Ömər beş bacının bir qardaşı idi. 7 yaşında olarkən – atasını, 14 yaşında olarkən – baba ilə nənəsini itirmişdi. İndi bacılara Ömər baxmalı idi. Necə olmasa, evdə kişi xeylağı bircə o idi.
Yeddinci sinfi bitirən kimi Ömər məktəbi atıb xırda alverə qurşandı. Başqa əlacı yox idi. Ailəni dolandırmaq lazım idi. Anası da bir savad almamış, həm də çöl-bayır görməmişdi. Gedib harada işləyəcəkdi? Özü də dul qadın. Xadimə yeri vardı. Ona da Ömər razı deyildi.
Nə isə. Ömərin hesabına bir qarın ac, bir qarın tox dolanırdılar. Bacılar da yavaş-yavaş böyüyürdülər. Bir neçə il keçdi. Ömərin əsgərlik yaşı gəlib çatdı. Onu orduya apardılar.
Ömər Lənkərandakı hərbi hissəyə düşmüşdü. Bu ara Böyük vətən müharibəsi deyilən müharibə başlandı. SSRİ üzrə səfərbərlik elan olundu. Lənkəran hərbi hissəsindəki əsgər və zabitlər də bir-bir cəbhəyə yola salınırdı. Burada yalnız sınıq-salxaqlar qalmışdı. Ömərin astması vardı. Bəziləri kimi ona da dəymədilər.
Ölkədə müharibə gedirdi. Hitler ordusu yeri-göyü lərzəyə salırdı. Kəndlərdə dolanışıq çox çətinləşmişdi. Amma heç kim səsini çıxarmırdı. Hamı eyni gündə idi.
Ömərin yarı canı qalmışdı ana-bacılarının yanında. Yazdıqlarına görə, birtəhər dolanırdılar. Buna da şükür. Hər halda ac qalmırdılar. Kolxozda onlara iş vermişdilər.
Cəbhədən hər gün bəd xəbərlər gəlirdi. Müharibənin ilk ayları idi. Bəzi evlərin qapılarını qara xəbərlər döyürdü. Bu əsgərlər və zabitlər azalmış hərbi hissədə də hər gün cürbəcür söhbətlər dolaşırdı. Gah deyirdilər Ömər kimi hərbi işə yararsızları da göndərəcəklər ön cəbhəyə. Vuruşmasalar da, oralara bir iş tapılar. Hərbi hissənin təsərrüfat həyatında çalışarlar, yemək bişirərlər, at-arabada yük, çəlləklə su daşıyardılar, kartof soyardılar…
Gah da söz-söhbət gəzirdi ki, onları buraxacaqlar evlərinə. Burada qalıb qarınlarını otarırlar. Gedib kənd-kəsəkdə çalışarlar. Arxanın özü də cəbhədir – arxa cəbhə.
Bir gün komandirləri kapitan Hünər Əlibəyli onları sıraya düzdü. Ömər də, o biri əsgərlər də fikirləşirdilər ki, bu gün onların taleyi həll olunacaq. Ya evlərinə, ya da cəbhəyə gedəcəklər. Lakin gözlədiklərinin əksinə olaraq kapitan özü onlarla xudahafizləşdi:
-Əsgərlər, siz burada qalası oldunuz. Gedən mənəm. Cəbhəyə yola düşməliyəm. Amma sizlərdən birini gərək öz yerimə komandir seçəm. Sizin hansınız hansı ali məktəbi, yaxud texnikumu bitirib?
Əslində bu 15-20 əsgər arasında ali və orta ixtisas təhsili olan yox idi, amma hamısının ürəyindən komandir olmaq keçirdi. Ağıllarına gələn ali məktəbin adını çəkməyə başladılar. Əli dedi:
-Mühəndisliyi bitirmişəm.
Vəli dilləndi:
-Aqronomluq qurtarmışam.
Nağı irəli yeridi:
-Mexanizatorluq oxumuşam.
Tağı buyurdu:
-Zootexniklik savadım var.
