Akif ABBASOVUN TƏRCÜMƏSİNDƏ UİLYAM SOMERSET MOEM (İngilis yazıçısı) – “YOLAGƏLMƏZ QADIN”

SOMERSET MOEM(povest)

O, qayıdıb mətbəxə gəldi. Kişi hələ də döşəmənin üzərində idi. Oğlanın ayağı ilə vurub sərdiyi yerdə düşüb qalmış, sir-sifəti al qana boyanmışdı. İnildəyirdi. Qadın kürəyini divara söykəyib dayanmış, qorxudan göz bəbəkləri geniş açılı halda Villiyə baxırdı. Hans içəri girəndə o, nalə qoparıb gözünün yaşını bıldır-bıldır tökdü. Villi əlində revolver stolun arxasında oturmuşdu. Qarşısında yarıya qədər boşaldılmış çaxır qədəhi vardı. Hans stola yaxınlaşıb içki süzdü və birnəfəsə başına çəkdi. Villi:

– Nə olub sənə, cavan oğlan? Elə bil pələnglə döyüşdən çıxmısan, – deyib dişlərini ağartdı.

Hansın sir-sifəti qan içərisində idi. Yanaqları bərk cızılmışdı. İti dırnaqlar öz izini buraxmışdı. O, əlini ehtiyatla yanaqlarına apararaq:

– Qancıq az qala gözümü tökmüşdü, – dedi. – Gərək yod sürtəm. Eybi yox, daha öz həddini bilər. Get bir sən də…

– Heç bilmirəm… Gedim? Axı, gecdir.

– Axmaq olma. Kişi deyilsən. Nə olsun ki, gecdir. Deyərik yolu azmışdıq.

Hava hələ qaralmamışdı. Qürub evdən günəş kəndli mətbəxinin pəncərəsindən içəri boylanırdı. Villi bir anlığa tərəddüd etdi. O, çəlimsiz bir gənc idi. Qaraşın və sümükləri çıxmış sifəti vardı. Əvvəllər dərzi-modelçi işləmişdi. Hansın onu əfəl və bacarıqsız hesab edəcəyindən ehtiyatlanıb ayağa qalxdı. Bir az əvvəl dostunun çıxdığı qapıya doğru addımladı. Onun niyyətini başa düşən qadın fəryad qoparıb irəli atıldı:

– Non, non.

Hans ani sıçrayışla onun qarşısında peyda oldu. Çiyinlərindən yapışıb onu qolu getdikcə vıyıldatdı. Zərblə divara dəyən qadın səndələyib yıxıldı. Hans Villinin revolverini alıb bağırdı:

– Səsinizi kəsin!

Həmin sözləri fransızca, lakin almanlara xas tərzdə – boğazında tələffüz edərək dedi. Sonra başı ilə qapını Villiyə göstərdi:

– Di, tərpən, mən bunlara göz yetirərəm.

Villi getdi, ancaq az sonra geri qayıdaraq:

– Özündə-sözündə deyil ki, – dedi.

– Nə olsun?

– Mənim işim deyil. Boşla getsin.

– Axmağın biri axmaq. Ein Weibchen. Arvadın biri.

Villi pul kimi qızardı:

– Yaxşısı budur gedək.

Hans rişxəndlə çiyinlərini çəkdi:

– Qoy çaxır şüşəsinin axırına çıxım, gedərik.

O, tələsmək xəyalında deyildi. Hələ bir qədər də əylənmək istəyirdi. Aldığı tapşırıqla əlaqədar dan üzündən motosikletdən düşməmişdi. Əlləri, ayaqları sızıldayırdı. Xoşbəxtlikdən bir elə uzağa getməyəcəkdilər. Suasson on-on beş kilometrlikdə idi. Bəlkə də elə bəxtləri gətirdi, rahat yorğan-döşəkdə yatdılar. Əlbəttə, qız özünü ağılsız aparmasaydı, bu hadisə də baş verməzdi.

Onlar yolu azmışdılar. Tarlada işləyən kəndlini harayladılar. O isə qəsdən yolu səhv göstərdi. Onlar da kənd arasında çaşıb qaldılar. Fermaya yalnız yolu soruşmaq üçün gəlmişdilər. Çox nəzakətlə də xəbər aldılar. Əsgərlərə fransızlarla yaxşı davranmaq əmr edilmişdi. Əlbəttə, əgər hədlərini aşmırlarsa. Onlar üçün qapını qız açdı. O, Suassonun yolunu tanımadığını bildirdi. Yolçular mətbəxə keçdilər. Qadın (Hans onun qızın anası olduğunu əlüstü başa düşdü) yolu göstərdi. Ailə üzvləri (fermer, onun arvadı və qızı) yenicə şam etmişdilər. Stolun üstündə çaxır butulkası vardı. Həmin şüşə ilan kimi susuzluqdan ciyərinin yandığını Hansa xatırlatdı. Günəş bütün günü yerə od ələmişdi. Onlarsa axırıncı dəfə günorta içmişdilər.

O, bir butulka çaxır istədi. Villi də əlavə etdi ki, əvəzində yaxşı haqq verərlər. O, öz yerini bilən, yaxşı oğlandır. Çəlimsizdir, həm də ölüvayın biri.

Onlar qalib idilər. Fransız ordusu basılmışdı. Onun izi-tozu belə qalmamışdı. Döyüşçülər dabanlarına tüpürüb qaçmışdılar. Elə ingilislər də eləcə – hər şeylərini tullayıb dovşan kimi qaçıb öz adalarına çəkilmişdilər. Qaliblərin istədikləri şeyə yiyələnmək hüququ var. Məgər belə deyil?

Villi iki il Parisdə, dərzi atelyesində işləmişdi. Fransız dilində sərbəst danışırdı. Buna görə də ona hərbi hissədə müvafiq iş tapşırmışdılar. Amma fransızlar arasında keçən həyat Villiyə uğur gətirmədi. Fransızlar bekara xalqdır. Alman onların arasında yaşaya bilməz.

Fermer arvadı stolun üstünə iki şüşə çaxır qoydu. Villi cibindən iyirmi frank çıxarıb ona verdi. Qadın isə. əvəzində təşəkkür belə etmədi.

Hans fransıza Villi kimi danışmasa da, dili az-maz bilirdi. Onlar öz aralarında fransızca danışırdılar. Bu vaxt Villi onun səhvlərini düzəldirdi. Ona görə Hans dostunun xətrini istəyir və ona həsəd aparırdı.

Villi də öz növbəsində Hansa qibtə edirdi. Hans hündürboylu və şümşad qamətli idi. Qıvrım saçları elə sarışın, gözləri elə mavi idi ki, qızların ağlını başından alırdı.

Hans fransız dilini işlətmək imkanını heç vaxt əlindən buraxmamışdı və indi də ev sahibləri ilə həmin dildə danışmağa cəhd göstərirdi. Amma onlar elə bil ağızlarına su almışdılar. Hans bildirdi ki, o da fermer oğludur. Müharibə qurtaranda fermaya qayıdacaq. O, Münhendə təhsil almışdır. Anası onun biznesmen olmasını istəyirmiş. Bu isə Hansın ürəyincə deyildi. Ona görə də buraxılış imtahanlarını verib kənd təsərrüfatı kollecinə daxil olmuşdur.

Qız acıqla:

– Siz yolu soruşmağa gəlmişdiniz, yoxsa köhnə palan içi sökməyə?! Yolu sizə göstərdik, – dedi. – Çaxırınızı için, çıxıb gedin.

Hans bayaq qıza əməlli-başlı diqqət yetirməmişdi. Qız bir elə yaraşıqlı deyildi, amma qəşəng qara gözləri, düz burnu vardı. Sifəti çox solğundu. Sadə geyinmişdi, lakin nədənsə adi kəndli qızına oxşamırdı.

Hans hələ müharibənin əvvəlində əsgərlərin fransız qızları barədə danışdığı söhbətləri eşitmişdi. Onların dediyinə görə, fransız qızlarında alman qızlarına xas olmayan nə isə vardı. Hans bu barədə Villidən soruşanda: “Öz gözlərinlə görərsən, başa düşərsən” cavabını vermişdi. Bir başqalarından isə öyrənmişdi ki, onlar acgöz olurlar. Dilləri isə ilan kimi zəhərli. “Eybi yox”, – o vaxt Hans fikirləşmişdi. – “Bir həftə sonra Parisdə olacaqlar. Əsl həqiqəti özü öyrənər”. Deyilənə görə, ali komandanlıq alman əsgərlərinin bir-iki saatlığa qadınlarla əylənmələrindən ötrü   yer düzəltməyi də unutmamışdı.

Villi:

– Çaxırını iç, gedək, – dedi.

Hans xeyli məmnun qalmışdı, tələsmək xəyalında deyildi. O, qıza müraciətlə:

– Sən fermer qızına oxşamırsan axı, – dedi.

Qızın anası:

– O, müəllimdir, – deyə izah etdi.

– Deməli təhsil almısan?

Qız çiyinlərini çəkdi. Hans pozuq fransız dilində mehribancasına söhbəti davam etdirdi:

– Onda başa düşməlisən ki, hər şey fransız xalqının xeyrinə qurtarıb. Adamları bihudə yerə qırğına verməyin nə mənası? Müharibəni biz yox, siz başlamışdınız. Nə əcəb?! Necə işləməyi, itaət və intizamın nə demək olduğunu sizə öyrədərik.

Qız yumruqlarını düyünləyib ona baxdı. Onun qara gözləri nifrətindən alışıb yandı. Amma güclə özünü ələ alıb dinmədi. Villi:

– Sən sərxoşsan, Hans, – dedi.

– Ayıqdan da ayığam. Mən yalnız əsl həqiqəti onlara başa salıram. Qoy bu həqiqəti birdəfəlik və həmişəlik bilsinlər.

Qız:

– Dostun doğru deyir, sən sərxoşsan, – deyə səsini qaldırdı. O, artıq dözə bilmirdi. – Gedin! Di, çıxıb getsəniz!

– Aha, sən hələ almanca da bilirsənmiş. Yaxşı, mən gedirəm. Amma əvvəlcə mənə bir öpüş verəcəksən.

Qız Hansdan yaxa qurtarmaq üçün dalı-dalı çəkildi, amma oğlan onun biləyini ələ keçirdi. Qız:

– Ata! – deyə çığırdı. – Ata!

Fermer özünü almanın üstünə atdı. Hans qızı buraxıb var gücü ilə kişinin sifətinə bir yumruq ilişdirdi. Kişi tir-tap döşəməyə sərildi. Qız qaçıb getməyə macal tapmadı. Hans onu tutub qolları arasına aldı. Qız qulaylanıb oğlanın sifətinə tərs bir sillə çəkdi. Hans xısın-xısın güldü:

– Alman əsgəri səni öpmək istəyəndə özünü belə aparırsan? Buna görə cavab verməli olacaqsan.

