O gün…
14 İyul gecəsi
Hər ürək Polad oldu,
Hər bilək polad oldu!
Külündən doğularaq
Ocaq oldu, od oldu,
Ayağa durdu Vətən!
Ayağa durdu Vətən!
Dalğalandı üç rəngdə,
Üç söz çıxdı dilindən!
Polad! Qarabağ! Ölüm!
Ayağa durdu Vətən!
Od püskürən nəfəslər
Dünyaya meydan dedi!
Gözlərdən çıxan atəş
Yatana oyan dedi
Ayağa durdu Vətən!
Polad əbası üstdən,
Alov geydi, od geydi!
Oğullar dövrələndi,
Oğullar nərə çəkdi!
Düşmənin səmasına
Qara buludlar çokdü
Ayağa durdu vətən!
Albertlər, Mübarizlər,
İsgəndərlər, Elnurlar…
Bir dildə, bir ləhcədə
Sarıldılar silaha
Toylar tutulu, qaldı
Vaylar örtülü qaldı.
Səngərlər sıralandı,
Oğullar dalğalandı,
Ayağa durdu vətən!
“Hər gün bir yeni, nəğmə,
Hər gün bir yeni ilham!”
Savaşın qibləgahı,
Savaşın dini İlham!
Zəfər-zəfər yeridik,
Hünər-hünər yeridik.
Dillərdə dua ölüm!
Ayağa durdu vətən!
Vətən silah götürdü,
Vətən əsgərə döndü!
Vətən qürur geyindi!
Oğul verdi davaya,
Vətən anaya döndü!
Bayraqlar kəfən oldu.
Vətən odlu köksünə
Bayrağı basdı, susdu…
Vətən ataya döndü!
Vətənin dillərində
Qardaş ağısı bitdi,
Vətən bacıya döndü!
Gözü yolda qalana
Dirək oldu vətənim,
Ata deyən dillərə
Ürək oldu vətənim.
Dizləri bükülmədi,
Taqəti tükənmədi
Ayağa durdu Vətən!
***
Ehey… sən nə ləzizsən!
Səni dadmaq nə gözəl!
Sən ana kimi əziz,
Bala kimi şirinsən!
Sən ata kimi təpər,
Zəfər!
Zəfər!
Zəfər!
Sən susuz dodaqlara,
Bir ovuc sərin susan!
Sən əyilən qamətə,
Rəşadətsən, qürursan!
Sən alın açıqlığı,
Sən elim boyda hünər
Zəfər!
Zəfər!
Zəfər!
Sən ümidsən ürəkdə,
Sən dəmirsən biləkdə.
Sən ordumsan,
Yurdumsan
Sən basılmaz qalasan!
Sən laləli talasan
Sən qalxanım, qılıncım,
Yaylığımdakı gövhər
Zəfər!
Zəfər!
Zəfər!
***
Dumandan qurduğun xeymə
Duman oldu, duman oldu…
Səsin elə inildədi
Kaman oldu, kaman oldu…
Şəhid!
Ömrünün güllü yazında.
Bülbül oldun avazında,
Ahım qaldı boğazımda.
Aman oldu, aman oldu
Şəhid!
Günəş doğar çənnən sonra,
Elin gülər innən sonra.
Sən yaşadın, sənnən sonra
Anan öldü, anan öldü,
Şəhid!
***
Bala deyib alışan,
Dillinə canım fəda.
Şəhid məzarı üstə
Bayraq kimi yellənən,
əlinə canım fəda
şəhid anası
ağ-ağ çiçəyə dönən,
söz-söz alışan, dinən,
məzar üstündə sönən
telinə canım fəda.
şəhid anası!
Qoy, səsinə səs verim,
Çağıraq balamızı!
Lalan hanı, soruşub
Qınayaq talamızı!
Bala deyəndə yanan
Dodaq, dili ağlayaq…
Yeri dəyişik düşən
Qərənfili ağlayaq
Bağlı qalan xonçanı,
Solan gülü ağlayaq,
Şəhid anası!
