Görəsən, keçən ilki qışla bu ilki qış arasındakı ən böyük fərq nədir? Keçən il də qar belə lopa-lopa yağmırdımı? Yox, yox, deyəsən, onda az-az, həzin-həzin yağırdı. Özü də, səhv xatırlamıramsa, keçən il yerdə də bu qədər qar qalmamışdı, nənəm demiş, “torpağın nəfəsinə dəyən kimi” əriyib yox olmuşdu. Daha nə olmuşdu keçən qış? Daha nəyin xatirəsiylə ovunmuşdum, nəyi dərd eləmişdim özümə? Heç onu da bilmirəm…
Yəqin elə buna görə keçmişdə olan hadisələr bizə əfsanələr, rəvayətlər kimi gəlib çatıb, çünki dəqiqliyiylə, olduğu kimi, ayı-günü, vaxtı-vədəsi heç kimin yadında qalmayıb. Məsələn, elə bizim kəndimizin adının niyə Çəmənli olduğunu kim bilir? Yaydan-yaya göz işlədikcə ləpələnən əlvan çəmənlərə görəmi? Bəs, alimlərin hər gün televizordan bağırdığı “iqlim dəyişikliyi” nin yolu heç bizim kəndə düşməyib ki? Min ildi bu çiçəklər, bu çəmənlər heç dəyişilməyib ki?
…Bu fikirlərlə açmışdım daha bir səhərimi. Mənimçün Tanrının günü dan ağarmamışdan əvvəl başlayırdı; yuxudan durur, bir çapma stəkan kəmşirin çayla qəşəng bir çoban dürməyi yeyirəm, sonra da özümü neçə illik “çörək ağacıma”- maşınıma çatdırıram, yenə nənəm demiş, “başına dönüb-dolanıram”, yola çıxmağa hazır olanda da yayda nazik pencəyimi, qışda da mürəkkəb rəngli sırıqlımı çiynimə salıb yola düzəlirəm. Ətrafdakı dörd kənddə məni gözləyən sağıcılardan südü toplayıb geri-Çəmənliyə qayıdıram. O dörd kəndi rayon mərkəziylə birləşdirən yeganə yol kəndimizin ətəyindən-dağın çaya baxan yamacından keçir, özü də dümdüz yox ha, dolana-dolana, nazlana-nazlana… Bu da nənəmin sözüdü, yolu nazlandıran nənəm…Bu gün yaman çox xatırladım nənəmi, Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik yadıma hədura düşmür, düşəndə də mütləq yaxşı xəbər eşidirəm. Görək, günə hələ indi başlamışam…Ya Allahın adı…
Hər gün getdiyim yolu bir də ona görə xoşlayıram ki, mən yolda olanda ağarır dan üzü. Heç bəzəyib eləmirəm, elə olduğu kimi deyirəm: Tanrının günü üzümə açılır mənim. Mən nazlı dolayların başına çatanda sürəti azaldıram, ordan da üzüaşağı asta-asta enirəm, Etibar kişinin dəmir komasına çatanda dayanıram, ayağımı kabinənin dəmirinə qoyub aşağı enəndə fərqinə varıram ki, gözüm ayağımın altını seçir. Günə günəşdən əvvəl başlamağın xeyri də şərindən çox olur; yol-iz səssiz, hava daha təmiz, qulağıma dəyən hənirlərin müəllifi təbiət…
Bu gün dünənkinə baxanda bir on dəqiqə gec çatmışam dolayların başına; təkərləri zəncirləmişəm ki, qarlı yolda sürüşməsin. Amma yenə də, bu dekabr səhərinin ayazındakı doğmalıq məni yadırğamayıb, elə həmənkidi sanki… Həmənkidimi? Yox, həmənki ola bilməz! Axı, dünən qar bu boyda deyildi, indi axşamdan necə başlayıbsa, bir hovur içini çəkib dincəlməyib, günortayacan belə yağsa, dizə çatacaq. Birtəhər rayon mərkəzinə çatım, yükümü ölkənin ən böyük süd fabrikinə təhvil verim, boş bidonları da götürdüyüm yerlərinə səliqəylə yığım, -sabah səhər yiyələrinə qaytarıb dolu götürməliyəm- sonra ya Allah, üzüyuxarı da asta-asta qalxaram, olmaz, Etibar kişinin komasında azca ləngiyib bir az da onu danışdırıb eynini açaram. Adam görəndə sevinir yazıq, o günü mənə deyir ki:
-Sağ olasan, ay Çəmənli balası, sən olmasan, elə danışdığım bu koma, bu başı dumanlı dağlar, ya da şırıltısı gələn çay olar.