Hans var gücü ilə onun qollarını burub qapıya sarı apardı. Bu dəfə qızın anası oğlanın üzərinə atıldı. Paltarının qollarından asılıb mane olmağa, qızını xilas etməyə çalışdı. Hans bir əli ilə qızı özünə tərəf çəkdi, o biri əli ilə qarını vurub divara yapışdırdı. Villi:

– Hans! Hans! – deyə bağırdı.

– Mumla! Lənətə gəlmiş!

Hans əli ilə qızın ağzını qapayıb onun çığırtısını kəsdi və qonşu otağa sürüdü…

… Hər şey bax beləcə baş verdi. Siz özünüz təsdiq edə bilərsiniz ki, günah qızda oldu. Təhqirə də özü başladı. Əgər oğlanın sözünə baxıb ona öpüş versəydi, o, çıxıb gedər, bu boyda həngamə də qopmazdı.

Fermerə hələ də döşəmədə sərələ qalmışdı. Hans gözucu onu süzdü. Gülməkdən özünü güclə saxladı. Fermerin sir-sifəti adamda həqiqətən gülüş doğururdu. Divara qısılmış qarıya baxanda Hansın gözləri güldü. Qadın indi öz növbəsinin çatacağından qorxurdu. Amma bihudə yerə narahat olurdu. Hans fransız atalar sözünü xatırlayaraq:

– J’est le premier pas qui soute , – dedi. – Ağlamaq nə lazım, qarı? Onsuz da gec-tez olacaqdı…- O, əlini yan cibinə salıb pul kisəsini çıxartdı. – Al, yüz frankdır. Madumauzel özünə təzə don alar. Köhnə donunda salamat yer qalmayıb. – O, pulu stolun üstünə qoyub dəbilqəsini başına keçirtdi. – Getdik!

Onlar qapını çırpıb çıxdılar. Motosikletə mindilər və getdilər. Qadın qonşu otağa keçdi. Qız divanda uzanmışdı. Hans onu necə tərk etmişdisə, eləcə də düşüb qalmışdı. Gözlərinin yaşını sinəsinə tökürdü.

Üç ay keçmiş Hans yenidən Suassonda göründü. O, qalib ordu ilə birlikdə Parisdə olmuş, öz motosikleti ilə Triumfal alaqapısından keçmişdi. Ordu ilə birgə əvvəlcə Tura, sonra Bordoya sarı irəliləmişdi. O, döyüşlərdə, demək olar ki, iştirak etməmişdi. Gördüyü elə əsir fransız əsgərləri olmuşdu. Yürüş o qədər təntənəli keçmişdi ki, beləsi yatsaydı, yuxusuna da girməzdi. Sülh müqaviləsindən sonra Parisdə daha bir ay qaldı. Bovariyada yaşayan ailəsinə şəkilli poçt açıqcaları göndərdi. Hamıya hədiyyələr almışdı. Dostu Villi Parisi ovcunun içi kimi tanıdığından elə oradaca qaldı. Hansı isə qulluq etdiyi bölmə ilə birlikdə alman qoşun hissələrinin yerləşdiyi Suassona göndərdilər.

Suasson balaca, lakin qəşəng şəhər idi.  Burada əsgərlər üçün yaxşı şərait yaratmışdılar. Yemək-içmək xirtdəyəcəndi. Bir markadan da az alman puluna bir şüşə şampan almaq olurdu. Suassona köçürülmə haqqında əmr veriləndə Hans fermadakı qızı xatırladı. Gedib onu görmək qiyamət olardı. Axtarıb bir cüt ipək corab tapdı. Corabı qıza vermək, onun könlünü almaq istəyirdi.

Hansda bir vaxtlar olduğu yerin səmtini asanlıqla müəyyən etmək qabiliyyəti vardı. Ona görə də fermanı çətinlik çəkmədən tapacağına əmin idi. Beləliklə, asudə vaxtlarının birində ipək corabı səliqə ilə büküb cibinə qoydu, motosikletə minib yola düzəldi.

Xoş bir payız günü idi. Göyün üzü ayna kimi tər-təmiz idi. İçərisi ilə keçdiyi kənd gözəl, eyni zamanda dərə-təpəli idi. Sentyabr ayı olmasına baxmayaraq hava xoşdu. Çoxdan idi ki, bir damla yağış da düşmürdü. Hətta qovaq ağaclarının aramsız xışıltısı belə adamda yayın sona yetməsi fikri oyatmırdı.

Hans yalnız bircə dəfə yolu səhv saldı. Bu, onu azacıq ləngitdi. Amma vur-tut yarım saata kəndə yetişdi. Qapıya yaxınlaşanda həyət iti hürdü. Hans qapını döymədən dəstəyi burub içəri keçdi. Qız, stolun arxasında əyləşib kartof soyurdu. Hərbi geyimli adamı görüb cəld ayağa sıçradı:

– Sizə nə lazımdır?

Və yalnız bu vaxt Hansı tanıdı. Divara sarı çəkilib bıçağın dəstəyini ovcunda möhkəmcə sıxdı:

– Sənsən? Cochon (Donuz).

– Yaxşı, özündən çıxma. Xətrinə dəymək fikrində deyiləm. Bir bax, sənə ipək corab gətirmişəm.

– Onu da götür, rədd ol!

– Ağılsız olma. Bıçağı at. Belə özündən çıxmaqla heç kimə yox, özünə yamanlıq edirsən. Məndən qorxma.

– Səndən qorxan yoxdur!

Qızın barmaqları boşaldı. Bıçaq düşdü. Hans dəbilqəsi8ni çıxarıb əyləşdi. Ayağını irəli uzadıb bıçağı özünə sarı çəkdi.

– Kartof təmizləməkdə sənə kömək edim?

Qız dinmədi. Hans əyilib bıçağı qaldırdı. Kasadan kartof götürüb təmizləməyə başladı. Qızın sifətində rəhmsiz bir ifadə vardı, gözləri nifrətindən od tutub yanırdı. O, divara söykənib oğlana göz qoyurdu. Hans gülümsünüb tərksilah edilmiş adamlar kimi onu süzdü:

– Daha belə acıqlı niyə baxırsan? Əslində sənə bir elə pisliyim dəyməyib, bunu özün də bilirsən. Onda bizimkilərin hamısı kimi mən də həyəcanlı idim. O vaxtlar hələ fransız ordusunun məğlubedilməzliyi, Macino xətti haqqında…söhbət gedirdi…- onu gülmək tutdu. – Hə, çaxır da lap beynimə vurmuşdu. Həm də sənin bəxtin gətirib. Qadınların dediyinə görə, mən çox da yaraşıqsız oğlan deyiləm.

Qız nifrət dolu baxışlarla təpədən-dırnağacan onu süzdü:

– Rədd ol burdan!

– Nə vaxt kefim istəsə, onda gedəcəyəm.

– Əgər getməsən, atam Suassona yollanıb generala səndən şikayət edər.

-Generalın əlinə lap bəhanə düşər. Bizə əhali ilə yaxşı dolanmaq əmr edilib. Adın nədir?

– Sənə dəxli yoxdur! – Onun yanaqları alışıb yandı, qəzəbli gözləri işıldadı.

Qız, o dəfəkindən daha gözəl görünürdü. Adamın gərək bəxti ola. Hansınkı gətirib. O, kəndli qızından daha çox şəhərliyə oxşayırdı. Hə, axı, anası onun müəllim işlədiyini söylədi. Elə xanım-xatın olduğu üçün də Hans onunla əylənməkdən, onu cin atına mindirməkdən özünü saxlaya bilmirdi. Oğlan özünü güclü və möhkəm hiss etdi. Əli ilə qıvrım, sarışın saçlarına daraq çəkib istehza ilə gülümsədi: “Bu qızın yerinə başqası olsaydı, sevincindən qanadlanıb uçardı”.

Yayda Hans günün altında o ki var qaralmışdı, mavi gözləri daha da qəşəngləşmiş, daha da maviləşmişdi.

– Atanla-anan haradadır?

– Tarlada işləyirlər.

– Bura bax, acmışam. Mənə pendir-çörək, bir stəkan da çaxır ver. Haqq-hesabı çürüdərəm.

Qız acı-acı güldü:

– Sən bəxtəvərlikdən danışırsan. Üç aydır ki, biz pendirin nə demək olduğunu bilmirik. Qarın dolusu çörəyə möhtacıq. Bir il əvvəl fransızlar atlarımızı əlimizdən aldılar. İndi də sizinkilər olanımızı-olmazımızı: inəkləri, donuzları, toyuqları – hər şeyi, hər şeyi çəkib apardılar.

– Biz ki, müftə götürməmişik, pulunu ödəmişik.

– Məgər sizin kağız-kuğuzla qarın doyar?

O ağlamağa başladı.

– Acsan?

– Yox, nə danışırsan? – deyə qız kədərlə dilləndi. – Lap kral kimi dolanırıq: kartof, çörək, şalğam, salat… yeyirik. Sabah atam Suassona gedəcək, bəlkə at əti tapa bildi.

-Qulaq as, miss. Mən heç də pis oğlan deyiləm. Səninçin pendir gətirərəm. Bir az donuz əti də taparam.

– Sənin sədəqənə ehtiyacım yoxdur! Acından ölərəm, amma siz donuzların bizdən oğurladığı azuqəyə toxunmaram!

Hans soyuqqanlı:

– Yaxşı, baxarıq, – deyə cavab verdi, dəbilqəsini başına keçirib ayağa qalxdı. “Au revar mademoiselle” deyib çıxdı.

O, öz şəxsi nəşəsi üçün kefi istədiyi vaxt motosikletə minib kəndə gedə bilməzdi. Oturub nə zaman tapşırıq veriləcəyini gözləməli idi. Onda fermaya baş çəkmək imkanı qazanardı. Belə imkan on gün sonra əlinə düşdü. Və keçən dəfəki kimi heç bir xəbərdarlıq etmədən otağa daxil oldu. Bu dəfə mətbəxdə fermerlə arvadını gördü. Artıq gün günorta yerini ötmüşdü. Qadın sobanın üstündəki qazanı qarışdırırdı. Kişi stolun arxasında əyləşmişdi. Hans içəri girəndə hər ikisi baxdı, lakin onun gəlişi heç birini təəccübləndirmədi. Qız, çox güman ki, əvvəlki gəlişini onlara xəbər vermişdi. Ev sahibləri susurdular. Qadın xörək bişirir, kişi isə qaş-qabağını turşudaraq gözlərini stolun üzərindəki müşəmbəyə zilləmişdi. Amma qayğısız Hansı bu tezliklə karıxdırmaq heç də asan məsələ deyildi. O, şən halda:

– Boncour, la compagnie , – deyə onları salamladı. – Sizin üçün hədiyyə gətirmişəm.

