Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı –
Yoxdu daha, nağıldı…
İtdi, batdı, dağıldı…
Mənim şirin qafiyəm, mənim üçcə hecalım –
Xocalım, ay Xocalım!
Xalq şairi Zəlimxan Yaqubun bu misralarını hər dəfə oxuduqca ürəyim qat-qat soyulur, şaxtalı bir Xocalı gecəsində üşüyürmüş kimi üşüyürəm, donuram sanki.
Sonra çəkilir hər şey… Gözümün önünə əlvan saraylı, gen aynabəndli, dodağı şəkər, zülfü kəmənd, incəbel gözəllərlə süslənmiş – dağların qoynunda salınmış, dünyanın ən gözəl, ən yaşıl bir kəndi gəlir. Xocalı kəndi… Bütün varlığımla bu əsrarəngiz, yamyaşıl kəndə can atıram. Orada doğulmaq, orada böyümək, oralı olmaq, orada sevmək, orada ölmək istəyirəm.
Yenə çəkilir hər şey… Bu dəfə göz önümə gələnlər arzumun tam əksidir. Bu dəfə göz önümə gələnlərin üstündə qırmızı bir rəng var. İnsanların, torpağın, daşın, ağacların, quşların… Bir andaca al-qırmzıya dönür bu yamyaşıl kənd. Deşir qulaqlarımı tankların tırtıllarının səsi, yad danışıqlar, eybəcər gülüşlər… Yamyaşıl kəndin adını nəfəsini, insanını, torpağını, daşını, səmasını didik-didik eləyən qırmızı güllələr nəfəsimi təntidir. Bir tərəfdən də yalnız öz məsumluğu, öz günahsızlığı ilə “silahlanmış” körpələrin, qız-gəlinlərin, qocaların fəryadı, naləsi dünyanın kor gözlərinə, kar qulaqlarına bağırır, çağırır, kömək istəyir.
Həmin gecə yamyaşıl kəndin üstünə yağan qar da qırmızı rəngdə idi, qan rəngində idi. Yağan qanlı qar idi o gecə…
Və yaşıl kəndin qan-qırmızı rənginə kənardan qırmızı-qırmızı susub baxan “qırmızı dünya” da vardı o gecə… 31 ildir ki, öz “qırmızı maska”sının altından Xocalını görə bilməyən bu dünya bu gün də qırmızı rəngdədir. Alnında da kömürlə çəkilmiş Xocalı boyda qara bir ləkə… Tam 31 ildir ki, bu dünya, bu dünyanın ölkələri – ədalətdən, sülhdən danışan bu dünyanın liderləri əllərini atıb alınlarındakı bu qara ləkəni silməyə bir dəfə də cəhd etməyiblər. Dağların qoynundakı yamyaşıl, cənnəti xatırladan Xocalı adlı bu kənd bu gün bütün bəşəriyyətin alın ləkəsi, üz qarasıdır!…
Mənə görə indiki dünyanın da tarixi elə Xocalıdan başlayır. Xocalı haqqın, ədalətin, humanizmin, insanlığın, sevginin və elə bu dünyanın öz üzünə dəyən tərs bir şapalaqdır.
Xocalı dünyanın “şəxsiyyət vəsiqəsidir”… Üstündə günahsız insanların axıdılan qanlarının ləkəsi, üstündə barıt qoxusu, güllə yeri, fitnə, yalan, xəyanət, murdarlıq damğası olan köhnə, artıq cırılıb tamam köhnəlməkdə olan “şəxsiyyət vəsiqəsi”. Üzərində hələ də Xocalı adında bir “şəxsiyyət vəsiqəsi” gəzdirən bu dünyanın son aqibəti necə olacaq görəsən? Xocalının aqibətimi?
Gözlərimsə yol çəkir… “Bu dağların qoynunda yaşıl bir kənd varıyıdı” – deyə-deyə. İtən, batan, dağılan, nağıla dönən kənd.
Üçcə hecalı kənd – Xo-ca-lı…
Xocalı qətliamından artıq illər keçmişdi. Televiziya kanallarının birində Fələstinə atılan raketin yerlə bir etdiyi, onsuz da kasıb olan bir evin olan-qalan dağıntılarını göstərirdilər. Xilasedicilər dağıntıların altından həqiqətən möcüzə sayəsində sağ qalan balaca bir oğlanı çıxara bilmişdilər. Qaradərili, məsum, bu dünyada yeganə arzusu bircə oyuncağının olması olan 6-7 yaşlı körpə fələstinli bir uşaq… Başından gələn qan üzündə, çənəsində quruyub qalmışdı. Başını və mədəsini “aldatmaq” üçün ona verilən yavan çörəyi iştahla yeyən Behnam adlı bu uşağa diqqətlə baxdım, baxdım, baxdım…Və birdən mənə elə gəldi ki, mən bu uşağı hardasa görmüşəm. Amma harda? Fələstinli bu azyaşlını mən harda, nə vaxt görə bilərdim axı? – düşüncəsi məni az qala dəli eləmişdi. Bütün diqqətimi, yaddaşımı toparlayaraq bu uşağı harda gördüyümü yadıma salmağa çalışdım. Və qəfil xatırladım. Mən qaradərili bu uşağın özünü deyil, onun taleyini görmüşdüm əslində. Həm də Xocalıda görmüşdüm… Körpə olduqları nəzərə alınmadan xüsusi amansızlıqla qətlə yetirilmiş, gözləri çıxarılmış, dəriləri soyulmuş Xocalıdan olan azərbaycanlı uşaqların taleyi ilə fələstinli balaca Behnamın taleyi nə qədər oxşar idi, eyni idi. Mən bu uşaqların özlərini yox, onların talelərini görmüşdüm. Mənə görə dünyanın bütün uşaqları gözəldir və müharibələrdə ən çox əziyyət çəkən, zərər görən elə uşaqlardır. Müharibənin oxşar taleli balaları… Kadrlardan gördüyüm Behnam və Xocalıda öldürülən körpələrin faciəsindən təsirlənərək bu cızma-qaranı yazdım:
Fələstinli uşaq və…
Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Bu qara ölkədə Allah axtarır.