Həmişə mənə beləcə deyir: “Çəmənli balası”. Hərdən düşünürəm ki, görəsən, adımı bilirmi? Əşşi, bilməsə də olar, adama adam lazım olanda adın nə fərqi olur ki? Onsuz da bu dünyada Etibar kişi üçün bircə adın mənası qalıb. O da Şuşadı. Şuşa…
Yeganə oğlu I Qarabağ savaşına könüllü yollanmışdı. Uzun müddət xəbəri çıxmadı. Yadımdadı, həmin ərəfələr Etibar kişi gecələr də dolayların tən ortasında yerləşən yanacaqdoldurma məntəqəsində qalırdı, evinə-yamacın o üzündəki Çaylı kəndinə getmirdi. Deyirdi:
-Qəfil xəbər gələr uşaqdan…
Sovet vaxtından işləyən yanacaqdoldurma məntəqəsindəki dəmir koma belə yarandı gözümüzün qabağında; hələ onda heç kim güman etmirdi ki, Etibar kişi təkliyinə yuva qurur burda, elə bilirdik, bir gün dolayların aşağısında bir əsgər görünəcək, Etibar kişi də şələ-küləsini yığıb bu əsgərin yanına düşüb evinə gedəcək. Amma o gün heç gəlib çatmadı… Əksinə, bir gün Etibar kişi gözə dəymədi, yanacaqdoldurma məntəqəsi günlərlə bağlı qaldı. Neçə gün çəkdi, bilmirəm, aşağı-yuxarı gedən maşınlardan sürücülərin narazılıqları bir-birinə sarmaşıb dəmir komanın damındakı bacada ulayan küləyə qarışdı:
-Hardadı, ayə, bu kişi?
-Dünən də yoxuydu…
-Çaylıdan gələn yoxdumu? Bir evinə dönən, bir ağız haylayan oldumu?
-Oldu, oldu. Evində də yoxdu, külfəti təkdi, elə o da nigarandı.
-Bəs hanı, ayə, bu kişi? Yağlı əppək olub yoxa çıxmadı ha?!
-Harda olsa, gələr, bu boyda camaat ona umuddudur, qoyarmı camaatı yanacaqsız?!
Doğru deyirdilər, ətraf kəndlərin gələn-gedəninin hamısı Etibar kişinin yanacaqdoldurma məntəqəsinə ümidliydilər; ya burda vurmalıydılar yanacağı, ya da aşağı-rayon mərkəzinə enməliydilər. Təbii ki, ünyetəndən əlçatan daha yaxşıydı.
Çox keçmədi əlçatanamızın qapısının bağlı qalması, bir səhər Etibar kişini yenə dəmir komanın qapısı ağzında gördüm. Amma mənə elə gəldi, kişi bu bir neçə gün içində, elə bil, azı iyirmi il geri düşüb, sanki, sınıxıb, boyu da balacalaşıb. Səbəbini soruşmamışdım, heç neçə gündü harda olduğuyla maraqlanmağa da cürət eləməmişdim. Ta ki, bir həftə sonra Çaylıdan olan tarix müəllimiylə rayon bazarında qarşılaşanadək Etibar kişinin “sirrinin” nə olduğunu bilməmişdim. Müəllim danışmışdı ki, Etibar kişi oğlundan xəbər öyrənməyə gedib. Hospitalda yatan yaralı əsgərlərdən biri ona teleqram vurub, təcili yanına gəlməyini istəyib. Etibar kişi də tələsib, heç kimə xəbər eləmədən yola çıxıb, bir də nəfəsini hospitalda dərib. Həmin əsgərlərin əksəriyyəti Şuşanın müdafiəsində Etibar kişinin oğluyla çiyin-çiyinə döyüşübmüş. Şəhərin erməni daşnakları tərəfindən işğalından bir gün əvvəl naqafil atılan bir gülləyə tuş gəlibmiş yazığın oğlu. Yoldaşları da onu elə orda-Şuşada dəfn ediblər… Ağır döyüşlərdə yaralanan əsgərlər uzun müddət hospitalda yatırlar, ta ki, özlərini-sözlərini biləndə Etibar kişiyə oğlundan bir xəbər verməyə tələsirlər… Onlar söylədikləri xəbərlə kişinin ürəyinə su səpəcəklərini düşünürlərmiş bəlkə də… Mən ki Etibar kişini elə görmüşdüm, əksinə, suyu qurumuş ağaca dönmüşdü. Ana ürəyi isə heç dözməmişdi, xəbərin gəlməsindən az sonra Etibar kişinin ömür-gün yoldaşı bu dünyadan birdəfəlik küsmüşdü, nisgilini də köksünə yığıb yer üzünə vida sözü söyləmədən torpağın altına köçmüşdü… Ondan sonra Etibar kişinin qaraltısı Çaylı yolundan da əskik olmuşdu; üzünü dəmir komasının əyri pəncərəsinə söykəyərək ayları illərə calamış, illəri də ömür karvanına yük eləmişdi. Hərdən səhərin alatoranında məni əyləyib rayondan şey-şüy almağı tapşıranda elə bilirdim, üzümə bu dünyanın ən böyük kədəri, ən asan təsəllisi baxır. Doğrudan da, yaşamaq üçün necə asan təsəllilər tapırıq… Eh… Çətini ölməkdi, a kişi… Çətini dərdinə, nisgilinə təslim olub bu dünyadan gözünü çəkməkdi…
“Şuşa” kəlməsini bir də Vətən müharibəsi başlayandan sonra Etibar kişinin dilindən eşitmişdim. Özü də şövqlə…Həvəslə…Bir az da qürurla… Hər dəfə rastlaşanda çallaşmış qaşlarını yuxarı qaldırır, neçə illərdi parıltısı sönmüş gözlərini uzaqlara dikir, ucadan deyirdi:
-Bax, görərsən, uzağı, bir-iki günə rədd eləyəcəklər erməniləri Şuşadan gözünə döndüklərim! Rədd eləyəcəklər ey… Gözdə-qulaqdayam, Şuşa işğaldan azad edilən kimi qolumu qaldırıb oynayacağam, oğul toyunda oynamaq kimi oynayacağam özü də! Oğlum ordadı mənim, a Çəmənli balası! Oğlum azad olacaq ey, oğlum… Şuşa mənim oğlumdu…
-Hamımızın oğludu, a kişi!
