( xatirə – povest)
davamı…
Az bir zamanda nənəm mənə yeməli bitkiləri ,otları tanıtdı.Quzuqulağı pişikcaynağı ,qoyunqulağı ,cincilim,lilpar ,qıjı- qıjı,yemlikotu ,baldırğan əmənkömənci,əvəlik,yolotu və başqa bitkilərin hansı şəraitdə bitdiyini ,necə yığılıb yeyildiyini bir- bir başa saldı.Əlimi daladığı ilk günnən gicitkandan zəhləm getdi.Baxmayaraq ki, yel xəstəliyinin dərmanıydı. Nənəm çox işlədirdi.Əmənköməncini, yolotunu xoşlayardım.Yaz vaxtı əlimə bıçaq vedrə götürüb düşürdim həyətin canına. Nənəm həvəslə yığdığım pencəri təmizləyər ,yuyar ,doğrayar soğançanın üstünə tökərdi. Sonra qaynanmış düyünü bişənə yaxın xörəyə əlavə edərdi.Bu xörəyin ətrindən, dadından doymaq olmazdı .Hazır pencərə sarımsaqlı qatıq da əlavə edib nuşcanlıqla yeyərdik .Nənəm olduğuna görə demirəm – əlləri qizil idi.Həmin anlarda dünyanın yek aşpazları yığılsaydı belə ,öz nadir yeməkləri ilə məni heyran qoya bilməzdilər.Çünki süfrəmizdə təbiətin bitirdiyi ,mənim öz əllərimlə yığdığım,nənəmin bəh-bəhlə təmizləyib arıtlayıb bişirdiyi pencər var idi .Bundan başqa kənd klunariyasında xəmir xörəklərin çeşidləri daha çox olardı.Xəngəl,əriştə qaşıqxəngəli,umac,xaşıl,göy kətəsi,- bu yeməklərin dadından doymaq olmazdı.Deyirdim,-ay nənə xəngəl ,-deyirdi işlər oldu əngəl.Bu da o demək idi ki xəmir yoğurmaq lazımdı ona da mənim heyim yoxdu .Xəmiri mən yoğuraram ,-deyirdim. Köməyim nənəmin xoşuna gəlirdi,əlinə baxıb öyrənirdim . Vallah -billah gücüm çatmır, qolumun biri bərk ağrıyır,-deyirdi.Dediyinə görə bu babamın otuz il əvvəl ağacla vurduğu həmin qoldur .Nənəm bu əhvalatı dəfələrlə xatırladırdı və indi lap yerinə düşmüşdü .Mənə qəribə gəlirdi,- necə ola bilər ki ,otuz il əvvəl vurulan qol indi ağrısın.Axı bu ağrıyan qoldan başqa nənəmin yaxşı xatirələri də olmaya bilməzdi.Amma deyəsən xatirələri də qolu qədər az ağrımırdı. Hər halda babamla o boyda ömür yaşamışdılar, bir yastığa baş qoymuşdular, oğul -uşaq böyütmüşdülər. Amma nədənsə yada düşən otuz ildən sonra ağrıyan qolun tarixçəsiydu. – Başım qarışdı süd daşdı ,yerlə bir oldu ,baban qucağımdakı odunun birini götürüb zərbnən qoluma necə vurdusa ,qolum yanıma düşdü .Gecə ağrısından yata bilmədim .Səhər qalxdım, odu -budu daha ağrımadı – deyə nənəm bu başı bəlalı qolun hekayətini tez -tez mənə elə danışırdı ki, hətta müharibədə kantuziya alan bir adam öz dərdini belə yanqılı danışa bilməzdi .Lakin mənə maraqlı gələn otuz il keçənnən sonra bu qolun təzədən ağrımasıydı. Yenə deyirəm, nənəmin ömründə maraqlı anlar sevincli, fərəhli günlər də çox olub.Amma nədənsə qolunun ağrısı bilmərrə olaraq o xatirələri xatırlamağa qoymurdu. O xatirələrə sipər olmuşdu, qənim kəsilmişdi.Elə bil bu boyda ömürdə qazancı təkcə sağ qolunun ağrısı olub ,vəssalam …Xülasə mən xəmiri həvəslə yoğururdum.Bu bacarığım özümə də xoş gəlirdi. Sonralar xəmir yaymağı ,qaşıqxəngəli , əriştə kəsməyi, kətə bişirməyi,-qısası xəmir xörəklərə aid nə varsa hamısını öyrəndim .Hətta nənəm zarafatla deyirdi ki öyrənsən yaxşıdır ,gələcəkdə bəlkə arvadının əlindən biş -düş gəlmədi Cincilim kətəsinin dadı bir başqaydı . Keşnişini ,soğanını əlavə edib şırhaşır suyun altında yaxşı-yaxşı yuyub doğrayardıq .Suyu çəkilərdi .Sonra pencəri xəmirin arasına yayıb bir az da motal şoru qatardıq. Peçdə ,yaxud sacda bişirərdik .Bişən kimi də isti -isti nəhrə yağı ilə geninə -boluna yağlayıb bəh -bəhlə yeyərdik .Əlimizdən ,dodağımızdan yağ süzülərdi . Ətrinə ,dadından doymaq olmazdı .Baxmayaraq ki üstündən illər keçib o kətənin dadı hələ də damağımdan getməyib .Quzuqulağından,pişikcaynağından,yarpızdan ,lilpardan bişirilən dovğaya dovğa çatmazdı
****
Pencər yığan qonşu qızları həyətimizə həsədlə boylanardılar .Həyətimizdə pencər başqa yerlərdən daha çox və sıx bitərdi .Amma babamnan çəkinərdilər.Mənim uşaq ürəyim buna dözməzdi.Babam evdə olmayanda çağırardım ki ,gəlin nə qədər istəyirsiniz yığın ,aparın. Gülüşə ,gülüşə həyətə doluşurdular .Qızların əllərini görmək olmurdu .Arada başlarını qaldırıb ” şəhərdən gələn oğlan”a da baxmağa macal tapırdılar .İçimdə hələ sevgi qığılcımları olmasa da hiss edirdim ki ,onlar bu qığılcımları məndə oyatmağa çalışırdılar .Mən çalışırdım ki özümü bir o qədər də əfəl göstərməyim. Üzümə gülənin üzünə gülürdüm ,sözümə gülənin sözünə .Bənövşəni ,nərgizi də həmin o qızlar tanıtdı mənə…Pencər yığıb qurtardılar.Bizə də bölüb verdilər. Bir az dincələndən sonra bənövşə- bənövşə oynadıq.
Bir oyun oynadıq adıma layiq
Bənövşə bənövşə
bəndə düşə
bizdən sizə kim düşə
Xaliq…
Sonra məni bənövşə kolunun yanına apardılar .Bənövşələr elə bil bizi gözləyirdi.Dərilmək üçün ürəkləri gedirdi .
–Dər onları ,Xaliq ,tez ol dər,-qızlar xorla dilləndilər
Bir qoma bənövə dərdim və qalib əsgər kimi qızlara baxdım.
İndi qomanı üçümüzdən birimizə verməlisən, – gülərüz qız dedi
Əcəb yerdə axşamlamışdım. Hərənizə bir qoma yığım, -deyəndə qızlar gülüşdülər və yüz faiz əmin oldular ki ,onların dediyi mənə çatmayıb.
Yox hamımıza lazım deyil sən bu bənövşəni ürəyin istəyənə verməlisən.
“Ürəyi istəyənə”sözü məni həm çaşdırdı ,həm də ürəkləndirdi .Ürəyim tez -tez döyünməyə başladı .Əməlli başlı həyəcanlandım.Eyni gözlə baxdığım qızların birinə indi tamam başqa bir gözlə baxmalı idim Özümü ələ aldım, əlimdərki bənövşə qomasını gözümün içinə intizar qarışıq məzəylə baxan bu üç qızdan birinə , -ürəyimdə sevgı qığılcımının təməlini qoyan “ürəyi istəyənə” sözünü deyən qıza uzatdım . Mənim ,on üç yaşlı uşağın sevgi dünyasının qırmızı lenti həmin o sehirli sözlə kəsildi -“Ürəyin istəyənə”… Seginin uşaqlıq mərhələsinə qədəm qoydum .Sonra bir neçə dafə o qıza sevgi məktubu yazdım .Əvvəl -əvvəl ,- “o bənövşəni mənə verəndə bildim ki, kişi adamsan ,məhəbbətə layiqsən” ,-deyə əməlli -başlı sözlər yazırdı .Amma bir müddət sonra səsi xırıp kəsildi.Qızlardan biri dedi ki, onun bənövşə aldığı oğlan tək sən deyilsən. Ağlını başına yiğ get işinlə məşğul ol, baban bilsə pişiyini ağaca çıxardacaq .Müqəddəs sevgini məzhəkəyə çevirən o qıza nifrətim birə -beş artdı. Uşaq da olsam ələ salındığımı hiss elədim .Həm də bu mənə böyük dərs oldu. Bənövşə koluna tərəf getdim .Əyilib üzr istədim…
*****
Təpəl inəyimizin yaxşı yağlı südü olurdu.Nənəm səhərlər südlü yayma bişirirdi .Hər dəfə südü bişirib qatıq çalanda üzünün qaymağını yığıb ayrı qaba tökərdi .Bunun adına yığıntı deyərdik ki, bu da bir xeyli yığılandan sonra nəhrəyə töküb çalxalayardıq .Nəhrəni qurmaqda nənəmə kömək edərdim.Bir yaxmalıq yağa görə işə həvəslə girişərdim.Sonra nənəm yağı toplayıb bir qaba yığardı. Necə deyərlər, yağı yağ ,ayranı ayranlıq .Zəhmət haqqıma verilən isti kürsü çörəyi ilə yağ yaxmasını iştahla yeyərdim .Yeri gəlmişkən deyim ki ,elə halal zəhmətin bəhrəsini də o bir yaxmalıq nəhrə yağının dadında hiss elədim .Yaxmadan dişlədikcə qolumun və dizimin ağrısını unudurdum.
Hamı kimi bizim də xeyli əkin sahəmiz vardı .Bu boyda sahəni əkib becərmək babam nənəm və mənim üçün o qədər də asan başa gəlmirdi.Mən işə həvəslə qatılırdım. Baxmayaraq ki , yaşım buna çox imkan vermirdi .Əvvəlcə torpağı belləyirdik. Aprel ayında kartof səpini başlayırdı.Payızdan seçdiyimiz və tövlənin bir küncündə üstünü yaxşı -yaxşı örtüb cücərtdiyimiz toxumluq kartofları vedrə- vedrə sahəyə daşıyırdıq .Cərgə ilə qazılan yalaqlara iriliyindən xırdalığından asılı olaraq bir yaxud iki kartof qoyub üstünü torpaqla örtürdük.Beləcə iki – üc günə səpin başa çatırdı.Növbəti işimiz iyun iyul aylarında davam edirdi. Körpə ştilləri alaq otlarından təmizləyirdik,diblərini boşaldırdıq.Adına çapa dediyimiz alətlə mən bu işə həvəslə girişirdim,nənəmin dediyinə görə onları yarıdırdım.Babam bir az xəstə idi . Bir- iki lək yumşaldardı sonra çapaya söykənib bir xeyli dağlara tərəf baxardı . Elə bil dağlardan özünə güc istəyirdi . Və az keçmirdi ki dağlardan güc alırmış kimi bir xeyli iş görürdü. Amma nə qədər olmasa da kəndin günəmuzd işləyənlərinə ehtiyac duyulurdu.Günü bir toyuğa işləyən qadın vardı ki, nənəm onu hər il köməyə çağırırdı. Görülən işlərdən sonra bol məhsul yığmaq üçün payızın tez glməsini arzulamağa dəyərdi.Bu o vaxt idi ki ,kartof şaxları tamam quruyub yerə sərilərdi. Şaxın bu işi onun, boy qaldırıb bəhrə verəndən sonra təzədən yerə əyilib torpağa minnətdarlıq eləməyə bənzəyirdi.Mən ilk dəfə kartof qazanda beli düz batırmırdım Kartofları yarıbayarı tən ortadan kəsirdim.Səhvimdən utanırdım .-A pir olmuşun nəvəsi beli bir az aralıdan batırsana ,kartofların anasını ağlatdın axı ,–deyən babamın yumşaq danlağı məsuliyyətimi xeyli artırdı Qazılan kartoflar boş yer seçilib ora tökülürdü.Kənardan baxanda deyirdin ki böyük təpədir. İrili -xirdalı bu kartofları bir neçə yerə ayırırdıq.Satmaq üçün ,növbəti ildə toxumluq üçün ,aran toxumu ,özümüzə yeməyə,sonda qaz kartofu .Aran toxumu o demək idi ki ,Şəmkir ,Tovuz kimi rayonlardan bu kartofu toxumluq almağa gəlirdilər.O yerlərin məhsulundan növbəti ilə toxumluq götürmək olmurdu .Orada kartofu suvarma üsulu ilə yetişdirirdilər Torpaq da bizim torpaqların gücündə deyildi .Qaz kartofuna da aydınlıq gətirim :Bunlar lap xırda yaxud kəsilmiş kartoflar idi .Qazın adına olmasına baxmayaraq digər heyvanların da yeminə qatırdılar .Toyuq -cücə də dadına baxırdı .Amma qaz qədər ləzzətlə yeyən olmurdu…
Bazarda kartof satmğa nə babamın həvəsi vardı ,nə də mənim yaşım imkan verirdi.Qapıdan bir başa alverçilərə satırdıq.Payızda kənddə zil maşınların əlindən tərpənmək olmurdu. Amma özü aparıb bazarda satan da çox olurdu.Həmin vaxtda kimi soruşurdunsa — Bakıya ,yaxud digər rayonlara kartof satmağa gedib–deyirdilər.Caamatın gəliri kolxozdan əlavə əsasən kartof satışından əmələ gəlirdi.Borc alan ,borc verən hamısı kartof pulu ilə müəyyənləşdirilirdi .Uşaq da dədəsindən pul istəyəndə mütləq kartofun satılıb satılmamasını nəzərə almalı idi.Babam kartofdan gələn gəlirimizi baş barmağına tüpürə -tüpürə yanımdaca sayırdı ,əzilmiş pulları səliqəyə salırdı,çinləyirdi .Bu pullar bizim illik ehtiyacımızı başabaş ödəyirdi.Cibindəki xırda pulları topalayıb gülə -gülə mənə uzarırdı ki,-sənin də zəhmətin var ,götür bu pulları özünə peçenye al ye. Almağa tələsməzdim. Xırda pulları toplayıb dükanda manata çevirərdim.Həmin o şax manatı səliqə ilə qatlayıb cibimə qoyardım.Pullu kişilər kimi tez -tez əlimi cibimə salardım baqmaqlarımı şax manata toxundurardım və elə bilərdim dünyanın ən varlı adamı mənəm . Amma mənəvi dəyəri də unutmurdum. Babam hər dəfə- ,sən olmasan biz neynərdik ,səni verənə şükür, -deyəndə isə özümü dünyanın ən xoşbəxt uşağı sayırdım .Zarafat deyil beşinci sinifdə oxumağıma baxmayaraq əlli kiloluq kartof kisəsini kürəyimdə daşıyırdım.Belimin ağrısını gizlədirdim. Bu ağrının izi gələn kartof mövsümünə qədər qalırdı.Artıq ,günü bir toyuğa işləyənlərdən də çox iş görə bilirdim.Bir gün xəbər gəldi ki,bəs Şəmilin dükanına kastyum gəlib.Sinif yoldaşımın əynində gördüm ,çox xoşuma gəldi.Fikirləşdim ki babama deyim mənə də alsın.Həyətdə rastlaşdıq.Qayğılı olduğumu duyub -nə fikirləşirsən ,olmaya yenə şəhər yadına düşüb, -dedi
-Yox baba ,istəyirəm sənə bir söz deyim,utanıram
–De ,utanma de görüm nə məsələdi?
