Maye işıqda ruh axtaran loğman – Paşa Qəlbinur-70 – Nizaməddin ŞƏMSİZADƏ

Maye işıqda ruh axtaran loğman - Paşa Qəlbinur-70 - Nizaməddin ŞƏMSİZADƏ

 

 

“İnsan həqdən qopmuş nur parçasıdır”

Hürufilər

 

Bütün zamanlarda hər bir xalqın, millətin və dövlətin taleyində ona şərəf gətirən şəxsiyyətlər olub. Və belə şəxsiyyətlər öz təvazökarlıqları ucbatından heç vaxt gördükləri tarixi işlər üçün xalqa minnət qoymayıblar, təmənnasız olaraq öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Keçid dövrünü yaşadığımız XX və XXI əsrlərin qovuşuğunda Tanrının Azərbaycan xalqına – türk millətinə və bütün dünya elminə bəxş etdiyi belə şəxsiyyətlərdən biri, böyük loğman, tibb elmləri doktoru, Əməkdar həkim, professor Paşa İsmayıl oğlu Musayev – filosof şair, nasir və esseist Paşa Qəlbinurdur.

Əslində, dünya şöhrətli cərrah-oftalmoloq Paşa Musayevi xüsusi təqdim etməyə ehtiyac yoxdur. Fəqət, martın 30-da şərəfli ömrünün 70-ci ilini qürurla tamamlayan Paşa müəllimin ömür və tale, çətin və şərəfli əməl yoluna müxtəsər nəzər salmaq lazımdır.

Paşa Musayev-Qəlbinur 1952-ci ilin yazında Şəmkirin məşhur Çinarlı kəndində dünyaya gəlib. Burada orta məktəbi medalla bitirərək Azərbaycan Tibb İnstitutunda (1968-1974) təhsil alıb. S.M.Seçenov adına Moskva Tibb İnstitutunun aspiranturasında təhsilini başa vurub (1978-1981), akademik M.Krasnovun rəhbərliyi altında “Gözün buynuz qişasının bulyoz distrofiyasının yeni cərrahi üsullarla müalicəsi” mövzusunda uğurla namizədlik dissertasiyası müdafiə edib. 1983-cü ildə o zaman gənc alimlərə verilən ən böyük mükafata – Ümumittifaq Lenin Komsomolu mükafatına layiq görülüb. 1987-ci ildə Moskvada “Gözün yarımkeçirici barterləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək SSRİ-nin ən gənc elmlər doktoru adını qazanıb. 1987-ci ildən SSRİ Yazıçılar İttifaqının (indi AYB) üzvüdür. Paşa Musayev göz cərrahı – bu sahədə elmi kəşfləri olan alim kimi müxtəlif beynəlxalq akademiya və universitetlərin üzvüdür.

2000-ci ildə onun kəşf etdiyi yeni antivirus dərmanı “Aktipol” 2002-ci ildə Brüsseldə ümumdünya ixtiralar salonunda Qızıl medala layiq görülüb. 2003-cü ildə Kembric Universitetinin keçirdiyi sorğuda “2000-ci ilin intellektual alimi” adını alıb. Paşa Musayev bir neçə dəfə çap olunmuş “Göz xəstəlikləri” (müştərək) dərsliyinin müəllifidir. Orqan və toxuma transplantasiyasında yeni istiqamət müəyyənləşdirmiş, göz müalicəsində “Musayev üsulu” dünya göz cərrahiyyəsində uğurla tətbiq olunmağa başlamışdır. O, bütün fəaliyyəti ərzində 30 mindən çox uğurlu cərrahiyyə əməliyyatı aparmış, 30 min insanı, sehrli nağıllarımızda olduğu kimi, qaranlıq – zülmət dünyasından işıqlı aləmə çıxarmışdır.