***
Yorğun-yorğun yol gedən,
Ayağına qurbanam,
Söykəndiyin, bayrağa,
Dayağına qurbanam
Şəhid atası!
Gözlərində inləyən
Kədərindən öpürəm.
Boğazında göynəyən
Qəhərindən öpürəm
Şəhid atası!
Əyilən kürəyində
düz olan qüruruna,
dillərdə dastanlaşan,
söz olan qüruruna,
ürəyinə yol alan
göz yaşına qurbanam!
Şəhid atası
Saçında dən dən olan
Həsrətinə qurbanam!
Vətəndə oğul olan,
Oğulda vətən olan
Qeyrətinə qurbanam!
Şəhid atası!
***
Gözünü qurban verib,
Göz oldun Qarabağa!
Dizini qurban verib
Diz oldun Qarabağa!
Müzəffərim!
əsgərim!
Səssizliyə bükülüb,
Səsini verib gəldin.
Yurd cənnət olsun deyə
Cəhənnəm atəşini
Gözünlə görüb gəldin!
Vuruldun, əyilmədin,
Baş tacım, andım, mərdim!
Müzəffərim!
Əsgərim!
***
Başımda tufanım var
Şəhid anasıyam!
Qışım alov geyinib
Qışımda tufanım var,
Şəhid anasıyam!
Bayraq geyən balamın
Kəfəni telimdədi.
Içimnən qalxan odun
Istisi çölümdədi.
Balama ana Vətən,
Vətənə balam oğul!
Naləmə dolanaraq
ərşdə bala gəzirəm.
sinəmdə dağa çıxıb,
Allah, lala gəzirəm.
Dərdiyim lalam hanı?
O güllü talam hanı,
Ay balalı analar,
Bəs mənim balam hanı?
Üçrəngə boyanaram,
Oğlumun ucaltdığı
Bayrağımdan güc alıb
Qürurla dayanaram.
Şəhid anasıyam!
***
Oğlum indi səngərdə
Sipərim poladdandı.
Qürurum vətən boyda!
Zəfərimiz mübarək!
Qırmızı paltar geyib
Qol götürüb süzəcəm
Hər gün nişanda, toyda
Zəfərimiz mübarək!
Şəhid andını pozsam,
Qibləmi unudaram.
Həm bu tay, həm o tayda
Hünərimiz mübarək!
Zəfərimiz mübarək!
***
Haqdan gələn halal yolla
Şuşaya gedirik, Paşam!
Bilirsənmi necə abad,
Necə azadədir Şuşam!
Sərkərdəm əlində qılınc,
Oğulları sıraladı.
Yağı düşmən göz açmamış
Ordusunu uraladıq.
Hələ tarix belə birlik,
Belə döyüş görməmişdi.
İndiyəcən düşmən belə
Öz qınına girməmişdi
Gözsüz qalan Qarabağa,
Göz oldular igidlərim.
Haldan düşmüş Kəlbəcərə
Diz oldular igidlərim.
Susuz qalan torpaqlarım,
Suvarıldı al-qan ilə.
Hasarlandı sərhədlərim,
Hasarlandı min can ilə.
Türkəm, tatam, talışam mən,
Oğlun sağ olsun ay Vətən!
Zirvə-zirvə ucalasan,
Təpən dağ olsun, ay Vətən!
Laçınlar uçan oylağın
Barlı bağ olsun, ay Vətən!
Sən qaliblər qalibisən,
Üzün ağ olsun ay Vətən!
Şuşaya gedirik, Paşam,
“Vətən bağı al-əlvandı”.
Yol üstündə Xarı bülbül,
“Zəfər yolu” çıraqbandı,
Şuşaya gedirik, Paşam!
Mənbə: “Ulduz” jurnalı Dekabr -2022
Yazıya 63 dəfə baxılıb