-Şəmilin dükanına kastyum gəlib ,imkan varsa mənə də bir dəst al
Babam gözlərini bir nöqtəyə dikib fikrə getdi .Mənim fikrə getməyim yalan oldu.Çəpərimizin uçulmuş daşları diqqətini həmən çəkdi .Xeyli o daşlara baxdı.Anladım ki ,o daşları yerinə yığmağı mənə tapşırmaq istəyir. Hətta o daşları kimin heyvanları tərəfindən uçulmasını da soruşmadı .Danlamadı ki niyə baxmamısan ,qorumamısan. Çox sakit və təmkinlə baxırdı daşlara. Bir yandan da bu kostyum söhbəti çıxmışdı ortaya. Elə bil bu çəpəri bilə- bilə uçurmuşdular ki, babası Xaliqə uçulmuş daşları yerinə yığdırsın və əvəzində ona təzə kastyum alsın .Çünki illəriydi ki ,o çəpərə heyvan ayağı dəymirdi. Və inanırdım ki ,bu çəpər olmasa da babam mənə bir iş tapacaqdı . Kastyumu havayı geyinə bilməzdim
Bax o dağılan daşları görürsənmi ,onlar yerinə yıg ,sonra gedək alaq
Çətinliklə də olsa işi yerinə yetirdim.Hətta ötüb keçənlərdən -bu uşağa niyə zülüm verirlər -qınağını da eşitdim.Amma qınaqdan keçmişdi .Ortada kastyum söhbəti vardı…İşimi qurtardım. Babamın xoşuna gəldi.Bir xeyli baxdı və gülümsündü .Düş qabağıma ,-dedi.
Deyilənə görə kostyum əynimə çox yaraşırdı .Və birdən mənə elə gəldi ki kostyumun cibləri həm də qabarlı əllərimi gizlətmək üçündür…
Kəndimizin gecəsi də gündüzü kimi gözəl olur .İllah da göyün üzü açıq olanda ulduzlara baxmaqdan doymurdum, onları saymağa çalışırdım .Sonra gördüm ki, sayıb axıra çatdırmaq mümkün deyil .Mütləq ya artıq , ya da əskik gəlirdi. Nənəm mənim bu uşaq marağıma gülürdü.-Gəl -gəl evə soyuqdu,aya salavat çevir ,gəl -o boyda ulduzu saymağa bir insan ömrü bəs eləməz .Nənəmin səsi məni ulduz saymaqdan “xilas” eləsə də ,kəndin gecəsinə marağımı azaltmırdı.Qaranlıqda qapı itlərinin səsi kəndin sakitliyini pozurdı .Sayrışan ulduzlarla bu səs düz gəlməzdi .Amma adam bu səsə də öyrəşir və it səsi eşitməyəndə kəndin gecələrini yarımçıq hiss eləyirsən,elə bil nəsə çatmır lələ küçüb ,yurdu qalıb .Gündüz eşşəklərin səsi kəndi başına götürdüyü halda ,gecələr itlərin səsi meydan sulayırdı .Az ev tapılar ki ,qapısında iti olmasın Baxmayaraq ki müxtəlif tonda səslər çıxararaq gül kimi gecəni səssizliyə həsrət qoyurlar ,ağız -ağıza verib ulaşırlar .Səməd Vurğun yazırdı- “Ağılsız köpəklər ulduza hürər” .Bəlkə elə doğrudan da ulduza hürüb onları hürküdürdülər ki, mən saya bilməyim .Eh uşaq ağlı ki ,uşaq ağlı… Gecələr itini bilərəkdən ,ya bilmədən zəncirdən açıq qoyanlar da olurdu .Vay o günə ki, kənd iti səni tuta ,-itliyinu sübut etməyincə əl cəkməyəcək. Bizim itimiz yox idi .Və heç arzusunda da deyildim. Onsuz da kənddə qaldığım müddətdə kiminsə malının oğurlandığını eşitmədim. Amma necə olursa -olsun oğru oldu olmadı, kəndi itsiz təsəvvür eləmək çətindi. Kəndçilərimə həyan olan, onların özlərinin, əmlaklarının keşiyini çəkən bu qapı itlərinin də aqibəti heç də eşşəklərdən dala qalmırdı .Mən bir dəfə də, at oğlu, qoç oğlu, İnək oğlu ,kələ oğlu sözlərini eşitmədim .Amma eşşək oğlu ,it oğlu deyimini addım başı eşidirdim.Və o boyda ev -eşiyi qoruyan, gecələr yatmayan, rəngbərəng səsləri ilə yoldan keçənləri səksəndirib qorxudan bu itlər əməlli -başlı təhqir olunurdular. Bu təhqirin də tarixi elə itin yaranışı qədərdi .İnsanlar bir -birlərini təhqir edəndə lap rahatca bu heyvanın adından istifadə edirdilər .-Sən it oğlusan ,it günündə yaşayırsan, it kimi hürürsən ,canın it canıdı -sözləri adi hal almışdı. Eynən eşşəklərin aqibəti kimi, -sahibinə canla -başla xidmət elə axırda da təhqir olun .Çox güman ki, nə vaxtsa bədbəxt eşşəklər kimi bu bədbəxt itlər də iki ayaqlarının üstə qalxacaqlqr, adlarının təhqir olunmasına qarşı çıxacaqlar. Heyvan hüquqlarının müdafıəsi komitəsi itlərin yalnız fiziki qayğılarının deyil, həm də mənən təhqir olunmalarının qarşısını almağa çalışacaq. İnsanlardan tutulan cərimə pulları nəinki kəndimizdə hətta dünyadakı itlərin maddi durumuna eninə də uzununa da bəs edəçək Bir qab yaldan ötəri gedib kiminsə qapısında ulamayacaqlar.
****
Kənd əhalisinin əsəs gəlir mənbəyi həyətyanı sahədən və kalxozdan olurdu Ustalıqla məşğul olanlar bir-iki nəfər olardı, ya olmazdı .Bizim qonşumuz Qara oğlu Abbas yaxşı dülgər idi .Yaşı doxsanı haqlamışdı ,amma mismarı döşəməyə az qala yumruğuyla vururdu .Döşəmə ,tavan işlərinə baxırdı Çəkici elə zərblə vururdu ki ,əzrayıl ona yaxın gəlməsin. Amma əzrayıl da əzrayıldı.Günlərin birində qoca dülgərin çəkici yerə qoymağınnan əzrayılın onu oppalara aparmağı bir oldu …Dediyim kimi kənddə usta çox az idi .Usta işinə ehtiyacı olanlar “Başkənd”dən erməni ustalarını çağırardılar. Əllərindən hər iş gəlirdi -hörgü hörmək,döşəmə vurmaq ,evin üstünü çatmaq və digər tikinti işləri görməkdə bacarıqlı idilər …Bir də görürdün , çayın kənarında ocaq qalanıb ,qazan asılıb .O saat bilmək olurdu ki, hansısa evdən erməni ustalar işlərini qurtarıb yığışıb gedib .Arvadlar ermənilərin əlləri nəyə dəyibsə ,nədən istifadə ediblərsə -yorğan, döşək ,boşqab ,stəkan qaşıq -hamısını qaynadırdılar ,suya çəkirdilər,günə verirdilər.Xatirimdədi , Fatma arvad qaşığı qumla elə sürtürdü ki ,deyərdin ona cəza verilib. Bu təmizlik mərasiminə uşaq marağımla baxa -baxa soruşurdum ki ,ay Fatma xala, bunları niyə belə cani -dildən sürtürsən, qaşığın canı çıxdı axı .Sürtə -sürtə də başını qaldırıb üzümə baxırdı,- oğlum sən hələ uşaqsan ,amma deyim birdəfəlik bil .Mənə xoşdumu bu qədər yükü eşşəyə yüklə ,çayın qırağına gətir ,artıq odun yandır ,ocaq qala , qoyma haray .Bunlara kafir əli dəyib, başa düşürsənmi ,kafir əli .Belə sürtməsəm , axar suda dönə -dönə yumasam, qazanda qaynatmasam qətiyyən pak olmaz. Erməni ustaları işlərini qurtarıb bu səhər getdilər. Yaxşı usta olsalar da dinləri dinimizdən deyil …Bütün bu “dezinfeksiya” işləri səhər gün çıxandan axşam gün batana qədər davam edirdi.Öz -özümə mətəl qala -qala fikirləşirdim,-erməninin dini dinimizdən deyilsə, kafirdisə , natəmizdisə kəndçilərim niyə onları evlərində işləməyə dəvət edir .Sonra da üç gün işlədikləri evdə bir aydan çox təmizlik içləri aparırlar.Arvadlarına artıq problem yaradırlar .Əlbəttə kəndin kişiləri bu sənəti daha çox öyrənsəydilər “Başkənd”dən erməni ustaları çağırmağa ehtiyac qalmazdı .Arvadlar da evi eşşəyə yükləyib çayın qırağına gətirməzdi əlavə ocaq qalamazdı ,qaşıq ,stəkan sürtməkdən barmaqlarını qum aparmazdı .Amma onu da anladım ki, bu işlərin himi belə qoyulubmuş . Kənddə yaşadığım müddətdə demək olar ki tez -tez çayın kənarında tüstülənən ocaq görürdüm.Hərçənd ki ,indi o ocaqlar çoxdan sönüb …
Kənddə evləri əsasən ağacdan tikərdilər. Xüsusi yonulmuş hazırlanmış bu ağacları bir – birinə keçirərək ev çatan ustaların içlərinə həvəslə baxırdım Otağın ağac divarları hazır olandan sonra onun üzərinə “drank” deyilən nazik kəsilmiş ağaclar vurardılar ki , sarı palçığı saxlaya bilsin .Sarı palçıq xüsusi sarı torpaqdan hazırlanırdı .Əvvəl bu iş üçün geniş yer düzəldirdilər. Sarı torpağı həmən yerə tökürdülər. Sonra üzərinə saman və su əlavə edirdilər. .Növbə ata çatırdı. Çünki palçığı at qarışdırmalı idi .Xeyli miqdarda palçıq qatıldığına görə at əməyinə ehtiyac duyulurdu. Dairəvi şəkildə hazırlanan bu palçıq “meydan”ında at da elə dairəvi hərəkət edirdi ,sarı palçığın başına fırlanırdı .Bİr dəfə qonşumuz Əsgər əmi bu işlərə maraqla baxdığımı görüb məni ata mindirdi .At dizinə qədər çıxan sarı palçıqda başını aşağı salıb dövrə vururdu .Qarnının altı palçıq olmuşdu . Quyruğunu qatlayıb düyünləmişdilər ki, palçığa dəyməsin . Başının bir -iki yerində sarı nöqtələr varıydı ,vəssalam. Amma at sakit idi .Bilirdi ki ,işdən sonra onu aparıb çayda doyunca çimdirəcəklər , qaşovlayacaqlar ,qapıya gətirib qabağına ot qoyacaqlar. At cəmi üç dəfə palçığın başına fırlanan kimi ürəyim bulandı, başım hərləndi. Halımın pis olduğunu görüb Əsgər kişi məni tez atdan düşürdü .Nə oldu sənə a bala ,-soruşdu Kişini peşiman eləməmək üçün tez özümü ələ aldım. Hər şey yaxşıdı deyib ,onun üzündəki nigarançılığı qova bildim.Amma atın vecinə deyildi, nə ürəyi bulanırdı nə də başı fırlanırdı. Bir öynəlik samana görə palçığın içində vırça-vırç dövrə vururdu. Nədənsə lap kiçik yaşlarımdan karuseldə zadda özümü pis hiss eləmişəm. Benzin nədi ki, onun qoxusunu götürə bilmirdim .Deyəcəksiniz at hara ,benzin hara . Amma söz gəlişi yadıma düşdü .Söhbətin birini qoyub o birinə gedirəm . Şəmkirin dolaylarını zarıya -zarıya qalxan köhnə “paz” avtobusunu benzinin iysindən ürəyim bulandığından dəfələrlə saxlatmışam.