O, bükülünü açdı. Stolun üstünə bir xeyli pendir, bir parça donuz əti, iki qutu sardina qoydu. Qadın çevrildi. Hans onun gözlərindəki tamahkar ifadəni sezib gülümsədi. Kişi alnını turşutsa da, ərzaq məhsullarına baxırdı. Hans xoş təbəssümlə onu dindirdi:

– Keçən dəfə aramızda anlaşılmazlıq oldu. Rica edirəm bağışlayasınız. Gərək siz qarışmayaydınız.

Bu əsnada qız içəri girdi. Hansı görüb:

– Burada nə edirsən? – deyə hiddətlə bağırdı. Birdən gözü onun gətirdiyi şeylərə sataşdı. Cəld onları qamarlayıb Hansın üstünə tulladı. – Götür apar! Götür!

Ana özünü irəli ataraq:

– Annet, ağlını itiribsən nədir?

– Onun tulapayı mənə gərək deyil.

– Bunlar hamısı bizimdir! Onları bizdən oğurlayıblar! Bu sardinalara bax – Bordo sardinasıdır.

Qarı əyilib yerə dağılmış ərzaqları yığdı. Hans mavi gözlərində istehzalı gülümsəyiş qızı süzdü:

– Demək, sənin adın Annetdir? Yaxşı adın varmış. Ata-ananın aj-yalavac dolanmasını necə rəva görürsən? Özün deyirdin ki, üç gündür dilimizə pendir dəyməyib. Qaxac edilmiş donuz əti tapa bilmədim. Elə əlimə keçən bunlardır.

Fermer arvadı donuz ətini hər iki əli ilə qamarlayıb sinəsinə sıxdı. O, əti öpməyə belə hazır idi. Göz yaşları Annetin yanaqları aşağı yuvarlandı: Qız:

– Rüsvayçılıqdır! – deyə fəryad qopardı.

– Nə olub sənə? Rüsvayçılıq niyə olur? Bir tikə pendirdir, bir az da donuz əti. Vəssalam.

Hans oturub siqaret yandırdı. Bir qutu da qocaya uzatdı. Qoca ani tərəddüd etdi, lakin siqaretə olan meyli daha güclü idi. O, bir dənəsini götürüb qutunu Hansa qaytardı. Hans:

– Götür, -dedi. – Nə qədər lazım olsa taparam. – O, siqareti sümürüb tüstüsünü burnundan buraxdı. – Biz niyə dost olmayaq? Qəbiristanlığa gedən ölü geri qayıtmır. Müharibə-müharibə olaraq qalır. Nəyi nəzərdə tutduğumu yaxşı bilirsiniz. Annetin təhsil almasından xəbərim var. Mənim barəmdə onun yaxşı fikirdə olmasını istəyirəm. Məncə, hissəmiz Suassonda hələ çox qalacaq. Əlimə keçəndən, tapa bildiyimdən sizinçin gətirər, yemək sarıdan korluq çəkməyə qoymaram. Biz şəhər əhalisi ilə münasibəti yaxşılaşdırmağa var qüvvəmizlə çalışırıq, amma onlar özləri inad edirlər. Bizi görməyə gözləri yoxdur. Keçən səfər Villi ilə mən burada olanda baş verən hadisə xoşagəlməz təsadüfdür. Məndən zərrəcə çəkinməyin. Anneti də doğma bacı gözündə görərəm.

Annet:

– Axı, buraya nə üçün gəlmisən? Niyə bizi rahat buraxmırsan?

Əslinə baxanda bunun səbəbini Hans özü də bilmirdi. O, insani münasibətlər üçün qəribsədiyini etiraf etməyə utanırdı. Suassonda əhatəsində olduqları lal düşmənçilik Hansın əsəblərini yerindən elə oynadırdı ki, bəzən ona baxa-baxa yanından saymazyana ötən fransızı təpiyinin altına salmaq istəyirdi. Bəzən isə bu haldan təsirlənib az qalırdı hönkür-hönkür ağlasın. Ürəkaçıqlığı ilə qəbul ediləcək bir yerə getməkdən ötrü burnunun ucu göynəyirdi.

Annetə münasibətində heç bir bəd niyyət güdmədiyini deyəndə həqiqəti söyləmişdi. O, Hansın əldən-ayaqdan gedəcəyi qadınlardan deyildi. Hans özü kimi hündürboy, geniş sinə, mavi gözlü qadınları xoşlayırdı. O, adətən tökməbədənli, güclü, qüvvətli və ehtiraslı qadınların dalınca düşərdi. Nərmə-naziklik, xırdaca burun, qara gözlər, uzunsov çöhrə oğlanın zövqünü oxşaya bilməzdi.

Bu qız isə o vaxt sanki onu ovsunlamış, cəsarətsiz, ürəksiz etmişdi. Əgər Hans o zaman alman ordusunun qələbəsindən eləcə vəcdə gəlməsəydi, yorğun və eyni zamanda əsəbi olmasaydı və boş mədəsinə bir o qədər çaxır tökməsəydi, belə bir qıza tamah salmaq ağlına gəlməzdi…

… Hans iki həftə heç yerə çıxa bilmədi. O vaxt ərzaq şeylərini fermada qoyub qayıtmışdı və şübhə etmirdi ki, qocalar aj qurd kimi onlara daraşacaq. Annet də, özünü naza qoymasına baxmayaraq, tamahını saxlaya bilməyib ata-anasına qoşulacaq. Bu fransızlar belədirlər: dara düşəndə tula payına da şükür edirlər.

Doğrudur, Annet ona nifrət bəsləyir (özü də necə? – Allah sən saxla), amma donuz əti-elə donuz ətidir, pendir də ki, pendir.

Annet oğlanın fikrindən-xəyalından çıxmırdı. Qızın ona nifrət bəsləməsi Hansı narahat edir, əsəblərini qıcıqlandırırdı. O, qadınların xoşuna gəlməyə öyrəşmişdi. Gözəl günlərin birində Annet də ona vurulardısa, lap qiyamət olardı. Hans onun ilk sevgilisidir.

Münhendə tələbələr pivə içə-içə danışırdılar ki, o, filan qadının ilk sevgilisidir. Qadın ondan başqa bir kimsə ilə olmayıb. Və bundan sonra heç kəsi onun kimi sevə bilməyəcək. O, indiyə qədər hansı qızın dalınca düşmüşdüsə rədd cavabı almamışdı.

Hans özü-özünə güldü və gözlərində hiyləgər ifadə yarandı. Axır ki, bir gün əlinə fermaya getmək imkanı düşdü. Özü ilə pendir, yağ, qənd, bir banka kolbasa konservi, azacıq kofe götürüb motosikletə mindi. Ancaq bu səfər Anneti görmək ona nəsib olmadı. O, atası ilə tarlada işləyirdi. Qarı həyətdə vurnuxurdu. Hansın gətirdiyi bükülünü görəndə gözlərinə işıq gəldi. Hansı özü ilə mətbəxə apardı. Bükülünün ipini açanda onun əlləri titrəyirdi. Hansın gətirdiklərini görəndə gözləri yaşardı:

– Sən çox xeyirxahsan, – dedi.

Hans nəzakətlə:

– Otura bilərəm? – deyə soruşdu.

– Əlbəttə, əlbəttə.

Qarı pəncərədən bayıra boylandı. Hans başa düşdü ki, o, qızının gəlib-gəlmədiyini öyrənmək istəyir.

– Bəlkə bir stəkan çaxır içəsən?

– Məmnuniyyətlə.

Yeməyə olan ehtiyac qarını dəyişdirmişdi. Tam dostcasına da olmasa hər halda onun münasibətində bir səmimiyyət yaranmışdı. Pəncərədən eşiyə boylanması da bu münasibətin get-gedə yaxşılaşmasına dəlalət edirdi. Hans:

– Donuz əti xoşunuza gəldi?

– Beləsinə çoxdandı tamarzı idik.

– Gələn dəfə yenə gətirərəm. Annetin necə-xoşuna gəldi?

– O, gətirdiklərinin heç birinə toxunmayıb. «Acından ölərəm, amma yemərəm», – deyir.

– Ağılsız.

– Elə mən də belə dedim. Deyirəm ki, yemək var, daha özünü naza qoymağın nə adı?

Hans çaxır içir və onlar səmimi söhbət edirdilər. O öyrəndi ki, qadının adı madam Peryedir. Hans ailənin digər üzvlərinin olub-olmaması ilə maraqlandı. Qarı dərindən köksünü ötürdü: «Yox, yoxdur». Bir oğulları varmış, o da müharibə başlananda səfərbərliyə alınıb və həlak olub. O, cəbhədə ölməmişdi. Ağ ciyərlərinə soyuq dəyibmiş. Nansidəki hospitalda keçinmişdi.

Hans:

– Kədərinizə şərik oluram, – dedi.

– Nə bilim, bəlkə də belə məsləhət imiş. Xarakter etibarı ilə o da Annetə oxşayırdı. Tərsin biri idi. Ordumuzun məğlubiyyətinə dözməyib özünü onsuz da güdaza verəcəkdi. – O, yenə ah çəkdi. – Eh, əziz dost, əslinə baxsaq, bizi satdılar, yoxsa…

– Axı nəyin xətrinə polyakları müdafiə etmək istəyirdiniz? Nəyinizə lazım idi?

– Haqlısınız. Əgər Polşanı tutmaqda Hitlerə mane olmasaydıq, o, bizə dəyib-dolaşmazdı.

Gedərkən Hans bildirdi ki, yaxınlarda yenə gələcək. Sonra əlavə etdi:

– Donuz əti də yadımdan çıxmaz.

Vəziyyət Hansın əl-qolunu açdı. O, hərbi hissənin tapşırığına görə vacib bir işdən ötrü həftədə iki dəfə qonşu şəhərə getməli olur, fürsətdən istifadə edərək tez-tez fermaya baş çəkirdi. Yolunu oradan salanda isə Annetgilin qapısını boş əllə açmırdı. Ancaq Annetlə arası düzəlmirdi ki, düzəlmirdi. Onun xoşuna gəlmək, etimadını qazanmaq üçün öz təsirini göstərə biləcək bütün vasitələrə əl atırdı. Amma Annet həmişə acı istehza ilə onları qarşılayırdı. Dodaqlarını bir-birinə möhkəmcə sıxaraq oğlana elə təkəbbürlə baxırdı ki, sanki dünyada Hansdan əclafı yox idi. Hərdən oğlanı elə hirsləndirirdi ki, Hans özündən çıxıb onun çiyinlərindən tutmaq, ürəyi qopub ayaqlarının altına düşənə kimi silkələmək istəyirdi. Nəhayət, bir dəfə qızı təklikdə tutdu. Annet ayağa qalxıb getmək istəyəndə onun yolunu kəsdi:

– Dayan, hara gedirsən? Səninlə danışmaq istəyirəm.

