Gündüz Sevindik – Atalar sözləri əruz vəzninin sehrində…

gunduzAtalar sözləri, zərbi-məsəllər… Yüz illərdən süzülüb gələn, demək olar ki, həyatımızın və dünyamızın istənilən tərəfləri ilə uzlaşan, ən vacib həyat yaşamlarımızı parlaq şəkildə ifadə edən atalar sözləri öz aktuallığını, öz dəyərini həmişə qoruyub saxlayır, dillərdən dillərə ötürülür, daha da geniş yayılır. Cünki, ən böyük və ən yarıdıcı ünsür elə xalqın özüdür. Elə bir insan tapılmaz ki, ən azı bir neçə atalar sözləri, zərbi-məsəllər bilməmiş olsun. Biz evdə də, cəmiyyətdəki gündəlik iş fəaliyyətimizdə də insanlarla ünsiyyətdə məqamından asılı olaraq istər-istəməz atalar sözlərindən daim istifadə edirik.

Milli mənəvi dəyərlərimiz kimi bizim ədəbiyyatımız da olduqca zəngin və genişdir. Ürəklə demək olar ki, Azərbaycan ədəbiyyatı Şərq, Avropa, hətta dünya ədəbiyyatı sırasında öz yeri, ayrıca çəkisi, sanbalı olan ədəbiyyatdır. Azərbaycan ədəbiyyatının, xüsusən klassik Azərbaycan ədəbiyyatının görkəmli simaları olan mütəfəkkir-şairlərimiz ədəbi aləmə ölməz sənət əsərləri bəxş etməklə yanaşı, eyni zamanda doğma dilimizin inkişafı və qorunması üçün misilsiz xidmətlər göstəriblər. “Xalq və ədəbiyyat” prinsipi bizim şair və yazıçılar üçün ən ümdə, ən başlıca predmet olub həmişə. Demək olar ki, əksər şairlərimiz öz əsərlərindəki xəlqiliyi, təbiiliyi, sadə el dilinin gözəlliyini ön planda təqdim etmək üçün əllərindən gələni ediblər. İstər nəsr ədəbiyyatımız, istərsə də nəzm ədəbiyyatımız bu baxımdan olduqca zəngin və oxunaqlıdır. Şairlərimizin bir üstün cəhəti də el deyimlərinin, zərbi-məsəllərin, atalar sözlərinin şeirə gətirilməsi, misradaxili yerinə düşdükdə onlardan lazımınca istifadə etmələridir. Biz özümüz adi ünsiyyətdə atalar sözlərdən çox istifadə edirik, amma bir çoxlarımız onların əslində şeir dili olmasının fərqində olmuruq, hətta bəzi atalar sözlərinin vəznlərin şahı olan əruz vəznində olduğunu belə bilmirik… Bu yazını yazmaqda əsas məqsədim də elə budur. Sizləri sırf əruz vəznində olan bəzi atalar sözləri ilə tanış etmək. Əslində biz bu atalar sözləri ilə çoxdan tanışıq. Çünki hər birimiz bu tip deyimlərdən, atalar sözlərindən demək olar ki, çox istifadə etmişik. Keçək mətləbə!

1958-ci ildə Bakı kinostudiyasının istehsalı olan, milyonlarla tamaşaçının böyük sevgisini qazanan məşhur “Ögey ana” filmində kənd ağsaqqalı Hüseyn dayının Dilarə həkimə (anaya) böyük şair Sədi Şirazidən çəkdiyi bir məsəl hər birimizin çox sevdiyi bir məsəldir. Səbirlə, təmkinlə, dözümlə bağlı olan bu məsəl ən əsası, filmdən əvvəl də Sədinin misralarında idi. Həmin məşhur misraları birgə xatırlayaq:

 

Səbr elə, halva bişər, ey qora, səndən,

Bəsləsən, atlas olar tut yarpağından…

 

