Fikrət Qoca müdrikliyinin formulu – Rüstəm KAMAL yazır

Şairin poetikası üzrə kiçik incələmə cəhdi

Uşaq vaxtı “Qoca”nın təxəllüs olduğunu və “ağsaqqal, müdrik” mənasını daşıdığını düşünürdüm. Biz tərəflərdə “Qoca” bu gün də bu mənada işlənir. “Qoca” türk mifoloji düşüncəsindən gələn mənəvi dəyərdir. “Kitabi-Dədə Qorqud”da oğuz bəylərinin adlarını xatırlayın. Uşun Qoca, Alp Aruz Qoca… Və bu 60 illik yaradıcılıq yoluna baxıb, “Qoca”nın şairin mənəvi statusu olmasına inanıram.

…Hər şairin öz zaman obrazı olur. “Gün” zaman vahidi kimi Fikrət Qoca poetikasının əsas kateqoriyalarından biridir. Fikrət Qoca hər günü sözün filtrindən keçirib yazır və yaşayır. Özü, dünya, insan haqqında düşüncələrini bir günün miqyasına sığışdırıb danışır. Təqvim günlərinə (1 yanvar, Təzə il, 8 mart…), yaxud həftənin günlərinə şeir həsr etməsi də içindəki bu zaman instinktindən gəlir.

Ağ günlərlə qara günlərin şeirini asanca ayırd etmək olar. Şeirlərin yazılma tarixini bilməsən də, hansında cavanlıq çılğınlığı, hansında qocalığın təmkinliyini əks olunduğunu aydın sezə bilərsən. Təsadüfi deyil ki, xalq rəssamı Tahir Salahovun ömrünün də bütövlüyünü günlərin təzadları üstündə mənalandırır.

Rəngləri ağla qara arasında yaşayır

Aydandan başqa.

Aydan ona sud rəngindədir,

Özü ömrüboyu ağla qara arasında

Yaradıcılıq cəngindədir.

O, hər günü sanki şeirlə başlayıb şeirlə də qurtarır. “Yuxudan öncə” adı ilə möhürlənmiş şeirlər bunun təsdiqidir. Fikrət Qoca hər günəşli günlərin sevincini də, yağışlı günlərin kədərini də zikr (meditasiya) edir.

Şeirlərində günəş işığının bolluğu məlum məsələdir, amma Aranda – Azərbaycanın bu “qovurğa tavasında” doğulub böyümüş bir şairin şeirlərində bu qədər yağış nostaljisi, yağış həsrəti hardandır? Fikrət Qoca poeziyasında yağış da, günəş də yalnız təbiət hadisəsi deyil, günün yaşantı və xatirə işarələridir.

Səhərdən ad günümə yağış yağır

Qırx altı illik yolun tozunu

Bir günün yağışı yumaz.

Yusa da, yaxşı yumaz.

Yaxud

Binalar çimib dünənki yağışda,

Özlərini günə verirlər indi,

Günəşə bax qışda!

Elə burdaca böyük şairin poeziya qrammatikası ilə bağlı kiçik bir haşiyə çıxım: Fikrət Qocanın qafiyəsi də, misra düzümü və ritm-intonasiyası da daha çox feillər üstdə köklənir. Feil türk düşüncəsinin və mentallığının əsas qrammatik formalarından biridir. Məhz güclü feil immuniteti Fikrət Qoca “çeynənmiş” bədii təyinlərin “at oynatmasına” imkan vermir. Bir təbiət hadisəsini, bir insan xarakterini feilin dili ilə açıb göstərmək şairdən ustalıq tələb edir.

Günəş yuyunub, daranıb,

Dırmanıb, dayanıb

Məscid minarəsinin başında.

Əli qaşında.

Hətta bir görüş və sevgi xatirəsinin zərifliyini feillərlə mükəmməl ifadə etmək gücünə qadirdir. Bu məqamda istər-istəməz məşhur mahnının sözlərini yaddaşında səsləndirirsən.