- Saxla ,saxla uşaq qaytarır ay şofer,sən Allah saxla ,üst başımız it gününə düşəcək,-deyə yanımda oturanlar az qala sürücüyə yalvarırdılar . Yoxuşlarda maşın saxlamağın çətinliuini o yolları gedib gələnlər yaxşı bilir. Sürücü yer seçib avtobusu saxlayana qədər tulaqulaq papağımı ağzüma tutub ööö eləməyimlə dolmağı bir olurdu. Sonra da pəncərədə dərəyə vızılladırdım. Yanımdakılar, -sür -sür saxlama hər şey düzəldi ,şükür yaxşı qurtardıq,-deyib sürücüyə şad xəbər verirdilər. O illərdə neçə belə bahalı tulaqulaq papağı sıldırım yoxuşun dolaylarından dərəyə vasil eləmişəm …Qayıdaq əvvəlki söhbətə. Palçıq yoğrulub hazır olan kimi atı kənarlaşdırırdılar. At həmin vaxt möhkəm silkələnirdi ki, bədənindəki sarı quru palşıqlar yerə tökülsün. Amma quyruğunu dibdən nə qədər tərpədirdisə də heç cür açılmırdı. Çayda çimdirəndə açacaqdılar. Ustalar sarı palçığı şaphaşap divara vururdular. Belə evlər qışda isti ,yayda sərin olurdu …Daş evlər söhbətinə gələndə isə onu deyim ki ,kənddə daş işinə dayım baxırdı. Alıb -satmaq yox haa. Birbaşa “Balatomba “deyilən ərazidən daşı yerdən özü çıxarırdı. Alətlərınin hamısı var idi -lom , külüng, bel …Bu balaca “daş karxanası”nın müdüri də özüydü, fəhləsi də, lap elə mühəndisi də .Yerin altında hansı tərəfdə daşın olmasını bilməyə xüsusi cihaza ehtiyac yox idi .Dayım bunları öz fəhminnən ,zənninnən, təcrübəsinnən bilirdi . Hərdən gedib daç çıxarmağına həvəslə tamaşa edərdim.Külüngü qaldırıb yerə çırpanda nədənsə onu Fərhada bənzədərdim Amma sonralar gördüm yox o Fərhaddan da güclüdür Əvvəla Fərhad əfsanəydi, mifiydi, uğrunda külüng çaldığı Sirin də onun kimi .Dayım isə gözlərimin qabağında canlı varlığıydı, Bisutun dağını yarmasa da “Balatomba”da ailəsinə çörək pulu qazanırdı .Fərhad özü dayımı iş başında görsəydi əlinə ömür billah külüng almazdı.Bəli tək adam üçün bu iş çox ağır idi.Lay daşları axtarıb tapmaq ,sonra onu parçalayıb üst-üstə yığmaq uzundərəydi .Daşın ölçü vahidi sajınla ölçülürdü.İş sifarişlə yerinə yetirilirdi .O vaxtlar mən bir adamın belə dayımdan incidiyini görmədim.Kənddə yeganə adam idi ki ,daş çıxardırdı, həm də bu işdən yaxşıca baş çıxardırdı. Hərdən qazdığı yerdən köhnə nuh əyyamından qalmış qəbirlər çıxırdı. Qəbrin içərisində bilərzik, küp ,və digər bəzəkli aşyalar olurdu .Dayım həvəslə qızıl qxtarırdı .Amma tarix dərsindən mənim yadımda qalmışdı ki, belə əşyalar tunc dövrünə aiddir. Qızıldan söhbət gedə bilməz. Tarix-marix hərləmirdi .Bəxtini söyə- söyə küpləri bir- bir sındırırdı .İllahda ki, araq içəndə qəbirlərə qan uddururdu, yerlə yeksan edirdi.İstəyirdim içi boş küpün birini özümlə götürəm ,dayımın işindən yadigar saxlayam ,qoymurdu,- içində qızıl olmayan küpü neynirsən a bajoğlu ,bir az o tərəfə dur külüng sənə dəyər,- deyib qəbirlərdən olmazın heyifini alırdı .Bu boş küpəli ,tunc bilərzikli qəbirdə uyuyan bədbəxtlər ,üç min ildən sonra hansısa bir daş çıxardan dayının onların qəbirlərini külünglə it gününə qoyacağını bilsəydilər,- meyitlərini yandırıb küllərini göyə sovurmalarını əzizlərinə dönə- dönə vəsiyyət edərdilər. Bir şüşə məşhur “Ekstra” arağını tək başına içən dayım – içərisində içi boş küpəsi, bir ovuc çürümüş sümüyü ,beş altı tunc bilərziyi, sapı qırıq xəncəri olan bu anası ölmüşlərin qəbrirlərinin külünü sözün əsl mənasında göyə sovururdu .Dayım dövr zad anlamırdı .Elə hey qızıl deyib, qızıl eşidirdi.Və beyni o qədər dumanlanmışdı ki ,o dumanda gözünə hər şey qızıl görünürdü .Həmin gün mən də ondan ötəri qızıl oğlan idim .-Soruşurdum, bəs ay dayı o küpləri qəbrə niyə qoyublar görəsən?- Elə bil yarasına duz basırdın ,-canlarına azara-çora qoyublar a bajıoğlu ,nə bilim ,mən də sənin kimi, -deyib əməlli- başlı əsəbləşirdi. Arxasınca da bu qızılsız, zinətsiz ,kasıb qəbrdə dəfn olunanların yeddi arxa dönəninin ruhlarını yağlı -yağlı söyüşlərlə yad edirdi. Axırda sustalıb yorulurdu ,əldən düşürdü ,külüngü yerə atırdı,- yəqin bura basdırılanlar mənim kimi kasıb -kusublardı,- deyib ,özünə təsəlli verirdi və “Avrora” siqaretindən dərin qüllab vura -vura o biri şüşəni “zakuska”sız zadsız başına çəkirdi .Elə bil bulaq suyu içirdi. Bu üç min illik “bərəkətsiz” və bədbəxt qəbirlər dayımı çox dilxor edirdi .Qızıl axtara -axtara qızıl kimi vaxtını boş yerə itirirdi .Daşdan qazandığı pulun çox hissəsini beyni dumanlandıran ,niyyəti gümanlandıran məşhur”Ekstra” arağına xərcləyirdi.Sifarişlər yığılıb qalırdı ,əli -qolu işdən soyuyurdu.-Bajoğlu get bir dənə də aqağ al , ciyərim yanır ,-deyirdi.Amma bu arağın ona xoruz səsi eşitməyən ,dürlü-dürlü söyüşləri xatırlatmaqdan və bu xatırlanan söyüşləri uç min illik bədbəxt ,talesiz qəbirlərin ünvanına söydürməkdən başqa dayıma heç bir xeyri yoxuydu. Yanında bir xəndək vardı içi dolu boş araq şüşələri . Elə bu şüşələrdən bir saray tikmək olardı …
*****
….Evimiz ən gözəl yerdə güneydə yerləşir .Buradan bütün kənd ovcumun içi kimi görünür.Ən gözəl əzəmətli görünən isə başı qarlı dağlardır.Günəş dağların arxasından çıxdığı kimi də yenidən dağların arxasında batır.Çox zaman məktəbin vaxtını saata yox, dağların başı üstə nazlanan günəşə baxıb müəyyən edə bilirdim.Mənə elə gəlirdi ki günəş dağlara keşik çəkir ,əzəmətinə işıq salır.Bəli günəşli günlərdə dağlar daha gözəl görünürdü səssiz ,səmirsiz adamın üzünə gülürdü.Ona görə də günəşi daha tez-tez arzulayırdım .Baxmayaraq ki havalar çox vaxt çiskinli – dumanlı ,buludlu keçirdi .Belə havalarda basaratı bağlanan adamlar kimi darıxırdım ,buluda şimşəyə ,yağışa ,dumana, günəşin düşməni kimi baxırdım.Bəzən həftələrnən onlar günəşin qabağını tuturdular ,dağları görünməz edirdilər.Kəndimizi dağlarsız təsəvvür edə bilmirdim. Onsuz dünyanın ən qərib adamına dönürdüm.
Günəşə tərəfkeşlik eləməyimə baxmayaraq kəndimizin fəsillərinin hamısı göz oxşayırdı .Yazda eyvandan baxanda bütün kənd ağappaq görünürdü.Çiçək açmayan bir gül, bir ağac tapa bilməzdin.Bəyənmədiyimiz qanqalın da özünəməxsus gülləri olurdu.Ağappaq kəndə baxmaqdan adam doymurdu. Bu qeyri -adi gözəllik bütün problemləri arxada qoyurdu .Adamın ruhu dincəlirdı. Çiçəklərə qonan arıların vıziltısında bir qələbəlik vardı ,yaradana minnətdarlıq vardı .Arıların şirə çəkdikləri ,gülləri diqqətlə izləyərdim .Sonra özüm o gülləri qoparıb şirəsini dadardım. Adına” Sormux gülü” deyərdilər.Arıların ilk dəfə məni sancmasının səbəbi yəqin ki elə bu şirə məsələsiydi .O gülü dərməyim də birinci və sonuncu oldu .Arıların intiqamı nə yaman olurmuş. İynənin ağrısı xeyli vaxt qolumnan getmədi .Qaranquşlar eyvanımızın neçə yerində özlərinə yuva qurardılar .Palçığı dimdiklərində daşımalarına maraqla baxardım .Sonra həmin yuvada balalarına yem gətirdiklərini izləyərdim.Onu da bilirdim ki bu yuvaları uçurmaq olmazdı. Əsrarəngiz gözəlliyi ilə nsanlarda ruh yüksəkliyi, yaşamaq eşqi yaradan yazın gəlməsi münasibati ilə nənəmə qoşulub Tanrıya dua eləyirdim ,dediyi sözləri təkrarlayırdım .Sidqi ürəkdən oxunan bu duaların müstəcəb olmasına heç bir şübhəm yox idi.