-Ona qalsa, Laçın da qızımdı, Kəlbəcər də nəvəmdi. Amma oğul bel sümüyümdü, a dərdbilməz!
Elə beləcə də demişdi mənə Etibar kişi: “dərdbilməz”. Qəribə-qəribə sözləri hardan tapırdı, dilində muncuğu sapa düzən kimi bir-birinə yaraşdırıb necə cümlə düzəldirdi, bunu da bircə özü bilirdi, bir də Yaradanı! Mən nə karəydim ki, bu hikməti anlayam? Tövbə, tövbə… Hələ neçə il əvvəl, Etibar kişinin laçın vaxtında ağsaqqallar deyirdilər ki, “özünüzü Etibarın dilinin itiliyindən gözləyin”. Neçə iliymiş, dərd onun dilinin itiliyini kütləşdiribmiş, indi, Vətən müharibəsində hər gün gələn zəfər xəbərləri kişini “diriltmişdi”, dilini də, dilçəyini də özünə qaytarmışdı.
Hələ oktyabrın əvvəlində-kəndimizdən dörd igidi cəbhəyə yola salanda Etibar kişinin o qəribə davranışını demirəm. Axşamdan məktəbin direktoru Xanoğlan müəllim qapıya gəlmişdi, obaşdan kəndimizdən dörd igidi-Teymuru, Anarı, Füzulini və Şahini rayon mərkəzinə hərbi komissarlığa çatdırmalı olduğumuzu demişdi. Obaşdan kəndin çıxacağında məni gözləyəcəkdilər. Səhər Xanoğlan müəllimlə birgə dörd aslan parçasını maşına götürəndə hamısının üzündə bir sevinc parıldayırdı. I Qarabağ savaşından illər sonra doğulanların haqq savaşını bu cür həvəslə, ehtirasla gözləməyi də bir ayrı qüruruydu. Demək, aradan keçən bu ağrılı illəri, bu qaysaq bağlamamış yaraları olduğu kimi anlada bilmişdik bizdən sonrakılara…Demək, sevgimizi, doğmalığımızı, sevincimizi daşıdığımız kimi dərdimizi də daşıya bilmişdik gələcəyimizə… Bu da hər oğulun işi deyil ha!
Elə Etibar kişi də ayrı cür əhvaldaydı o gün. Hardan xəbər tutmuşdu, bilmirəm, əlində su dolu iri bir mis parç komasının qabağında dayanıb bizi gözləyirdi. Düzü, alaqaranlıqda anşırdammadım ki, gözlərində gördüyüm o parıltıya yaş qarışıb, ya yox, bircə ondan əminəm ki, tanıdığım gündən bu yana ilk dəfəydi bəbəklərində işıq vardı… Maşını düz onun qənşərində saxlamışdım. Yaxınlaşıb maşına qalxmışdı, bircə-bircə igidlərin boynunu qucaqlayıb alınlarından öpmüşdü, yerə düşəndən sonra da səssizcə əliylə “get” işarəsi vermişdi. Maşın tərpənər-tərpənməz mis parçdakı suyu arxamızca səpmişdi. Dolayların aşağısına çataçatda isə yuxarıdan haraylanan bir səs dan üzünə oxunan duaya dönmüşdü:
-Şuşanı əsirlikdən qurtarmamış qayıtmayın ha! Şuşa amanatı!
Yola salmışdıq dörd igidi, dörd düşmən toxmağını…Və onlar elə düşmənin başını əzən toxmağa dönmüşdülər… Sonra da ürəyimizdəki qüruru nisgillə doğmalaşdıra bilmişdilər… Oktyabrın sonunda gün fərqiylə üçünün-Teymurun, Anarın və Füzulinin bayrağa bükülü nəşi gəlmişdi kəndə… Düşmən tapdağı altındakı torpaqlarımızın hər qarışının azadlığını əmanət etdiklərimizi torpağa əmanət edəndə gözümün yaşını gödəkçəmin qoluyla silib camaatın içinə göz gəzdirmişdim; Etibar kişi yox idi… Hər üç dəfndə də gözümə dəyməmişdi. Amma bilirdim ki, oralardadı, yəqin ağlamağını kimsə görməsin deyə hardasa daldalanmışdı… Neçə ildi övlad itkisinin gözünü bağladığı göz yaşı bulağının qabağını da elə eyni çəkidəki dərd aça bilərdi…
Şahindən isə heç xəbər çıxmırdı… Müharibə bitdi, zəfər günü gəldi çatdı. Şuşanın azadlığını isə uşaqdan-böyüyə hamı bir ayrı cür yaşadı…Məncə, yaşamaq da hər keçən günə aid edilməməlidir, bu sözün də öz dəyəri var ki, o dəyərini anladığın anların, günlərin adına yaraşmalıdır. Şuşanın azad edildiyi gün kimi… Müharibənin bitdiyi zəfər günü kimi… Bax, həmin günləri sözün əsl mənasında YAŞADIM! Xalq olaraq YAŞADIQ!