Yoldaşlarının yalan-palanlarına qulaq asan Öməri fikir apardı. Komandirlik əldən çıxa bilərdi. Bəs o nə desin? Desin ki, 7-ci sinif təhsilim var?! Yox. Olmaz. Odur ki, cərgədən irəli çıxaraq:
-Komandir, mən aspiranturada oxuyuram, – dedi.
Kapitan Hünər Əlibəylini gülmək tutdu. Lakin açıb-ağartmadı. O kimin hansı yuvanın quşu olduğunu çox gözəl bilirdi. Kapitan cəbhə deyəndə əslində bir günlük aldığı icazəni nəzərdə tuturdu. Atası xəstə idi. Ona dəyib hərbi hissəyə dönəcəkdi. Amma bunu əsgərlərə bildirmədi.
-Deməli, Ömər mənim yerimə olur sizin komandir.
Ömər qulaqlarına inanmadı. Özünü ələ alıb tez:
-Oldu, komandir! – dedi.
Kapitan Hünər Əlibəyli sağollaşıb hərbi hissəni tərk etdi. O gedəndən sonra Ömər əsgərləri yenidən sıraya düzdü:
-Bilirsiniz də, komandirin bir sözünü iki eləmək olmaz. Onun hər sözü, hər əmri qanundur. Kim nizam-intizamı, qayda-qanunu pozsa, o, cəzalanacaq.
Kapitan Hünər Əlibəyli hərbi hissəyə qayıdana kimi Ömər əsgərlərin anadan əmikləri südü burunlarından tökdü. Onları tez-tez sıraya düzür, saatlarla sıra marşları keçirir, qaçış təşkil edirdi. Kapitan Hünər Əlibəyli yalan olmuşdu Ömər gerçək. Kapitanı yada salıb onun atasına rəhmət oxuyurdular. Ömər axşam da əsgərlərə rahatlıq vermədi. Gecənin bir aləmi, yuxunun şirin vaxtında “həyəcan” siqnalı verib onları oyatdı.
Ertəsi gün kapitan Hünər Əlibəyli hərbi hissəyə qayıtdı və iş başına keçdi.
* * *
Müharibəyə yaramayan əsgərləri evlərinə buraxmadılar, cəbhə bölgəsinə yola saldılar. Ömər Stalinqrada yaxın hərbi hissələrin birinə düşdü. Ona da bir iş tapşırmışdılar. Tez-tez evlərinə üçkünc məktublar göndərir, sağ-salamat olduğunu yazır, anasının, bacılarının əhvalından xəbər tuturdu. Ömərin təkidli xahişinə görə ona da avtomat və əl qumbarası vermişdilər. O da döyüşlərə qatılmışdı.
Ömər bir dəfə səngərdə uzanmışdı. Almanlar atəşə ara vermirdilər. Ömər də xala xətrin qalmasın, həm də düşmən hədəfinə tuş gəlməsin deyə arada başını qaldırıb necə gəldi atəş açırdı. İndiyədək əlinə avtomat almışdı? Kənddə gördüyü oraq, dəryaz, balta, bel, yaba idi. Lənkəranda hərbi hissədə olanda da onlara yalnız hərbi marşı, “düz dayan”, “farağat”, “azad” komandalarını öyrətmişdilər. Birdən-birə gətirib atmışdılar müharibə meydanına.
Sən demə, komandiri ona göz qoyurmuş. Sir-sifətindən, ləhcəsindən bilinirdi ki, başqa millətin nümayəndəsidir. Ömərin neçə gəldi güllə atmağı onu haldan çıxarıbmış. Əyilə-əyilə Ömərə yaxınlaşaraq pozuq rus dilində:
-Soldat, sənin ananı…
Onun ana söyüşü Öməri cin atına mindirdi. Bayaq yapışdı mayorun boğazından:
-Sənin, ananı da, bacını da… Əclaf mənim anam namaz qılır, oruc tutur, onu söyürsən? Bu dəqiqə avtomat güllələrini bədəninə sıxacam.
Mayor yalvar-yaxar edib ayağa qalxdı və üzr istədi:
-İzvini, brat…
Əlini uzadıb Ömərin avtomatını aldı:
-İndi mən sənə göstərərəm ki, necə atmaq lazımdır.