– Buyur, mən qadınam, köməksizəm!

– Gör nə deyirəm. Mən biləni, biz hələ burada çox qalacağıq. Siz fransızlar üçün dolanışıq asan keçməyəcək. Əksinə, gündən günə çətinləşəcək. Mənim sizə yalnız və yalnız köməyim dəyə bilər. Axı nə üçün atanla-anan kimi sən də ağıla gəlmirsən?

Bu, bir həqiqət idi ki, qoca Perye Hansa münasibəti yaxşılaşdırmışdı. Qocanın onu həqiqətən ürəkdən qəbul etdiyini söyləmək olmazdı. O, soyuq və qaradinməz adam idi, lakin oğlanla nəzakətlə davranırdı. Hətta Hansdan ona tənbəki gətirməyi xahiş etmişdi. Hans pul götürməkdən boyun qaçıranda təşəkkürünü bildirmişdi. Qoca Suassonda baş verən yeniliklərlə maraqlanır, Hansın gətirdiyi qəzetləri hərisliklə qamarlayırdı. Hans fermer oğlu idi. Təsərrüfat işini yaxşı bilirdi. Peryenin babat torpaq sahəsi vardı. Nə çox iri idi, nə də çox balaca. Ən əsası, suvarma üçün yararlı idi. Sahənin kənarları ilə enli çay axıb gedirdi. Fermada meyvə ağacları, şum üçün yararlı yer və otlaq vardı. Qoca işçi qüvvəsinin, gübrənin olmamasından, təsərrüfat avadanlığının əlindən alınmasından və nəticədə sahənin yaman günə qaldığından söhbət açarkən Hans onun halına acıyaraq qulaq asmışdı.

– Nə üçün atamla anam kimi ağıla gəlmədiyimi soruşursan?

Annet donunu əyninə tarım çəkib işarə ilə bədənini göstərdi.

Hans gözlərinə inanmadı. Bərk həyəcanlandı. Qan yanaqlarına yığıldı:

– Sən hamiləsən?

Annet stulda əyləşib başını əlləri arasına aldı, hönkür-hönkür ağladı. Gözünün yaşını tökə-tökə:

– Rüsvayçılıqdır, rüsvayçılıq! – dedi.

Hans Anneti qolları arasına almaq, onu əzizləmək üçün irəli atıldı:

– Sevgilim!

Annet ayağa sıçrayıb onu bir kənara itələdi:

– Toxunma mənə! Çıx, get! Çıx, get! Yoxsa mənə etdiyin azdır?

Qız qaçaraq otaqdan çıxdı. Hans bir neçə dəqiqə yalqız qaldı. O, özünü itirmişdi. Nə edəcəyini bilmirdi.

Hans motosikleti yavaş-yavaş Suasson səmtə sürürdü. Dərin düşüncələrə dalmışdı. Başı boynunun üstündə güclə dururdu.

Həmin gejə ilan vuran yatdı, çiyan vuran yatdı, Hans yata bilmədi, yalnız və yalnız Anneti, onun böyümüş, yumurlanmış qarnı barədə fikirləşirdi. Qız stolun qarşısında əyləşib ağlayanda, göz yaşlarından boğulanda miskin və yazıq görkəm almışdı. Axı Annetin bətnində gəzdirdiyi uşaq onun – Hansın idi.

O, mürgüləyirdi. Birdən yuxusu ərşə çəkildi. Gözlənilməz fikir sanki top atəşinin qəfil və məhvedici dalğası ilə onu yerindən oynatdı: O, Anneti sevirdi! Bu elə heyrət, elə oyanış idi ki, özü də özünə mat-məəttəl qaldı.

Doğrudur, Annet barəsində həmişə düşünmüşdü. Amma heç zaman indiki kimi onu yada salmamışdı. Sadəcə xəyalından keçirmişdi ki, əgər qızı özünə bənd eləyə bilsə, necə də yaxşı olar! Onda bir vaxt güc-bəla ilə nail olduğunu qız özü həvəslə ona təklif edər. Bax, bu olardı əsl qələbə!

Qızda onu başqa qadınlardan fərqləndirən elə bir cazibə, adamı özünə cəlb edəcək gözəllik yox idi. O, Hansın tayı deyildi. Yaxşı, elə isə birdən-birə oğlanın ağlını yerindən oynadan nə idi? Hans axır ki, başa düşdü: bu, məhəbbət idi! Onu səadət duyğusu çulğamışdı. Bu duyğu indiyə qədər həmişə ona yad olmuşdu. O, qızı qucaqlamaq, əzizləmək, gözlərindən axan yaşları öpmək istəyirdi.

Hans bu vaxtadək bir qadın kimi ona yaxınlaşmırdı. Sadəcə, ürəyini almaq, təbəssümünü qazanmaq istəyirdi. Qəribədir, o heç zaman qızı gülümsəyən görməmişdi. Hans onun gözlərində (o gözlər yaraşıqlı idi) məhəbbəti salamlamaq istəyirdi.

Oğlan üç gün Suassondan kənara çıxa bilmədi, lakin üç gün, üç gecə Annet haqqında, doğulacaq körpə haqqında düşüncələrə daldı. Nəhayət, əlinə kəndə getmək girəvəsi düşdü. O, madam Peryenin özünü görmək arzusunda idi. Təsadüfən belə şərait yarandı. Qadınla evdən bir qədər aralıdakı yolda görüşdülər. Madam Perye meşədən çırpı yığıb arxasına şələləmişdi. Onun evə sarı gəldiyini görən Hans motosikleti saxladı. O, bilirdi ki, qadın yalnız gətirdiyi yemək şeylərinə görə ona iltifat göstərir. Amma bu, Hansı qətiyyən narahat etmirdi. Qarının onunla mehriban davranması kifayət idi. Ərzaq məhsullarının xatirinə bundan sonra da özünü elə aparacaqdı. Hans onunla danışmaq istədiyini bildirdi və rija etdi ki, şələni yerə qoysun. O deyilən kimi etdi.

Tutqun bir gün idi. Göydə qara buludlar dolaşırdı, amma soyuq deyildi. Hans:

– Annetin vəziyyətindən xəbərim var, – dedi.

Qadın səksəndi:

– Necə bilmisən? Sənin xəbər tutmağını istəmirdi.

– Özü dedi.

– O gecə qiyamət iş tutdun…

– Ağlıma belə gəlmirdi ki, o …Bəs niyə əvvəllər mənə demirdiniz?

Madam Perye dərdsiz-ələmsiz, özü də Hansı ittiham etmədən, bir elə təqsirli bilmədən, təbiətin adi hadisəsi, xoşagəlməz halı kimi danışmağa başladı. Elə danışırdı ki, sanki inək bala doğarkən ölmüşdü, yaxud güclü yaz şaxtası meyvə ağacını vurmuş, məhsulu zay etmişdi. O, bütün olub-keçənlərdən bağışlanılması mümkün olan, təəssüf doğuracaq hal kimi söz açdı.

Annet həmin məşum gecədən sonra bir neçə gün özünə gələ bilməmiş, yataqda uzanıb qalmışdı. Onun hərarəti yüksək idi. Bir neçə saat aramsız qışqırıb ağladığından qorxurdular ki, ağlını itirər. Həkim tapmaq ağlasığmaz iş idi. Kənd həkimi orduya çağırılmışdı. Suassonda vur-tut iki həkim vardı. Onların da hayı gedib, vayı qalmışdı – çox qoca idilər. Çağırmaq mümkün olsaydı belə, pay-piyada kəndə gətirmək müşkül idi. Həm də həkimlərə şəhərdən kənara çıxmaq qadağan olunmuşdu.

Annetin hərarəti axır ki, düşdü, lakin o özünü yenə də pis hiss edir, yataqdan qalxa bilmirdi. Qalxanda isə rəngi payız yarpağı kimi saralıb solmuşdu. Elə zəifləmişdi ki, baxanda adamın ürəyinin başı ağrıyırdı. Aldığı zərbə ona son dərəcə ağır təsir bağışlamışdı. Bir ay, iki ay keçdi. Müəyyən olunmuş adi qadın kefsizliyinin bütün müddətləri ötdü. Annet isə heç bir şey hiss etmədi. Bu onda həmişə qeyri-müntəzəm baş verirdi. Məsələnin nə yerdə olduğunu ilk dəfə madam Perye anladı. O, qızını sorğu-suala tutdu. Və hər ikisinin ürəyinə vahimə çökdü. Amma hələ tam əmin deyildilər və Peryeyə heç nə demədilər. Üçüncü ay da ötəndən sonra artıq şəkk-şübhə yeri qalmadı… Annet uşağa qalmışdı.

Ailənin köhnə bir siroeni vardı. Müharibədən əvvəl madam Perye həftədə iki dəfə səhərlər merdən-meyvədən yığıb ona yükləyər, Suassondakı bazara aparardı. Anjaq almanların işğalından sonra satmağa o qədər az şey qalmışdı ki, ondan ötrü maşın işə salmağa dəyməzdi. Benzin də qəhətə çıxmışdı. İndi isə ayrı əlac yox idi. Bir təhər benzin tapıb şəhərə yollandılar. İndi küçələrdə yalnız alman maşınları dolaşırdı. Hər tərəfdə alman əsgərləri gözə dəyirdi. Lövhələr alman dilində idi. Təkjə şəhər komendantının imzaladığı «Əhaliyə müraciət» fransızca yazılmışdı. Mağazaların çoxu satışı dayandırmışdı.

Ana-bala tanış qoca həkimin yanına getdilər. Həkim onların şübhələrini təsdiqlədi. O, sadiq katolik olduğundan lazımi köməyi əsirgədi. Qadınlar ağlamağa başlayanda çiyinlərini çəkdi. Üzünü Annetə tutaraq:

– Sən tək deyilsən, – dedi. Sonra əlavə etdi. – İl faut soubbrir.

