AKİF ABBASOV – NURCANIN QƏMLİ HEKAYƏTİ

                                    AKIF ISTANBUL 5 (“Fəth” romanından)

                                      (əvvəli var)

                                        Bəs Nurcan hardadır?

 

Mürtədi arxayın salıb, başının altına yastıq qoyub beləcə aradan çıxmışdı. Tuğba xanım özünü bilməməzliyə vursa da, əslində heç kimin yox, təkcə Nurcandan onun xəbəri vardı. Hara getdiyini o bilirdi.

Nurcanın qayğılı, bikef olduğu, deyib-gülmədiyi ilk gündən Tuğba xanıma qəribə gəlmişdi. Bu gənclər təzəcə evlənmişdilər. Gərək can deyib, can eşidəydilər. Nurcanın deyib-gülən, şənlənən vaxtı idi. Amma belə deyildi. Qız həmişə daş kimi lal-dinməz otururdu. Onun gözlərinin dərinliyində bir kədər gizlənmişdi. Büruzə verməməyə çalışsa da bu bilinirdi. Nə qəlbi açılır, nə  də üzü gülürdü. Səlma ilə Hülyanın isə Nurcanınn bu xasiyyətindən xoşları gəlmirdi.

Tuğba xanım başa düşdü ki, gizli bir narahatçılıq qızın ürəyini yeyir.Bir gün Nurcanı yanına çağırıb onu söhbətə tutdu:

-Qızım, sənin dərdin nədir? Görürəm açılışmırsan, dünyanın bütün dərd-sərini çiyninə götürmüsən. Ərinlə də soyuqsan.

Nurcan gülümsəməyə çalışdı. Alınmadı:

-Tuğba xala, narahatçılıq yoxdur.Yavaş-yavaş öyrəşirik bir-birimizə. İlk günlərdir də. Atamın, anamın, qardaşımın xiffətini edirəm.

-Yox. Bala, mənə düzünü de. Bu xiffət o xiffətdən deyil. Sən məndən çəkinmə. Gəl ürəyini deşən dərdlərini mənimlə bölüş. Belə etsən, həm bir az yüngülləşəsən, həm də bir çarə qılarıq.

Nurcanın Tuğba xanıma xüsusi rəğbəti vardı. Çox mehriban, üzügülər, səmimi arvad idi. Onları çox ürəkaçıqlığı ilə qarşılamışdı. Nurcana da öz balası kimi qayğı göstərirdi. Başa düşdü ki, Tuğba xanıma etibar eləyə, ürəyini ona aça bilər. Və açdı da.

Tuğba xanım onunçun bir plan qurdu. Nurcan da bu plan üzrə hərəkət etdi. Tuğba xanım Nurcana bir ünvan vermişdi, şəhərin lap qurtaracağında, sakit bir guşədə ev idi. Rəfiqəsinə bir məktub da yazmışdı. Qızın ovcuna pul da basdı ki, lazımı olar.

* * *

Əsra açıb Tuğba xanımın məktubunu oxudu.

-Keç, qızım, mən Tuğba xanımın xətrini çox istəyirəm. Üç otağımız var. Düzdür balaca-balaca otaqlardır. Quş damı kimi. Amma ehtiyacımızı ödəyir.  Birində sən qalarsan, biş-düşdə, evi yığışdırmaqda, pal-paltar yumaqda Əsra xalana da kömək edərsən, bu da olar sənin gündəlik işin. Kasıbın olanından, birlikdə yeməyimizi də edərik. Bir mənəm, bir də kişim – Yunus. Üç oğlum var. onlar da şəhərin müdafiəsinə gediblər. Bizansın taleyi necə olacaq bilinmir.

Nurcan bir-iki ay burda qaldı. Əsra sidq ürəkdən onu qəbul eləmişdi.  Nurcanın taleyindən xəbərdar olduğundan çalışırdı ki, burada günü xoş keçsin, sızılmasın.Öz qızı kimi onun qayğısına qalırdı.

Tez-tez toplardan açılan atəş səsləri eşidilir, adamın bağrını yarırdı. Mürtəd onu  Konstantinopolun mühasirəsindən əvvəl bu şəhərə gətirmişdi.