Mayor ayağa qalxıb:
-Elə yox, gülləni belə atarlar!– deyə atəşi açmaq istəyəndə tir-tap yerə sərildi. Düşmən onu qabaqlamışdı. Alman gülləsi onun alnına dəymişdi.
Ömər tez onun başının üstünü kəsdirdi. Komandir ölmüşdü. Ömər ana söyüşünü ona qaytararaq:
-Atəşi mənim kimi açmaq lazım idi, – dedi, -elə atarsan, belə gorbagor olarsan!..
…Bir müddət keçdi. Ömərin məktubları kəsildi.
Kənddə bir nigarançılıq yaşanırdı. Ana və beş bacı Ömərə görə narahat idilər. Az keçmiş qara xəbər aldılar. Beş bacının bir qardaşı itkin düşmüş, həlak olmuşdu.
Ömərə yas tutdular, üçünü, yeddisini, qırxını verdilər. Qəbiristanlıqda rəmzi başdaşı da qoydular. Qohum-əqrəba, ana və bacılar “Ömər!!!” – deyib göz yaşı tökürdülər. Onlara təsəlli verərək: “Bu tək sizin başınıza gələn bəla deyil ha! Kərim kişi, Vəfa xanım, Qızxanım qarı, Hidayət kişi, Çopur Məlik, neçə-neçə ev, ailə siz gündədir. Müharibədir, nə edəsən? Qansız-qadasız olmur. Özünüzü öldürməyin, özünüzü üzməyin, səbir edin!”
Böyük bacı gözü yaşlı cəhrədə yun əyirirdi. Fikir-xəyal onu tərk etmirdi. Birdən ayağa sıçrayaraq:
-Ay ana, Ömər sağdır! – dedi.
Fatma arvad yaxın gəldi:
-Nə bildin, ay qızım?
Böyük bacı:
-Bu cəhrə dedi.
Fatma arvad salavat çevirdi: “Görəcəkli günlərimiz varmış. Öməri əlimizdən müharibə aldı. Bu qızın da deyəsən başına hava gəlib. Cəhrə də danışar?”
-Qızım, toxta. Qardaşın həlak olub. Qırxını da verdik!
-Yox, ay ana, Ömər sağdır!
Anasının təəccüblə baxdığını görən böyük qız israrla:
-Anacan, vallah cəhrənin səsindən duydum ki, qardaşım sağdır.
Fatma arvad qızını qucaqladı, onu sakitləşdirməyə çalışdı. Eyni zamanda özünü saxlaya bilməyib göz yaşlarını tökdü:
-Ömər vay! Cavan canın torpaq oldu! Müharibə törədənin tifağı dağılsın!
Böyük qız inamla:
-Anacan, ağlama, – dedi, -Allah-taala gec-tez biz sevindirəcək!
Qızının hərəkətindən və sözlərindən məyus olan Fatma arvad o biri qızlarına baxdı. Yəni “Görürsünüzmü, bacınız havalanıb”.
Bacılar da təəssüflə böyük bacıya baxır, lakin bir söz demirdilər. Böyük qız:
-Mənə inanın!
O, sözünü qurtarar-qurtarmaz həyət qapısı açıldı… Hamını heyrət götürdü. Lap möcüzə idi. Ömər əsgər şinelində və uzunboğaz hərbi çəkmələrdə, başında əsgər papağı, çiynində hərbi çanta göründü. Ardınca da kənd camaatı. Eşidib-bilən, görən Fatma arvadın evinə sarı axışırdı. Ana və bacılar Ömərin üstünə atıldılar.
Sən demə, Ömər ölməyib, yaralanıbmış. Sonradan onu meşədən tapıblarmış. O, sürünə-sürünə özünü meşəyə veribmiş ki, almanlar onu tapa bilməsinlər. Burada huşunu itirib qalıbmış. Avtomatı da yanında idi. Onu tapan kimi, hərbi hospitalda yerləşdirmişdilər. Sağalandan sonra da bir həftəlik evə buraxmışdılar.
Ana və beş bacı göz yaşlarını saxlaya bilmirdilər. Bu yaşlar artıq qəm-qüssə, kədər yaşları deyil, sevinc yaşları idi.
Bakı şəhəri, 10 may 2023-cü il
Yazıya 132 dəfə baxılıb