Başqa həkim də tanıyırdılar. Onun yanına yollandılar. Qapının zəngini basdılar. Bir müddət heç kim cavab vermədi. Nəhayət, qara geyimli, gözlərindən dərd-ələm oxunan bir qadın qapını açdı. Onlar həkimi soruşanda onun çiyinləri titrədi. Almanlar onun ərini masonluq tərəfdarı olduğu üçün həbs etmişdilər. Girov saxlayırdılar. Alman zabitlərinin tez-tez gəldikləri kafedə bomba partlamış, iki nəfər ölmüş, bir neçə nəfər yaralanmışdı. Təyin olunmuş vaxtda günahkarlar ələ verilməsə, o, güllələnəcəkdi.

Qadın xeyirxah adam təsiri bağışlayırdı. Madam Perye üz vermiş bədbəxtlikdən söz açdı. Qadın almanları nəzərdə tutaraq:

– Donuzlar! – deyə özündən çıxdı. Təəssüflə dolu baxışlarını Annetə zilləyərək, – Mənim zavalı balam! – dedi və şəhərdəki mamalardan birinin ünvanını onlara verdi. Bildirdi ki, onun adından istifadə etsinlər. Həmin qadın əlindən gələn köməyi əsirgəməz.

Mama onlara bir neçə dərman verdi. Həmin dərmanları qəbul etdikdən sonra Annetin halı elə qarışdı ki, o dünyanı gözü ilə gördü. Ona elə gəldi ki, artıq Əzrayıl canını alır.

Dərmanın heç bir köməyi dəymədi. Annet uşaq gözləməkdə davam edirdi.

Madam Perye olub-keçənləri Hansa danışdı. Oğlan müxtəsər sükutdan sonra:

– Sabah bazar günüdür, – dedi. – Bekaram. Gələrəm, dərdləşərik. Yeməyə dadlı bir şey gətirərəm.

– İynəmiz yoxdur. Tapa bilməzsən ki?

– Çalışaram tapım.

Qadın şələni arxasına alıb yola düzəldi. Hans Suassona qayıtdı.

Ertəsi gün motosikleti minməkdən ehtiyat edib velosipedə əyləşdi. Ərzaq dolu torbanı velosipedin ramasına bağladı. Torba həmişəkinə nisbətən iri idi. Hans onun içərisinə bir şüşə şampan da qoymuşdu. O, şər qarışanda fermaya çatdı. İşdən sonra ailənin bütün üzvlərinin evə yığışacağına əmin idi. O, mətbəxə keçdi. Ora isti və rahat idi. Madam Perye xörək bişirir, onun əri «Paris soir»i oxuyur, Annet isə corab yamayırdı. Hans:

– Bir baxın, sizə iynə gətirmişəm, – deyərək torbanın ağzını açdı. – Bu parça da sənindir, Annet.

– O mənə lazım deyil!

– Yəni? – Oğlan qımışdı. – Körpə üçün paltar tikməyin vaxtıdır.

Ana söhbətə qarışaraq:

– Doğru deyir, Annet, vaxtdır, – dedi. –Bizimsə heç nəyimiz yoxdur.

Annet başını belə qaldırmadı. Corabı yamamaqda idi. Madam Peryenin həris baxışları torbanı saf-çürük etdi:

– Şampan?!

Hans güldü:

– Onu nə üçün gətirdiyimi bu saat deyəcəyəm. Ağlıma görün nə gəlib. – O, bir anlığa tərəddüd etdi. Sonra stulu götürüb Annetin qarşısında əyləşdi. – Doğrusu, günahımı necə yuyacağımı bilmirəm. Həmin gecə etdiyim hərəkətə görə özümü heç cür bağışlamıram, Annet. Bu, mənim günahım deyil. Bir işdir olub. Məni əhf edə bilərsənmi?

Qız nifrət dolu baxışlarını ona zillədi:

– Heç vaxt! Nə üçün məni rahat buraxmırsan? Həyatımı zəhərlədiyin bəs deyil?

– Elə söhbət də bu barədə gedir. Bəlkə heç zəhərləməmişəm, hə? Uşağın olacağını eşidəndə elə bil bütün dünyanı mənə bağışladılar. İndi məsələ nə isə özgə cürdür. Bilsən, ürəyim necə qürur hissi ilə dolub.

Annet onun üstünə çımxırdı:

– Ürəyin qürur hissi ilə dolub? Hm…

– İstəyirəm ki, sənin uşağın olsun, Annet. Onu məhv edə bilmədiyinə sevinirəm.

– Sən nə cürətlə belə deyirsən?

– Bir qulaq as, indi mənim fikrim-zikrim sizsiniz: körpə ilə sən. Altı aydan sonra müharibə qurtaracaq. İngilislərin bütün ümidləri boşa çıxıb. Yazda onları diz üstə çökdürəcəyik. Onda bizi tərxis edəcəklər. Mən də səninlə evlənəcəyəm.

– Sən? Nə üçün?

Hans rəng verib, rəng aldı. Xəyalından keçirdiyi sözləri fransızca ifadə etməyə özündə qüvvə tapmayıb alman dilində dedi, Annetin almanca başa düşdüyündən xəbəri vardı:

– Ich liebe dich.

Madam Perye:

– O nə deyir? – deyə xəbər aldı.

– Deyir ki, məni sevir.

Annet başını geriyə atıb qəh-qəhə çəkdi. O, gülməkdən uğundu. Heç jür özünü saxlaya bilmirdi. Gözlərindən yaş axırdı. Madam Perye onun yanaqlarını sillələdi. Sonra Hansa müraciətlə:

– Ona fikir vermə, dedi. – İsterikdir. Onun vəziyyətində belə şeylər olur.

Annet güclə nəfəsini dərib özünü ələ aldı. Hans:

– Şampanı nikahımızı qeyd etmək üçün gətirmişəm, – dedi.

Annet:

– Bax, hər şeydən betəri budur. Bir bax ha, bizi axmaqlar, kütbeyinlər məğlubiyyətə uğradıblar.

Hans söhbəti almanca davam etdirdi:

– Uşağa qalmağını öyrənənə kimi səni sevdiyimi bilmirdim. Körpə haqqında eşidəndə isə sanki məni göyün yeddinci qatına qaldırdılar. Mənə elə gəlir ki, səni həmişə sevmişəm.

Madam Perye:

– O nə deyir? – deyə soruşdu.

– Heç nə. Cəfəng-cəfəng şeylər.

Hans təzədən fransız dilinə keçdi. Axı nə üçün Annetin valideynləri onun dediklərini başa düşməsinlər?

– Mən elə indinin özündə də səninlə evlənərdim, amma icazə verməzlər. Nə qədər olmasa müharibədir. Fikirləşmə ki, yoluğun biriyəm. Azdan-çoxdan atamın varıdır. Ailəmizin dolanışığı yaxşıdır. Mən evin böyük oğluyam. Sənin heç nəyə ehtiyacın olmayacaq.

Madam Perye:

– Sən katoliksən? – deyə xəbər aldı.

– Bəli.

– Bax, bu yaxşıdır.

– Biz yaşayan kənd gözəldir, torpaq isə qızıl. Münhendən İnsburqa qədər qarış-qarış gəzsən elə yer tapmazsan. Torpaq da özümüzünküdür. Babam yetmişinci illərin müharibəsindən sonra alıb. Maşınımız da, radiomuz da var. Telefon da çəkdirmişik.

Annet üzünü atasına çevirdi. İstehza ilə:

– Bu centlmen çox alicənabmış! – Hansa nəzər yetirərək: – Hə, əlbəttə. Orada məni – məğlubedilməz ölkədən olan, nikahsız-filansız körpə doğmuş əcnəbi qızını şahlara layiq həyat gözləyir!

Həmişə danışmağa xəsislik göstərən Perye özünü saxlaya bilmədi:

– Sözlərinə şübhə etməmək olar. Mən ötən müharibədə iştirak etmişəm. Bizim heç birimiz özünü dinc şəraitdə olduğu kimi müharibədə aparmayıb. İnsan təbiəti belədir. Heç nə etmək olmaz. Amma indi oğlumuz öldüyü bir vaxtda, qızımızdan savayı heç bir pənahımız yoxdur. Annetin bizi tərk etməsinə razı ola bilmərik.

Hans:

– Mən elə belə də zənn edirdim, – dedi. – Ürəyimə dammışdı ki, təklifim ürəyinizcə olmayacaq. Nə eybi-mən qalaram.

Annet oynaq baxışlarla onu süzdü. Madam Perye:

– Nə demək istəyirsən?

– Mənim özümdən başqa qardaşım da var. O, atamla qalıb ona kömək edə bilər. Kəndiniz mənim xoşuma gəlir. Güclü və ağıllı adam sizin fermanız kimi bir yerdə dağı dağ üstünə qoyar. Müharibədən sonra almanların çoxusu Fransada məskən salacaq. Hamıya bəllidir ki, sizin torpağınız çoxdur, onu əkib-becərən isə az. Bunu Suassonda bizə mühazirə oxuyan gəncdən də eşitmişəm. Onun dediyinə görə, fermanın üçdə biri əkib-becərən olmadığından başlı-başına qalıb.

Pyer və arvadı baxışdılar. Annet onların güzəştə getməyə hazır olduqlarını hiss etdi. Oğulları öləndən sonra elə istədikləri bu deyildimi? Get-gedə qocaldıqları, yalnız yüngül iş görməyə qabil olduqları bir vaxtda onlara fermanın qayğısına qalmağı bacaran sağlam və qüvvətli kürəkən lazım idi.

Madam Perye:

– Hə, bu vəziyyəti dəyişir, – dedi. – Belə bir təklif barədə fikirləşməyə dəyər.

– Səsinizi kəsin! – deyə Annet qəzəblə bağırdı, sonra irəli əyilib odlu baxışlarla almanı nəzərdən keçirdi. – Mən şəhərdəki «Oğlanlar məktəbi»nin müəlliminə könül vermişəm. Biz bir yerdə işləyirdik. Müharibədən sonra evlənəcəyik. O sənin kimi yekəpər və yaraşıqlı deyil, çəlimsiz və zərifdir. Onun gözəlliyi – ağlında, gücü – qəlbinin genişliyindədir. O, yırtıcı deyil, mədəni insandır… Mən onu sevirəm. Özü də bütün varlığımla.

Hans qaş-qabağını salladı. Yatsaydı, yuxusuna belə girməzdi ki, Annet başqa birisini sevə bilər.

– İndi o haradadır?