Əsragildə günləri pis keçmirdi. Bu xanımın da xasiyyəti yaxşı idi. İşli-güclü, mehriban arvad idi. Bütün günü övladları üçün, şəhər üçün dua edirdi. Əsra da lap Tuğba xanım kimi idi. Görünür, xasiyyətləri tutduğundan rəfiqə olmuşdular. Nurcan Mürtəddən yaxasını qurtardığına görə sevinirdi. İsmətini qoruya bilmişdi. Daha onun sifətini görməyəcəkdi. Özü də bu məhəllə gözdən, könüldən çox uzaqda idi. Mürtədin ağlına gəlməyən bir yerdəydi.

Lakin Nurcanın sevinci uzun sürmədi. Baş verən bir hadisə yenidən onu əzablara, iztirablara sövq etdi.

Yerinə təzəcə girmişdi. Bu gün nəsə yuxusu gəlmirdi.Yadına Nevzetdüşmüşdü. Onunla bağlı xatirələri çözələyirdi.Xatırladıqca məmnun olur, sevinir, şadlanır, fəqət ondan ayrı düşdüyünü görəqəm-qüssə, kədər vücudunu ağzına  alırdı. Bu xatirələrin ağuşunda gah sevinə-sevinə, gah qüssələnə-qüssələnə axır ki, yuxu onu apardı. Nevzət yuxusuna girmişdi. Şirin yuxu görürdü. Bir-birindən hal əhval tuturdular. Bir-birinə sığınmışdılar.Nevzətin onu oxşayıb, əzizləyir, saçlarına tumar çəkirdi. Sonra əli onun bədənində gəzməyə başladı. Nurcanın bədəninə xoş istilik yayılmaqda idi. Nevzət eşqinə. Nevzətin əl sifətində, çənəsində gəzə-gəzə üzü aşağı sinəsinə doğru gəlirdi.Sanki nəyisə axtarırdı. Onun əli titrəyirdi. Nurcan “həyəcandandır” deyə düşünərkən  bir də gördü ki,  titrək əl onun məməsindən yapışıb. Dərk eləməyə çalışdı. Bu kim idi? Nevzətə oxşamırdı. Nevzət yoxa çıxmışdı. Onun bədəninə nəsə iyrənc bir ilanın sürüşkən vicudu toxunurdu. Hövlnak ayağa qalxanda yanındakının Əsra arvadın əri Yunus olduğunu gördü.

Nurcanın əvvəldən Yunus kişidən gözü su içmirdi. Yaşına yaraşmayan hərəkətlərə yol verirdi. Nurcan bir də görürdü ki, kişi oğrun-oğrun onu süzür. Yunusun baxışlarını gah sinəsində, gah ağappaq qıçlarında tuturdu.

Nurcan qeyri-ixtiyarı qışqırdı. Yunus kişi dik atıldı. Yaramaz hərəkətinin faş olmasından bərk qorxuya düşmüşdü. Şalvarını əyninə taxmağa çalışdı. Tələsdiyindən şalvarının qıçları ayağının altında qalır, geyinə bilmirdi.  SəsəƏsra arvad gəldi. Ərinin başına bir qapaz salıb,dişinin dibindən çıxanı ona dedi, axırda sözünü belə tamamladı:

-A kişi, utan çal düşmüş saçından, saqqalından! Qızın yaşdadır!

Sonra divara söykənmiş Nurcana yaxınlaşdı. Onu qucaqlayıb əlindən tutdu:

-Ay bala, bunlar nə işdir sənin başına gəlir?! Bu əclafı görürsən bir! Məni yuxuya verib sənin yanına girib. Qızım, sən Allah bağışla! Vay, vay, Tuğba arvadın yanında da  biabır olduq. Barəmizdə nə düşünəcək?! Vay, vay! Eşitsə, bizimlə salamı da kəsəcək.   Allah, öldür məni, qurtar bu rüsvayçılıqdan!

