq atmadı ,buynuz göstərmədi . Nə bilmək olar …İnəyin qabağına dayanırdım,-nədi ,nədi babam  görməsin. Mən bu təmənnada ikən birdən babam var gücü ilə bağırırdı, -ay Xaliq, ay Xaliq ə ,a bala qov inəyi ordan ,qov, bə sən bilmirsənmi inəyi orada otarmaq olmaz , qışda nə yeyəcəəək?…Elə bil inəyi yox məni  çörəyin üstündən durğuzurdular,qovurdular. İnək mənim üzümə, baxırdı ,mən inəyin Dodaqlarını dili ilə yalaya -yalaya,quyrugunu yelləyə -yəlləyə səssiz-səmirsiz yoncalıqdan çıxırdı. Çünki babamın səsini əzbər tanıyırdı.O səsdə güzəşt deyilən şey yox idi.O səsi eşidən kimi ot boğazında qalırdı,öskürürdü… Bütün bu maraqlı məqamlar kənd həyatını mənə daha da ,doğmalaşdırdı.

İllər keçdikcə kəndə  öyrəşdim. Hətta Bənövşə nənəmə ana deyə müraciət edirdim.Bu müraciət ona çox xoş gəlirdi, sən mənim sonbeşiyimsən -deyirdi.

Nənəmin söylədiklərindən:

Er və arvad yola getmirlər. Arvad ərini başından əkməyə fürsət axtarır. Çox fikirləşir. Axırda qonşuda təzə doğulmuş uşağı guya oxşatmaq üçün evə gətirərək  yuxuya getmiş əri Hacalının ayaqlarının arasına qoyur və tez yerinə uzanaraq özünü yuxuluğa vurur. Az keçmir uşaq ağlayır.  Hacalı səsə  hövlnak yuxudan oyanır və uşağı görərək həyacanla arvadını səsləyir – Arvad, ay arvad dur tez elə – uşağım olub. Arvad özünü o yerə qoymur- Hı, hı… qoysana yataq, kişi də heç doğarmı…  – Dur, dur mən biyabır oldum, daha  bu kənddə qala bilmərəm deyib tələsik evdən çıxıb gedir. Arvad planın uğurlu alındığına sevinir və uşağı sahibinə qaytarır. Bu hadisənin üstündən xeyli vaxt keçir. Hacalı qürbət eldə bərk darıxır. Qərara gəlir ki gedim kəndə ğörüm vəziyyət necədir.Bu məsələni bilən varmı   Kəndin kənarına  çatanda görür ki, iki kişi torpaq üstündə mübahisə eləyir. Gizlicə onlara qulaq asır.  Biri deyir- bu yer atam ölən gündən mənimdi,  o biri deyir – sən nə danışırsan bu yer Hacalı doğan ilindən mənimdi. Hacalı bu sözləri eşidir geri dönür və bir daha doğma kəndinə qayıtmır….

***

Məktəbdən tətilə buraxılanda evimizə gedərdim. Qardaşım Xanlar gülüb deyərdi ki caamat yayda kəndə dağlara istirahətə gedir sən isə isti qaynar şəhərə qayıdırsan.Əlbəttə bu zarafata gülümsəməklə cavab verirdim.Deyirdim ki dağlarda dəniz olmur.Mən də dənizdə çimməyə gəlirəm.Beləcə bir birimizin xətrinə dəymirdik Necə olmasa qardaş idik.

Məktəb açılana yaxın yenə bir tanış kəndçi tapıb məni təntənə ilə kəndə yola salardılar .Yenə qatar, yenə vaqon bələdçisinin cır, xoşa gəlməyən səsi .Amma növbəti illərdə o qədəq də darıxmırdım. Elə bil ilk dəfə kəndə gedəndə nəyi var hamısını ağlamışdım. Növbəti səfərlərə göz yaşı qalmamışdı.Sanki dibində oturub ağladığım vələs ağacının çiynimə düşən sarı yarpaqları  gözlərimin yaşını  qurutmuşdu.Yavaş -yavaş  yekə oğlan olurdum. Həm də darıxanda dağlardan utanırdım.