Görkəmli loğman Paşa Musayev “təbiətin tacı, yaranmışların əşrəfi” (Nizami Gəncəvi), ən mürəkkəb və sehrli valıq olan insanın fiziki varlığı ilə şair, yazıçı, esseist Paşa Qəlbinur isə həmin insanın mənəvi varlığı ilə məşğul olur. O, yaraları poeziya ilə də sağaldır, şeirlərini və onlara bəstələnmiş romantik nəğmələrin təsiri ilə ən ağır cərrahi əməliyyatları ağrısız aparır. Beləliklə, Paşanın varlığında iki insan-alim Musayev və şair Qəlbinurun qüdrəti var.

Mən dünya şöhrətli cərrah – tibb alimi Paşa Musayevin möhtəşəm fəaliyyəti haqqında gənc nəsil üçün bu müxtəsər faktları qeyd etməklə kifayətlənir və Azərbaycan fəlsəfi-intellektual şeirinin, lirik psixoloji nəsrinin müəllifi, nadir istedad sahibi Paşa Qəlbinur yaradıcılığına da nəzər salmaq istəyirəm.

Paşa Musayev 350-dən artıq elmi məqaləni, 4 monoqrafiyanın, 11 elmi ixtiranın, 5 şeir kitabının, 2 romanın, 1 esselər toplusunun müəllifidir.

Paşa Qəlbinur “Ay bir əlçim buluddur” (1984), “Payız məktubu” (1937), “Rəngli göz yaşları” (1990), “İtmiş həsrət kimi” (1996), “Təbiət poeziyanın fəlsəfi əyarı kimi” (2002), “Ağlıma gələnlər başıma gəldi” (2003) şeir kitablarının, “Qara su”, “Göz dağı” miniatür psixoloji romanlarının, “İdrak ətri” (2013) fəlsəfi esselər toplusunun müəllifidir.

Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, xaricdə işıq üzü görüb. Mən Paşanın “Qara su” romanı haqqında geniş bir məqalə yazıb, əsəri psixoloji miniatür roman kimi dəyərləndirmişəm. “İdrak ətri” esselər kitabına ön söz yazmışam. Dəfələrlə televiziya verilişlərində onun yaradıcılığı və şəxsiyyəti barəsində çıxış etmiş, alim və şair dostuma iki şeir həsr etmişəm.

Yeri gəlmişkən, qeyd edim ki, Paşa Musayev-Qəlbinur həmişə elmi-ədəbi ictimaiyyətin diqqət mərkəzində olub. Onun həyat və yaradıcılığı, unikal şəxsiyyəti haqqında Aybəniz Əliyevanın “Paşa Qəlbinur” (1996), Altay Məmmədovun “Qəlbinur poeziyası XXI əsrin astanasında” (1999), Əlizadə Əskərlinin “Fərdi üslubun poeziyası” (2017) kitabları çap olunub, Aytən Heybətova “Paşa Qəlbinurun poeziyası” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib (2022).

Cərrah Paşa Musayevin istedadını, təfəkkürünü idarə edən iki vasitə var: Göz və Əl. Bu iki sözün birləşməsi bizim Oğuz ləhcəsində ən ülvi, ən nəcib, fəlsəfi mənası ən tutumlu kəlməni – Gözəl sözünü əmələ gətirir. Paşa Qəlbinur dünyaya Paşa Musayevdən əxz etdiyi bu sözlə nəzər salır, o, hər şeyi gözəllik işığında görür. Əslində, onun prezidenti və obyekti Göz yox, Gözün içində görünən Allah əmanəti – Ruhdur. Bizim El-də bir ağsaqqal ağır xəstələnib son günlərini yaşayanda “Gözünün nuru çəkilir”, yəni Ruhu bədənindən uğur deyirlər. Ruh bədəndən çıxanda gözəl insan bədəni bir parça ətə və sümüyə dönür. Bizim idrakımızı da idarə edən, canlı edən məhz bu gözəgörünməz ruhdur. Məsələ burasındadır ki, Paşa Qəlbinurun qeyri-adi iti gözləri Ruhu görə bilir. Mənə elə gəlir ki, onun qələm, eləcə də müayinə cihazı tutan əlləri də ruhu tuta bilir, çünki onun əllərindən işıq axır, bu işıq elə ruhdur.