Bir may dünya zəhmətkeşlərinin bayramını böyük həvəslə keçirərdik Düzdü, kənddə parad- marad yoxuydu .Heç ura qışqıran da tapa bilməzdin .Adına mayovka dediyimiz bu bayram günündə insanlarda, xüsusən uşaqlarda bir çanfəşanlıq vardı ki, gəl görəsən.Üç -dörd nəfər bir yerə yığılıb pul atışardıq .O pula kilki konservası ,peçenye ,konfet və bir şüşə “Alşərab” çaxırı alardıq. Evdən də Allah verəndən şordan yumurtadan götürərdik .Günəşli dağın ətəyində oturub, kənd caamatını da ora qatıb dünya zəhmətkeşlərinin sağlığına yeyib içərdik. Çox keçməzdi beynimiz dumanlanardı .Dağların dumanı başımızdakı dumana həsəd aparardı .Şənliyimiz bir -iki saat cəkərdi.Bibioğlu deyirdi ki, getməyə tələsmə qoy üzünün qızartısı çəkilsin, ağzından çaxırın qoxusu getsin.Babam bilsə ki zəhmətkeşlərin sağlığına çaxır içmişik, zəhmətkeşləri də bizi də söyüb sulayacaq.Babamın xasiyyətini mən də bildiyimnən Əlini çox yaxşı başa düşürdüm.Dağı aşağı enib yastana deyilən düzəngahda bir az futbol oynadıq .Yorulduq.Daha gedək bəsdir, evdə nigaran qalarlar ,həm də göyün üzü tutulub, bir azdan yağış yagacaq- deyə Əli bir may bayramını bağlı elan elədi. Üzümə baxdı,-üzünün qırmızısı qalıb,ehtiyatlı ol babam bilməsin ,yoxsa… Bilirəm ,evə çatana qədər tam keçib gedər,-dedim.Amma keçmədi .Evə çatan kimi babam məni diqqətlə süzdü ,o saat da ,-Əliyə qoşulub çaxır içmisən – deyib səsini qaldırdı ,bərk əsəbləşdi.Üzüm bir az da qızardı, od tutub yandı ,çaxırın qızartısı toya getməli oldu. Xəcalətin qızartısı şərabın qızartısına qarışıb üzümdə qəribə xoşagəlməz rəng yaratdılar. Mən üzümü görməsəm də, bu rəngi yüz faiz hiss eləyirdim .Çünki mənim sifətim dəyişib o vəziyyətə düşəndə, elə bil babamın da acıqlı sifəti bir az mülayimləşdi ,yumşaldı .Hiss elədim ki ,qorxmağım və qərib uşaq olmağım qanımın arasına girib. Qorxudan ,xəcalətdən rəngi ruhu qaçan ,əcayib görkəm alan bu xoşa gəlməyən üzümnən babamın gözü su içmədi .Nənəmin də mənə qahmar çıxması onun çırmalanmış əlini -qolunu tamam soyutdu.Lənət şeytana dedi. -Bə sənə demişəm axı ,-Əliyə qoşulma,onnan az otur dur ,bə belə olarmı adam da çaxır içərmi ,məktəblisən axı sən ,-dedi və astadan da olsa dünya zəhmətkeşlərini və bu bayramı icad eləyənin ünvanına indiyədək eşitmədiyim yağlı söyüşlər söydü.Qəribəydi ki , xoşagəlməz qırmızı rəng bir müddət üzümnən getmədi .O səbəbdən də xeyli vaxt güzgüyə baxmaqdan zəhləm getdi.Xəcalətin rəngi nə pis olurmuş…
Yavanlıq digər ərzaq baxımından o qədər də çətinlik çəkmirdik . Babamın və nənəmin aldıqları təqaüd həm də kartofdan gələn gəlir dolanışığımıza bəs eləyirdi Mal qoyun ətindən çox təsadüfi hallarda istifadə edirdik .Bir də eşidirdin ki ,kənd adamının biri öz danasını kəsməyə hazırlaşır .Bu zaman bir nəfər qapı -qapı düşüb siyahı tuturdu ki ,görək kim neçə kilo ət alacaq.Buna alışma deyirdilər.Və bu alışmaya qatılanlar arasıda babamın da adı olurdu.Nənəm şilə bişirərdi .Çalışardı ki ,ətin çoxunu mən yeyim. Bilmirəm gec- gec yeməkdəndi , ya nədəndisə bu dana əti nə xəngəlin nə pencərin nə də yarpızlı dovğanın yerini vermirdi.Hətta şəhərdən kəndə gələn qonaqlar da toyuq cücə, heyvan kəsməyə qoymazdılar .Şəhərdə ət yeyirik deyib, -kənd xörəklərinə üstünlük verərdilər. Qatığa südə lap elə Allahın quru şoruna daha çox meyl edərdilər .Amma qonağın qabağına quru şor qoymaq ev sahibinə ar gəlirdi .Ən azından bir xoruz kəsməyə çalışırdılar. Amma eləleri də vardı ki …Qohumlardan biri Bakıdan qonaq gələndə oğluna işarə eləyirdi ki, əmin gəlib ,qaç qırmızı xoruzu tut kəsək. Əvvəllər uşağı başa salmışdı ki evə qonaq gələndə səni xoruzu tutmağa göndərəcəm .Amma nə badə tutasan, yalandan xoruzun dalınca qaç, məhləni üç -dörd dəfə “kruq”vur,guya tuta bilmirsən. Ona kimi qonaq şordan qatıqdan yeyib qarnını doyduracaq .Sonra qurudlu xəngəllə başını qatarıq Bir gün yenə Bakıdan gələn var idi. Ev yiyəsi xoş -beşdən sonra adəti üzrə balaca oğluna işarə elədi ki, bəs qaç qırmızı xoruzu tut kəsək , əmin yesin. Kənd xoruzunun dadı bir ayrıdı .Uşaq öz işini bilirdi ,atasının nə dediyini göydə tuturdu .Bu dəfə həyətə çıxan kimi xoruzu qapının ağzında gördü. Elə bil xoruz da qonağı görmüşdü ,və növbəti şounu çıxartmaq üçün oğlana qoşulmağın vaxtı idi .Xoruz qaçırdı, oğlan qaçırdı .Amma bildiyiniz kimi tutmaq söhbəti yox idi .Tutsa qonaq gedənnən sanra atasının yağlı kötəklərinə məruz qalacaqdı, təhqir olunacaqdı .Sözə baxmayan fərsiz oğul damğası alacaqdı .Ev sahibi qonağa, -qatıqnan ,şornan özünü doydurma öğlum qırmızı xoruzu tutmağa getdi ,sənin qismətindi ,bəs onu kim yeyəcək ,-deyə qonaqpərvərlik nümayiş etdirirdi .Zavallı qonaq dönə- dönə xahiş edirdi ki ,bəs uşağı yormayın. Bu şor , qatıq ,təmiz hava nəyə desəniz dəyər. Şəhərdə bunların həsrətini çəkirik. Siz Allah çağırın uşağı gəlsin .Yoxsa yediyim mənə nuş olmaz .Qonağın belə yerli -yataqlı dediyi bu təm -təraqlı sözlər ev yiyəsinin canına yağ kimi yayılırdı .Az qalırdı qonağı bağrına bassın, onula təzədən əməlli -başlı görüşsün,sizin kimi insan az-azdı desin . Amma özünü saxlayırdı. Həm də şit alınardı .Qonaq da şübhələnərdi ki görəsən bunun başına at təpib nədi ,-adamnan neçə dəfə görüşərlər -Ev sahibi bu gic -gici xəyallardan tez ayrıldı və bic -bic gülə -gülə ,-yaxşı ay qız çağır uşağı evə gəlsin, əmisi bır də gələndə tutub kəsərik, -dedi .Uşaq qan- tərin içində olardı .İşinin bitdiyini anlayıb qalib əsgər kimi özünü evə çatdırardı.Qırmızı xoruz bir az da qızarardı,dili dimdiyindən sallanardı, it kimi ləhliyərdi ,pipiklərindən od tökülərdi.Hər qonaq gələndə bu qədər boş -boşuna qaçmaqdansa bir dəfəlik tutulub kəsilmək ona daha sərfəliydi. Amma bu şou bitmirdi ki, bitmirdi. Təzə qonaq gələn kimi ev sahibi tərəfindən xoruzun marafon qaçışına start verilirdi .Açığı balaca oğlan da bu oyundan bezmişdi Xoruz qovmaqdan zəhləsi gedirdi .Bu qaçmağını uşaqlarla oyuna ,futbola sərf eləsəydi daha səmərəli olardı.Amma böyüyün sözündən də çıxa bilmirdi. Nə qədər olmasa atası idi.Əlbəttə bu fərdi epizodu qonaqpərvər bir kəndin ayağına yazmaq günah olardı…
Xoruz söhbəti salmışkən onu da deyim ki,toyuq kəsməyə heç ürəyim gəlməzdi.Aparıb qonşuya kəsdirərdim .Kəsilndə də toyuğun üzünə baxa bilmirdim .Nənəm deyirdi ki ,öyrən özün kəs ,bir toyuqdan ötəri nə qədər onun ,bunun qapısına gedəcəksən .Amma özümü nə qdər toplasam da əlim gəlmirdi .Toyuğa yazığım gəlirdi. İllah da ki, qonşu balta ilə başını bir göz qırpımında üzəndə baxa bilmirdim. Başsız toyuq hələ diri idi və əlimnən çıxıb başı üstündəymiş kimi qaçırdı . Deyərdim ki, başı üstündə olduğundan da yaxşı qaçırdı .Əvvəl qorxurdum .Yazığım gəlirdi.Sonra özümü toplayıb cəld qaçıb tuturdum .Qucağımda elə çırpınırdı ki, deyərdin yönü ölməyə yox ,dirilməyə tərəfdi , başını axtarır .Mən bunları uşaq marağımla nənəmə danışırdım .Nənəm başa salırdı ki , toyuğu kəsəndə gərək üzünü qibləyə tutasan, bismillah deyəsən ,baltayla yox bıçaqla kəsəsən.Çırpınmağa qoymayasan ki, qanı rahat axsın. Yoxsa günah sayılır …
****
Tək bircə dəfə uşaqlar məni alma oğurluğuna getməyə məcbur elədilər Etiraz etdim amma mümkün olmadı .Dedilər ki qorxma sən aralıda dayanıb pusarsan ,adam zad görüb eləsən tez bizə xəbər edərsən.Ayaqlarım güclə gedirdi.İri qıpqırmızı almaları saxlamağa gücü çatmayan budaqlar yerə dəyirdi.Ona görə də çox asan yığmaq olurdu Bu alma əməliyyatında tutulmadıq ,heç kim bizi görmədi.Amma nənəmdən eşitmişdim ki ,Allah hər şeyi görür.Belə olan halda Allahın bizi də gördüyünə şübhəm qalmadı.Özümü o ki var danladım.İndinin özündə də bu hərəkətimdən xəcalət çəkirəm.O almaları uşaqlaq necə həvəslə bəh -bəhlə yeyirdilər.Mən həvəssiz yeyirdim ,boğulurdum. Ağzımda xoşa gəlməyən dad əmələ gəlirdi. Yetişmiş , qıpqırmızı ,şipşirin almanın acı zəhər kimi dadması qəribə idi .Bu haramın dadı idi …
****
Yağış yağanda kəsilmək bilmirdi .Şimşək elə güclü şaqqıldayıb çaxırdı ki ,deyərdin indi dağı yarı böləcək.Səsindən qulaq tutulurdu.Leysan kəndi əməlli başlı yuyurdu.Dərələrdən axan sel məcrasından çıxırdı.Əlinə keçəni özüylə aparırdı.Nənəm əllərini göyə uzadıb Allaha dua eləyirdi ki yağış çox fəsad yaratmasın.Boş qabları yağışın altına düzərdik.Nənəm məni həmin su ilə çimdirərdi. Buludlar boşalanda kənddə qəribə bir sakitlik çökərdi.Az sonra bir canlanma əmələ gələrdi .Belə şəraitdə yolda yerimək hər oğulun işi deyildi .Sözün əsl mənasında palçıq dizə çixirdı.Çəkmə ,qaloş təmizləməkdən bezirdik Hər evin girəcəyində kötüyə bərkidilmiş dəmirdən ayaqqabı təmizləyən var idi.Ona görə də kənddə yağış arzulayanı çətin tapardın.
Kəndimizin qış fəslinin bir ayrı gözəlliyi var idi .Yazda ağappaq çiçəyə bürünən kənd qışda ağappaq qara bürünürdü.Günəşin şüası qarın üzərində maraqlı parıltı əmələ gətirirdi və adamın gözlərini qamaşdırırdı Günün işığında sayrışan parlaq qar dənələrinə baxmaqdan xoşum gəlirdi .Sanki qar üşüməsin deyə gün onu isitməyə çalışırdı .İsitdikcə də qar yavaş- yavaş əriyirdi ,azalırdı .Günün belə “səxavəti “əlbəttə biz uşaqların xoşuna gəlməzdi.Çünki qış macəralarımız əsasən qarla bağlıydı .Buz bağlamış yolda sürüşməyin öz ləzzəti var idi.Xizəklə sürüşən kim, yıxılan kim, duran kim,yıxılana gülən kim… Ən çox ayaq üstə çəkmə ilə sürüşməyə üstünlük verilirdi. Bu da mənim xoşuma gəlirdi .Çəkmələrim təzəydi, bu səbəbdən də pis sürüşürdü, dilxor olurdum.İş o yerə çatdi ki,yaxşı sürüşsün deyə bıçağı götürüb xəlvətcə çəkmənin altındakı rezin xətləri kəsib doğradım.Bunu uşaqlardan kimsə bildi və babama xəbər verdi.Həmin çəkmələrlə məktəbin yanındakı sürüşkənlikdən yox evdən sürüşəsi oldum.-Sürüş burdan – babamın hökmlü səsi o ilki qışı mənim burnumnan gətirdi .Əlbəttə özümdə də az yox idi…
Burası da yadımdadı ki nənəmin tapşırığı ilə xeyli təmiz qar yığardım. Qzana töküb sobanın üstündə əridərdik və qarın suyu ilə nənəm məni çimizdirərdi.Qışda soyuq havada bulaqlar donurdu ,şaylar buz bağlayırdı Heyvanları sulamaq da müşkülə çevrilirdi.Kişilər toxmaq ,balta götürüb çayın buz qatını sındırardılar.Elə eləyərdilər ki,heyvanın ağzı suya çatsın. İnəklər dizlərini qatlayıb buzun üzərinə qoyurdu,başını əyib bumbuz suyu ciyərlərinə çəkirdi.
*****
Müqəddəs mağar toylarının səsi -küyü indi də yerli -yataqlı yadımdadır Biz uşaqları mağara buraxmazdılar .Çadırın aralı yerini tapıb oradan maraqla toyun gedişatını izləyərdik.Mağarın bir tərəfində kişilər digər tərəfində arvadlar oturardı.Toyu iki aşıq bir balabançı müşaiyət edərdi.Elə ucadan qışqırardılar ki ,səsləri qonşu kənddə eşidilərdi.Bir də dağlar bu səsi yerli- yataqlı eşidərdi.Kim bilir bəlkə Tanrıya da gedib çatırdı.Hər halda bu səs mağarda qapanıb qalmırdı.Haqq aşığının səsinin mağardan çıxıb haqqın dərgahına çatmasını da normal saymaq olardı.Balabançının boyu aşıqlardan xeyli balaca idi.Elə bilirdin uşaqdı.Elə ki, balabanı füləməyə başlayırdı üzü-gözü həyətimizdəki xoruzun pipiyi kimi qıpqırmızı qızarırdı.O qədər qızarırdı ki ,tanınmaz hala düşürdü.Üstəlik ayaqlarını rəqs edirmiş kimi dizdən qatlaya- qatlaya yeriyirdi .Deyərdin ki, yoxuş çıxır.Aşıqların milli geyimindən fərqli olaraq balabançı şax qara kastyum geymişdi ,qırmızı qalstuk taxmışdı.Elə bil qırmızı qalstuk taxmasaydı balabanın səsi yaxşı çıxmayacaqdı.Balabanı füləyə- füləyə bir kərəm aşıqlara baxanda, beş kərəm də oturanlara baxırdı. Vay o günə ki ,-yaşa ay balabançı sənin əvəzin yoxdu,-deyəydin.Rəngi bir az da qızarırdı ,qırmızılıq eləyirdi,şitənirdi.Burun pərələri bir az da genişlənirdi,gozləri o qədər böyüyürdü ki,deyirdin bu dəqiqə pırtlayıb kiminsə boşqabına düşəcək .Hətta üzünün nəinki rəngi ,gülüşü də qırmızıya çalırdı.Balabançı elə vəziyyətə düşürdü ki ,bu vəziyyətdə onu heç doğma arvadı da tanıya bilməzdi.Amma çıxartdığı həngamələrə baxmayaraq zalım oğlu çox gözəl çalırdı…Balabançıdan fərqli olaraq aşıqlar milli geyimdə olurdular. Xrom çəkmə,qəlfeyi şalvar ,kitel və buxara papaq .O zaman tanınmış aşıq Mikayıl Azaflını bizim kənddə tez -tez toya çağırardılar.Ədəb ərkanlı kişiydi .Özünün gözəl qoşmaları ,gəraylıları vardı.Maraqlı toy aparırdı .El arasında hörmətili ,izzətliydi .Onun apardığı toyda mağarın içindən çox çölündə xeyli adam toplaşardı.Qız, gəlin ,oğul, uşaq çadırın arasından da olsa səsini eşitdikləri bu aşığın nurlu üzünü görməyə çalışardılar. Ustadın apardığı toy el şənliyinə çevrilərdi.Aşığın ifasına ,şirin zəngulələrinə söz ola bilməzdi.Azaflı oxuyanda mağara qəribə bir sakitlik çökərdi.Bu səsdə nələr yox idi .Mağarda dövrə vuran bu azman aşıq sazıyla ,sözüylə insanları ovsunlayırdı. Sazın səsi mənim uşaq qanımı coşdururdu ,qəribə hisslər keçirirdim. Bu səsdən dağların da üzü gülürdü.