Bu yaşantının arxasında Etibar kişinin ağrısı da vardı, belini əyən övlad itkisiylə həmahəng köksünü qabardan Şuşa qələbəsi də… O gündən bəri hər dəfə rastlaşanda məni elə ürəklə salamlayır ki:
-Nətəhərsən, ay Çəmənli balası?
-Yaxşıyam, sən neynirsən?
-Canımı sazlayıram, Şuşaya gedəcəyik axı.
-Gedərik, gedərik, azca hava açılsın.
-Hansı havada desən, gedərəm ey… Di gəl, sənin bu amanat maşınına belim bərk döy, böyrü üstə yıxılıb qalar Şuşa dağlarında.
-Yox, a kişi! Sən də söz danışdın ha! Neçə ildi bayram demədən, seyran demədən bu qarlı-buzlu dolayları çıxan bu qara maşın döymü?!
-Şuşa yolu hər yola bənzəməz! Yaxşısı, öyünməkdənsə yazı gözlə, maşını da arada gətir bir o yan-bu yanına keçim, dəmir-dümürünü yoxlayım. Sənə nə var, bir də gördün kefin kəsdi, bu qara maşını elə bu dolayın ortasındaca qoyub getdin.
Aşağı-yuxarı günaşırı söhbətimiz məhz bu axarda davam edirdi, həmişə də mən axırda ürəkdən bir şaqqanaq çəkir, maşınıma minib üzüyuxarı kəndə sarı götürülürdüm. Hiss edirdim ki, Etibar kişinin də eyni açılır bu cür söhbətlərlə. Onu da bilirdim ki, hər adama belə ərk eləmir, belə ürək qızdırıb söhbətin başına çatı salıb dolandırmır. Bu da bir ayrıca xoşuma gəlirdi, nə yalan deyim…
…Bu dekabr səhərində də Etibar kişi qabağıma çıxdı. Amma bu dəfə halında bir qəribəlik vardı. Həmişə komanın yarıaçıq qapısının ağzında durar, arxasından vuran işıqda əlini yelləyər, rayona enən maşınları saxlayardı. İndi isə düz maşının qabağına qaçmışdı, özü də bunu elə qəfil eləmişdi ki, bir anlıq maşının altında qalacağını fikirləşdim. Özümü toplayıb maşını saxladım, başımı kabinənin aynasından çıxarıb bağırdım:
-Neynədiyindi, ay evi yıxılmış?! Demirsənmi, özünü də bədbəxt edərsən, məni də!
-Sən də özünə xoşbaxt deyəndə, gərək xoşbaxtlar yıxılıb ölsün! Bir aşağı düş görüm!-Bunu deyib Etibar kişi komaya sarı qaçdı.
Maşından düşüb mən də onun arxasınca yönəldim. Amma komaya bir-iki addım qalmış içəridən başını çıxarıb çımxırdı:
-Maşından düş dedim, dalımca gəl demədim! Orda dur!
-Bıy, a kişi, nolub?
-Bir toxta deyirəm, gəlirəm indi…-Bunu deyə-deyə qapının arxasındakı asılqana keçirdiyi kostyumun döş cibini eşirdi.
Handan-hana axtardığını tapdı deyəsən, ovcunu işığa tutub baxdı, rahatlıqla nəfəs alıb başını tez komanın içinə doğru uzatdı. Bilmirəm mənə elə gəldi, yoxsa doğrudan da, Etibar kişi astaca nəsə pıçıldayıb başını yellədi? Yox, bu gün kişiyə nəsə olduğu dəqiqdi. Allah eləməmiş, birdən huşu gedər ha?! Qocalıqdı da, vəfası yoxdu ki, adam urvatını axır günəcən saxlasın…
-Al, say görüm neçədi? –Etibar kişi içəridən çıxıb ovcundakı pulları mənə uzatdı.
Götürüb saydım:
-Qırx iki manatdı.
-Azdı…-Bir az fikrə getdi, dedi:-Gözlə, indi gəlirəm. Kitabın arasına qoydum, deyəsən, dünənki on manatı…Yadım qurusun…-Söylənə-söylənə yenə içəri keçdi, bu dəfə qapını arxasıyca çəkib bərk örtdü.
Havanın ayazı sırıqlının boynundan içəri dolurdu, yaxalığımı qaldırdım, pulu cibimə qoyub əllərimi bir-birinə sürtdüm. Birdən mənə elə gəldi ki, dəmir komanın əyri pəncərəsində bir yox, iki kölgə var. Sağ əlimin arxası ilə gözlərimi ovuşdurub təzədən aynaya baxdım; yanılmamışdım. Həqiqətən də, içəridə iki nəfər vardı.
-Sabah-sabah kim ola? Hələ kişi də onu məndən gizlətməyə çalışa…
-Gəlirəm, darqursaq olma!-Etibar kişi qapını açıb bu sözləri deyəndə anladım ki, fikirləşdiyimi ucadan demişəm.
Özümü o yerə qoymadım:
-Donduq ki soyuqdan! Bir stəkan çay da verən olmadı ki, bala, heç olmasa eşikdə iç, komaya keçməyinə day izn yoxdu!