****

Kəndə gəldiyim ili payızın sonlarında bərk darıxdığımı görən babam naəlac qalıb mənə eşşək almaq qərarına gəldi.Saratovka kəndində yerləşən heyvan bazarı ilə kəndimiz arasında  xeyli məsafə var .Piyada yola düşdük. Babam, qonşumuz və mən.Təxminən saat yarım yol getdik .Bura rayonun ən böyük heyvan bazarı sayılır.Seçib sonalayıb qırx manata bir eşşək aldıq.Babam dedi ki yorulmusan sən eşşəyə min, biz də yavaş -yavaş arxanca gələk.Eşşəyin ağlına nə gəldisə birdən-birə  soncuxlamağa başladı.Fərasətini göstərirmiş kimi dal ayaqlarını cütləyib bir neçə dəfə arxasını yuxarı tulladı. Başını mənə tərəf çevirdi, ağzını açdı,dişlərini ağartdı. Yenə bir neçə oyundan çıxdı ,şitəndi .Sanki nəyə qadir olduğunu sərgiləyirdi.Elə də ölüvay heyvan deyildi. Qonşumuz bunu məxsusi olaraq seçmişdi. Babamın dediyinə görə kənddə ondan yaxşı eşşək tanıyan yox idi. Amma onun məsləhəti ilə aldığımız eşşək ilk dəqiqələrdə özünü yaxşı aparmırdı . Bəlkə də qabaqdangəlmişlik eləyirdi ki, onunla pis rəftar eləməyək .Bəli qabaqdan gəlmişlik eləyirdi -” Əgər eşşəyəmsə bacardığımı edəcəm.Batdığım palçığa bir də girməyəcəyimi siz insanlar bizdən yaxşı bilirsiz, “-eşşəyin ciddi və mənalı baxışlarından bunları oxumaq olardı.-Toş -toş, -deməyimlə başını göyə qaldırıb dişlərini bir də ağartdı və yerindən tərpəndi.İlk dəfəydi eşşəyə minirdim. Yaxşı ki palannan bir yerdə satmışdılar .Əvvəlcə qorxdum .Sonra bir az gedənnən sonra öyrəşdim .Bunu da eşitmişdim ki ,eşşəkdən yıxılmaq atdan yıxılmaqdan betərdi .Bu səbəbdən də palanın qaşından bərk-bərk yapışmışdım.Öncə heyvana yazığım gəldi,düşmək istədim .Babamdan ,qonşudan utandım.Özümü o qədər sıxdım ki, guya eşşəyə  ağırlıq az düşsün.Təəssüf ki ,eşşək mənim bu humanist hərəkətimi anlamırdı. O hələ bilmirdi ki ,belə bir mərhəmətli müştərinin əlinə düşüb və çox güman ki, zülümlü həyatı arxada qalırdı.Kəndin girəcəyində -ağır yükün üstündən azmış kimi ,yekəpər kişinin palçıqlı ayaqlarını qaldırıb dübarə eşşəyə belinə aşırması nə qədər əcaib görünürdü.Bu orta yaşlı eşşəyin soncuq atması,başını silkələyə-silkələyə iri ağ dişlərini göstərməsi ,açıq-aydın mənə xox gəlməsi yəqin ki , bir mesaj, idi xəbərdarlıq idi.Yəni “məni incitməkdən əl çəkin ,gücüm çatan qədər yükləyin.Əvvəlki sahibim kimi yükün üstünə minib iri çəkmələrlə qarnımın altını döyəcləməyin, boynumu bizləməyin ,quyruğumu ,qulaqlarımı dartmayın”…Bunlar mənim qənaətimə görə eşşəyin yekə titrəyən dodaqlarından çıxan sözlər idi ,baxmayaraq ki kəndimizdə bu fikirlərin əksi ilə tez -tez rastlaşırdım. Balaca xotuğu hətta ərlə arvadın minib toya getmələrini görməyim həmin bu qoçaq eşşəyə mərhəmətimi birə beş artırdı.Mən bu heyvanla işlərimizin çoxunu görürdüm.Filəqləri belinə aşırıb su gətirirdim,ot yükləyirdim,kartof