Məriş kişi xoruzpipiyi çay dolu fincanı qabağına çəkdi. Tünd çayı xoşlardı. Çoxdanın söhbətidir. Təzə evlənmişdilər. Bir dəfə Pərinin gətirdiyi çayı geri qaytararaq: “Xanım, bu çay polis görüb nədir?! Rəngi qaçıb”.
Çayın rəngi bir qədər açıq idi. Bu, Mərişin xoşuna gəlməmişdi. Pəri tez fincanı götürüb çayı dəyişdi. Pəri arvad o vaxtdan öz işini bilirdi: kişi tünd çayı içir.
Fincana limon salınanda çayın rəngi onsuz da avazıyır.
Məriş kişi könül xoşluğu ilə çayını içməkdə idi ki, həyət qapısı döyüldü.
-Ay uşaq, bir görün kimdir gələn!
Xudayar özünü çatdırdı. Gedib xəbər gətirdi:
-Dədə, saçlı-saqqalı bir kişidir. Yanında da bir uzunqulaq…
Məriş kişi fincanı nəlbəkiyə qoyub ayağa qalxdı:
-Soruşmadın nə istəyir?
Xudayar cavabında dedi:
-Yox, soruşmadım.
Məriş kişi fikrə getdi. Az sonra əlini alnına vurdu. Deyəsən saçlı-saqqalı kişinin kim olduğunu təxmin etmişdi: “Şəhərə uzunqulaqla gəlib. Deməli, kənd adamıdır”. Məriş kişi üzünü Xudayara tutaraq:
-Uzunqulağın üstündə xurcun filan vardı? – deyə soruşdu.
Xudayar dedi:
-Vardı.
Məriş kişi həyət qapısına sarı getdi: “Kənddən bacısı, ya da qardaşları ayın-oyun göndərib yəqin. Sağ olsunlar. Mən də kişini bu istidə qapı dalında gözlədirəm”.
Qapı dalında dayanan qan-tər içində idi. Cib dəsmalı ilə boyun-boğazının tərini silirdi:
-Ay kişi, buyur, keç içəri.
Saçlı-saqqalı kişi:
-Sağ ol, ay kişi. Belə də xoşdur, – deyə minnətdarlıq elədi.
Məriş kişi onun qolundan tutub içəri gətirdi. Uzunqulaq da həyətə girdi. Çəmənlikdəki ota girişdi. Məriş kişi mane olmadı:
-Otur, ay kişi. Pəri, ay Pəri!
Pərinin səsi gəldi:
-Nədir, Məriş?
Məriş dedi:
-Qonaqçın çay gətir.
Pəri cavabında dedi:
-Bu dəqiqə.
Məriş çağırılmamış qonaqla söhbət etsə də, fikri uzunqulağın belinə atılmış xurcunlarda idi. Görəsən kənddən onlara nə göndəriblər? Yəqin motal pendiri, nehrə yağı, quzu budu, süd, qatıqdır. Vay-var, bu istidə nehrə yağı əriyib suya dönüb ki…”
Saçlı-saqqalı kişi özünü narahat hiss edirdi. Sanki iynə üstündə oturmuşdu. Məriş kişi:
-Nə var, nə yox? Necəsiniz? – deyə soruşdu.
Saçlı-saqqalı kişi köynəyinin üst düyməsini bağladı:
-Yaxşılıqdır, sağ ol.
Məriş kişi elə hey suallar verirdi:
-Kənddə nə var, nə yox?
-Hansı kənddə?
Məriş kişi təəccüb qaldı:
-Bizim kənddə də…
Kişi çiyinlərini çəkdi:
-Sizin kənd hansıdır bilmirəm axı.
Məriş kişi onun cavabına fikir verməyib xəbər aldı:
-Bizimkilər necədir?
Saçlı-saqqallı kişi suala sualla cavab verdi:
-Sizinkilər kimdir?
Məriş kişi dik ayağa qalxdı:
-Madam ki, bizim kəndi, bizimkiləri tanımırsan, onda mənim həyətimdə nə itin azıb? Sən kimsən, ay kişi?
Özünü pis vəziyyətdə his edən saçlı-saqqallı kişi astaca:
-Mən gəlmirdim ki, özün məcbur gətirdin, – dedi.
Məriş kişi səsini qaldırdı:
-Lənət kor şeytana…Sənə nə lazımdır?
Kişi dilləndi:
-Sizdə quru çörək olmaz? Qoyun-quzu üçün quru çörək yığıram.
Məriş kişi cin atına mindi. Əl-qolunu ölçməyə başladı. Əli Pəri arvadın gətirdiyi çay stəkanına dəyib onu aşırdı. Stəkan çilik-çilik oldu.
-A kişi, dur! Bizdə quru çörək yoxdur. Gedə bilərsən! Uzunqulağını da yaddan çıxarma!
Saçlı-saqqalı kişi kor-peşman ayağa qalxıb özünü çölə atdı. Uzunqulaq da sahibinin dalınca çıxdı.
Şirvan şəhəri, 10 avqust 2023-cü il
Yazıya 26 dəfə baxılıb