***

Nurcan daha burada da qala bilməzdi. Əsra arvad çox yalvardı-yaxardı:

-Ay qızım, bu şəhərdə, bu ölkədə qohumun-əqrəban yox, hara üz tutub gedəcəksən? Sözümə baxıb qalsan, otağın birinin qapısını içəridən hörtdürüb,  çöl tərədən qapı açdıraram. Öz əlin-öz başın olar. Yaramaz ərimin üzünü də görməzsən. Çıxışın bizim həyətə yox, birbaşa küçəyə olar.

Nurcan daş atıb başını tutdu:

-Üz vurma, Əsra xala.  Səndən çox razıyam, amma qala bilmərəm. Bağışla, sənin evinə də söz-söhbət saldım.

-Nə söz-söhbət, qızım? Mən səndən üzr istəyirəm. Qal. Bizansda ara qarışıb, məzhəb itib. Konstantinopolda it yiyəsini tanımır.  Qəfil oxa tuş gələrsən, mərmi altına düşərsən.  Axı hara gedəcəkdən? Hara?

Əsla Nurcana nəsə təsəlli və ümid oyadıcı bir söz demək istəyirdi. Amma bilmədi nə desin. Bu axşam baş verənlərdən  sonra nə sözü ola bilərdi?!

Nurcan onun haqlı olduğunu anlasa da, inadından dönmürdü.

-Yaxşı, Əsra xala. Mən gedim.

-Ay qızım, vallah fikrim sənin yanında qalacaq. Küçədə, çöldə-bayırda əl atarlar sənə. Bir dayan.

Əsra qaçaraq evə girdi, nimdaş bir  saçaqlı  şal gətirib Nurcana uzatdı:

-Ay bala, bunu başına örtərsən, çalış sifətin görünməsin. Bu kağızı da götür, heç ağlıma gəlməmişdi. Bacım Tansunun ünvanıdır. Daldalanacaq tapmasan, gedib sığınarsan. Tək yaşayır. Bir daxması var, sən də qalarsan onunla. Məktub da yazmışam bacıma. Əldən düşmüş qarıdır. Onunçun göydən düşmə olacaqsan.

Şal naxışlı və həm də  xeyli iri idi, hətta bədəninin də xeyli hissəsini örtürdü.    Nurcan dörd qatlanmış balaca kağızı da aldı. Qucaqlaşıb ayrıldılar. Əsra:

-Qızım, tanrı köməyin olsun, – deyə onu yola saldı.

* * *

Nurcan naxışlı şalı başına örtüb küçəyə çıxdı. Haraya gedəcəyini bilmirdi. Konstantinopol od-tutub yanırdı. Hər tərəfdə silahlı adamlar gəzib-dolaşırdılar. Yaxşı ki, Əsra bu şalını vermişdi. Cavan qızın küçələrdə tənha dolaşdığını görən bu sırtıq şəhər müdafiəçiləri ona sataşa bilərdilər. Naxışlı şal onun müdafiəçisinə çevrildi.

Budur, əsgərlərdən biri ayaq saxlayıb, qızı başdan ayağa həris nəzərlərindən keçirdi.  Nurcanın  bədəninə biixtiyar lərzə düşdü. Əsgər qarşısındakının  yaşını müəyyən edə bilmədiyindən, həm də yəqin tələsdiyindən bənd olmadı, ötüb keçdi. Nurcanın bircə gözləri görünürdü.

Nurcan ortalıqda qalmışdı. Gedəcəyi bir yer yox idi. İndi hərə öz hayında idi. Konstantinopolun mühasirəsi davam edirdi. Şəhər sakinləri təlaş içərisində idilər..

Pay-piyada gəzə-gəzə bir xarabalığa gəlib çıxdı. Girib baxdı. Gecələr daldalanmaq olardı. Tansu qarının evini heç axtarmadı.  Nurcan düyünçəsini açıb baxdı. Tuğba xanımın onun ovcuna basdığı para olduğu kimi qalırdı. Əsra da bacısının ünvanı ilə bərabər kağıza bir qədər para qoymuşdu.