“Qoca qartal nə gəzirsən
Dağlar qoynunda qoynunda”
****
Bu xatirələrin hamısı mənim üçün doğmadı ,əzizdir. Bunların sırasında təbii ki ,novruz bayramının öz yeri var.Adətlərin hamısı demək olar ki, yerinə yetirilirdi. Çərşənbələrdən öncə lopa düzəldərdik.Köhnə parçaları toplayıb top kimi yumrulayardıq,simlə bərk -bərk sıxar,əlavə dəstək bağlayardıq .Sonra lopanı nöyüdə qoyardıq ki ,davamlı yansın.Səriştəm olmadığına görə mənim lopam elə havadaca açılırdı. Qanadı qırılmış quş kimi yerə sərələnirdi.Qonşu uşaqlar səriştəsizliyimə doyunca gülürdülər ki ,bu da bayrama əlavə maraq qatırdı.Bir nəfər kimsə pərt olduğumu görüb,-al mənim lopamı at- dedi.Amma kənardan göydə məşəl kimi yanıb dövrə vuran lopalara baxmaq kiminsə lopasını göyə vızıllatmaqdan mənə daha maraqlı gəlirdi.lopaların vıyıltısı qaranlıq kəndi başına götürmüşdü. Ay bala yavaş tullayın ,damın üstünə düşər,ot tayasını yandırarsız, – kimi sözlər çox eşidilirdi ,lakin əhəmiyyət verən az idi.Amma növbəti ildə düzəltdiyim lopanı lap qayaya da çırpsan dağılan deyildi.Göyün yeddinci qatına tolazlaya bilməsəm də çoxlarını heyrətləndirə bilirdim.Bu da bizim atəşfəşanlığımız idi.
Novruz adətlərindən biri də yumurta döyüşdürmək idi.Bundan ötəri kənddə ayrıca yer təyin olunmuşdu. Kolxoz tövləsinin yanı.Bizim toyuğun yumurtaları o qədər də bərk olmurdu.Elə dişimdə sınırdı.Uduzurdum Nənəm vəziyyəti görüb deyirdi ki ,-ay bala yumurtaları aparıb ona- buna vermə ,qayğanaq elə ye. Bakıya gedən olsa bir az da anan gilə göndərək kənd yumurtasının dadı bir ayrıdı .Amma bunların heç biri qulağıma batmırdı .Qulağım elə bil tutulmuşdu ,novruzdan sanra açılacaqdı .Bir- iki yumurta uda bilsəm hər şey qaydasına düşərdi .Hər halda bu mənə belə gəlirdi. Lakin əlim gətirmirdi .Uduza-uduza gedirdim.Yumurta vedrəsinin axırına çıxmışdım .İş o yerə çatırdı ki,toyuğun başının üstünü kəsdirib yumurtlamasını gözləyirdim.İsti yumurtanı götürüb döyüş ustası Ənvərin yanına qaçırdım.Yumurtanı ovcunun ortasında tutub deyirdi ki-harasına istəyirsən vur.Amma zalım oğlunun yumurtası elə bil daşdan yonulmuşdu. Nəinki mən heç kim ona bata bilmirdi. Arada söz gəzirdi ki bəs onun yumurtası həştərxan toyuğunun yumurtasıdır .Kimsə ona gətirir.Nə isə hər dəfə əlim ətəyimdən uzun evə qayıdırdım.Nənəmin üzünə baxa bilmirdim,xəcalət çəkirdim.O da yəqin qəribliyimə görə xətrimə dəymirdi …
*****
Fəsillərdən söhbət açıb yaydan yazmamaq olmaz Çünki bu fəsildə yayın özü qədər isti xatirələrim var.Şah dağın ətəyində ‘Çətindərə ‘adlanan yaylaqda çox olmuşam . Uşaqlarla dağın zirvəsinə qədər qalxmışam .’Haça qaya ‘deyilən hündürlkdən o üzə baxanda Göyçə gölü görünür.Bu zaman kəndimizdə yaşayan göyçəlilər yadıma düşür.Nə vaxtsa dağın o üzündən bu üzünə köçüb gəliblər.Hansı Əhməd – Göyçəli Əhməd .Beləcə hamısının adıının qabağında Göyşə var. Göyçəni adlarında əbədiləşdiriblər.Onların arasında gözəl bir saz çalan da var idi .Mən onu böyük həvəslə dinləyərdim. Sonralar məlum hadisələr baş verəndə nəinki Göyçəyə gedib gəlmək mümkün olmadı ,hətta orada yaşayanlar yerli dibli departasiya olundular Hüseyn Arif “Göyçəlilər dağılmayın göyçədən “-çağırışı eləsə də ,insanların qabağını almaq mümkün olmadı. Günki o boyda el -obanı öz torpağınnan dartıb aparan tarixin təkəri idi . Uşaqlı böyüklü, qızlı gəlinli hamısı bu təkərin üstündə gəlirdi . Bilənlər bilir ki ,tarixin təkərini geri döndərmək o qədər də asan deyil. İndi tarix həmin təkərin üzünü nə vaxtsa Göyçəyə döndərəcəyi günü səbirsizliklə gözləyir göyçəlilər…”Göyçəlilər dağıldılar göyçədən “-deyib Hüseyn Arifə cavab yazan adını unutduğum şair də tarixin o iri bədheybət təkərini görəndən sonra bismillah deyib susdu ..Başa düşdü ki tarixin təkərini fırladan elə çərxi fələyin özüdü.Fələklə çiling ağac oynamağın yeri deyil… Həmin o saz çalmağından feyziyab olduğum göyçəlini illər sonra gördüm .Dünya dəyişdiyi kimi sazın səsi də xeyli dəyişmişdı..Yanıqlı çalırdı. Elə bil bundan başqa hava bilmirdi.Sazı sinəsinə basıb-Göyçəm Göyçəm- deyib gah zilə qalxırdı ,gah da bəmə enirdi . O boyda Göyçə dönüb saz boyda olmuşdu …Qayıdaq yaylağa .Bizim inəyi qohumumuz öz mallarına qataraq hər il “Çətindərə” yaylağına köçərdilər.Cəmi bir inəklə yaylağa köçmək əlbəttə bizə sərf eləməzdi .Üstəlik babamın ,nənəmin ixtiyar yaşında bu köçü həyata keçirmək fiziki cəhətdən də çətin olardı .O səbəbdən də qohumumuz Arzuman dayı böyük məmnunluqla təpəl inəyimizin nazını çəkməli olurdu.Xeyli uzaqda yerləşən həmin o “Çətindərə “yaylağından bizə yarım aydan bir qara atı ilə yavanlıq gətirərdi.Milli arnamentlərlə bəzənmiş xurcunun çölü kimi içi də bərəkətliydi ,-qatıq ,süzmə,nəhrə yağı,şor ,ayran,pendir , baldırğan cincilim… Arzuman dayımın qara atını qır ata, özünü də Koroğluya bənzədirdim Bizə vaxtlı- vaxtında yavanlıq gətirən bu gülərüz ,ürəyi açıq insanı başqa cür dəyərləndirə bilməzdim…
*****
Kəndin günəşi qızmar olur altında çox dayananda adamı qaraldır .Qara dərilidən bir az fərqli olursan.Kölgəsi isə sərin olur .Çayda çimməyin ləzzəti bir başqadı.Amma gərək çayın qabağının kəsilməsində kömək edəsən .Çüm kəsəsən ,daş daşıyasan.Əks halda çimənləri kənardan seyr etməkdən özgə çarən qalmayacaq Məndə bu öhdəliyi həvəslə yerinə yetirirdim ki uşaqlardan minnət götürməyim.Göldən çıxıb şəlalənin altında yaxalanırdıq.Təbiətin duşunun ləzzəti başqaydı.Bəşımız elə qarışırdı ki ,birdə eşidirdik otardığımız mal qoyun gözdən itiblər Paltarımızı qoltuğumuza alıb yolda geyinə- geyinə heyvanların dalınca qaçardıq.Kolxozun qoruqçusu bizi görüb acıqlanardı, -ayə ay köpəy uşağı malı -heyvanı qoruğa buraxıb çimərlərmi .A sizi doğan arvadın qarnı cırılsın .Bir də belə eləsəniz dədənizə od qoyacam.Uşaqlar qoruqçuya -get öz dədənə od qoy ,-deyib gülüşərdilər.Amma mən nədənsə onlara qoşulub gülə bilmirdim.Başımı aşağı salıb günahgar olduğumu anlasam da,həm də kənd uşaqlarının bu cür hazırcavab olmalarına həsəd aparırdım…
*****
Bir az da məktəb həyatından…
Məktəbimiz köhnəydi .Həyətində oyun meydançası və iki ədəd turnik var idi.Məktəbin damında göyərçinlər yuva qurmuşdu.Göyərçinlərin səsi sinif otaqlarına dolurdu.Uğultulu səsiydi.Hamı bu səsə öyrəşmişdi Allahın quşudu deyib qovmurdular. Bu səs əksər siniflərə dolurdu və heç kim də heç nə demirdi .Elə bil rayon təhsil şöbəsindən tapşırıq almışdılar .Tənəffüzü bildirmək üçün dəhlizdən iri bir dəmir asılmışdı ,digər uzun dəmirlə onu döyəcləyirdilər. Bu tükürpədici səs elə güclü idi ki məktəbdən xeyli uzaqda da eşidilirdi .Bir dəfə müəllim dedi ki bəs qaç zəngi sən vur. Uşaq həvəsimlə bu tapşırığı çoxdan gözləyirdim. Zəngi vurmağın marağındaydım .Dəmir ağır idi. Birtəhər üç -dörd dəfə güclə o biri iri dəmirə çırpa bildim.Üç gün qolumun ağrısından yata bilmədim …Qışda daş kömür sobasının əvəzini heç nə verə bilməzdi. Soba qıpqırmızı qızarırdı . Həmin anda çağırıb dəmirçiyə imkan versəydin körüksüz ,filansız o qızmış dəmirdən elə sinifdəcə yalan olmasn beş -altı at nalı düzəldərdi . Müəllimlərin də dərsi bilməyən uşaqları qorxutduqları vasitə o qıpqırmızı qızmış daş kömür sobası idi. – Başını “peç”ə soxaram,- deməsi bəs eləyirdi ki, uşaqlar qara günlərini qabqara bilsinlər. Bir- iki dəfə müəllim şagirdin başından tutub peçə yaxınlaşdırdığını öz gözlərimlə görüb heyrətlənmişdim Əvvəl elə bilirdim kinoya baxıram .Sonra gördüm, yox müəllimin qoltuğunda tutdyğu baş dostum Elxanın başıdır , heç bir kino zad yoxdu ,real həyatdı Qırmızı sobaya dəyməsinə bircə barmaq qalıb . Həmin anda Elxanı Allah saxladı. Nənəmnən eşitmişdim ki ,Allah rəhimlidi və uşaqları çox sevəndi. Müəllimə qalsaydı Elxanın başında qirmızı sobadan yadigar mütləq nəsə qalacaqdı .Belə hallarda o soba bizim gözümüzə istilik mənbəyi kimi yox işgəncə vasitəsi kimi görünürdü.Qızınmaq əvəzinə müəllimin qorxusundan üşüyürdük, titrəyirdik. Kiminsə başının cəllad kötüyünə oxşar o sobaya tərəf gətirildiyini görməkdənsə soyuq sinifdə oturmağa razı idik. Maraqlıdır ki ,valideynlər də bu işə qol qoyurdular. Müəllimə -“mənim uşağım dərsini oxumasa başını “peçə” soxun”- deyirdilər ,heç uf da eləmirdilər. Bütün bunlara baxmayaraq neynirsən elə, -oxuyan oxuyurdu oxumayan oxumurdu .