Bu beyt (atalar sözü) əruz vəznin ikinci aktiv bəhri olan rəməl bəhrində – üçbölümlü qısa rəməl, yaxud “Həddad” rəməlində yazılıb. Təfiləsi isə belədir: fə’ilAtün fə’ilAtün fə’ilAtün. Müəllif ilk misrada birinci bölüm olan “fə’ilatün”ü “fA’ilatün”lə əvəz edib ki, əruzun qəbul olunan qaydalarına görə bu naqislik deyil. Amma ikinci misranın son bölümündə eyni dəyişikliyin edilməsi ümumi qaydalara ziddir. Sədi Şirazi klassik Şərq poeziyasının ən görkəmli nümayəndələrindən biridir. Onun belə sadə təfilə xətasına yol verdiyini düşünmək doğru olmazdı məncə. Böyük ehtimal bu tərcüməçilərin ani diqqətsizliyinin nəticəsidir. Bütün hallarda bu deyim, bu məsəl bizim “atalar sözləri xəzinəmizə” uğurla daxil olub, bu gün də xalqın dilində işlənməkdədir.

XIX əsrin böyük mütəfəkkir şairi, Füzuli məktəbinin ən layiqli davamçısı Hacı Seyid Əzim Şirvaninin yaradıcılığında el deyimlərinə, atalar sözlərinə rast gəlməyimiz bəlkə də ən normal haldır. Çünki Seyid Əzim Şirvani klassik qəzəl janrının ənənələrini ustad bir şair kimi yaşatmaqla bərabər xəlqiliyin, şeirdəki təbii danışıq üslubunun əsl peşəkarı, əsl novatoru idi. Bunu onun xüsusən satirik janrda yazdığı şeirlərdə daha çox görmək olur. Amma öz lirik qəzəllərinin birində şair deyir:

 

Qonşu toyuğu qaz görünür qonşuya, Seyyid,

Öz yarını tut, başqa nigari nə gərəkdir?

 

Atalar sözü kimi dil xəzinəmizə daxil olan ilk misra əruzun birinci aktiv bəhri olan həzəc bəhrinin 8-ci növündə – dördbölümlü sınıq açıq naqis həzəcdə qələmə alınıb. Beytin təfiləsi belədir: məf’Ulü məfA’ilü məfA’ilü fə’Ulün. Dilimizdə olan “Qonşu toyuğu qaz görünür qonşuya” deyiminin bu şəkildə, bir qədər də yumor hissinə köklənmiş bu misranın ustad şair tərəfindən poeziyaya gətirilməsi, ən əsası özündən sonra gələn misra ilə öz arasındakı rabitəni möhtəşəm şəkildə tamamlaması nəticə etibarı ilə poetik panoramanın uğurlu təqdimatıdır.

Xasiyyətcə çətin, etdiyi yaxşılığı başa qaxan, insanları naümid qoyan adamlar haqqında demək olar ki, az qala hər kəsin sevə-sevə işlətdiyi digər bir atalar sözünə nəzər yetirək:

“Keçmə namərd körpüsündən qoy aparsın sel səni…” Bu atalar sözü yazılışına görə özünün bütün komponentlərində rəməl bəhrinin ikinci növünün, dördbölümü bütöv naqis rəməlin ölçülərini tam ödəyir. Bu atalar sözümüz də bəhrin fA’ilAtün fA’ilAtün fA’ilatün fA’ilun qəliblərinə uyğundur. Göründüyü kimi dillər əzbəri olan bu atalar sözü də sözügedən vəznin öz gözəlliyini özündə ehtiva edir. Beyt formasına salmalı olsaq misranın ardınca eyni bəhrdə (rəməldə), eyni təfilədə davamı gəlir və rədif-qafiyə sistemində qüsur yaransa da, nəticə etibarilə iki misradan ibarət bir beyt düzəlir:

 

Keçmə namərd körpüsündən, qoy aparsın sel səni,

Yatma tülkü kölgəsində, qoy yesin aslan səni.

 

Özümüzün çatışmayan, mənfi tərəflərimizdən danışanda istər-istəməz bəzən yarızafat, yarıgerçək böyük şair Mirzə Ələkbər Sabirin bu misralarını xatırlayıb, hətta azacıq gülümsəyərək zərbi-məsəl kimi öz həmsöhbətimizə deyirik:

 

Çırmanırıq keçməyə çay gəlməmiş,

Başlayırıq qızmağa yay gəlməmiş,

Söz veririk indi – bir ay gəlməmiş,

Asta qaçıb dürtülərik xəlvətə

Kim nə deyər bizdə olan qeyrətə?!