Külək əsdi.

Yarpaq düşdü –

Kölgən üşüdü.

…sənin həsrətin

Yollara düşdü –

Niyə gəlmədin?

Mən Fikrət müəllimin son illərdə yazdığı süjetli şeirlərini çox sevirəm. “Son liman” adlı bir avtobioqrafik şeiri var. Şeir onkoloji xəstəxanada, həkimin qapısı ağzında xəstələrin ümidlə, sakitcə növbə gözləməsi ilə başlayır. Artıq şeirin ilk misraları adamın özündə psixoloji gərginlik yaradır:

Onkoloji şöbədə,

Dayanmışam növbədə.

Bir səs qapını açır:

“Gəl! Kimin növbəsidir

Hər kəsin qulağında

Ürəyinin səsidir.

Bu gün milli mənəvi-əxlaqi dəyərləri şeirə daşımağın özü şairdən ayrıca məsuliyyət tələb edir. Fikrət Qoca bu gün bu məsuliyyəti şərəflə boynuna götürür. Təsadüfi deyil ki, bir çox şeirlərin mayasını, ideya cövhərini aforistik düşüncə formalaşdırır. Hətta metaforalar belə aforistik yığcamlığa və ümumiləşdirmələrə meyl edir. Bu aforistik deyimlərdə müdrik, ixtiyar kişilərin xəfif yumoru da sezilir. Məsələn:

Qadın günahı

Ağır olur, ağır.

Ondan qan iyi gəlir,

Bəla yağır.

Qadını bağışlayırlar

İki günahı:

Bir çox qanmağı,

Bir də ərinə inanmağı.

Bu gün Fikrət Qoca sözü həmin mənəvi dəyərin ifadə məkanıdır. Müdriklik, ağsaqqallıq ruhu şairin son illərdə yazdığı şeirlərə dərindən nüfuz edibdi.

Heç vaxt olmur haqsızlığın

Nə də haqqın yarısı.

Ya öldürdün, ya da öldün-

Bir olacaq ağrısı.

İçindədir hər adamın

Baş əydiyi Tanrısı

Geri baxma, yeri, get.

Hətta aforistik düşüncəyə danışıq üslubu da yansıya bilir.

Sənə ölü dəniz deyənlərin

Başına gün vurub,

Sarsaqlayıblar

Dəniz ölü ola bilməz!

Bu dənizi duza qoyub,

Gələcək üçün saxlayıblar.

Oxucular bağışlasın, Fikrət müəllimin başqa şeirindən də bir örnək gətirmək istəyirəm.

Yolun da məsləki olur,

mətləbi olur.

Mənzili olmayanda yol da yorulur.

“Düşmənlər” adlı şeirinin süjeti belədir: hər gün bulvarda iki qoca görüşüb qısa etiket mübadiləsindən sonra yaşanılmış mənasız ömrün amansız yekunu olaraq həmişə susurlar. Çünki keçmişlərini xatırlamağa utanır və qorxurlar. Göründüyü kimi, məhz aforistik təfəkkür tipi Fikrət Qocanın bu süjetli şeirinin də pritçavari təhkiyəsini formalaşdırır.

Bulvarda iki qoca

Oturdu yanaşı.

– Necəsən?

– Yaxşıyam.

– Sənin güzəranın necədi?

– Yaxşı.

…Mənim tanıdığım Fikrət Qocanın bir dəfə də olsun ağrısını, dərdini dünyaya car çəkib bəyan etdiyini görmədim. Müdrik qocalar öz dərdini öz içində daşıyır və gözləri ilə danışır. Müdrik qocalar ona görə şeir yazırlar ki…

Bu yaşımda, bu gün

Ağlayan könlümü kiritmək üçün.

Mənbə: http://edebiyyatqazeti.az

Yazıya 405 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.