Oxşamaz üzünü səhərin mehi,
Canında yaralar ulduz sayıdı.
Bütün yetimlərin uşaq taleyi,
Nədənsə eynidi, əkiztayıdı.
Kəsir vücudunu qışın sazağı,
Yatdığı yerdəcə donur az qala.
Hardasa görmüşəm mən bu uşağı –
… XOCALI… mən səni tanıdım, bala!!!…
Xocalı gecəsi… Həmin gecədən sonra Azərbaycan Qadını gecə öz oğlunu yatırdarkən daha ona layla demədi, bayatı söyləmədi. Ana öz oğluna Xocalıdan danışdı, xəyalında öz balasını Xocalıdan keçirdi. Analıq hissinə, analıq sevgisinə bayatı, oxşama, əzizləmə qatmadı – döyüş ruhu qatdı, qisas hissi gətirdi öz laylalarına:
Şirin balam, noğul balam,
Yox, əsgər balam, oğul balam!
Mən sənə layla çalmıram,
Layla yatmaq üçündür.
Mən sənə nağıl da danışmıram,
Başını aldatma cırtdan-mırtdanla…
Mən sənə acı dadsa da,
Reallıq yedirəcəyəm.
Mən səni hər gün, hər gün, hər gün
Xocalıdan keçirəcəyəm!
Oğul da Ananın dediyi kimi, başını cırtdan-mırtdanla aldatmadı daha. Böyüdü, oğul oldu, oğul deyirəm sənə!
Bir payız günündə durdu, silahlandı oğul! Əlində bayrağı, dilində “Cəngi”, ürəyində Vətən eşqi… Elə bir nərə çəkdi ki, 30 il düşmən oylağına çevrilən, 30 il düşmən tapdağında inləyən Qarabağda yağılar pərən-pərən düşdülər. Oğulun zərbəsindən özünü tamam salıb itirən düşmən heç bilmədi saqqalı harda düşdüb itdi, xaçı harda qaldı…
Bir payız günündə öz yeni, şanlı tarixini qızıl hərflərə yazmağa başladılar bu oğullar. Oxşama, əzizləmə, şirin bayatı eşitməyən oğullar… Anaların dilindən: “Səni Vətən üçün böyütdüm, get, düşmənin başını əz”, “Südüm sənə halal olmaz, sən baş əysən düşmənə” xeyir-duasını alan oğullardan səngərdə də, qanlı döyüş meydanında da yalnız bircə səda, bircə nida gəldi:
-Vur, komandir, vur!!!
Beləcə oğullar illərdir dərin yuxuda olan, yaddaşı pas atmış dünyanı silkələyib oyatdlar. Dur, aç gözləri, Qarabağa bax, Xocalıya boylan – dedilər!
Bir payız günündə… Həmin gün Azərbaycan oğullarının dünyaya Vətən sevgisi, torpaq eşqi, bayraq məhəbbəti dərsi keçdiyi gün idi.
2984 Cəsur Ürək keçdi bu dərsi… Ömürlük dünyanın yadından çıxmayacaq bir Dərs!
İllərin dərin yuxusundan qəfil oyanan, silkələnib pas atmış yaddaşını təzələmək istəyən dünya Azərbaycan oğullarını bu adla tanıdı – Dəmir Yumruq!
“Dəmir Yumruq” təkcə öz düşmənini məğul eləmədi, yaddaşı pas atmış bu dünyanın ən azman ölkələrini də “nokaut”a saldı. O ölkələr ki, bələkdəki südəmər körpələrə ballistik raket atandan sonra sülhdən, humanizmdən danışmağı, yalnız sənəd üzərində qalan sülhməramlı konvensiyalar qəbul etməyi çox sevirlər… Bu gün dünya özünə hesabat verəndə, yaddaşını təzələyəndə yadına ilk düşən məhz “Dəmir Yumruq” olur.
Gözlərimsə yol çəkir… “Bu dağların qoynunda yaşıl bir kənd varıydı” – deyə-deyə. İtən, batan, nağıla dönən yaşıl kənd…
Üçcə hecalı kənd – XO-ca-lı…
Atrıq nəfəsin lap yaxından duyulur, ətrin, qoxun lap burnumuzun ucundadır, Xocalı. Gözəl kəndim, cənnət kəndim, yamyaşıl kəndim – ən qısa zamanda qucaqlaşıb öpüşmək diləyi ilə!
Yazıya 61 dəfə baxılıb