Mən bunu Paşanın bəzi şeirlərini, esselərini və Cakondanın təbəssümü haqqında yazdığı məqaləni oxuyanda hiss etmişəm. Paşanın şeir kitablarından biri “Rəngli göz yaşları” (1990) adlanır. O ruhu rəngli göz yaşı şəklində görür. Hələ göz yaşının sehri öyrənilməyib: niyə dərddən, ağrıdan gələn öz yaşı ilə sevincdən gələn göz yaşının rəngi fərqli olur?! Bu bir sirri-xudadır, hələ insanın nə orqanizmi, nə də mənəvi aləmi kifayət qədər öyrənilib.

Paşa Qəlbinurun şeirləri esse kimi, esseləri şeir kimi, mən deyərdim ki, mənsur şeir tərzindədir. Buna əminlik üçün təkcə onun gizli romantik sevgi ilə dolu “Sən” essesini oxumaq kifayətdir.

Paşa nə alim, nə şair, nə də nasir kimi heç kəsə bənzəməyən unikal bir şəxsiyyət, milli ziyalılıq külçəsidir. O “Ağlıma gələnlər, başıma gəldi” şeirlər kitabına “Tanrım” adlı bir Ön söz yazıb və burada özünün şairlik haqqında olan fikirlərini şərh edib: “Sözün böyüdüyü ən böyük elm, Sözün içəridən işıqlandığı “İlahi nəğməsi Qurani-Kərim!.. Qışda açan qızılgüldü şairlər! Şairlər işığın içində gül aça bilər, ölüb, buludun ətəyində ruh biçimində yenilən dünyaya gələ bilər!.. göyə baxan gözəlin baxışlarının üstündə bir ilahi kəndirbaş kimi dayana bilər, əyninə işıq geyinə bilər, külün ləçəyində yeriyə bilər, şamın dodağında əriyə bilər, “İçində yanan işığın kölgəsi gözünə düşər”.

Paşanın şeirlərinin əksəriyyəti bədii-fəlsəfi tutumludur. O, hər deyəndə şeir yazmır, sadəcə İlahinin qələmtutanıdı Paşa Qəlbinur, ürəyinin qapısı sevgiyə, gözəlliyə, dostluğa, bir də çox sevdiyi, ətəyində namaz qıldığı Söz-ə açıqdır həmişə…

Paşa “doluxsunmuş sükutun”, “qəlbdə sayrışan işığın”, “Göy qurşağının”, “Dilə qonmuş sözün”, “Tumurcuq tutmuş sözün”, “balaca bıçaqla zülməti doğrayan” (Hidayət Orucov) şairdir.

Onun barəsində müasirləri belə deyib: “Görkəmli cərrah, şair, filosof, xeyirxah və qayğıkeş insan” (Sabir Rüstəmxanlı); “Paşa həmişə maraqlı olacaq. Çünki həqiqət “doqquz köydən qovulanda” yaradıcı insan elə bilir onuncu göy də var və onun axtarışına çıxır” (Hidayət Orucov); “Onun poeziyası məndə belə bir şam yaratdı ki, lazım gəlsə, mən öz gözlərimi onun cərrah bıçağına etibar edə bilərəm” (Ramiz Rövşən); “Türk ruhunun gözəl bilicisi” (Məhərrəm Qasımlı); “Şəxsiyyəti nurla dolu istedadlı şair” (Yusif Səmədoğlu); “Sözün işığında”, “Barmaqlarının hakimiyyətində” yaşayan şair” (Rüstəm Behrudi); “Sözün gözlərinə barmaqlarının nurunu verən şair” (Vaqif Bayatlı Odər) və sair.