Bəzi müəllimlərin şagirdləri döyməyi dediyim kimi adi hal almışdı. Hətta qızları da eynən oğlanlar kimi döyürdülər.Bir dəfə riyaziyyat müəllimimiz dərsə hazır gəlməyən bir qızın alnına qızmış daş kömür peçinin içindəki dəmir çubuqla elə bir nöqtə qoymuşdu ki,deyilənə görə hind qızının xalı onun yanında heç nəymiş.Orta məktəbdən də ona qalan elə o xal oldu.
Riyaziyyat müəlliminin şilləsi dərsi bilməyən oğlanların üzünə tapança kimi açılırdı .Təxminən dərsini bilməyən beş- altı nəfər yazı taxtasının qabağına düzülürdü. Müəllim qolundakı saatı açıb stolun üstünə qoyurdu Sonra kostyumunu çıxarırdı .Elə bilirdin ki ,bu saat ispan öküzü ilə əlbəyaxa olacaq .Şillə ,təpik açılırdı ,nə açılırdı .Sanki şagird yox ,əsir düşmüş düşmənləri döyürdü .Bu zərbələrdən şagirdlərin nəinki dərs ,adları da yadlarından çıxırdı.Bu qaydasız döyüş səhnəsi dərsin yarısını aparırdı.Döyülən şagirdlər ağrıdan bir neçə gün dərsə gəlmirdilər.Maraqlı burası idi ki,valideynlər də riyaziyyat müəlliminin bu qaydasız döyüş üsulunu tədrisə tətbiq etməsini bir mənalı olaraq qəbul edirdilər.Və döyülən övladarı ilə fəxr edirdilər.Necə deyərlər,-əti sənin ,sümüyü mənim…Amma insafən müəllimin qolu kimi biliyi də güclü idi.
İdman dərsində iki sıraya düzülürdük. Oğlanlar bir sırada qızlar bir sırada.İdman zalı deyilən şey yox idi.Çox vaxt dərsimizi yağışlı və soyuq havada keçirdik.Bu səbəbdən də paltomuzu əynimizdən çıxartmırdıq.Yer palçıq olanda İşlərimiz bir az da çətinləşirdi.Qalın geyim və palçıqlı çəkmə ilə turnikdə onbeş dəfə dartınmaq hər şagirdin işi deyildi.Amma buna baxmayaraq idman müəllimimiz hamımıza yuxarı qiymət yazırdı. Siz mənim balalarımsınız ,onbeş dəfə dartınmalısız amma əyninizi ,palçıqlı çəkmənizi nəzərə alsaq üç dəfə güclə dartınırsınız. İgidsiniz ki bunu bacarırsınız, -bunları hörmətli idman müəllimiz deyirdi.Amma mən belə dərsdən və bu dərsdən aldığım yüksək qiymətə görə utanırdım Bütün bunlara rəğmən məktəbimizdən idmançı yetişmədi .İdman adında- qaçıb məktəbin həyətini dövrə vuraraq qızların saçını dartmaqdan savayı yadımda özgə bir şey qalmayıb…
*****
Ağlım kəsəndən babamın stolunun üstündə Nizaminin “Xəmsə”sini Sədinin “Büstan”ını görmüşəm.Babam bu kitabları sevə -sevə oxuyardı.Hərdən hündürdən oxuyardı ki ,həmin o nəsihətamiz sözləri mən də eşidim.Günlərin birində sözə diqqətli olduğumu görüb,məni kolxoz kitabxanasının müdiri adaşı İsrafillə tanış elədi ki,əlavə kitab oxuya bilim.Babamı görən kimi ,İsrafil kişinin üzündə yaranan təbəssüm kitabxananın balaca köhnə pəncərəsindən düşən işiğı kölgədə qoydu.Və mənə elə gəldi ki,bu ağsaqqal kitabxana müdirinin gün işığına oxşar təbəssümü həmin o köhnə balaca pəncərədən işıq düşməsə belə, bu kolxoz kitabxanasını kifayət qədər işıqlandırmağa qadirdir.-Mənim gözlərim üstə, nə vaxt gəlsə kitablar ona qurbandır ,lap kalxozun maşınını gətirsin yığsın ararsın, uf eləmərəm, -deyə babamın adaşı dilləndi . Elə babam yanımda ola- ola bir -iki kitab seçib verdi ki ,apar oxu sən yaşda uşaqlar üçündür. -Babanla aramızda ayrı cür xətir-hörmət var,hansı kitabıları xoşlayırsansa apar oxu.Bir gün yenə gəldim ,istədiyim kitabları seçdim ,sonra özünə göstərdim, -yox qaytar yerinə qoy bunları ,sənin yaşına uyğun deyil ,hələlik al bu balaca kitabi apar oxu.Kitab deyəndə on-oniki səhifəlik nağıl idi .Onu da nənəm mənə danışmışdı.Əlimi rəfə uzatdım ki ,barı bunu dəyişim.-Neynirsən, dəymə ,olmaz,deyə səsinə ton qatdı .Kiminsə əlindən bərk əsəbləşmişdi ,acığını mənnən çıxası olmuşdu Sarsıldım ,incik baxışlarla üzünə baxdım, əvvəl gördüyüm o təbəssümdən işıqdan əsər -əlamət qalmamışdı.İstədi yalandan da olsa özünü ələ alsın üzümə gülsün. Mümkün olmadı.Təbəssümü yerli-dibli yoxa çıxmışdı. Nə gerçəyi var idi ,nə də saxtası .Amma balaca pəncərədən düşən işıq yerindəydi…
*****
Ay caamat ,ay caamat hind kinosu gəlib, hind kinosu gəlib.Kənd caamatı bu səsi səbrsizliklə gözləyərdi.Klub kolxoz idarəsinin yanında yerləşirdi Çoxdan tikilsə də son tamamlama işləri görülməmişdi.Klub olduğunu mən deyirəm ,amma klubluqdan əsər-əlamət yox idi.Müdir deyirdi ki əyər-əskiyini inşallah gələn beşillikdə düzəldəcəyik.Bu dörd divar ,bir- iki nəfər damino , nərdtaxta oynayanlardan başqa həm də, kolxozun otlaq sahələrinə dolan heyvanların saxlanma yeri,-bir növ cərimə meydançası idi.Kolxozun qoruqçusu bu işin öhdəsindən məharətlə gəlirdi .Onu həmişə yanında heyvanla görürdüm .Qova -qova kluba gətirirdi .Günün günorta çağı burada hansı heyvana desən rast gəlmək olardı.Heyvanların xor səsi maraqlı, və əyləncəli olsa da onlara yazığım gəlirdi . Gözləyirdilər ki ,sahibləri gəlib onlara cəhənnəm kimi görünən bu klub adlanan dörd divardan xilas eləsinlər.Əslində bu dilsiz -ağızsız heyvanların təqsiri yox idi .Böyürən kim ,anqıran kim ,mələyən kim, -bu səslər bir -birinə qarışaraq qəribə bir ansambl yaradırdı .Elə başa düşmək olardı ki, bu klub həm də heyvanların istirahəti üçündür.
Kino axşamtərəfi başlayırdı.Bu vaxta qədər mal -qara klubdan boşaldılırdı,sahibinə təhvil verilirdi. Qalıb hind kinosuna da baxa bilərdilər.Amma qarınları ac olduğundan qapıdan ildıdırm kimi çıxırdılar.Bİr az da ağılları kəssəydi sahiblərinin üzünə lappanı bir tüpürərdilər…Sonra klub heyvanların nəcisindən ,sidiyindən təmizlənərdi.Amma kəskin qoxu qalırdı ki,bunu da ağlamalı hind kinosunun təsirindən heç kim hiss eləmirdi…Klubun pərdələri yox idi.Kino verən bir qayda qoymuşdu ki,kim evlərindən pəncərələri tutmaq üçün odeyal gətirsə ,o kinoya pulsuz buraxılacaq.Odeyalçılardan biri də mən idim .Evimiz kluba yaxın idi.Nənəm ayırıb kənara qoymuşdu ki ,bu kinonun odeyalıdır.Pəncərələr tutulan kimi kino başlayırdı.Bir əmması var idi ki,lent tez -tez qırılırdı .Bu zaman tamaşaçıların səsi klubu başına götürürdü.Qışqıran kim,fit çalan kim…Filmin sonuna qədər bu lent qırılma prosesi beş- altı dəfə təkrar olunurdu .Bu da fanatları qəzəbləndirirdi ,özlərinin dediyi kimi kinonun ləzzətini qaçırdırdı .”Sənin gətirdiyin kino başına dəysin,yekə kişisən bu nədi əəə “,-kimi təhqiramiz ifadələr də nədənsə lentqırılma məsələsini yoluna qoya bilmirdi.Pulu olmayanlar ,yaxud az olanlar ikinci seriyada içəri buraxılırdılar .Çöldə içəridən çox adam olurdu.Qapı açılan kimi fanatlar bir- birlərinin ayaqlarını tapdaya -tapdaya, əzə-əzə içəri elə təpilirdilər ki ,-heç aclıq dövründə çörək üstündə insanlaq bu vəziyyətə düşməyiblər .Hindistanin kino rejissorları bu müsibəti görsəydilər nəyin bahasına olursa olsun ,dəridən qabıqdan çıxıb kinolarının premyerasını bizim kəndimizdə eləyərdilər…Kino davam edirdi ,fanatlar öz işlərindəydi. Xəyalən biri Gitanı ,digəri isə Zitanı qucaqlayırdı. Amma o konki nədisə ona ürək eləmirdilər…
****
Kəndimizdə ikinci cahan savaşında iştirak edənlər az olmayıb.Onların sırasında qayıdanlar da olub ,vəfat edənlər də,itkin düşənlər də.Günlərin birində dostlarımla həyət -bacada səs salan zaman nənəmin hövsələsi daraldı.Çağırıb bizə dedi ki , gedin Əsgər babanız sizə müharibədən danışsın .Maraqlı xatirələri var…Əsgər kişi yaxın qonşu idi.Mən kəndə təzə gələndə bir ağsaqqal kimi onunla da salam kəsmişdim .Amma müharibə iştirakçısı olduğunu bilmirdim.Nənəmin təklifindən sonra Əsgər kişinin müharibəli söhbətinə marağım daha da artdı.Çünki nədənsə onu müharibə iştirakçısına oxşada bilmirdim.Mənim uşaq ağlımla müharibə iştirakçısının yaxasında çoxlu medal olmalıydı.Xülasə uşaqlarla köhnə döyüşçünün evinə yollandıq.Hər birimizın kimin oğlu olduğumuzula maraqlandı.Əslində bizi tanıyırdı amma yenə soruşdu.-Əsgər baba kəlmişik ki ,bizə davadan danışasan-deyə Telman gəlişimizin məqsədini açıqladı.Ortaya bir qədər sükut çökdü .Diqqətimiz Əsgər kişiyə yönəldi.Əsgər kişi qocalıqdan bükülmüş belini mümkün qədər düzəltdi,üzünə ciddilik verdi ,cəsur döyüşçü görkəmi almaq istədi amma alınmadı, tez də əvvəlki vəziyyətinə qayıtdı.Beli təzdən büküldü.Çənəsi dizinə əyildi.Cibindən köhnə qəzetdən kəsilmiş bir bükümlük papiros kağızı çıxartdı , səliqə ilə qatladı və arasına balaca torbadan tənbəki səpdi, büküb papiros düzəltdi .Peçin ağzını açdı maşa ilə köz götürüb papirosu yandırdı.Bir qüllab alıb tüstüsünü başımızın üstündən qapıya tərəf fülədi.Tüstüdən saralmış bığları titrədi ,əsdı ,bir az da saraldı.Təzədən ayrı -ayrı hər birimizin üzünə diqqətlə baxdı .Özündən olsa bütün bunlar o dəhşətli xatirələri bir -bir yada salmağa, hərbi sirlərlə qarışdırmamağa görəydi .Hiss elədi ki, uşaq səbrimiz daşır . Söhbətə başladı.- Hə, mənim balaca dostlarım.Allah heç kimin yönünü müharibədən salmasın.Mən çox çətin şəraitdə döyüşmüşəm Dəhşətiydi.Göydən qol- qılça yağırdı.Tankın, topun -tüfəngin səsindən yer -göy titrəyirdi,-deyib elə həvəslə danışırdı ki ,deyərdin qələbə bayrağnı Berlinə öz əliylə sancıb .Elə bu zaman söhbəti eşidən ömür -gün yoldaşı Sürəyya qarı dözməyib məsələyə qarışdı, nə qarışdı. -Mənim balalarım bavanız yalan deer, davada zadda olmooof .Yoldan yarımçıq qayıdıf. O gedif çatana kimi müharibə qutarıf.Yalannan sizin başınınzı allader.Əsgər kişi əlini maşaya atmaq istədi.Tez də fikrindən döndü.Üzünü Sürəyya arvada tutdu qışqıra -qışqıra,-yüz dəfə demişəm mənim dava söhbətimə qarışma ,arvadsan get arvad işinlə məşğul ol ,-dedi.Bəlkə mənim yerimə davada sən olufsan xavarımız yoxdu ,hayyyy?…Öskürməyi tutmağıynan danlağının kəsilməyi bir oldu.Gözləri yaşardı .Saralmış barmaqlarının ucundakı sönməkdə olan papirosu saralmış bığlarına tərəf elə apardı ki ,deyərdin indi yeyəcək .Sonuncu qüllabı ciyərinə çəkib yenə başımızın üstündən qapıya tərəf fülədi.Hiss olunurdu ki, bərk əsəbləşib.-Gedin ayrı vaxt gələrsiniz danışaram-dedi…