-Diliacılıq eləmə ha! Söz deyərəm, dəymişin dura-dura kalın tökülər!
-Özünü maşının altına atmağın bəs döy, indi də üstümə “xox” gəlirsən?!-Hiss edirəm ki, şaqqanaq çəkməyimə az qalıb. Sözlərin ən sərtlərini seçirəm beynimdə…
-Mən ha?! Sən sürdüyün maşının altında qalıb öləm ha?! Ayə, mən hər sənin kimisinin maşının altında qalıb ölmərəm. Adım-sanım var!
-Əcəl gələndə ada-sana baxır, eləmi?! –Daha özümü saxlaya bilmirəm, qəhqəhəm qarlı havada buz şaqqıltısı kimi səslənir.
Etibar kişi bu dəfə də ovcundakı on manatı uzatdı:
-Oldumu əlli iki?
-Hə…
-Di yaxşı, dediklərimi bircə-bircə alarsan. Yadında qalarmı? Yoxsa içəridən kağız-qələm gətirimmi?
-A kişi, sən bu gün lap özünə yad olmusan ha! Neçə ildi burdan keçirəm? Heç bircə dəfə tapşırdığını əskik almışam? Artıq almışam ki, əskik yox.
-Çəmənlidəniydin eləmi?
-Hə…Guya bilmirsənmi?
-Bir də soruşanda ayıbın artır?
-Paho… Di tez elə, nə almalıyam denən, gün bir boy qalxacaq indicə.
-Səni gözləyir gün, narahat olma, sən rayona çatmayınca boyunu göstərməyəcək.
-Niyə? Müqaviləmmi var?
-Yox, sən kimsən ki, Allahın günü səninlə şərt kəssin? Mən tapşırmışam!
İkinci dəfə uğunuram. Daha nəsə deməyə dilim tutmur. Etibar kişi zənnlə üzümə baxır:
-Gülməyini qurtaranda de, alacaqlarını sayım.
-De…De gəlsin…-Dərindən bir nəfəs alıb belimi düzəldirəm.
-Deməli belə, bir dəst isti corab, yaxşı şirnilərdən də bir-iki kilo… Yaxşısından ha, ağıza qoyanda mağıl bir şey dadsın.
-Baş üstə!
-Sonra… Bazarda hansı meyvə varsa ondan al, qonaq qabağına çıxası olanından.
-Bıy… Qonağın var?
-Sözümü kəsmə! Hələ siyahı uzundur.-Bunu hündürdən desə də, sonra səsini alçaldır:- Bir qutu da əməlli siqaret…
-Siqaret?
Daha nəsə demək istəsəm də, demirəm, sözlərimi uduram. Məni susmağa vadar edən Etibar kişinin ürkəkcəsinə komanın pəncərəsinə dəyib qayıdan baxışlarıdı… Bu baxışlarda doğma hüznlə yanaşı, bir qədər də özündən razı qalmış adamın rahatladığı ifadə var. Sözü çevirirəm:
-Siqaret var bir manat, var iki manat… Hansından?
-Hansı yaxşıdı ondan. Özü də çalış, bu gün o, nəydi adı, Əzəmətin kababxanasına-zada üz tutma, bu gün də naharını öyünün altında Allah verəndən elə.
-Qeydimə elə qalansan, bir yaxşı soğançalı qayğanaq elə mən dönənə.
-Onu sabah…Sabah… Bu gün tez qayıt gəl, yubanma. Evində yumurta tapılmayan kəndçiyə kəndçi deməzdik biz o vaxt. Yoxundusa, qayıdanda yumurta verərəm, amma qayğanaq sabah.
-Yaxşı-yaxşı. Xəsisə dedilər çayı neçə qəndlə içirsən? Dedi, evimdə bir, qonşuda üç qəndlə.