Paşanın şeirlərini gözəlliyi təkcə fəlsəfi məzmununda, sözə həssas münasibətində deyil, həm də lakonik-aforistik mahiyyətindədir. Onun romanları, esseləri kimi, şeirləri də adamı yormur, gözəl duyğular aşılayır, düşündürür, gözəlliyə təşnə hissi yaradır. O, bir şair kimi həssas müşahidəçi, dərd axtarıcısı, duyğusal insandır.

İtmiş həsrət kimi,

Uzaqdan gələn,

Güclə eşidilən hənirsən, ünsən,

Sən bahar deyilsən, bahardan əvvəl.

Qışdan sonra gələn yağmurlu günsən.

 

Bənövşə ləçəyində gəzmək arzusunda olan şairin “itmiş həsrət” obrazı beləcə yaranır.

 

Taleyin 10 illik qaranlığında

Titrəyən, titrəyən işıq görürəm

İndicə yuxuda

Yuxularımda

10 ildə min dəfə hamilə olan

Gəlin qucağında uşaq görürdüm

Uşaq ağlayırdı,

Mən hönkürürdüm.

 

Bu lakonik şeirdə “titrəyən” sözü iki dəfə, “yuxu” sözü iki dəfə, “ağlamaq”, “hönkürmək” sinonimi iki dəfə təsadüfi, forma xatirinə təkrar olunmur, şairin sözə bələdliyindən, doğmalığından, mənanı (və ritmi!) qüvvətləndirmək niyyətindən irəli gəlir. Paşa Qəlbinur alim kimi real düşüncə adamıdır. Müzəffər Azərbaycan vətəndaşıdır, and yeri Vətən, Millət, Dövlət və Tanrıdır.

Fəqət, o, şair, yaradıcı kimi romantik, hətta mistikdir, yaşam və tale problemlərini həll edərkən müşkülə düşəndə mistik aləmə üz tutur. Yox, o, mömin deyil. Allahı sevir bütün dinlərə hörmət bəsləyir, fanatizmi müsəlman aləmi üçün nadanlıq bəlası hesab edir. Onun şeirlərində Ulu Tanrının surəti O şəklində verilir. “O” şeirində oxuyuruq.

 

Haqqım tapdananda, haqq danılanda

Uzaq-uzaq uzaqlardan

Yaxınlaşır bir Aləm!..

Gözlərim böyüyür göy üzü qədər

Onu görürəm!..

 

Paşa Qəlbinur lazım olanı cəmiyyətə, millətə səxavətlə verib… Artıq qeyd etdyim kimi o, təvazökar və təmənnasız bir adam, bütün mükafat və təltiflərdən yüksəkdə dayanan görkəmli alim, böyük ziyalı, bütöv şəxsiyyət, elə buna görə də elmi və ədəbi-ictimai cəmiyyətdə ağır nüfuz sahibi olan Türk oğlu türkdür. O, şeirlərində Vətənin, Millətin, Ananın və Dövlətin rütbəsini ucalardan uca tutur.

 

İşıq olub

Damarında axanım,

Kilim olum

Ayağında tapdanım,

Ay Ana!..

 

Paşa Musayev-Qəlbinur nümunəvi ailə sahibi, Vətən əxlaqını və ailə kultunu sədaqətlə qoruyan bir türkdür. Xatunu Afaq xanım ziyalı ailənin övladıdır, oğlu Tural atasından da məşhur göz cərrahı – tibb elmləri doktoru, bacısı da tanınmış göz həkimi, qızı Ayan da oftalmoloqdur. Hərdən zarafatla Paşaya deyirəm ki, fədakar xanımlarımız olmasaydı biz yaxşı alim və ziyalı ola bilməzdik. Şair “Qızım Ayana” şeirində deyir:

 

Bəbəklər Allahın göyərçinləri,

Uçub gözlərinə qonubdu, qızım.

