Ecazkar muğam-musiqi dünyamız olduqca zəngin və çoxşaxəlidir. Bu əsrarəngiz dünyanı yaşadanlar, öz bənzərsiz səsləri ilə dünyamıza gözəllik qatan insanlar muğamsevərlərin ürəyində, könüllərində daim yaşayır. Muğam aləminin işıqlanmasında, bu sənətin daha da zirvələrə yüksəlməsində ağcabədili sənətkarların xidmətləri misilsizdir. Ağcabədi muğam dünyasına kimləri bəxş etməyib ki?… Bal kimi şirin səsi ilə “Hər bağın, hər bağçanın bir bülbüli-şeydası var” deyən Əməkdar artist Mütəllim Mütəllimov, təkrarı belə mümkün olmayan, “Mənsuriyyə”si ilə bu sənətə ömürlük öz silinməz möhürünü vuran Xalq artisti Yaqub Məmmədov, opera səhnəmizdə illərlə “Məcnunlarımızın dəyişməz atası” olan Əməkdar artist Səfa Qəhrəmanov, opera sənətimizin “Ərəbzəngi”si deyilərkən dərhal yadımıza və gözümüzün önünə gələn Əməkdar artist Sahibə Əhmədova, daha kimlər, kimlər…
Belə ustadların sırasında daha bir ad var ki, bu ad Azərbaycanın muğam-musiqi salnaməsinə qızıl hərflərlə yazılıb, əbədi olaraq hər kəsin yaddaşına həkk olub. Söhbət ustadlar ustadı hesab edilən, bənzərsiz səsə malik, bu sənətdə özünəməxsus dəsti-xətti olan korifey sənətkar, Əməkdar artist Zülfü Səməd oğlu Adıgözəlovdan gedir.
1898-ci ildə Şuşa qəzasının Qaradolaq kəndində, Ağcabədi rayonunun indiki Qaradolaq kəndində dünyaya göz açan Zülfü Adıgözəlov Qarabağ muğam məktəbinin ən parlaq simalarından biri olub. Bəzi mənbələrdə Qaradolaq kəndi Şuşanın kəndi kimi qələmə verilib. Amma hər kəsə məlumdur ki, Şuşanın Qaradolaq adında kəndi olmayıb və bu günə qədər də Şuşada belə bir kənd mövcud deyil. Bəli, məhz Ağcabədinin Qaradolaq kəndi… Yayın qızmar günlərində də öz gözəlliyi ilə cənnəti xatırladan kənd… İstedadlar məkanı, qədim tarixə malik olan və Zülfü Adıgözəlovun doğma kəndi. O, ilk təhsilini də Ağcabədidə alıb. Hələ gənc yaşlarında olan Zülfü Gəncədə, muğam axşamlarının birində öz şirin, bəlağətli səsi ilə Cabbar Qaryağdıoğlunun diqqətini cəlb edir və onun tərəfindən Bakıya dəvət olunur. Gənc xanəndə burada Üzeyir Hacıbəyli, Qurban Primov, Müslüm Moqamayev kimi böyük musiqişünaslar qarşısında imtahan verərək bu sınaqdan uğurla çıxır. Elə həmin insanların da məsləhəti ilə ovaxtkı Dövlət Radio verilişləri komitəsində işə qəbul olunur. Muğamşünaslar qeyd edirlər ki, Zülfü Adıgözəlov muğam bilicisi olmaqla yanaşı, eyni zamanda muğamların və xalq mahnılarının özünəməxsus ifa məktəbinin yaradıcısıdır. Elmi-nəzəri yazılarda da vurğulanır ki, tanınmış xanəndələr – xalq artistlərindən Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Ağaxan Abdullayev, Əlibaba Məmmədov, Sahib Şükürov, Tələt Qasımov və bir çox sənət adamları məhz onun məktəbinin davamçılarıdır. Zülfü Adıgözəlovun yaratdığı bu irs, bu sənətkarlıq məktəbi Xalq artisti – oğlu Vasif Adıgözəlov, digər oğlu Əməkdar incəsənət xadımi Rauf Adıgözəlov və nəvəsi Xalq artisti Yalçın Adıgözəlli tərəfindən böyük məsuliyyətlə bu günə qədər davam etdirilib və bu gün də etdirilir. Vasif Adıgözəlov, Rauf Adıgözəlov, Yalçın Adıgözəlov… Zülfü məktəbindən bəhrələnmiş bu üç peşəkar musiqiçinin Azərbaycan musiqisinin inkişafında, təbliği işində saysız-hesabsız xidmətləri vardır.