– Necə fikirləşirsən, harda olar? Əsirlikdə. Siz burada firavan dolanırsınız, o isə Almaniyada acından ölür. Mən sənə nifrət edirəm! Axı bu sözü nə qədər deyərlər? Səni bağışlamağımı xahiş edirsən? Çox nahaq! Öz günahını yumaq istəyirsən? Ağılsızsan! – O, başını geri atdı, onun sifətində sonsuz hüzn vardı. – Mən məhv olmuşam. Amma o məni bağışlayar. Ürəyi yuxa adamdır. Yalnız bircə fikirdən rahatlıq tapmıram: Birdən nə vaxtsa o düşünər ki, sən mənə zor göstərməmisən. Mən yağa, pendirə, ipək coraba görə özümü sənə təslim etmişəm. Bu günə düşən tək mən deyiləm. Fikirləşəndə adam ağlını itirir. Bir gör bizim həyatımız necə olar? Onunla mənim aramda bir almanın belindən gəlmiş uşaq duracaq: sənin kimi zorba, sənin kimi sarı saçlı, sənin kimi göygöz. Ya rəbb! Niyə görə mənə belə cəza verdin?

O, cəld qalxıb mətbəxi tərk etdi. Ortalığa dərin sükut çökdü. Hans məyusanə bir halətlə gözlərini şampan şüşəsinə zillədi. Köksünü ötürüb ayağa qalxdı. Qapıdan çıxanda madam Perye oğlanı ötürdü və:

– Onunla doğrudan evlənmək fikrindəsən? – deyə güclə eşidiləcək səslə soruşdu:

– Bəli, ürək sözümdür. Mən onu sevirəm.

– Onu özünlə aparmazsan ki? Burada qalıb işləyəcəksən?

– Söz verirəm.

– Daha mənim qocamın günləri sınanıb. Lazım olan kimi işləyə bilmir. Evinizdə hər şeyi qardaşınla böləcəksən. Burada isə nəyimiz varsa sənin ixtiyarında olacaq.

– Doğru buyurursunuz.

– Biz Annetin həmin müəllimə ərə getməsinə heç zaman tərəfdar olmamışıq. Amma o vaxtlar oğlumuz sağ idi. Deyirdi: madam ki, Annet ona ərə getmək istəyir, daha niyə mane olursunuz? Annet onu dəlicəsinə sevirdi. İndi isə oğlumuz dünyadan köçünü çəkib, məsələ başqa cürdür. Annet nə qədər can yandırsa belə, fermanın öhdəsindən təkbaşına gələ bilməz.

– Belə torpağı satmaq sadəcə ağılsızlıqdır. Mən insanın torpağa nə qədər bağlı olduğunu yaxşı bilirəm.

Onlar yolacan getdilər. Madam Perye onun əlindən tutdu, ehmalca sıxdı:

– Yenə gəlin, – dedi.

Hans, qadının onun tərəfində durduğunu başa düşürdü. Suassona qayıdarkən bu fikirlə də təsəlli tapdı. Onu narahat edən Annetin başqasını sevməsi idi. Xoşbəxtlikdən həmin oğlan əsirlikdədir. O, buraxılanadək uşaq dünyaya gələr. Bu, şübhəsiz, Annetin Hansa olan münasibətini dəyişər. Qadın tayfasından baş açmaq hər oğulun işi deyil.

Hansgilin kəndində bir qadın yaşayırdı. O öz ərini dəlicəsinə sevirdi. Bu, söz-söhbətə səbəb olmuşdu. Elə ki, qadın doğdu, ərindən zind-zəhləsi getməyə başladı. Həyatdır… nə bilmək olar? Bəlkə belə bir hadisə Annetin başına gəldi, amma xeyirliyə doğru. Körpə doğulandan sonra Hansa bağlandı.

Hans yaxşı oğlandır, dəmdəməkinin birisi deyil. Gərək qız bunu başa düşə, inadından əl götürə, ərə getməyə razılıq verə. İlahi, bayaq Annet başını geriyə atıb oturanda necə həyəcanoyadıcı görünüşü vardı. Necə də gözəl danışırdı. Səhnədəki aktrisa belə həmin rolu onun kimi oynaya bilməzdi. Onun sözləri çox təbii səslənirdi. Həm də etiraf etmək lazımdır ki, fransızlar danışmağın qaydasını bilirlər. Annet, sözsüz, ağıllıdır. Adamı acılayanda belə, ona qulaq asmaq xoşdur. Hansın təhsili bir elə bəd deyil. Ancaq qızın əlinə su tökməyə də yaramır. Qız daha mədənidir. Hans velosipeddə gedə-gedə: «Mən uzunqulağam», – deyə ucadan öz-özünə söyləndi. «Axı mənim boy-buxunlu, güclü, yaraşıqlı olduğumu qız özü öz dili ilə söylədi. Əgər bütün bunlar bir məna kəsb etməsəydi, elə deyərdi? Uşaq barəsində də beləcə dedi. Dedi ki, körpənin gözləri də atasınınkı kimi mavi olacaq.

Əgər onun parlaq, qıvrım saçları və mavi gözləri qızda yaxşı təəssürat oyatmayıbsa, Hansın heç atasından xəbəri yoxdur».

Hans hırıldadı: «Səbrin olsun. Həyat özü göstərər».

Həftələr ötdü. Suassondakı hissənin komandiri yaşlı adam olsa da vasvası deyildi. Əsgərlərin baharı gözlədiyini bilib, sən deyən çox tapşırıq vermir, onları yükləmirdi. Alman qəzetləri xəbər verirdi ki, Luftrvaffe-nin uçuşları İngiltərəni tamam viran qoyub. Ölkənin əhalisi isə çaxnaşmaya düşüb. Alman sualtı qayıqları Britaniya gəmilərini suya qərq edir. Ölkə aclıq çəkir. Böyük dəyişikliklər gözlənilirdi. Yaya qədər hər şey bilinəcəkdi. Şübhəsiz, almanlar bütün dünyaya sahib olacaqdı.

Hans valideynlərinə məktub yazaraq fransız qızı ilə evlənməyə hazırlaşdığını və üstəlik əla fermaya yiyələnəcəyini bildirdi. Qardaşına təklif etdi ki, borc pul tapıb Hansın payına düşən torpaq sahəsini ondan alsın. Hansa pul lazımdır. Fransada torpaq sahəsi almaq istəyir. Müharibədən sonra vəziyyət belə getsə, torpaq sahəsinə qəpik-quruşla yiyələnmək olar.

O, Perye ilə birlikdə fermanı gəzdi. Öz planlarını qocaya danışdı. Hans bildirdi ki, avadanlıqları təzələmək lazımdır. Alman olduğuna görə o, güzəşt alacaq. Traktor köhnəlmişdi. Hans təzəsini, əla birisini Almaniyadan buraya gətirdər. Kotan da asan məsələdir. Ferma gəlir versin deyə ən yeni texnikanın tətbiqinə çalışacaq.

Sonralar madam Perye Hansa ərinin onun haqqında yaxşı fikirdə olduğunu söylədi. İndi qadın Hansla daha mehriban dolanır, hər bazar günü onlarda nahar etməyə çağırırdı. Hansın adını fransızlaşdırıb «Can» çağırırdılar. Hans təsərrüfata kömək etməyə həmişə hazır idi. Annet artıq ağır işləri görə bilmirdi. Hans fermada çox gərəkli idi. Lakin Annet hələ də yolagəlməz olmaqda və Hansa ədavət bəsləməkdə davam edirdi. O heç vaxt oğlanı özü dindirməmişdi. Yalnız Hans sual verəndə dillənirdi. Özü də girəvə tapan kimi otağına keçərdi. Lakin havalar get-gedə soyuduğundan Annet özünün bum-buz otağında qərar tuta bilmirdi. Mətbəxdəki sobanın qarşısında əyləşir, Hans içəridə yoxmuş kimi oğlana diqqət yetirmədən ya tikişlə məşğul olur, ya da mütaliə edirdi. O, sağalmışdı. Rəngi özünə gəlmiş, yanaqları allanmışdı. Annet Hansın gözündə qəşəng idi. Yaxınlaşmaqda olan analıq ona nəsə xüsusi bir məziyyət bəxş etmişdi. Hans ona baxdıqca şadlanırdı.

Bir dəfə fermaya gələrkən uzaqdan madam Peryenin əlini yelləyərək ona dayanmaq işarəsi verdiyini gördü. Hans ayaq saxladı.

– Düz bir saatdır səni gözləyirəm. Fikirləşirdim gəlməzsən. Gərək geri qayıdasan. Pyer ölüb.

– Pyer kimdir?

– Pyer Haven. Annetin ərə getməyə hazırlaşdığı müəllim.

Hansın ürəyi sevincindən titrədi. Xoşbəxtliyə bir bax! İndi o, öz istədiyinə nail olar.

– Annetin halı necədir?

– O ağlamır. Ancaq qanı bərk qaradır. Söhbət eləmək istədim, üstümə elə şığıdı ki… Əgər bu gün gözünə görünsən, bıçağı qarnına soxar.

– Onun ölümündə mən günahkar deyiləm ki. Necə xəbər tutmusunuz?

– Pyerin dostu əsirlikdən qaçıb. O, İsveçrədən keçib özünü Fransaya yetirib. Məktubu Annetə o yazıb. Bu gün səhər aldıq. Demə, məhbuslar hərbi düşərgədə qiyam qaldırıblarmış. Qiyamçılar güllələnib. Pyer də onların arasında imiş.

Hans dillənmədi. Onun fikrincə, Pyer layiq olduğu cəzanı almışdı. Sən bir onların iştahasına bax! Məgər həbs düşərgəsi kurort olmalı imiş?

Madam Perye:

– Özünə gəlmək üçün ona möhlət ver, – dedi. – Sakitləşəndə özüm onunla danışaram. Nə vaxt bizə gəlmək lazım olduğunu yazıb bildirərəm.

– Yaxşı. Mənə kömək edəcəksiniz?

– Xatircəm ola bilərsən. Ərimlə mən razıyıq. Biz hər şeyi ölçüb-biçmişik və bu qənaətə gəlmişik ki, sənin təklifinlə razılaşmaqdan savayı özgə əlacımız yoxdur. Mərim ərim ağılsız deyil. O deyir ki, Fransanın xilası üçün yeganə çıxış yolu almanlarla dilbir olmaqdır. Bir də sən mənim xoşuma gəlirsən. Hələ üstəlik bu fikirdəyəm ki, o müəllimdənsə Annet üçün sən daha layiqli ər ola bilərsən. Bir də sizin uşağınız olacaq.

Hans:

– İstəyirəm oğlum olsun.

– Oğlun olacaq. Ürəyimə damıb. Qəhvə falına da, karta baxmışam. Hər dəfə eyni cür alınır: oğlan olacaq.

Hans motosikleti döndərdi. Minməyə hazırlaşarkən:

– Az qala unutmuşdum: sizə qəzet gətirmişəm.