Bu dəfə ikimiz də güldük. Etibar kişi əlini kürəyimə vurub başıyla yola işarə elədi. Maşına atlayıb işə salıram, dolayın birini burulandan sonra qeyri-ixtiyarı çevrilib komaya baxıram. Bacasından çıxan tüstüdə də bu sirr var sanki… Özü də bu sirr ömründə dodağı siqaret sümürməmiş bir qocanın “siqaretin ən yaxşısından al” deməsi qədər düşündürücüdür. Düşündürücü… Bizə düşünməyi öyrədənlər də elə qocalar deyilmi? Qoca… Yox, ən yaxşısı ulularımızın ehtiramla dilə gətirdiyi “ağsaqqal” kəlməsidi. Nə gözəl deyiblər ey… Bir şeyi də anlayıram bu gün: nə qədər ki, bizdən böyüklər var həyatımızda, demək, hələ hardasa uşaqlığımızla aramızda bir körpü var. Yanında uşaq olduqlarımız bir-bir həyatımızdan yox olduqca böyüyürük, ahıllaşırıq, ixtiyarlaşırıq…
Yadıma Şahin düşür… İki aydır xəbər-ətər çıxmayan Şahin. Ən son kimsə internetdən bir şəklini tapmışdı, Şuşanın girişindəki “ŞUŞA” yazısının qarşısında əlində avtomat dayanıb gülümsəyirdi. İndi o şəkil bütün onu tanıyanların telefonundaydı. Elə mənim də… Hərdən açıb-baxır, bu boyda, bu buxunda bir igidin bir qar dənəsi kimi naməlumluqda “yoxa çıxdığını” ağlıma sığdırammırdım. Necə yəni bu yekəlikdə adamdan bir səs çıxmır?! Bir “gördüm” deyən tapılmır?! Ürəyimdə bir də o qorxu var ki, I Qarabağ müharibəsində itkin düşənlərin adının yanına yazıla Şahinin adı… Allah eləməsin, Allah eləməsin…
Şəhid olmuş üç igiddən birinin-Füzulinin nənəsini gördüm bir neçə gün qabaq, Mətanət nənəni… Arvad dilində “şükür” ilə səhəri açır, axşamı yola salırdı: “Şükür kərəminə, İlahi! Balamın meyidini rahatca torpağa basdırmaq nəsibimiz oldu! Kimin balası sağdı, sağ gəlsin, şəhid olub, gətirib torpağa verə bilsin…”
Bildim ki, sonuncu cümlə Şahinə aiddi… Görən, hardadı axı? Müharibə bitəli bir ay olur, sağdısa, niyə bir dəfə zəng eləmir evlərinə? Heç olmasa, əsgərlərlə görüşə gedənlər, əsgər payı aparanlar barı çoxlu şəkillər çəkdirə, baxaq, o şəkillərdən birindəsə çıxa Şahinin gülər üzü qabağımıza…
…Rayon mərkəzində də, elə geriyə qayıdanda da eləcə Şahin gəlib dururdu gözümün qabağında. Elə bil, ürəyimə nəsə dammışdı. Amma nə? Hardan biləydim… Buna ağlım çatmaz, yox, bu, Yaradanın hikmətidi, bəndə işi deyil…
Etibar kişinin komasına çatıb maşını saxladım. Mən kabinədən düşməmiş kişi başımın üstünü aldı:
-Noooldu? Şəkiyə ipəyə gedən gəldi, Çəmənli balası gəlmədi…
-Bir günortan xeyir, a kişi! Şükür elə, hələ Şəkiyə gedib ipək dalınca, Çinə getsəydi, qayıtmazdı.
-Niyə? Yolda sənə rast gələrdi, çənənin altına salardın?
-Sənə söz çatdıranı ildırım vursun, Etibar kişi!
-İldırım da hədura adam vurmur ha, onun da bir urvatı olur!
Gülə-gülə əlimdəki iri kağız torbanı ona uzadıram. O da tələsik torbanı götürüb komaya tərəf dönür. Əlimi cibimə salıb pulun qalığını çıxarıram:
-A kişi! Pulun qalıb ey…
-Gözlə…Gözlə…-deyə-deyə içəri keçir. Qapı yenə çırpılır.
Pulu ovcumda tutub komaya tərəf bir-iki addım atıram. Qulağıma dəyən səs o qədər tanışdır ki…Amma nə dediyini anşırdammıram. İçəri keçmək istəmirəm, sabaha söz verib Etibar kişi, nədirsə, bu sirr belə üstübağlı qalmayacaq. Əyilib sol əlimə bir az qar götürüb ovxalayıram. Uşaqlıqdan adətimdi, fikirli olanda həmişə ovcumda nəyisə ovxalayıram.
-Gəl, səni yola salım.-Etibar kişi qolumdan tutub üzü maşına tərəf dartınır.
Yan-yana maşına çatırıq, əlimdəki pulu uzadıram, sakitcə götürüb pambıqlısının yan cibinə dürtüşdürür. Baxışlarını uzaqlara dikib, gözlərini də qıyıb. Deməli, nəsə fikirləşir. Özü də bu nəsə elə-belə şey deyil ha, uğrunda bütün fikirlərini köhlən edib çapmağa dəyər. Söhbətə cığırı mən salıram:
-Neçə kilometr qalıb?
-Nə? Nə kilometri?
-Heç… Gördüm gözlərin yol çəkir, dedim yəqin, rayon mərkəzinə yaxınlaşarsan.
-Oxşama oxşamışına… Sonra deyərlər, Etibar kimi dili itidi.
-Səndən də nəsə öyrənməliyəm ya yox?
-Gör nə deyirəm. Axşam hava qaralanda yavaşca bu qara maşını üzüaşağı yellə, sənə sözüm olacaq.
-Gecəmi?
-Hə…
-Gecənin şəri çox olur, kişi!
-Bəni-adəmin xeyir əməli üçün gecəylə gündüzün fərqi yoxdur, Çəmənli balası. Bunu da yaz öyrəndiklərinin yanına. Di cəld ol, atıl maşına, düz öyünün altına get, qayğanağını ye. Axşama gözləyirəm, biləsən.
-Qayğanaq sənin boynunadı, axşam olsun, sabah olsun, fərq eləməz.
-Di yaxşı, yumurtasız evin yiyəsi, axşama. Dincəldinmi?
Gülə-gülə maşına əyləşirəm. Bir də kəndin girəcəyində Xanoğlan müəllimi görəndə dayanıram:
-Günortan xeyir, müəllim!
-Bu vaxtın xeyir!
-Hara belə?
-Heç… Ürəyim darıxdı, elə bu qarın üstündə bir-iki iz salım dedim.
-Atıl, aparım qapıya.