 

Az qala dilimizə yapışan bu şeir sənətkar qələmi ilə əruz vəzninin səri bəhrinin (aktiv səri) birinci növündə yazılıb. Təfiləsi də digər bəhrlərin təfilələrinə nisbətən sadə və olduqca oynaqdır: müftə’ilün müftə’ilün fA’ilün. Ümumiyyətlə, M.Ə.Sabir yaradıcılığında indiki dövrümüzdə öz aktuallağını, öz reallığını kifayət qədər əks etdirən yüzlərlə belə zərbi-məsəllər, fikir-deyimlər mövcuddur. Sabirə məxsus “Adəmi adəm eləyən parədir, Parəsiz adəmin üzü qarədir”, “Pulsuz kişi, insanlığı asanmı sanırsan?”, “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin” və bu qəbildən olan çoxlu sayda şeir misraları xalqın dilində zərbi-məsəllər kimi çox işlənir və söhbətimizə uyğun olaraq bu şeir misralarının hər biri əruz vəznində yazılmış nümunələrdir. Təsadüfi deyil ki, elə bir insan tapılmaz ki, iki şairimizdən – M.Ə.Sabirdən, bir də Səməd Vurğundan bir misra da olsa şeir əzbər bilməmiş olsun. Lap həmin şəxslər orta məktəbi güc-bəla ilə bitirmiş olsalar belə…

 

Anlayan olsa əgər bəs eləyər bir qətrə,

Qanamayan qanmayacaq, boğsan onu dəryadə.

 

6-cı növ – dördbölümlü qısa incə rəməldə və fA’ilatün fə’ilAtün fə’ilAtün fə’lün təfiləsində yazılmış bu beytin müəllifi isə XX əsrin böyük qəzəlxanı Əliağa Vahiddir. “Arifə bir işarə də kifayətdir” deyimini, eyni zamanda söz anlamayan, sözdən bixəbər nadan kəslərin təsvirini əruzda bundan gözəl, bundan möhtəşəm təqdim etmək olardımı? Əsla… Cəmiyyətdə bu beytin “qəhrəmanları” da az deyil. Hər dəfə belələri ilə rastlaşanda istər-istəməz Vahidin bu beytini xatırlamalı oluruq.

Xalq artisti, opera sənətimizin parlaq nümayəndələrindən biri, “Kor ərəbin ariyası”na öz bənzərsiz möhürünü vurmuş, Xalq artisti Ətayə Əliyevanın qardaşı, mərhum sənətkar Məmmədəli Əliyevi tanımayan, sevməyən insan yoxdur. Məmmədəli Əliyev “Sail” təxəllüsü ilə şirin, yaddaqalan qəzəllərin müəllifidir həm də. Onun qəzəllərində də atalar sözləri ustalıqla işlədilərək yaradıcılığına ayrıca rəng qatır. “Bir şəm’ ki, həqdən yana, heç bad ilə sönməz!” – atalar sözünü şair qəzəllərinin birində olduqca sağlam şəkildə, həzəc bəhrinin səkkizinci növündə, dördbölümlü sınıq naqis həzəcdə işlədə bilib. Əruzşünaslar tərəfindən həzəcin bu növü adətən “müstəzad həzəci” də adlanır. Misranın təfiləsi isə belədir: məf’Ulü məf’Ailü məfA’ilü fə’Ulün. Bu atalar sözü də el dilində ən çox işlənən atalar sözlərindən biridir ki, misra olaraq tam formada, eyni zamanda yazılışı qeyd olunduğu kimi əruzun həzəc bəhrindədir. Məmmədəli Saildən digər parlaq bir nümunə: “Xəlq ara incə məsəl var, dolu dəryayə düşər”. Qəzəlin bir misrası olan bu atalar sözümüz rəməl bəhrinin altıncı növündə – dördbölümlü qısa incə rəməldə yazılaraq uğurla şeirə gətirilib. Müəllif misranın ilk təfilə bölümündə “fə’ilAtün”ü “fA’ilatün”lə əvəz edib. Əsas olan odur ki, şair özü bu deyimin xalq arasında incə məsəl olduğunu da misranın içərisində böyük ustalıqla deyə bilib: “Xəlq ara incə məsəl var, dolu dəryayə düşər”…

