Mayor Daş Başov mənzilin eyvanında əyləşmişdi. Qızının gətirdiyi pürrəngi çayı içə-içə həyət-bacaya baxır, gəlib-gedənə göz qoyurdu. Bazar günü olduğundan işə getməmişdi.
Bakıda elə çoxmərtəbəli binalar var ki, bir əlcə həyəti, gəzib dolaşmağa, oturmağa yeri yox. Binaları bir-birinə az qala bitişik tikiblər. Binadan çıxan kimi sakinlər, uşaqlar özlərini küçədə görürlər. Odur ki, valideynlər uşaqlarına tapşırırlar ki, ehtiyatlı olsunlar, özlərini maşından qorusunlar.
Mayor Daş Başovun və bina sakinlərinin bəxti onda gətirmişdi ki, bu doqquzmərtəbəli bina ötən əsrin doxsanıncı illərində inşa olunmuşdu, genə-bol həyəti vardı. Sakinlər həyətdə çoxlu ağac əkmişdilər. İndi kölgəsində dincəlirdilər. Binanın qarşısında park salmışdılar, parkda oturacaqlar, besedkalar, yellənçəklər vardı. Qonşu binalardan da yaşıllığa qərq olmuş parka dincəlməyə gəlirdilər. Xüsusən axşamlar bəzi bina sakinləri yığılıb dəmlədikləri çaydan içir, nərd oynayırdılar. Mayor Daş Başov da bəzən onlara qoşulurdu.
Budur, Füzuli, Vəli, Ramiz keçib əyləşdilər. Qəhvədanı həyətin küncündə qoyduaları köhnə, lakin təmiz və səliqəli seyfdən götürüb su doldurdular, qaynamağa qoydular. Həyətdə bir neçə yerdə su krantı vardı. Ağacları vaxtlı-vaxtında sulayırdılar. Hətta meyvə ağacları vardı. Heyva, nar, üzüm, əncir, tut yetişəndə Uşaqlar, böyüklər bu nemətlərdən yeyirdilər.
Mayor Daş Başov öz-özünə: “İndi başlayacaqlar nərd oynamağa”.
Kim uduzurdusa bir qırağa çəkilir, başqası onun yerini tuturdu.
Həyətdə bir maşın dayandı. Mebel maşını idi. Maşının böyründə iri hərflərlə yazılmışdı: “Nə daşınacaqsa, vur-tut 6 manata”.
Binadan köhnə divan, kreslo çıxarıldı, maşından təzə, özü də abırlı, yəni bahalı divan, kreslo düşürüb pilləkənlərlə yuxarı mərtəbəyə aparıldı.
Mayor Daş Başov diqqət kəsildi. Altdakı mənzildən səslər, ucadan danışıqlar gəlirdi. “Hə, aydındır, mebel qonşu Nərmə Nazikovgilə gətirilib. Ay canım, fikir verdim. Köhnə mebel qaydasında idi. Bu Nərmə kişi niyə onu çölə atır? Belə pullanıb? Fəhlə babadır. Acından yuxudan günorta durur. Lap məəttəl qalmalı işdir”
Mayor Daş Başov əlini yelləyib: “Əşi, biz paxıl deyilik. Öz işidir. Sağ-salamat işlətsinlər. Qonuşunu iki inəkli istə ki…”
Mayor Daş Başov belə fikirləşsə də, atalar məsəlinin dalını gətirə bilmədi. Eyni zamanda düşündü: “Kasıb ona görə kasıbdır ki, gəlirini-çıxarını bilmir”.
Günlər keçdi. Qonşu arada mənzilə nə isə daşıtdırıdı. Əyin-başları da təzələnmişdi. Günlərin bir günündə həyətdə yağın içində bir Mersedes dayandı. Məlum oldu ki, Nərmə Nazikovundur. Mayor Daş Başov fikrə getdi: “Bu Nərmə yoluğun biri idi. Dünənə kimi zavodda fəhlə işləyirdi. Yəqin onu direktor, ya da baş mühəndis qoyublar. Bu da daraşıb dəmir-dümürə, satıb yeyir”.
Maraqlandı, məlum oldu ki, Nərmə Nazikov yenə də fəhlə işləyir. Mayor Daş Başov sakitləşmək bilmirdi: “Bu kişi xəzinə tapıb nədir?! Bu qədər pul onda haradan?”
Mayor Daş Başov əlini alnına apardı: “Hə, tapdım. Yəqin nə isə yaramaz işlərə qoşulub. Narkotiklə məşğuldur, dələduzluq edir nədir, gərək öyrənim”.