Adını çəkmişkən, mərhum bəstəkar Vasif Adıgözəlov öz xatirələrində danışırdı ki, “atamın ifa etdiyi, eyni zamanda lentə və qrammafon vallarına yazdırdığı “Rast”, “Zabul-Segah”, “Bayatı-Şiraz”, “Mahur-hindi”, “Humayun” muğamları milli musiqi xəzinəmizin ən qiymətli inciləridir. Atam qədim təsnif və xalq mahnılarını oxuyarkən də onların ənənəvi forma və quruluşunu saxlamaqla özünəməxsus nəfəsi, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirib həmişə”.
Vasif Adıgözəlovun fikrincə, atası təkcə muğamlarımızı qorumurdu, həm də Allahın ona verdiyi səsi qoruyurdu. “Bir dəfə Şuşaya getmişdik. Biz hansısa bir bulaqdan su içdik. Sonra atam bulağa yaxınlaşdı, əlini, üzünü yuyandan sonra dedi: Nə gözəl içməli sudur… Ancaq bir udum da olsa həmin sudan içmədi. Çünkü atam səsini qoruyurdu…”
Vasif Adıgözəlovun danışdığı bu şirin xatirənin özündən də məlum olur ki, Zülfü Adıgözəlov Şuşanın buz kimi, şipşirin, minbir dərdin dərmanı olan suyundan özünü məhrum edərək yalnız Allahın ona bəxş etdiyi səsi qoruyub. Deyildiyi kimi, əslində muğamımızı, musiqimizi qoruyub sənətkar. Muğamlarla yanaşı, onun ifasında olan “Mən gedirəm Zəngilana”, “Nəbi”, “Dedim bir busə ver”, “Kəklik” və digər mahnılar da hazırda videotekamızın “Qızıl fondu”nda saxlanılan ən dəyərli, ən gözəl sənət nümunələri kimi qorunub saxlanılır.
Zülfü Adıgözəlovun səsinin, sənətinin vurğunu olan XX əsrin böyük qəzəlxanı, Füzuli məktəbinin layiqli davamçısı Əliağa Vahid qəzəllərində Zülfünün adını xüsusi olaraq vurğulayır, onun adını öz məşhur qəzəllərində əbədiləşdirirdi:
Nə olar, Vahid, əgər məclisimiz sakit ola,
Oxusun bu qəzəli Zülfü ilə Xan bu gecə.
“Bu gecə” rədifli qəzəlin məqtə beytində adları çəkilən sənətkarlardan biri Zülfü Adıgözəlov, digəri isə Xan Şuşinskidir.
Vahid, istərsən əgər məclisimiz xoş keçsin,
Zülfünün “Orta Segah”i, Paşanın tarı gərək.
“Gərək” rədifli digər qəzəlin də məqtə beytində yenə ustad qəzəlxan Əliağa Vahid Zülfünün adını böyük məhəbbətlə çəkir, eyni zamanda məşhur tarzən Paşa Əliyevi də yad edir. Və Vahidlə yanaşı neçə-neçə şairlərimizin misralarda da Zülfünün adı həmin müəlliflər tərəfindən ehtiramla şəkilir.
Azərbaycan kinosunun inkişafında da Zülfü Adıgözəlovun xidmətləri var. Sənətkarın bənzərsiz səsi o vaxt kinomotoqrafçılarımızın da diqqətindən yayınmayıb. “Səbuhi”, “Bakılılar”, “Kəndlilər” filmlərinin çəkilişinə dəvət alan xanəndə bu filmlərdə də öz məlahətli səsini əbədiləşdirib, filmlərimizə ayrıca rəng qatıb.
Musiqimizin keçikçisi, korifey sənətkar Zülfü Adıgözəlov 1963-cü ildə, may ayının 31-də Bakı şəhərində vəfat edib.
Mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin formalaşmasında, onun bu qədər sevilməsində muğam dünyamızın Zülfü adlı sənətkarı indi muğamlarımızın bərdaştında, mayəsində, guşələrində yaşayır.
Nə qədər ki, Azərbaycan musiqisi var, Azərbaycan muğamı var, deməli Zülfü Adıgözəlov da var. Muğam aləmindəki bu ad muğamsevərlərin, Zülfüsevərlərin ürəyində ömürlük möhtəşəm, əzəmətli sənət heykəli kimi daim duracaqdır.
Yazıya 53 dəfə baxılıb