****
İş elə gətirdi ki ,babam xəstələndi .Atam onu müalicə üçün Bakıya gətirdi Müayinə eləyən həkim təzədən xəstəni kəndə qaytarmağı məsləhət gördü.Hər şey aydın idi.Kəndə gələndən sonra babamı görməyə xeyli adam axışdı .Şəfa diləyən kim,halalıq istəyən kim.Bu get-gəllərin çoxluğunu hiss eləyən babam elə bil adamların üzünə baxmaqdan yoruldu ,usandı.Hətta ərki çatanlara eviniz -eşiyiniz yoxdumu,-dedi.Get -gəldən, yaranan tünlükdən yoruldu.Ay İsrafil əmi bu filankəsdi – tanıdınmı, bu beşmankəsdi tanıdınmı ,-kimi təqdimatlardan bezdi. Nədənsə gəlib gedənlərə yox, tavanda özündən başqa heş kimin görə bilmədiyi bir nöqtəyə baxmaq ona daha çox xoş gəldi .Mənim uşaq ağlıma o da gəldi ki , bibimin canidildən tanıtdığı həmin o qohum əqrəbanın üzünü babam tavanda” kəşf “elədiyi nöqtədəcə açıq -aydın görür .Çünki üzünə baxmadan ,səsini eşitmədən onları tanıması məni zənnimdə yanıltmırdı.Hətta bir- bir gəlib ondan halallıq almaq istəyənlərə də çatdırmışdı ki,zəhmət çəkib gəlməyin-heç kimdən incikliyim yoxdu, hamınızı bağrıma basıram. Babam dünyasını dəyişənə qədər tavandakı nöqtədən gözlərini çəkmədi. Bir- iki dəfə, yönümü dağlara tərəf çevirin ,dedi,-vəssalam.Sonra yenə tavana o nöqtəyə qayıtdı .Elə bil bütöv dünya həmin o nöqtəyə yerləşmişdi Dağlar ,dərələr ,kənd ,el-oba hamısı orada aydınca görünürdü .Amma o sirli nöqtədə bizim bilmədiyimiz şeylər də çox idi .Və babamın o nöqtəyə baxa -baxa bir xeyli gülümsədiyinin şahidiyəm.İndiki ağlımla yanaşanda deyirəm yəqin cənnətin işartıları və haqq dünyasının ağıla gəlməz gözəlliyi idi onu güldürən …Mənə elə gəlirdi ki ,babam həmin o kiçik noqtədən böyük Allahı da görür .Çünki özü də Allah adamıydı .İnsanlardan ,dünyadan doymuşdu .Bəlkə elə ona görə haqq dünyası ilə üz -üzə dayandığı bir vaxtda kimliyindən asılı olmayaraq heç kəsi görən gözü yox idi .Üzünü bu dünyaya çevirəndə ağrısı daha da çoxalırdı Sanki xilas yolu tavandakı o nöqtədəydi .O nöqtə də elə- belə nöqtə yox, elə bil haqq dönyasının qapısıymış və o qapının açılmasına az qalıbmış .Babam son dəfə tavana baxdı və dərindən gülümsədi .Mən onun bu cür gülümsədiyini görməmişdim .Dağların gülümsəməyindən də möhtəşəmiydi Anladım ki ,haqqın dərgahına qovuşmaqda olan babam sonuncu dəfə bu dünyaya gülürmüş. Son gülüş daha əzəmətli və daha yaddaqalan olur…Ay uşaq ,gəl sən çölə çıx ,-qohumlardan kimsə mənə səsləndi…
*****
Babam haqq dünyasına qovuşandan sonra bir il də nənəmlə qalmalı oldum Babamın yeri görünürdü .Əlimi hansı işə atırdımsa səsini eşidirdim,-ona dəymə ,bu iş sənlik deyil,dərslərini oxusan bəs eləyər…Elə bu səsi eşidə -eşidə mən babamın gördüyü işləri həvəslə yerinə yetirərdim . Amma nənəm bu ağır işləri mənə qıymırdı.Başqa köməyimiz yox idi.Mina bibim hərdən əl yetirsə də elə çox vaxtı olmurdu.Özünün bir bölük külfəti var idi Beləcə təsərrüfatımızdan bir az ixtisar edəsi olduq .Təpəl bir az da dəli inəyimizi babamın sağlığında satmışdıq.Bəhlul dayım bu işdə bizə kömək eləmişdi.İnəyn başına çatı keçirib birtəhər heyvan bazarına aparmışdıq .Dayım zatən vuran idi.Babam dedi ki -a Bəhlul bu dəli inəyi sata bilsək səni Saratovkanın yeməkxanasında yaxşıca içirdəcəm Bu günkü arağın mənlikdi.Bəhlul dayım bu təklifdən məmnunluq hissi keçirdi,-baş üstə əmi -əlimizdə deyilmi .Bazara çatdıq .Az keçmədi bir nəfər bizə yaxinlaşdı Pulunu razılaşdıq İnəyi apardı. Bir xeyli uzaqlaşmışdıq ki ,inək yedəyində həmin o alıcının bizə tərəf tələsdiyini gördüm -Ağsaqqal bu ki dəlidir ,indidən mənnən buynuzlaşır , şıllaqlıyır sonra neynəyəcəm…İnəyin tutması tutmuşdu.Xasiyyətinə bələd idik Satanda sevindik ki,nə yaxşı dəlilik eləmədi.Budur sevincimiz üzümüzdən getməmiş inək təzə sahibi ilə böyrümüzü kəsdirmişdi.Babam bir kəlmə də o yan bu yan demədi .Pulu qaytarıb inəyi geri aldıq .Bəhlul dayım dedi ki əmi darıxma hər şey yaxşı olacaq.Bazara qayıtdıq.Yenə bir müştəri gəldi.İnək sakitləşmişdi.Baxdı bəyəndi.Cəmi bir dəfə quyruğunu çırpdı.O da milçəyə görə Vəssalam.Qiyməti razılaşdıq Ayrıldıq. Bayaqkındanda az getmişdik ki ,inəyi arxamızda gördük .-Siz Allah inciməyin, qadanız alaram inək dəlidir Mən bunu saxlaya bilmərəm.Babam yenə bir kəlmə belə dillənmədi.Pulu cibinə necə qoymuşdusaeləcə də qaytapıb kişiyə verdi.Amma babam bu dəfə inəyin üzünə acıqlı-acəqlı bir xeyli baxdı ,baxdı.İnək də suçlu adamlar kimi başını yerə dikmişdi. Gözlənilmədən babam inəyin üzünə tüpürdü.Bu mənə çox pis təsir elədi.Elə bil mənim üzümə tüpürdü.İnəyə yazığım gəldi Əlimi uzatdım ki boynunu sığallayım bir azda mənə qısıldı.Hiss elədim ki,heyvan bizdən ayrılmaq istəmir ,darıxır.Amma babam bunun fərqində deyildi.Bərk əsəbləşmişdi.Mərhəmət zad hərləmirdi.Üçüncü dəfə bazara girdik Bazar seyrəlmişdi.Ümidimizi üzüb kor peşman evə qayıtmaq istəyirdik ki,bir nəfər bizə yaxınlaşdı.Razılaşıb dəyərindən bir az da aşağı inəyi satdıq.Təzə sahibinin arxasınca könülsüz könülsüz yeriyirdi Mən inəyimiz üçün darıxdım amma arxasınca baxmağa çox macal tapmadım- Qaçaq uşaqlar, tez olun qaçaq heç olmasa bu müştəri gəlib bizə çatmasın-deyə babam nigaran -nigaran pıçıldadı .Özümüzü bazardan xeyli aralıda yerləşən yeməkxanaya təpdik.Bir xeyli ora -bura baxandan sonra sakitləşdik .Babam yemək sifariş elədi.Bəhlul dayım doyunca araq içdi.Evə çatana qədər arxamıza boylana -boylana gəldik.Gözümüz yaman qorxmuşdu …
****
Altıncı sinifdə oxuyurdum.Babamın vəfatından sonra həyatımda bir boşluq hiss eləyirdim Tez -tez iri çərçivəyə salınmış zəhmli ,bir az da gülümsər şəklinə baxırdım.Baxırdım deyəndə ki ,stolun üstündəydi İçəri girən kimi istər- istəməz gözümə sataşırdı .Amma nədənsə zəhmi gülümsəməyini üstələyirdi ,ya mənə elə gəlirdi.Şəkilə baxanda qorxurdum,məni vahimə basırdı.Ölümün nə olduğunu ,necə olduğunu uşaq ağlım dərk eləmirdi və eləyə də bilməzdi.Bir səhv hərəkət eləyəndə şəkilə baxmağa ürək eləmirdim .Elə bilirdim yenə məni danlayacaq, üstümə acıqlanacaq .Zatən bu zəhimli, danlayicı ,istehzalı şəkil elə bil babamdan sonra da onu əvəz eləməliydi və sanki mənim bu günümə çəkilmişdi .Hər dəfə səhv hərəkət eləyəndə şəkli gözümün qabağına gəlirdi ,utanırdım,çəkinirdim. Burası da qəribədir ki ,babamın sağlığında özündən o qədər qorxmurdum nəinki indi bu qızılı çərçivəli şəklindən.Mənə elə gəlirdi ki, babam ölməyib ,məni sınamaq üçün dönüb şəkil olub. İndicə çərçivədən düşüb yenə də əlini kürəyimə vuracaq -dərslərini oxumusanmı-deyə soruşacaq…Mən hər gün bu arzuyla, dəli bir ümüdlə babamın şəklinə baxırdım,amma şəklin canlı adama dönmək fikri yerli- dibli yoxuydu.Yəqin dünyada belə bir möcüzə baş versəydi şəkildən dirilənlərin əlindən tərpənmək olmazdı. Donmuş zəhimli baxış ,donmuş təbəssüm,donmuş zaman…Nənəm bilən də ki ,babamın şəkilndən qorxuram, üstünü dəsmalla örtdü və tapşirdı ki ,ölüm haqqında çox fikirləşməyim. Bir gün yaranan bir gün də öləcək.Amma nənəmin hamıya məlum olan bu minillik fəlsəfi fikirləri mənim uşaq düşüncələrimlə üst -üstə düşməsə də onunla razılaşmalıydım. Bu barədə amerika açmağa dəyməzdi.
Növbəti tədris ilinə az qalmışdı .Nənəmi də götürüb Bakıya evimizə gəlməyi qərara gəlmişdik Gəlmişdik deyəndə ki, atamı anamı bir zülümlə razılaşdırmışdım.Mən nə qədər sevinirdimsə nənəm məndən də çox təəssüflənirdi.Amma necə deyərlər dirəşmişdim.Ailəmizlə birgə olmaq istəyirdim.Nənəmə də deyirdim ki ,beş il mən sizdə qaldım ,indi də gedək sən bizdə qal.Ürəksiz də olsa razılaşırdı.Neynək sən deyən olsun,- deyirdi. Elə də böyük təsərrüfatımız yox idi .Beş -altı toyuq -cücəni qonşunun həyətinə küşkürdüb kəndlə vidalaşdıq .Amma evimizə getməyə nə qədər sevindimsə ondan da çox kənddən ayrılmağıma kədərləndim .Gözlərim kəndin halal ,zəhmətkeş, ilqarlı, imanlı adamlarına ,dərəsinə ,düzünə, ağacına ,daşına baxa -baxa gedib dağlarda dayandı.Eyni ilə kəndə təzə gələndə gördüyüm dağlar idi .Əgər min ildə dəyişməyibsə beş ildə nə dəyişəcəkdi ki …Bir də insan deyil ha dəyişə,neçə sifətə düşə…Bu vüqarlı dağların bir vaxtlar mənim kəndə gəlməyimdən xəbərləri varıydısa ,deməli getməyimdən də xəbərləri olmalıydı .Oldu da. Ən çox baxıb vidalaşdığım dağlar oldu ,darıxdım. Yam-yaşıl üzünə bir xeyli tamaşa elədim,bir az da qürurlandım içimnən qəribə hisslər keçdi.O boyda dağlar mən boyda uşağı əməlli başılı kövrəldirdi .Bu mənim bir vaxtlar qatarda kövrəlməyimə bənzəyirdi.Bir zaman anamnan ayrılanda darıxmışdım,indi də dağlardan ayrılanda gözlərim dolmuşdu .Çünki bu kənddə mən hər səhər yuxudan qalxanda istər-istəməz hər şeydən əvvəl o dağları görürdüm.Günəşli ,dumanlı, çiskinli dağları .Dağlarla sağollaşmayıb ,başımı aşağı salıb necə gedə bilərdim bu kənddən. Nankorluq olardı .Bir də bu kəndə nə üzlə gələrdım …Ayə ,ay Allah kömək olmuş dağ görmöfsənmi nə çox baxersan ,səni gözdörək axı ,- bu da bizi şəhərə yola salan sürücünün səsiydi..