 

Eləsin gül yanağından mənə bir busə əta,

Varlının borcudu yoxsullara imdad eləsin – Əliağa Vahid məktəbinin davamçısı, görkəmli qəzəl şairi Hacı Mailin məşhur qəzəlindən seçdiyim bu beytin ilk misrasındakı deyim el arasında da kifayət qədər sevilir və məqamı düşəndə söylənilir, məsəl çəkilir. Qeyd edim ki, bu beyt də rəməl bəhrində – altıncı növ dördbölümlü qısa incə rəməldə, fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün təfiləsində qələmə alınıb.

Yuxarıda qeyd olunduğu kimi, klassik Azərbaycan şairlərinin şeirlərində belə misallar, belə nümunələr saysız-hesabsızdır. Dahi Nizami Gəncəvinin demək olar ki, az qala hər beyti, hər misrası özlüyündə bir atalar sözü, zərbi-məsəl, müdrik kəlam toplusudur. Amma biz yalnız əruz vəznində olan atalar sözlərindən danışdığımız üçün Nizami Gəncəvinin tərcümədən gələn heca vəznli şeirlərindən nümunələr göstərmirik.

Olduqca sevindirici haldır ki, çağdaş klassik ədəbiyyatımızda bu gün bu ənənəni, bu yolu olduqca uğurlu şəkildə davam etdirən gənc əruzçu şairlərimiz vardır. Öz şeirlərində zərbi-məsəllərdən məharətlə istifadə edən şairlərimizdən Vüqar Rahi və İlkin Xaliqi buna misal çəkmək olar. Hər iki şairin yazdığı, müstəzad janrında olan gözəl bir şeirdə qeyd olunan bu bəndin üstündən gözüyumulu keçmək olmur. Bənd Vüqar Rahiyə məxsusdur:

 

Ördək də çaşar getsə əgər qaz yerişiylə,

Getsin gedişiylə!

Lazımdı ki, məşğul ola hər kəs öz işiylə –

Hər kəs öz işiylə!

 

Həzəc bəhrinin səkkizinci növündə – dördbölümlü sınıq açıq həzəc bəhrində yazılmış bu şeirin qəlibləri belədir: məf’Ulü məfA’ilü məfA’ilü fə’Ulün. Sözü, şeiri ucuz tutanlara, qafiyəpərdazlıq edən boş-bekar, amma kifayət qədər iddialı adamlara ünvanlanmış bu şeirdəki müqayisə hazırkı dövrümüz üçün tam yerinə düşən bir şeirdir. Şeirin ilk misrasındakı “Ördək də çaşar getsə əgər qaz yerişiylə” ifadəsi xalq arasında ən məşhur olan deyim kimi bu şeirdə də dolğun şəkildə yerini tapır və ədəbi mühitə xələl gətirənlərin bədii obrazını tamamlayır. Rəhmətlik Baba Pünhan demişkən: “Qələm ucuz, varaq ucuz, yazan yazanə söykənib…”

Şairlərimizdən nümunələr gətiyrdiyim beytlərin sayını kifayət qədər artırmaq da olar. Əminəm ki, bu yazını oxuduqca sizlərin də yadına sevdiyiniz şairlərdən sevdiyiniz beytlər düşür, xalqın dilində, yaddaşında qalan, bu gün aforizmə, müdrik kəlamlara, atalar sözlərinə, zərbi-məsəllərə çevrilən həmin dəyərli beytləri, misraları xatırlayırsınız, təkrar-təkrar öz-özünüzə deyirsiniz.

Əruz vəzninin özünəməxsus geniş imkanları şeir dilimizi rəngarəng etməklə bərabər atalar sözlərimizin də bu vəzndə şeirə gətirilməsinə imkan yaradır ki, görkəmli qələm ustalarımız da bu imkanlardan məharətlə istifadə edirlər, poeziyamıza xidmət edən milli mənəvi dəyərlərimizi daha da zənginləşdirirlər. Bu da bizim doğma ana dilimizin, milli mənəvi dəyərlərimizin, böyük poeziyamızın təntənəsi, qələbəsidir!

Yazıya 113 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.