kisələri daşıyırdım.Amma yükün üstünə minmirdim.Baxmayaraq ki uşağıydım ,elə də çox çəkim yox idi.Kənddə heyvanı incidən – yükün üstünə minib eşşəyi döyəcləyə-döyəcləyə toş -toş hə ,yeri görək ,-deyən yekəqarın adamlardan zəndeyi-zəhləm gedirdi .Nədənsə Allahın bu dilsiz -ağızsız heyvanına yazığım gəlirdi Tək bir dəfə qonşunun sözünə baxıb iki kisə kartof əvəzinə üç kisə yüklədim. İt peşmanı oldum. Bir az gəlmişdik ki eşşəyin dizləri əsdi ,qatlandı və o yerə oturdu.Tez kisənin birini açıb götürdük.Köməkləşib heyvanı dörd ayağının üstünə qaldırdıq.Eşşəyin gözündən yaş axırdı .Yaranmağına peşman olmuşdu .Üzünü göyə tutub dəli kimi anqırmaq istədi Amma nə fikirləşdisə ağzını açdığı kimi də yumdu .Güman ki yorğunuydu, anqırası halda deyildi .Odu -budu bu məzlum heyvanı qədərindən artıq yükləmədim.Hal-hazırda da qonşunun pazına keçmişdim.Mənə elə gəlirdi ki eşşəyin belindəki yükdən çox ürəyinin yükü onu daha çox  incidirdi .Ürəyində insanların Allahsız hərəkətlərinə nifrət yağdırırdı .Yükü başaldan kimi üzünü göyə tutub ağzını  axıracan açaraq kəndi başına götürən səslə yanıqlı-yanıqlı anqırmağını da,  insanlar arasında təhqir olunması barədə Yaradana şikayət eləmək kimi başa düşürdüm.Bu təhqirin tarixi də təxminən elə eşşəklərin yaranma tarixi qədərdir .Adamlar nadan, kütbeyin ,anlaşıqsız , böyük -kiçik qanmayan və bir çox antiinsani keyfiyyətlərə malik olanları utanmadan çəkinmədən ,eşşəyin ahından qorxmadan təhqir edirlər ,sən eşşəksən -özü də yekəsinnən ,-deyirlər .Adının- sanının ,şərəf və ləyaqətinin insanlar tərəfindən alçaldıldığını  görən eşşək elə eşşək olduğuna görə onları məhkəməyə verə bilmir ,əsrlərdi təhqir olunur. Kənddə yaşadığım altı il maddətində mən bu məzlum heyvanın dürüstlüyünü, məntiqini, heç kimə yaltaqlanmadığını ,alçalmadığını , fırıldaq işlərlə məşğul olmadığını ,başqasının haqqını yemədiyini öz gözlərimlə gördüm.Hətta insanların gecə-gündüz işlətdikləri – “Eşşək batdığı yerə bir də girməz”,zərb -məsəli də ,bu heyvanın nələrə qadir olduğunun yüzdə biridir.Mən bir daha bu əzabkeş heyvanın əsl adına layiq yaşadığının şahidi oldum  .Ağlı ,düşüncəsi özünü idarə eləməyə bəs edirdi .Alim olası deyildi ki…İnsanları aşağılamaq üçün ,onlara eşşək deyilməsi məsələsi uşaq ağlımla məni çox düşündürürdü ,heyvana yazığım gəlirdi .Eşşəklərin öz adlarını təhqir siyahısından çıxaracaqları və  bəraət alacaqları gün yəqin ki nə vaxtsa olacaq .Bildiyim qədər dünyada heyvanların hüququnu qoruyan təşkilatlar var .Amma eşşəklərin adından  kimsə ora müraciət eləməlidi ki,işə  obyektiv   baxılsın ,hüquqi qiymət verilsin. İnsanlara eşşək deyənlərən azından cərimə olunsun.Və bu cərimələr yığılaraq təzminat qaydasında eşşəklərin maddi rifahının yaxşılaşmasına xərclənsin. Yazıq eşşəklər…