-Gəzə-gəzə qayıdaram, başına dönüm. Eynim açılar bir az da. Bu qarı da, kərəminə qurban olduğum, hər il eyni ölçüylə paylamır bəşərə.
Təzədən maşını işə salıram. Bilirəm ki, Xanoğlan müəllimi də kəndin çıxacağına qədər çəkib gətirən fikrin, düşüncənin içində Şahinin adı var.
…Səhərin alatoranında enməyə başladığım dolaylar axşamın qaranlığına könül verəndə bir ayrı aləm olurmuş… Gör ha, neçə ildi səhər enib, günorta qalxıram bu yamacı. Heç gör, bir dəfə də olsun ağlıma gəlibmi ki, axşamın halı nətəhərdi? Adətkərdə olmaq da bir dərddi insana, pərakəndə olmaq da…
Maşını saxlayıb həyəcanla komaya tərəf addımlayıram. Axşamın qaranlığı qatılaşdıqca koma da fərqli dəyir gözümə, elə bil, hansısa qış nağılının düz ortasındayam, hansısa qara meşənin dərinliyində bir nurani qocanın hikmət dolu komasının astanasındayam…
-Gəldin, Rüstəm?
Etibar kişi elə həlim səslə məni çağırır ki, özüm məəttəl qalıram. Həm də fərqinə varıram ki, ilk dəfədi adımı onun dilindən eşidirəm. Cavab vermədən içəri keçirəm və qarşımda dayanan adamın kimliyini dərk etməyim bir neçə an çəkir. Bircə kəlmə söz “ah” kimi qopur sinəmdən:
-Şahin!
Qollarımı açıb qucaqlayıram. O da qollarını açır, amma kürəyimə bircə əl dəyir… Gözümü hərləyəndə görürəm ki, Şahinin sol qolunun dirsəkdən aşağısı yoxdur. Bu dəfə onu daha bərkdən qucaqladım, bağrıma basıb hönkürdüm. Nə qədər keçdi bilmirəm, Etibar kişinin hökmlü səsi qəhərimin üstünə səpildi:
-Toxtayın görüm. Yekə-yekə kişilərdi, hönkürtülərinə bax.
Şahinin gözlərinə baxdım, qıpqırmızı idi, anladım ki, ağlamaqdandı… Kim bilir, nə vaxtdan, nəyə ağlayır bu igid? Bir anlıq beynimdən keçirdim ki, söhbətin məcrasını dəyişməsəm, yenə qəhərimə yeniləcəyəm. Üzümü Etibar kişiyə tutdum:
-Səhər tezdən deyəydin, indiyə bir yerdə ağlayıb qurtarmışdıq.
-Mən ha? Mənim gözümdən yaş da çıxmayıb. Şuşanı azad eləyən igidin qabağında ağlamaq olmaz! O, mənim oğlumu azad eliyib e! Oğlumu… Şuşamı… Mən ancaq gedib orda ağalayaram, o da ta sənin kimi boynumu bükə-bükə yox, belə başımı dik tutub ağlayaram.
Etibar kişi çənəsini yuxarı qaldırıb qollarını yana açdı. Onun bu şax duruşu da məni gülümsətdi. Şahinin çiynindən tutub taxta kətilin birini göstərdim. Oturdu, mən də bir kətil götürüb qənşərində yerimi rahatladım. Nə soruşacağımı, nə deyəcəyimi beynimdə götür-qoy eləyirdim. Etibar kişi də bir əlli soğan soyur, bir əlli də balaca küpədən yağ çıxarıb tavaya salır, hərdən də masaya boşqab-çəngəl daşıyırdı. Özümü toparlayıb Şahinə nəsə deməliydim, bilirdim, amma nə? Bax, ən çətini deyiləsi o sözü tapmaq idi…
-Bilirəm, Rüstəm. İndi düşünürsən ki, niyə burdayam. Niyə kəndə, evimizə getmirəm… -Şahin asta-asta söhbətə başladı, deyəsən, mənim söz əlində naçar qaldığımı duymuşdu: – Axı, kəndə necə gedim?! Yadında bizi hərbi komissarlığa apardığın gün? Bir öncəki axşam hamımız Füzuligilə yığışmışdıq. Mətanət nənə bir-bir hamımız üçün dua oxudu, sonra da üzünü mənə tutub dedi: “Ay Şahin, canım sənə qurban, Füzuli bir az cansızdır, özün bilirsən. Elə uşaqlıqdan yel əsəndə əyilib qovaq şüvülü kimi. Ürəkdi, durmur, döyüşə getməliyəm dedi, dincəlmədi, day bizə də uğurlamaq qalır. Nolar, bir-birinizə fikir verin, bu, ayrı, amma Füzulidən muğayat ol, başına dönüm”. Hələ Füzulinin balaca, məktəbdə oxuyan bacısı necə ağladı o axşam… Elə ona görə də döyüş bölgəsində Füzuliylə eyni dəstədə vuruşacağımı biləndə çox sevindim. Gözüm üstündə olacaqdı nə də olsa. Amma… Fələyin say hesabı bizimkiylə düz gəlmir, ay Rüstəm… Həmin gün… Füzuliylə yan-yana döyüşürdük. Qəfil hücuma keçmişdik. Başını itirmiş düşmən əsgərləri elə gözlərini yumub havaya atəş açırdılar. Bir də onu gördüm ki, Füzuli məni keçib irəli cumdu. Elə bil, Allah ona məxsusi bir cəsarət əta eləmişdi o anda. Elə yüyürürdü, zənn elədim, əlinə keçən düşməni bir həmlədə əliylə parçalayacaq. Ağzımı açıb “Dayan!” deməyə macal tapmadım, elə bir partlayış səsi eşidildi ki, dünya yerindən oynadı sandım. Yıxıldım. Üstümə tökülən torpağı çırpıb ayağa qalxanda gözüm birinci Füzulini axtardı. Al-qan içindəydi… Nəfəs almırdı…