O, «Paris soir»in üç nömrəsini ona uzatdı. Qoja Perye hər axşam həmin qəzeti oxuyurdu. Orada deyilirdi ki, fransızlar Hitlerin Avropada yaratmağa hazırlaşdığı «yeni qayda ilə» hesablaşmalıdırlar. Alman sualtı qayıqları hər yerdə dənizi yarıb keçir. Baş ştab İngiltərəni diz üstə çökdürmək üçün plan hazırlayıb. Amerikalılar da ingilislərə kömək göstərmək iqtidarında deyillər. Onların hazırlıqları pisdir. Son dərəcə qeyri-operativ və pərakəndədirlər. Fransa üçün fürsət göydən düşmüşdür. Bu fürsətdən istifadə edib alman reyxi ilə loyal əməkdaşlığa qoşulmalı, yeni Avropadakı öz fəxri vəziyyətini bərpa etməlidir.

Qoca bütün bunları diqqətlə oxuyur və görürdü ki, həmin sətirləri almanlar yox, fransızlar özləri yazırlar.

Plutokratların və yəhudilərin məhv ediləcəyi və Fransadakı yoxsul xalqın, nəhayət, öz hüquqlarına çatacağı barədə oxuyanda Perye razılıqla başını tərpətmişdi. «O ağıllı adamlar doğru-düzgün deyirlər. Fransa – əslinə baxanda əkinçilik ölkəsidir, onun dayağı fermerlərdir. Ağıllı düşünülüb».

Bir axşam, artıq Pyer Havenanın ölüm xəbərini aldıqları gündən on gün ötəndə, qabaqcadan əri ilə razılaşmış madam Perye Annetə müraciətlə:

– Bir neçə gün əvvəl Hansa yazmışam ki, sabah bizə gəlsin, – dedi.

– Xəbərdarlıq etdiyin üçün sağ ol. Mən öz otağımdan çıxmayacağam!

– Qulaq as, qızım, axmaqlıq etdiyin yetər. Gözün açıq olsun. Pyer ölüb. Hans səni sevir, səninlə evlənmək istəyir. O, yaraşıqlı oğlandır. Belə əri hər hansı qız özü üçün fəxr sanar. Onun köməyi olmadan biz fermanı necə idarə edərik? O öz pulu ilə traktor və kotan almağa hazırlaşır. Olan olub, keçən keçib. Olub-keçənləri unut getsin.

– Nahaq yerə özünü yorursan, ana. Mən əvvəllər də işləyib başımı saxlayırdım. Bundan sonra da var-qüvvəmlə çalışacağam. Ondan zəhləm gedir. Şöhrət düşkünü olmasına, lovğalığına görə nifrət edirəm. Onu öldürməyə də hazıram. Amma qanını içsəm də ürəyim uf deməz. Ona mənə verdiyi əzab kimi bir əzab vermək, məni yaraladığı kimi bir yara vurmaq, dağ çəkmək istəyirəm. Bax, onda rahatca ölərəm.

– Zavallı balam, lap ağılsızsan.

Pyer söhbətə qoşularaq:

– Anan haqlıdır, qızım, -dedi. – Biz məğlub olmuşuq. Yaranmış vəziyətlə hesablaşmaq lazımdır. Qaliblərlə münasibəti yaxşılaşdırmalıyıq. Biz onlardan daha ağıllıyıq. Əgər imkanlarımızdan ağılla, düşüncə ilə istifadə edə bilsək, qələbə bizim olar. Fransa büsbütün çürüyüb. Ölkəni məhv edən yəhudilər və plutokratlardır. Qəzetləri oxusan, özün başa düşərsən.

– Elə bilirsən o qəzetlərdə yazılanların heç olmasa bir sözünə inanıram? Heç başa düşürsən həmin qəzetləri niyə sənə gətirir? Onlar almanlara satılıb. Orada çıxış edənlər – satqınlardır! İlahi, mənə ömür ver. Camaatın onları tikə-tikə parçalayacağı günü görüm. Hamısı alman pulu ilə satın alınıblar! Donuzlar!

Madam Perye hövsələdən çıxırdı:

– Nə düşmüsən oğlanın üstünə? Doğrudur, o sənə zorla yiyələnib. Onda sərxoş olub, özünü-sözünü bilməyib. Adamın başına iş gələr də! O, atanı da vurmuşdu. Kişi donuz kimi qanına bulanmışdı. Heç oğlana güldən ağır söz dedi?

Perye:

– Xoşagəlməz hadisədir, amma unutdum.

Annet acı-acı güldü:

– Səndən yaxşı keşiş çıxardı. Təhqiri həqiqi xristian ürəyiyumşaqlığı ilə bağışlayırsan.

– Əşi, bir də nə böyük iş olub ki? – madam Perye acıqla dilləndi. – Öz günahını yumaq üçün hər şeyə hazırdır. O olmasaydı, bu neçə ayda atan tənbəkini hardan tapardı? Yalnız ona görə aclıq çəkmədik.

– Əgər sizdə bir gilə mənlik, azacıq ləyaqət hissi olsaydı, onun gətirdiklərini təpəsinə çırpardınız!

– Axı onlardan sən özün də dadmısan. Bəlkə deyəsən: yox?!

– Heç vaxt, heç vaxt.

– Yalan niyə danışırsan? O gətirən pendirdən, yağdan, sardinadan boyun qaçırmısan. Amma yediyin supa həmin ətdən salmışdım. Bu axşamkı salatı götürək: o, yağ tapmasaydı, ona nə qatacaqdıq?

Annet dərindən ah çəkdi, əlini gözlərinə apararaq:

– Doğru buyurursan. Əl uzatmamaq üçün özümü çox məcbur etdim. Amma bacarmadım. Aclıq güc gəldi. Supa ət atıldığından xəbərim vardı. Ancaq buna baxmayaraq yedim. Salatın həmin yağla hazırlandığını da bilirdim. Boyun qaçırmaq istədim, ancaq nəfsimi saxlaya bilmədim. Onu mən yox, mənim bədənimdə əyləşən ac vəhşi yedi.

– Belə, ya qeyri-belə. Supu ki, sən yemisən.

– Bəli. Utana-utana, xəcalət çəkə-çəkə. Onlar əvvəlcə öz tankları, təyyarələri ilə bizim gücümüzü qırdılar. İndi isə köməksiz olduğumuz bir vaxtda aclığın əlilə ruhumuzu qırırlar.

– Heç nədən tamaşa çıxarmaq əbəsdir. Təhsil alsan da, siyasətin yoxdur. Olub-keçənləri unut. Uşağına ata lazımdır. Hələ ferma üçün belə qiymətli işçinin əlimizə düşdüyünü demirəm. O, iki muzdurun işini görməyə qadirdir. Bunları fikirləş.

Annet yorğun-yorğun çiyinlərini çəkdi. Otağa lal sükut hakim kəsildi.

Ertəsi gün Hans gəldi. Annet qaşlarını çataraq ona baxdı, amma nə danışdı, nə də yerindən qımıldandı. Daş təki düşüb qaldı. Hans gülümsədi:

– Məndən qaçmadığın üçün təşəkkür edirəm.

– Səni valideynlərim çağırıblar. Özləri isə kəndə gediblər. Fürsətdən istifadə edib səninlə açıq danışmaq istəyirəm. Əyləş.

Hans şinelini və dəbilqəsini çıxartdı, stulu stola yaxın çəkdi.

– Atamla anam sənə ərə getməyimi istəyirlər. Öz payların və yağlı vədlərinlə özünü onlara istətmisən. Atam gətirdiyin qəzetlərdə yazılanların hamısına inanır. Bil və agah ol: mən heç vaxt sənin arvadın olmayacağam! Sənə bütün varlığımla nifrət edirəm! İnsana bu qədər nifrət etməyin mümkünlüyünə özüm də təəccüblənirəm!

– Qoy almanca danışım. Alman dilini bildiyindən dediklərimi daha yaxşı başa düşərsən.

– İki il Ştutqartda iki balaca qızın mürəbbiyəsi olmuşam.

Hans alman dilinə keçdi, qızsa fransız dilində danışmaqda davam etdi:

– Səni odlu məhəbbətlə sevirəm. Yüksək keyfiyyətlərinə, gözəlliyinə heyranam. Bir şeyi başa düşə bilmirəm. Heç bir maneə olmadığı halda niyə mənə ərə getmək istəmirsən. Axı…Pyer ölüb.

Qızın dişi bağırsağını kəsdi:

– Onun adını çəkmə! – deyə bağırdı. – Bir də onun adını dilinə gətirmə!

– Mən yalnız öz hüznümü bildirmək istəyirdim…

– O ölməyib, alman cəlladları tərəfindən al qanına qəltan edilib.

– Başa düş. İllər keçdikcə kədərin də azalacaq. Sevdiyin şəxs öləndə adam elə bilir ki, daha bu dərdə qatlaşa bilmər. Amma tədricən ağrı ötüb keçir. Axı sənin uşağına ata lazımdır.

– Fərz edək ki, heç başqasını sevməmişəm. Məgər sənin alman, özümün isə fransız olduğumu unuda bilərəm? Sən də o biri almanlar kimi axmaq və kütbeyinsən. Yoxsa başa düşərdin ki, sənin belindən gələn uşaq mənim üçün yalnız əbədi tənə ola bilər. Mənim də dostlarım, rəfiqələrim var. Alman əsgərindən olan uşaqla onların gözünə necə görünərəm? Səndən yalnız bircə xahişim var: məni öz iztirablarım və rüsvayçılığımla birgə yalqız burax. Çıx get! Allah xatirinə, get, özü də bir daha buralarda hərlənmə!

– Axı o, həm də mənim uşağımdır. Ondan əlimi necə üzüm?

– Sənin? – Annet təəccüb və eyni zamanda istehza ilə xəbər aldı. – Lənətə gəlmiş sərxoşluqdan törənən uşağı nə haqla özünə övlad sanırsan?

– Sən heç nə başa düşmürsən. Mən fəxr edirəm. Şad və xoşbəxtəm. Eşidəndə ki, uşağın olacaq, o saat başa düşdüm ki, səni sevirəm. Əvvəlcə bu mənim özümə də təəccüblü göründü. Nəyi nəzərdə tutduğumu anlayırsan? Doğulacaq o körpə mənimn üçün hər şey deməkdir! Heç bilmirəm fikrimi necə ifadə edim?! Bu qəlbimdə elə hisslər oyatdı ki, öz-özümü tanımadım.

Annet diqqətlə ona baxdı. Qızın gözlərində qəribə parıltı vardı. O, astaca güldü:

– Bilmirəm daxilimdəki hisslərin hansı güclüdür: almanların vəhşiliyinə nifrət, yoxsa onların sentimentallığına şübhə?

Hans sanki onu eşitmədi:

– Mən həmişə oğlum barəsində fikirləşirəm.

