Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev

Həmdəm_Ağayev(Polkovnik-leytenant Həmdəm Ağayevə həsr olunub)

Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.

Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.

Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.

Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.

QISA ARAYIŞ

Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.

Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”

Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…

Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.

Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.

HAŞİYƏ

İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.

Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…

Zaur Ustac  BZaur Ustac,
şair, publisist

 

Yazıya 533 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.