Şəhərdən əl-ayaq yığışdı. Axşam öz yerini gecəyə verdi. Gecə də gündüzə hamilə idi.
Odur ki, hərə öz otağına çəkildi. Paltarlarını dəyişib işıqları söndürüb gecə lampalarını yandırdılar və yataqlarına uzandılar.
Zümrüd də otağına çəkilmişdi. Həyat yoldaşı ilə bir müddət olardı ki, sözləri çəp gəlirdi. O, ərinin yalanlarından, ona xəyanət edib bəhanə gətirmələrindən bezmişdi. Kişilərə qarşı onda allergiya yaranmışdı.
Gecə idi. Yenə hər tərəfə qaranlıq çökmüşdü. Yenə yer-yurd sükuta qərq olmuşdu. Təkcə Zümrüdün otağından işıq gəlirdi. Neçə aylar idi ki, bu işıq gecədən xeyli keçənə qədər yanıqlı qalırdı. Bəzən hətta səhər açılanda sönürdü.
Bəzi insanlar axşamdan rahatsız olsalar da, Zümrüd gecənin qaranlığını çox sevirdi. Yalnız gecələr özü ilə tək-tənha qala bilirdi. Heç kim mane olmurdu. Bir özü idi, bir düşüncələri, bir də təəssüratları.
İndi də pəncərənin qabağında oturub dizlərimi qucaqlamışdı. Baxışları uzaqlara dikilmişdi. Onu özündən alıb aparan uzaqlara – sonsuzluğa baş vururdu! Düşündükcə qəribə hisslər keçirirdi. “Axı bu necə baş verdi? Yatar yuxusuna da girməzdi. Necə bu həddə gəlib çatdı?”
İnana bilmirdi. “Həyat sən nə qəribəsən” mahnısının sözlərini xatırladı. Şair nə doğru-düzgün yazıbmış! Həyat doğrudan da qəribə imiş. Gözlənilmədən, sən demə, nələr isə baş verə bilərmiş. Heç adamın ağlına gəlməyən şeylər. Bir tərəfdən yaxşı, bir tərəfdən pis.
Bu, bir saf məhəbbət idi. Birdən-birə onun qapısını döymüşdü. Həmin gecikmiş məhəbbəti yada saldıqca sifətində qeyri-ixtiyari təbəssüm yaranırdı.
Təbəssüm qəfil meydana gəldiyi kimi, tezcə də yoxa çıxdı. Sanki gecənin qaranlığında itib batdı. Baxışlar da bir anın içində gecənin zülmət qaranlığına qarışdı.
Düşüncələr Zümrüdü qoynuna almışdı: “İlahi, bu nədir mənim başıma gəlir? Mən uşaq deyiləm, ailəliyəm, ərim, iki qızım, bir oğlum var. Görən, bilən, eşidən nə deyər? Qızım ali məktəb tələbəsidir. Mən niyə hissə qapılıram? Özümü ələ almalıyam. Adamın evində söz-söhbət olar. İndi sevgi yaşamağa ixtiyarım yoxdur. Özümü ələ almalıyam. Mənə aid olmayan birini sevə bilmərəm. O başqasına məxsusdur. Çox böyük günah işləyirəm. Bu nədir, necə baş verdi? Dəli olacağam”.
Zümrüd öz-özünü qınayaraq, öz-özünü danlayaraq, həyəcanlanmışdı. Gözləri yaşardı, yaş damlaları yanağı aşağı yuvarlandı. Cib dəsmalını götürüb tez göz yaşlarını sildı. Silsə də, ağladığı bilinirdi. Gözləri qızarmışdı.
Zümrüd gözəgəlimli qadın idi. Mütənasib əndamı, biçimli qıçları, işvəli-nazlı, badamı gözləri, ətli dodaqları, ağ sifəti, xoşagələn qabarıq sinəsi vardı. Baxan göz çəkmək bilməzdi. Cavan və təravətli idi.
Pəncərənin qarşısından çəkilib çarpayısına sarı getdi. Paltarını soyunub yatağına uzandı. Hər gecə belə gözəl xanımı qəbul etdiyinə görə yataq da sevinirdi, məmnun idi, öz isti qoynunu həvəslə, sevinclə Zümrüdə açırdı.
Zümrüd yuxulaya bilmədi. Yenə də düşüncələrə qərq oldu: “Bəlkə bu, Allah-taalanın hökmüdür. Amma ola bilməz. Bu bəladır! Tanrı bilə-bilə məni bu bəlaya salmaz. Onun yanında bir suçum yox. Nədən mənə əziyyət, əzab versin!
Amma eyni zamanda bu “əziyyət, əzab” adlandırdığından rahatlıq tapırdı, əsəbləri sakitləşirdi. Vaxtsız gəlmiş sevgini qarşılamaq, ona “xoş gəldin!” demək istəyirdi. Bu sevgi onun ən çətin anında gəlmişdi. Həyatdan, yaşamaqdan bezdiyi ən ağır günlərində onu salamlamışdı. Qəhərdən, dərddən, kədərdən öləcək hala düşdüyü bir vaxtda “Gəldim, yarana məlhəm olum deyə!” – söyləmişdi ona. Birdən-birə peyda olmuşdu ki, onu yaşatsın”
Zümrüd təskinlik tapdı, dodaqlarında təbəssüm öz-özünə: “Məni ONUN nəfəsi yaşatdı. O, mənə ikinci həyat verdi!”
Zümrüd yorğanı üstünə çəkdi. Yorğan da bu gözəl qadını bərk-bərk qucaqladı.
Zümrüd gözlərini yumub yatmağa çalışdı. Birdən ona elə gəldi ki, kimsə yorğanı astaca qaldırıb onun yanına girdi. Həyat yoldaşı deyildi. Kim idisə Zümrüd xanımı qucaqlayıb asta səslə qulağına pıçıldayırdı: “Sən həyatsan!”.
Bu, onun səsi idi. Vaxtsız gələn sevginin. Zümrüd xanıma elə bil dünyanı bağışladılar. Qadın həmin sözlərin sehrindən xoşhal olaraq ona qısıldı. Nə zaman yuxuya getdiyini bilmədi. Səhər tezdən oyananda gördü ki, çarpayıda tək uzanıb. Zümrüd bir qəzəldə olduğu kimi, başa düşdü ki, “Gecə xəlvətcə ona sevgili yar gəlmiş imiş!”
Bu xoş təəssüratdan sifətinə təbəssüm qondu. Amma öz-özünə dedi: “Ağıllı olmalı, hissə qapılmamalıyam!”
Bakı şəhəri, 25 aprel 2021-ci il
Yazıya 273 dəfə baxılıb