 

Gözlərim işıqdan alışar, yanar

Gözlər ürəyimin çaxmaq daşıdı.

Mənim gözlərimdə övladlar ana,

Atalar, analar övlad yaşıdı…

 

Paşa Qəlbinurun poetik təşbih və metaforaları da onun yaxın tanıdığı, qəlbən sevdiyi gözlə bağlıdır. Əgər Paşa haçansa, kimisə sevibsə, mütləq gözlərinə görə sevib…

Əgər dostu olaraq mənə desələr ki, cəmisi bir sözlə Paşa Qəlbinurun obrazını yarat, onda tərəddüd etmədən deyərdim: Mərhəmət!

Cərrahlar bir qayda olaraq əvvəlcə heyvanlar üzərində əməliyyat aparırlar. Paşa bu olaya bir şeir həsr edib. Orada belə misralar yer alır:

 

Göz yaşınız əllərimi

yandırsa da,

Neçə könül dağladım.

Göz yaşınız

“Nur dağına”

Çevrilincə, ağladım.

 

Hər bir şairin ləyaqəti onun Eşq, məhəbbət haqqındakı şeirlərindən daha aydın görünür. “Səninçün mən elə darıxmışam ki…” şeirində Paşa səmimiyyətlə deyir:

 

Səninçün mən elə darıxmışam ki,

İldırım çaxanda şimşəkdən tutub

Durna qatarında əriyə billəm…

Göylərin bağrında göy qurşağının

Qızıl qübbəsində yeriyə billəm.

Çinar yarpağının damarlarıyla

Qan axır, səsini eşidirəm mən.

Paşa tizfəhm insan və şairdir, onun əsərləri nəcib, incə bir fəhmin nəticəsidir. Dahi “qəlb şairi” Füzuli “dərk et” demirdi, “fəhm qıl” deyirdi. Fəhm idrakdan çox-çox güclü və dərindir.

 

“İşıqları söndürüb

Qaranlığı yandırsan”

Barmağımın ucunda

Bir bəzəkli kəpənəyin

Qanadında gələcəm.

 

Qanımdakı

İşığın yaddaşında

Yoxumu sevib gələcəm

Həyətdəki qızılgülün

Şehini içib gələcəm.

 

Beləcə, Paşanın şeirlərini misra-misra ilmələmək olar və o zaman aydın görünər ki, şair Azərbaycanı, onun vətəndaşlarını hansı psixoloji mərtəbədən tərənnüm və təqdim edir.

Paşa Qəlbinurun bir özəl, fenomenal xüsusiyyəti də var: o, insan ətrini həssaslıqla duyur və qiymətləndirir. Kriminalistikada hər adamın barmaq izləri fərdi təkrarsız olduğu kimi, insanların da hərəsinin özünəməxsus ətri var, bunu qadınlar yaxşı duyur. Paşa Qəlbinurun “Qara su” romanında belə bir epizod var: Gənc qız oğlu Birinci Qarabağ müharibəsində itkin düşmüş qonşusu olan anaya bir xarici ətir bağışlayır. Ana ətiri açıb iyləyir və heyrətdən dəhşətə gəlir, ətirdən oğlunun iyini duyur. Əsərdən sonra məlum olur ki, vəhşi – faşist xislətli ermənilər əsir düşmüş oğlanı hansısa bir xarici şirkətə satıblar və həmin şirkət onun ətindən və sümüyündən ətir düzəldib…

Dünya şöhrətli cərrah-oftalmoloq, təmiz qanlı türk, professor Paşa Musayevin – şair, romanlar müəllifi, esseist Paşa Qəlbinurun yarım əsrlik elmi, bədii-fəlsəfi yaradıcılığı fundamental monoqrafiyanın obyekti və mövzusudur.

Nənbə: Ədəbiyyat qəzeti

Pin It

Comments are closed.