*****
Nənəm şəhərdə qəfəsdəki quş kimi çırpındı yaşadı. Bir az əmim gildə qalırdı ,bir az bizdə.Əmimgil üçüncü mərtəbədə olurdular, biz isə beşinci. Heç birimizin həyət evi yoxuydu ki, binəva nənəm yalandan da olsa özünü kənddəki kimi hiss eləsin.Bu minvalla on ildən çox yaşadı.Heç kimə mane olmadı .Adətən bir küncə çəkilib yadddaşında gətirdiyi bayatılardan zümzümə eləyərdi .O bayatılarla xəyalən kəndə dağlara gedərdi.Eyvanda üzünü göyə tutub dodaqlarını tərpədərdi. Belə vəziyyətdə nənəmə baxmağı xoşlayardım. Mənə elə gəlirdi ki nənəmin oxuduğu o bayatilar,gəraylılar da duadır və Allah bunları şəksiz -şübhəsiz eşidir. Sonra nənəm öz -özünə danışırdı , üzünü göyə tutub nəsə pışıldayırdı,öz-özünə danışırdı. Bu danışıq, bu pıçıltı da mənə bayatı qədər şırin, mənalı gəlirdi . Yadında qalan adamların adını çəkirdi ,ölənlərə rəhmət oxuyurdu ,ruhlarına salavat çevirirdi.Xəyalən inək sağırdı ,toyuq -cücəyə dən verirdi ,kürsüdə çörək bişirirdi , nəhrə çalxayırdı…Xülasə hər gün nənəm beləcə xatirələrlə kəndə gedib gəlirdi. Və bu cür qiyabi də olsa kəndə gedib gələndə, üzü bir az da nurlanırdı yanaqları ,qızarırdı .Baxan deyərdi ki elə doğrudan da bu dəqiqə kənddən gəlib .Beləcə nənəm özü- özünü ovundururdu ,başını qatırdı .Əsəd əmim də öz sazı -sözü ilə anasını darıxmağa qoymurdu .Dostu Valehlə həmin o üçüncü mərtəbədəki şəhər evində kənd abı havası yarada bilirdi.Elə gözəl çalıb oxuyurdular ki, başını çevirib pəncərədən asfalta baxmasan elə bilərdin yaşıl dağların qoynundasan.Amma bütün bu həngamə nənəmi ovundurmaqdan ötrüydü .Nə kənd varıydı ,nə də kəsək .Adını çəkdiyim Valeh bizim qonşu kənddəniydi .Əmimgilin qonşuluğunda olurdu. Sahə müvəkkili işləyirdi. Rütbəsi də kapitan .Hərdən əmimlə birlikdə el məclisinə də gedərdilər. İnsafən yaxşı saz çalırdı ,həm də oxuyurdu .Polis paltarında isə saz ona bir ayrı cür yaraşırdı. Mənə qəribə gələn oydu ki “uçastkovı” olasan kabineti bağlayıb gedəsən saz çalmağa. Polis və saz ilk baxışdan qəribə səslənsə də Valehdə bir- birini çox gözəl tamamlayırdı. Hətta mənə elə gəlirdi ki ,o polisə işə girəndə də sazdan imtahan verib,ona qoşma oxudublar, dastan söylədiblər. ” Uçastkovu”nu soruşanda ,-sazı bağrına basıb toy aparır harda olsa gələcək ,-xəbəri adi hal almışdı .Sazı bu cür dəlicəsinə sevərək peşəsindən üstün tutan,-aşıq Valehdən özgə heç kimi xatırlamıram .Amma insafən çox gözəl çalıb oxuyurdu .Əsəd əmim ixtisasca neft mühəndisiydi. O da buruqdan çox saz görüb. Amma işini, vəzifəsini də ləyaqətlə yerinə yetirirdi .Mən ağlım kəsəndən onların evində saz görmüşdüm.Seçmə el şairlərinin şeirlərindən ibarət dəftəri varıydı.Hamısını əzbər bilirdi. O cümlədən dastan, ustadnamə.Yaddaşına söz ola bilməzdi. Boş vaxtlarımda onlara tez -tez gedərdim. Bilirdi ki ,ən çox saza görə gəlirəm. Qısa hal -əhvaldan sonra sazı divardan düşürər sinəsinə basıb inlədərdi. Bu vaxtacan gördüyüm aşıqlardan dala qalmazdı .Səs yerində ,söz yerində .El arasında dillər əzbəri olan el şairlərinin şeirlərini mən ilk dəfə əmimnən eşitmişəm .Hardan ,necə toplayırdı bu şeirləri- mənim üçün maraqlıydı. El aşığı olmaq üçün bütün şansı varıydı .Amma neft mühəndisi vəzifəsi onu da Valeh kimi çox zildən getməyə qoymurdu .Evdəkilər üçün ,qonaqlar üçün ,kiçik məclislər üçün çalıb oxuyurdu .Əsasən də özünü qərib sayan nənəmi darıxmağa qoymurdu. Saz həm də qəribliyin dərmanıydı .Əsəd əmim nənəmin qəribliyini ona həmin o telli sazla ahəstə-ahəstə unutdururdu Nənəm ağrıyanda nə təzyiqini ölçürdü nə də təcili yardım çağırırdı ,əlini divardakı saza uzadırdı…
Bir neçə ildən sonra nənəm dünyasını dəyişdi.Əslində yenə yaşayardı .Amma şəhər həyatı bir çox hallarda kənd həyatının qəsdinə durur. Sağlam ,uzun müddət yaşmaq şansı ola biləcək yaşlı kənd adamları əksər hallarda şəhər həyatının sınağından çıxa bilmir onun “qurbanı”olurlar .Çox yaşamaq üçün onlara məhz kənd şərait yaradır və özü də buna zamin durur .Amma ahıl yaşlarında şəhərdə yaşamağa məhkum olanlara kənd “məsuliyyət “daşımır.Bu səbəbdən yaşlı insanlar kəndə nisbətən şəhərdə az yaşayırlar. Və nənəmi də tale belə bir sınağa çəksə də o doxsana yaxın yaşadı .Allaha üz tutub oxuduğu duaların səbəbiydi ki ,son dərəcə urvatlı , imanlı getdi bu dünyadan. Tanrıya yalvarırdı ki ,ona əziyyət verməsin ,əli ayağı sağkən ,corabını geyərkən ,qaşığı tutarkən haqq dünyasına qovuşdursun. Heç kimə möhtac eləməsin. Kiminsə qınağına, gileyinə tuş gəlməsin .Nə özü əzab çəksin ,nə də bir kimsəyə əzab verməsin.Özü -özünü idarə eləyə bilsin .Bu duaları ,yalvarışları nənəmnən mən dəfələrlə öz qulağımla eşitmişəm və qəribə hisslər keçirmişəm. Təbii ki ,nənəmin Tanrıdan belə bir ölüm “sifarişini “o vaxt anlaya bilməzdim. Amma zaman keçdikcə, həyatı dərk elədikcə onun dualarının əhəmiyyətini bir daha anladım ,dərk etdim. Çox keçmədi ki ,həmin o gözəl ölümün “sifarişini” Tanrı qəbul elədi .Elə də oldu .Qadir Allah bu imanlı arvadın ömürlüyünə baxdı ,savabını günahını dönə -dönə yoxladı ,nurlu üzünə nəzər saldı. Bu ilahi sınaqlardan nənəm üzü ağ çıxdı .Allahın izni ilə cənnətməkan oldu…
Dünyagörmüş nənəm, ağbirçək nənəm
Daha məni döymür, məni yanımır
Gözünün işığı azalıb tamam
Daha adamları yaxşı tanımır
Hər dəfə yanına gedəndə onun
Nəfəsimnən bilir gələn Xaliqdi
Üzümnən-gözümnən o qədər öpür
Bilir ki, Xaliq də buna layiqdi
Sonra da üzümə baxıb astaca
Nəsə pıçıldayır – deyir, – duadır
Mənim apardığım nanəli konfet
Nənəmin verdiyi xeyir – duadır
Uzadıb əlini göylərə sarı
Oxuyur üzümə axır kəlməni
Etibar eləmir məni heç kimə
Birbaşa Tanrıya tapşırır məni
Allah hifz eləyə bizi bəladan
Tale üzümüzə acı baxmaya
Mənim bu həyatım kimnən artıqdı
O xeyir – duadır məni saxlayan…
*****
Əsəd əmim öz iş yerindən avtobus xahiş elədi ki, cənazəni kəndə aparıb orada dəfn edək .Deyilənə görə şəhərdə dəfn eləsəydik nənəmin və babamın ruhu ömürbillah bizi bağışlamazdı.Hənəm hər gecə yuxumuza girib deyəcəkdi ki ,-gül kimi torpağı, illərdi bir yastığa baş qoyduğum ərimin böyrünü qoyub niyə şəhərdə hansısa bir tanımadığım arvad xaylağının yanında basdırdınız .Mənim bu qəbristanlıqda nə itim azmışdı… Beləcə yuxuda it əzabı çəkəcəkdik ,səksəkə, sorğu-sual axırımıza çıxacaqdı.Bu azmış kimi bir tərəfdən də ruhlar dünyasından rəhmətlik babam zəhimli baxışlarıyla üzümüzə baxacaq, nə ki var bizi qınayacaq, -arvadı kəndə gətirə bilmədiniz, ruhunu incitdiniz ,tüpürüm sizin mənliyinizə, -deyəcək .Bütün bu söyüş dolu qatmaqarışıq yuxuları görməmək , yersiz danlaqları eşitməmək üçün beş yüz yox, lap beş yüz min kilometr məsafə də qət etməyinə dəyərdi. Köhnə “alabaş” avtobus zarıya-zarıya üzü dağlara tərəf qalxırdı .Avtobusun ortasında xalçaya bükülü cənazə qoyulmuşdu. Otuqacaqlarda atam ,əmim ,mən və bir neçə qohum oturmuşdular. Gedib çatmaq bilmirdik .Elə bil dünyanın dərdini bu köhnə avtobusa yükləmişdilər Qırğız yazıçısı Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı yadıma düşürdü .Bu səfərimiz romandakı hadisələrlə çox səsləşirdi Yol qısalmaq bilmirdi. Sanki Gədəbəyə yox dünyanın bu başından o biri başına gedirdik .Cənazə nə yaman ağır olurmuş. Bəlkə də cənazənin deyil ,yaşadığı ömrün ağırlığıydı . Yoxsa ki ,cənazə quş kimi yüngülüydü .Mən bunu axtobusa qoyanda öz çiynimdə hiss eləmişdim… Axır ki çatdıq. Altı saatlıq sükutdan qopa bildik .Nənəm nə kəndə gəldiyini bildi, nə bayatı deyə bildi, nə də dua oxudu .Ömrü bitmişdi .Dediyini demişdi ,oxuduğunu oxumuşdu .İndi söz mollanın idi.Qonşular ,eşidib bilənlər nənəmin gedər -gəlməzə tuşlanan yolunu gözləyirmişlər. Mina bibim, -mən səni çiyində yox öz ayaqlarınla gəlməyini gözləyirdim, bu nə işdi başımıza açdın ay ana -deyərək fəryada başladı. O biri ağlaşanlar da ağı deyirdilər ,məclisin ruhuna uyğun sözlər işlədirdilər . Nənəm təbii ki bunların heş birini eşitmirdi və sözün əsl mənasında bu dünyadan xəbəri yox idi .Artıq o dünyanın qapısından içəri keçmişdi .Başının üstündə ağı deyən arvadların yox,cənnətdəki mələklərin səsini eşidirdi.Ağı deyənlər özləri ağlayıb ,özləri də eşidirdilər. Nənəm həmin anlarda dini qaydalarla desək o dünyası ilə məşğuluydu və İnkir Minkirin suallarına cavab verirdi .Günahları, savabları ölçülürdü ,cənnət , cəhənnəm məsələsi həll olunurdu.Başı özünə qarışmışdı. Mən əmin idim ki, nənəm cənnətlikdi. Çünki onun savab əməli çoxuydu. Yavaş -yavaş ağlaşma kəsildi. Otağı qəribə bir sükut bürüdü. Ağlaşanlar cənazəyə elə baxırdılar ki ,sanki bu qədər göz yaşına görə nənəm başını qaldırıb onlara -çox sağ olun, deyəcəkdi .Amma daşdan səs çıxdı ,nənəmnən yox .O sehirli aləmə düşmüşdü, öz işindəydi, cənnətin dağlarında bayatı oxuyurdu. Mələklər onu üzündəki nurdan tanımışdılar . Hansı ki, nənəm anadan olanda üzündəki o nur mələklərdən ona əmanət verilmişdi.Mənə elə gəldi ki ,hələ torpağa tapşırılmamışdan nənəm bu qədər saf ,düzgün ,imanlı olmağıyla nəinki mələkləri hətta Allahın özünü təəccübləndirə bildi. …Nənəmi kənd qəbristanlığında babamın yanında dəfn elədik .Bir qədər arxayınlaşandan sonra evimizə, həyətimizə doyunca baxdım .Xatirələr baş qaldırdı .Özümü saxlaya bilmədim. Hönkür -hönkür ağladım .Bu cür ilk dəfə kəndə gələndə qatarda ağlamışdım. İçimi çəkə -çəkə başımı qaldırıb dağlara baxdım. Dağlar da kövrəlmişdi…
*****
Sözüm ürəyimə yığılıb qalıb
Arzular, ümidlər yıxılıb qalıb
Taleyim şəhərə sıxılıb qalıb
Mən sənə qayıda bilmədim kəndim
O qızın üzündən xal dadıb gəldim
Arı pətəyindən bal dadıb gəldim
O boyda dağları aldadıb gəldim
Mən sənə qayıda bilmədim kəndim
Unutdum o ayı, o ulduzları
Qayadan asılan salxım buzıarı
Kəsdi qabağımı şəhər qızları
Mən sənə qayıda bilmədim kəndim
Könlümdə ayrılıq,qübar tərpəndi
Sədaqət, etibar,ilqar tərpəndi
Gecikdim çatmadım, qatar tərpəndi
Mən sənə qayıda bilmədim kəndim
Qoynunda cığırım, izim qalmayıb
Dillərdə bir kəlmə sözüm qalmayıb
Indi də gəlməyə üzüm qalmayıb
Mən sənə qayıda bilmədim kəndim…
**************
Son
Yazıya 849 dəfə baxılıb