– Oğlan olacağına əminsən?

– Ürəyimə damıb. İstəyirəm onu qollarım üstə alım, yeriməyi öyrədim. Böyüyəndə isə bütün bildiklərimi – at üstündə gəzməyi, güllə atmağı, balıq tutmağı ona öyrədəcəyəm. Mən dünyada ən xoşbəxt ata olacağam!

Annet gözlərini ona zilləyərək rəhmsiz baxışlarla oğlanı süzürdü. Qızın sifəti donuq və sərt ifadə almışdı. Onda qorxunc bir fikir baş qaldırmaqda idi. Hansın dodağı qaçdı:

– Oğlumuzu necə sonsuz məhəbbət və qayğı ilə əzizlədiyimi görəndə məni sevəcəksən. Mən səndən ötrü yaxşı ər olacağam, gözəlim!

Annet dillənmədi. Əvvəlki kimi tutqun nəzərlərlə ona baxdı. Hans:

– Mənə deməyə ürəkaçan bir sözün yoxmu? – deyə soruşdu.

Annet qızardı, əllərini möhkəmcə bir-birinə sıxdı:

– Mən başqalarının nifrətini qazana bilərəm. Amma heç vaxt yol vermərəm ki, özüm-özümə nifrət edim. Sən mənim düşmənimsən və düşmənim olaraq da qalırsan! Mən yalnız və yalnız Fransanın yenidən azad olacağı günü görmək üçün yaşayıram. O gün gələcək! Qoy bir il, iki il gec olsun, lap otuz il sonra olsun, amma o gün gələcək! Qoy başqaları necə istəyirlərsə, o cür də hərəkət etsinlər, amma mən heç vaxt vətənimi əsarət altına alanlarla barışa bilmərəm! Mən sənə də, səndən törənən uşağa da nifrət edirəm! Bəli, biz məğlub olmuşuq. Amma bir gün başa düşərsən ki, biz də döyüşməyə qadirik! İndi isə get. Dünyada heç bir qüvvə mənim qərarımı dəyişə bilməz!

Hans bir-iki dəqiqə susdu. Sonra:

– Həkim barəsində fikirləşmisən? – deyə xəbər aldı. – Bütün xərci öz boynuma götürürəm.

– Nə danışırsan? İstəyirsən rüsvayçılığımızı bütün aləmə car çəkək? Nə lazımdırsa, anam görəcək.

– Bəs doğuş uğursuz keçsə?

– Özgənin işinə burnunu soxma.

Hans köksünü ötürüb ayağa qalxdı və arxasınca qapını örtdü. Annet pəncərənin qarşısında dayanaraq nəzərləri ilə onu ötürürdü. O, oğlanın sözlərini xatırladı. Hiss etdi ki, Hansı tanıyandan bəri ilk dəfədir ki, qəlbində ona qarşı rəhm oyanıb. O, ümidsiz halətlə:

– İlahi, mənə qüvvət ver! – deyə səsləndi.

Uzun illər ailənin sadiq dostu olan qoca həyət iti acıqla hürüb yola sarı addımlayan Hansa tərəf atıldı. Hans neçə ay idi ki, onu özünə öyrəşdirmək istəyirdi, amma nail ola bilmirdi. O, iti tumarlamaq üçün əyiləndə it geri çəkilərək mırıldadı və dişlərini qıcatdı. İt onun üstünə cumanda Hans boşa çıxmış ümidlərinin acığını heyvandan çıxaraq var gücü ilə ona bir təpik vurdu. O, gedib kolların arasına düşdü, sonra axsaya-axsaya, zingildəyə-zingildəyə canını götürüb qaçdı.

– Vəhşi! – Annet qışqırdı. – Hamısı yalandır, yalan, yalan! Mən isə zəifliyimin ucbatımdan az qala ona yazığım gələcəkdi.

Qapının yaxınlığındakı divardan güzgü asılmışdı. Annet özünə baxdı. Qəddini düzəldib əksinə gülümsədi. Amma onun gülüşü gülüşdən çox əsəbi bir istehzanı xatırladırdı.

Artıq mart ayı idi. Suassondakı qarnizonda qızğın iş gedirdi. Ciddi yoxlamalar, sərt hərbi təlim məşqləri əsgərlərə göz açmağa imkan vermirdi. Hərbi hissə harasa köçürüləcəkdi. Bu haqda sıravi əsgərlər yalnız və yalnız fikir yürüdə bilərdilər. Dəqiq heç bir məlumatları yox idi. Bəziləri deyirdilər ki, nəhayət İngiltərəni işğal etməyin vaxtı çatıb. Bəzilərinə görə, onları Balkanlara göndərəcəkdilər. Ukrayna barəsində də söhbət gedirdi.

Hans bərk məşğul idi. Fermaya yalnız iki həftə sonra gedə bildi. Soyuq və tutqun gün idi. Sulu qar yağırdı. Kənd qara donunu əyninə taxmışdı. Könülaçan bir şey gözə dəymirdi. Hans içəri girəndə Madam Perye:

– Sənsən? – deyə həyəcan qarışıq heyrətlə xəbər aldı. – Dedik, bəs ölmüsən.

– Vaxt tapıb gələ bilmirdim. Yola düşmək haqqında hər gün əmr gözləyirik. Hələ ki, xəbər-ətər yoxdur.

– Uşaq bu gün səhər doğuldu. Oğlandır.

Sonsuz sevincdən Hansın ürəyi az qala yerindən oynayacaqdı. O, qarını qucaqlayıb yanağından öpdü:

– Bazar günü doğuldu. Deməli, xoşbəxt olacaq. Bax, indi şampan partlatmağın yeridir. Annetin halı necədir?

– Yaxşıdır. Doğuş asan keçdi. Ötən axşam ağrılar başlandı, səhər saat beşdə isə azad oldu.

Qoca Perye sobanın qarşısında əyləşərək çubuq çəkirdi. O, Hansın necə sevindiyini görüb gülümsədi:

– İlk uşaq hamıya sonsuz fərəh gətirir.

– Uşağın saçları səninki kimi sıx və parlaqdır. Gözləri də göydür. Necə təsəvvür edirdinsə eləcə, – madam Perye dedi. – Ömrümdə bu qədər yaraşıqlı körpə görməmişəm. Eyzən atasına oxşayacaq.

Hans:

– İlahi! Mən xoşbəxtəm! Bundan böyük xoşbəxtlik olarmı? Mən Anneti görmək istəyirəm.

– Bilmirəm, razılıq verərmi? Onu həyəcanlandırmaq olmaz, südü çəkilər.

– Yox, yox. Onda lazım deyil. Heç vəchlə. Əgər məni görmək istəmirsə, sonraya qalsın. Amma heç olmasa, icazə verin bir anlığa uşağa baxım.

– Görüm bir şey edə bilərəm? Çalışaram onu buraya gətirim.

Madam Perye çıxdı. O, yavaş-yavaş pilləkənləri qalxdıqca addımlarının səsi eşidilirdi. Amma az sonra tələsik pillələri endi. Təngnəfəs mətbəxə soxularaq:

– Otaqda heç kim yoxdur! – dedi. – Nə Annet var, nə də körpə!

Perye və Hans qışqırdılar. Hər üçü nə edəcəyini anlamadan pilləkənlə cəld yuxarıya qaçdılar. Qış günəşinin kəskin işığı otağın miskin görkəmini açıb-ağartdı: dəmir çarpayı, ucuz şkaf, komod. Otaqda heç kim yoxdu.

– Bəs o hardadır? – madam Perye fəryad qopardı. – O, dar dəhlizə qaçdı. Qapını taybatay açaraq ucadan qızını səslədi. – Annet! Annet! Oh, ağılsız bala yiyəsi!

– Bəlkə qonaq otağındadır?

Onlar aşağıya-çoxdan adam-insan nəfəsi dəyməyən qonaq otağına sarı qaçdılar. Qapını açanda buz kimi soyuq hava onları vurdu. Sonra anbara baxdılar.

– O, evdən çıxıb gedib. Nəsə dəhşətli hadisə baş verib.

Həyəcanından özünü itirmiş Hans:

– Evdən necə çıxıb gedə bilər? – deyə xəbər aldı.

– Ön qapıdan, ön qapıdan! Heç gör yadımıza düşdü.

Perye gedib baxdı:

– Doğrudur, cəftə açıqdır.

– İlahi! Ulu tanrı! Ağılsızlığı görürsən? – madam Perye bağırdı – O, özünü məhv edəcək.

Hans:

– Onu axtarmalıyıq. Əlimizi-əlimizin üstünə qoyub durmayacağıq ki! – dedi və qeyri-iradi geriyə – mətbəxə tərəf qaçdı. O həmişə yalnız mətbəxə girmiş, mətbəxdən çıxmışdı. Qocalar da onun ardınca qaçdılar.

– Hara getməli?

– Çaya… Heç gör yadımıza düşür? – Qarı nalə qopartdı.

Hans dəhşətdən daşa döndü. Qorxunc nəzərlərini qadına zilləyib qaldı. Madam Perye çığıraraq:

– Qorxuram! – dedi. – Qorxuram!

Hans qapını taybatay açdı. Bu vaxt Annet içəri girdi. Onun əynində yalnız gecə köynəyi və çəhrayı zolaqlı süni ipəkdən olan nazik xalat vardı. Xalatın üzərində açıq göy rəngli güllər çəkilmişdi. O tamam islanmışdı. Yaş saçları başına yapışmış, saçın çiyninə düşmüş kənarları çirklənmişdi. Annetin rəngi son dərəcə avazımışdı. Madam Perye qızına tərəf atılıb onu qucaqladı:

– Harada idin? Yazıq balam, büsbütün islanmısan. Belə də ağılsızlıq olar?

Annet onu kənara itələdi. Baxışlarını Hansa zilləyərək:

– Lap vaxtında gəlmisən! – dedi.

Madam Perye:

– Uşaq hanı? – deyə fəryad qopardı.

– Mən qəti addım atmalıydım. Tərəddüd etsəydim, sonradan qolum qalxmazdı.

– Annet nə etmisən?

– Boynuma düşən vəzifəni yerinə yetirdim. Körpəni çaya basdım. Canı çıxana qədər suyun altında saxladım…

Hans dəhşətlə bağırdı. Onun fəryadı ölümcül yaralanmış vəhşi heyvanın bağırtısını xatırladırdı. O hər iki əlilə üzünü qapadı, sərxoş kimi səndələyə-səndələyə özünü bayıra atdı.

Annet stula çökdü, başını düyünlənmiş yumruqlarına söykəyərək için-için ağladı.

 

 

 

Yazıya 44 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.