Qaranlıq düşə-düş idi. Nurcan özünü dükanların birinə verib çörək, bir də yeməyə bəzi şeylər aldı. Bir döşəkçə, balaca bir süfrə də götürmüşdü. Xarabalığa gəldi. Döşəkçəni yerə atdı. Yanını yerə qoydu. Yadına anası  Özləm düşdü. Qızının bu gününü görsəydi, yaxasını cırıb: “Can, ay bala! Anan sənə qurban!” – deyərdi.  “Mənsiz nə edirlər görəsən? Ürəkləri partlayır yəqin. Atası Osman, qardaşı Yılmaz soraqlaşmaqdan, axtarmaqdan əldən düşüblər şəksiz. Caan! Qurban olum sizə! Özüm də əziyyət çəkirəm, siz də!”

Dodaqları əsdi, qəhər Nurcanı boğdu.

Süfrəni salmış, aldıqlarını da büklüdə onun üstünə qoymuşdu. Onlar eləcə də orada qaldı. Axşam yatmadığından yuxusuz idi. Gözlərinin nə zaman yumulduğunu bilmədi.

Gecənin bir aləmi, yuxudan ayıldı. Acmışdı. Qaranlıqda əli ilə gəzdi. Aldıqları yox idi. Boylandı. Çöldə bir-iki it-küçük gəzişirdi.

-Çər dəymişlər, yatdığımdan gəlib  yeməyimi də aparıblar. Üstəlik süfrənin üstünə də çıxıblar!

Nurcan süfrəni də büküb qolu getdikcə çölə tulladı. Öz-özünə:

-Allah hələ üzümə baxıb çörəyimi, yeməyimi itlər aparıb. Canavar gəlsəydi, çörəyimə, yeməyimə dəyməyib özümü yeyəcəkdi. Yenə buna şükür!

Ac-acına yatdı. Səhər ertə yenə durub dükana getdi. Dünən aldıqlarını təkrar etdi. Gəlib səhər yeməyini yedi. Bu dəfə bir əl çantası da almışdı. Qalan çörəyi və başqa ərzağı çantaya qoyub ipdən toxunmuş kəmərini çiynindən aşırıb ətrafa boylandı.

Bu qərib şəhərdə tənhalıq yükünün ağırlığı, kimsəsizlik Nurcana əzab verirdi. Bu ağırlıq onun çiyinlərinə çökmüşdü.

Arada durub hava almaq üçün çölə çıxdı.Şəhərdə qaça-qaç düşmüşdü. Qorxu və vahimə insanların vücudunu ağzına almışdı. Danışırdılar ki, Osmanlılar sabah şəhəri tutacaqlar. Nurcan ümidlə gözləyirdi. Nevzət orduda idi. Yəqin o da döyüşür. Əllərini göylərə qaldıraraq: “İlahi, Nevzətimə dəymə. Bəlkə burada rastıma çıxdı, mənim əzablarıma son qoydu” – dedi. Xarabalığa gəlib qalan yeməyi ilə şam etdi. Parası tükənmək üzrə idi. Bu gün zibil yeşiklərinin yanından ötəndə yaşlı bir qadının zibilliyi eşələyərək oradan çörək parçası tapdığını, aşgözlüklə yediyini görmüşdü. “Param qurtarsa, mən də zibillikdə eşələnəcəyəm? İlahi, məni o günə salma!”

Az sonra günəş batacaq, qaranlıq şəhərin üstünü alacaqdı. Nurcan günün qulağı batanda xarabalığa gəldi.

Gecəni çox narahat yatdı. Haradasa saat 10-da yuxudan oyandı. Ətrafda itlər hürüşürdü. Xarabalığı tərk etdi. Qaça-qaç idi. Birisini saxlayıb nə hadisə baş verdiyini soruşdu:

-Xəbərin yoxdurmu? Osmanlılar şəhəri tutublar! Osmanlı padşahı Aya Sofyadadır!

Bu xəbəri eşidən Nurcan Aya Sofya istiqamətində qaçmağa başladı. Bu güc, bu sürət onda haradan idi? Yorulmaq bilmədən qaçırdı.

 

 

Yazıya 385 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.