AKİF ABBASOV – ŞİRİN BAŞI

AKİF 100(hekayə)

         Üç yoldaş – Əli, Vəli, Pirvəli meşədə dolaşır, ağac kəsib, odun doğrayır, satıb ev-eşiklərini dolandırırdılar. Pirvəli əfəl olduğundan işə yaramırdı, ona  tapşırmışdılar ki,  yemək hazırlamaqla məşğul olsun. Bir gün, beş gün… Axırda Pirvəli yemək bişirməkdən  bezir. Deyir: “Sizə baxanda mənim işim asandır. Amma bir söz deyim, məni qınamayın. Gördüyüm heç kişiyə yaraşan iş deyil”.

Əli bunu eşidib:

-Nə olar, sabah bizimlə ağac kəsməyə gedərsən, – deyir.

Pirvəli dediyinə peşman olur. Amma namusa boğulub etiraz etmir. O, boy-buxundan yarısa da,  təbiətən ağciyər idi.

Gecə düşür. Hərəsi bir ağaca söykənib gözlərini yummurlar. Pirvəli yuxuda görür ki,  o, ağac kəsir, ağac yıxılmaq üzrədir. Qorxusundan başlayır qaçmağa. Bir də baxanda görür ki, bir az ləng tərpənsə, ağac  onu altına alacaq. Odur ki, dalı-dalı çəkilir. Bu vaxt o biri ağacın arxasından bir şir çıxıb Pirvəlinin üstünə atılır və onun başını ağzına alır.

Pirvəli qışqırıb yuxudan oyanır. Yoldaşları da qalxırlar. Vəli soruşur:

-Nə oldu sənə, Pirvəli? Niyə qışqırırdın? Yuxumuzu da qaçırdın.

Əli də gözlərini ovuşdura-ovuşdura söhbətə qoşulur:

-Ay fərsiz, bizi niyə qoymursan yatmağa? Ağac kəsməkdən yorulub əldən düşmüşük. Lap bezdirdin bizi.

Qan-tər içində olan Pirvəli özünü toplayıb nə desə yaxşıdır? Deyir:

-Ay-vay! Sizin  başınız da şirin ağzında olsaydı, məndən də bərk qışqırardınız!”

                                Bakı şəhər, 01 avqust 2023-cü il

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.