Şahinin səsi titrədi, başını aşağı saldı. Sonra yeganə əliylə masadakı siqaret qutusunu qabağına çəkdi, bir siqaret çıxarıb ağzına qoydu, başını mənə tərəf uzatdı. Alışqanı götürüb siqaretini yandırdım, ayağa durub ikiaddımlıq komanın içində var-gəl eləməyə cəhd etdim. Etibar kişi əlindəki yumurta qabıqlarını qapının dalındakı paslı vedrəyə atmaq üçün əyilmişdi, başını qaldıranda gördüm ki, yanaqlarında yaş parıldayır, amma dodaqlarını bir-birinə bərk sıxıb. Mən də qəhərimi uddum, özümü toxtadıb qayıdıb yerimdə oturdum. Şahin yarımçıq siqaretini nəlbəkisinə basıb söndürdü, içini çəkdi. Hiss elədim ki, ağlayır… Belə bir anda hansı sözü desəm yaxşı çıxardı, görəsən? Bilmirəm… Əslində, heç ağzımı açası halda da deyiləm, bir hənir eləsəm, yenə hönkürəcəyimdən qorxuram. Susmalıydım… Şahin içindəki o yığın dərdin bir damcı yüngülləşməsi üçün danışmalıydı… Mən də dinləməliydim… Eynən səbir daşı kimi…
-Sağ qaldım mən… Sona qədər döyüşdüm, Şuşaya da qalxdım döyüşə-döyüşə. Amma elə hey Mətanət nənənin səsi qulağımda cingildədi: “Füzulidən muğayat ol…” Qulağımdakı bu güyültüylə Şuşaya qalxırdım… Sonra necə oldu, bilmirəm, bir də gözümü hospitalda açdım. Sən demə, Şuşanın içində qarşıma mərmi düşüb, sol qolumu dirsəkdən aşağı aparıb. Dostlarım dedilər ki, qolumu çox axtarıblar, tapa bilməyiblər. Özü də bunu elə günahkarcasına söyləyirdilər ki… Dedim, eybi yox, nə oğullar canını qoydu torpaq uğrunda, bir qol nədi ki dərdini çəkim?! Əksinə, təsəllim bildim, özüm şəhid olmasam da, qolum şəhid oldu. Sonra da Teymurun, Anarın şəhid olduğu xəbərini eşitdim hospitalda. Ürəyim gəlmədi kənddə kiməsə zəng edib “mən sağam” deyəm. Adama deməzlərmi, onlardan nəyin artıqdır ki, sağ qayıtdın? Utandım… Teymurun ailəsi, Anarın ailəsi gəldi gözümün qabağına, necə çıxım onların üzünə? Deyim, baxın, mən sağ qayıtmışam?! Hələ Mətanət nənə… Gələmmirdim, Rüstəm, neçə vaxtdı, yolu əlimə alıb Çəmənliyə tərəf gələmmirdim. İki gün qabaq yuxuma gəldi Füzuli, “nənəm səni gözləyir”-dedi. Birtəhər buracan gəldim, burdan yuxarı qalxammadım… İndi bilmirəm, hər şəhid ailəsinə dərdmi olacağam, yoxsa təsəllimi? Qalmışam naçar…
-Şəxsən mənim üçün indiyə qədər tapa bilmədiyim təsəllim, ürək rahatlığımsan, bala!- Etibar kişi ötkəm səslə bunu deyib qayğanaq çəkdiyi boşqabları masaya düzdü:- Di başlayın, bir-iki qismət alın, sonra da yol başlayaq! Bilirəm, indi hamı-bütün Çəmənli səni gözləyir, bala. Hamısının boyunu görmək istədiyi gedəni sənsən. Sən də ki… Yolun gedər-gəlməz ha deyildi, Şuşayaydı, getdin də, gəldin də! Mənə də cığır açdın, oğlumu azad elədin! Bu gecə qara maşın üzüyuxarıdı, amma hava açılan kimi üzü Şuşaya gedəcəyik… Di tez olun, soyutmayın görüm. Ya Allahın adı…
Yanağımdan axan yaşları silməyə belə cəhd eləmədən təndir çörəyini əlimlə tikələdim, hər tikəni bir loxmalıq eləyib Şahinin boşqabının kənarına düzdüm, bundan sora ömrü boyu çörəyini loxmalamağa bir köməkçiyə ehyiyacı olacaqdı, tək qolla ona çətin olacaq…
…O axşam qara maşında Çəmənliyə iki nəfər girdi: mən və Şahin… Amma maşını birinci Mətanət nənənin qapısında saxladım…
Yazıya 536 dəfə baxılıb