Məriş kişi özünü həyətə salan kimi qışqırdı:
-Pəri, ay Pəri!
Pəri tez özünü yetirdi:
– Hə, Məriş! Nolub?
Məriş üz-gözünün tərini köynəyinin qolu ilə silib:
-Heç nə olmayıb, – dedi. -Acından ölürəm, əl-ayağımı yuyana kimi evdə-eşikdə nə varsa, gətir süfrəyə.
Pəri arvad tələsib mətbəxə qaçdı. Süfrəni gec salsaydı, Məriş özündən çıxacaq, aləmi bir-birinə qatacaqdı. Hələ bu harasıdır? Belə hallarda bir də görürdün acığından boşqabı, çəngəl-bıçağı götürüb qolu getdikcə tullayır.
Yaxşı ki, Pəri arvad salatı bir az əvvəl hazırlayıb qoymuş, çörək pendir doğrayıb qablara yığmışdı. Soğan-sarımsaq da hazır idi. Məriş küftə bozbaşı baş soğanla yeyərdi.
Pəri bozbaş qazanını qazın üstünə qoymuşdu. Tez həyətdə – Çinar ağacının altındakı stolun üstündə süfrə saldı. Əvvəlcə çay, konfet, limon, zoğal mürəbbəsi, sonra çörək, salat, motal pendiri, duzlu xiyar süfrəyə gəldi. Məriş özünü çatdırdı. O, “acından ölürəm” deyəndə Pəri arvad çayını da gətirirdi ki, istəsə əvvəlcə çayını içər, istəməz, istəməsin. Uzağı cay qalıb soyuyacacdı. Onu dəyişmək isə, asandı.
Məriş irad tutmağa bir şey tapmadı. Bozbaş gəlincə, pendir, salatla başını qata bilərdi. Amma əvvəlcə məxməri çay içdi.
Havalar isti keçirdi. Çay lap yerinə düşdü. Pərinin atasına “rəhmət” də oxudu.
Bir neçə gün idi ki, həyətdə ustalar işləyirdilər. İki nəfər idi. Görünmürdülər. Məriş: “Yəqin işlərini görüb gediblər” – deyə fikirləşib qurtarmamışdı ki, ustalar – Məmmədlə Əhməd evin arxa hissəsindən çıxıb gəldilər. Mərişlə salamlaşdılar. Onların gəlişi Pəri arvadın əlində bozbaş kasası süfrəyə yaxınlaşması ilə eyni vaxta düşdü. Məmmədlə Əhməd süfrə üstünə çıxmışdılar. Təklif etməsəydi, yaxşı düşməzdi. Odur ki:
-Oturun, sizinçin də yemək gətirim, – dedi.
Məriş qaşqabağını tökdü. Pərinin təklifi onun ürəyincə deyildi. Məmmədlə Əhməd naharlarını burada, şamlarını isə gedib evlərində edirdilər. “Məgər Pəri unudub bunu? Gündə iki dəfə yemək olar”:
-Pəri, sən öz işində ol. Ustaların vaxtını alma, tələsirlər. Bu istidə işləyib əldən düşüblər.
Sən demə təklif göydəndüşmə imiş. Əhməd dilləndi:
-Məriş kişi, narahat olma, tələsmirik. Pəri xalanın sözünü yerə sala bilmərik. Xətrinə dəyər.
Ustalar oturdular. Məriş kişinin ustalara da, Pəriyə də acığı tutdu. Ustaların xətrinə dəyə bilməzdi. İşlərini yarımçıq qoyub gedər, bir daha qayıtmazdılar.
Pəri arvad Məmmədlə Əhmədə də kasa dolu bozbaş gətirdi. Ustalar yeməyə girişdilər. Bu zaman həyət qapısı açıldı. Məriş dönüb baxdı. Kürəkən idi. Qızının əri Teymur.
Pəri arvad dil-ağız elədi:
-Qayınanan səni doğrudan da çox istəyir, ay Teymur. Deyirəm, bilmirəm inanırsan, ya yox.
Teymur tez:
-Salam, Məriş əmi! Pəri xala, xoş gördük!
Teymur ustalara da salam verdi. Pəri arvad:
-Teymur, yaxın gəl, səninçin də bozbaş gətirim.
Teymurun ağzı sulandı. Bu gün başı iş-gücə qarışdığından heç nahar da eləməmişdi. Artıq saat 6-ya işləyirdi. Teymur süfrəyə yaxın gəlmək istəyirdi ki, Məriş kişinin dediyi sözlər onu ayaq saxlamağa məcbur elədi:
-Ay Pəri, Teymurla işin olmasın. O, evdən yeməmiş çıxmır.
Teymur tutuldu. Pəri təkid eləmədi. Ərinin xasiyyətinə bələd idi. Yemək gətirməli olsaydı, Məriş onu söyüb yamanlayacaqdı. Həm də başa düşmüşdü ki, Məmmədlə Əhmədi bozbaşa qonaq elədiyinə görə ona acığı tutub.
Teymur süfrəyə sarı gəlmədi, keçib hasarın dibində qoyulmuş kətildə əyləşdi. Gözü iştaha ilə bozboşa girişmiş qayınatasına, Məmmədlə Əhmədə sataşanda udqunurdu.
Şirvan şəhəri, 10 avqust 2023-cü il
Yazıya 12 dəfə baxılıb