Mən kənddə yaşadığım müddətdə təxminən  ayrı -ayrı vaxtlarda dörd- beş eşşək aldıq .Maraqlısı da bu idi ki ,həmin eşşəklər çox yaşamırdılar. Bir ay, üç ay, beş ay …

Bir səhər nənəm tövlədən qayıdanda bəd xəbərlə gəldi

— Eşşək ölüb, durun görün neynirsiz

Bu xəbər məni heç açmadı, düzü kövrəldim .Gedib  tövlədə dirisindən yarımadığım ölmüş eşşəyin leşinə necə baxacağımü düşündüm. İndiyə qədər ölmüş adında milçəkdən başqa heç nə görməmişdim. Milçəkdən sonra ölmüş eşşək görmək mənə qəribə və bir az da qorxulu gəlirdi

-Tərpən ,tez ol get qonşu Nurəddini çağır gəlsin köməyə. Eşşəyin ölüsü ağır olur – deyə babam mənə səsləndi

Nurəddin gilə üz tutdum.  Nurəddin deyilən biznən bazara gedən qonşu deyildi. Bu eşşək tayfası nə qədər mürəkkəb tayfadır ki,  dirisinin mütəxəssisi bir ayrıdı ,ölüsününkü isə bir ayrı -deyib öz -özümə fikirləşdim.

Babam bizi tövlədə gözləyirdi. Üzündən hiss olunurdu ki, heyvanın necə nə səbəbdən ölməsi onun üçün o qədər də maraqı deyildi .Əsas məsələ iy-qoxu həyət -bacanı basmamış leşi vaxtında tövlədən çıxarıb uzaq bir yerə aparmaq idi.Mən Nurəddinin yanında dayanıb eşşəyin leşinə maraqla tamaşa edirdim. Elə bil zavallı heyvan mənə tamaşa vermək üçün ölmüşdü. Gözləri əməlli- başlı irilənərək  tavana zillənmişdi.Ağzı açıq idi . Yepyekə dişləri ağappaq ağarırdı və adama elə gəlirdi ki ,gülməkdən ölüb.Qarnı necə lazımdı şişmişdi .Elə bil hava vurmuşdular.Ayaqlarının dördü də göyə qalxmışdı .Sanki qabaq stolunun ayaqları idi, üstünün taxtası çatmırdı. Belə vaxtda dəvəsi ölmüş ərəbin dəvəsi ,bu eşşəyin yanında heç nəydi .Mən də əhvalıma görə ərəbdən dala qalmırdım.Bir göz qırpımıda həyət uşaqla doldu.Doğrudan da bəd xəbər tez yayılırmış .Xaliqin eşşəyi ölüb,- deyə bir-birlərinə xəbər verirdilər .Dostlarıma da eşşəyin ölümü məzhəkə, tamaşa kimiydi .Elə bilirdilər ki ,eşşək zarafat eləyir, yalannan özünü ölülüyə vurub .İndicə uzandığı yerdəcə ağnayacaq ,eləmə tənbəllik ayağa qalxacaq , silkinəcək başını gözünü sahmana salacaq ,soncuq atacaq, şitənəcək , sonra da üzünü kəndə tutub var gücüylə anqıracaq…Təəssüf ki, məsələ heç də uşaqların arzuladığı kimi deyildi və bu xam xəyallar yalnız onların ağlına gələ bilərdi .Həm də nənəmin ehtimalına görə eşşək gecə çox əziyyətlə ölmüşdü .Təzədən dirilib öləsi halı yoxuydu.Çox güman ki ,sahədə xarab kartof yemişdi.Nədənsə bu uşaqlara eşşəyin dirisindən çox ölüsü daha maraqlıydı. Gözlərini ölmüş eşşəkdən çəkmirdilər.Heyvana əməlli-başlı yazıqları gəlirdi. Elə bu eşşəyin dəfnində də həmin o uşaqlar və beş-on milçək iştirak elədilər ,son mənzilə yola salırdılar

–Ay uşaqlaq çəkilin , çəkilin ,aralı durun ayağınız eşşəyin altında qalar–qonşunun səsi həm də dəfni yekunlaşdırdı

Həqiqətən də eşşəyin leşini tövlədən sürütləyib çıxartmaq zülüm imiş. Kim kimi qarğasa desin ki ,dar tövlədə  eşşəyin ölsün. Birtəhər çıxartdıq ,ata qoşub uzaq çöllüyə atdıq ki, qurd ,quş dişini dəyişsin. Fikirli ,dalğın göründüyümü duyub, babam,–hə yenə qəmlisən gəmilərin batıb? Eşşəkdi ölüb ölüb dəəə… Baban ölməyib, ki birini də alar…

Davamı var

 

Yazıya 647 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.