Nərmə Nazikov sakit, mərifətli adam idi. Qonşular xətrini istəyirdilər. Heç kimlə işi, problemi yox idi. Ailə üzvləri də eləcə. Mayor Daş Başov nə qədər çalışıb əlləşsə də bir şey tapa bilmədi. Nərmə Nazikov səhərlər işə gedir, axşamlar qayıdır, qonşularla hörmətli davranır, ayağını da əyri atmırdı. Hamı ondan razı idi.
Mayor Daş Başov qalmışdı mat-məəttəl. O, polis idarəsində cinayət-axtarış şöbəsinin müdiri idi. İndiyə qədər onun fəaliyyətində belə bir şey olmamışdı ki, hansısa işi aça bilməsin. Nərmə Nazikov pullanmışdı. Mayor Daş Başov bu pullaşmanın mənbəyini tapa bilmirdi. Dişi bağırsaqlarını kəsirdi. Axırda prokurorun yanına getdi və onun yuxusunu ərşə çəkən əhvalatı danışdı.
Hüquq mühafizə orqanı işçiləri bir müddət Nərmə Nazikovu güddülər. Şübhəli bir şey aşkara çıxara bilmədilər. Prokuror Mayor Daş Başova:
-Görünür nəslindən, ata-anasından, yaxud qayınatasından qalma varidatı varmış, – dedi.
Mayor Daş Başov razılaşmadı:
-Yox, ay canım, bəs neçə illər o varidatdan niyə faydalanmayıb? Ac-yalavac yaşayıblar. Neçə dəfələrlə borc alıb.
Mayor Daş Başovun təkidi ilə Nərmə Nazikovu prokurorluğa çağırdılar. Nərmə səliqəli geyinmişdi. Prokurorluğa dəvət olunduğundan özünü narahat hiss edirdi.
Mayor Daş Başov xahiş etmişdi ki, bu işdə onun əlinin olduğunu bilməsinlər. Prokuror Nərmə Nazikova dedi:
-Hə, danış.
Nərmə Nazikov:
-Nəyi danışım? – deyə xəbər aldı.
Prokuror əlindəki fincanı nəlbəkiyə qoyaraq onun gözlərinin içinə baxdı:
-Xəzinəni haradan tapdığını… – dedi.
Nərmə Nazikov özünü itirdi. Kəkələdi:
-Hansı xəzinəni? Mən xəzinə görməmişəm. Xəzinə nədir?
Prokuror onun kəkələməsindən və özünü itirməsindən bir daha əmin oldu ki, hər halda Nərmənin bir sirri var. Onu öyrənmək lazımdır.
-Sən bir fəhlə babasan, elədir?
-Elədir, cənab prokuror.
Prokuror davam etdi:
-Həyat yoldaşın işləmir. Üç övladın var. Hər üçü məktəblidir. Sənin nə qədər maaş almağından da xəbərimiz var. O maaş zorla sizi görür. Altı ay, bir il əvvəl ehtiyac içərisində yaşayırdınız. İndi o binanın zəngin ailələrindən birisiniz. Düzünü de. Hansı həlləm-qəlləm işə qurşanmısan? Gec-tez onsuz da açılacaq. Hey axtardıq, ip ucu tapmadıq. Narkotiki sənə kim gətirir? Bu, sualın biri. Sən onu kimə ötürürsən? Bu da ikinci sual. Hələlik. Davam edəcəyəm hələ.
Nərmə Nazikovu tər basdı:
-Cənab prokuror, nə narkotika? Mən heç onun rənginin necə olduğunu bilmirəm.
-Bəs o pullar sənə haradan? Mebelini dəyişmisən? Maşın almısan? İndi də evini təmir etmək istəyirsən. Yəqin təzə mənzil də almısan?
Özünün narkotik alış-satışında suçlanması Nərmə Nazikovu düşünməyə məcbur etdi. Bunlara nə var ki, boynuma qoyacaqlar. Yaxud oğurluqda günahlandıracaqlar.
Nərmə Nazikov hələ özünə gələ bilmirdi ki, cavab versin:
Prokuror ayağa qalxıb gəzindi:
-Nərmə, sən kimə gəlirsən? Mən bu yolda saçımı-saqqalımı ağartmışam. Nə bizi, nə də özünü yorma. Həqiqəti aç, de.
Nərmə Nazikov dilə gəldi:
-Bəli, varlanmağım səbəbsiz deyil. Amma mən əyri yola düşməmişəm. Təqsirkar qonşudur. Niyə? Bu dəqiqə deyim. Qonaq otağımızdakı çil-çıraq gözümə birtəhər göründü. Birtəhər deyəndə bir az yana əyilmişdi. Dedim çıxıb düzəldim. Pis görünür. Ayağımın altına stul qoyub qalxdım. Çil-çırağı əvvəlki yerinə çəkəndə yuxarıdan tappıltı ilə döşəməyə nə isə düşdü. Qızıl onluq idi. Qaldırmaq istəyəndə biri də düşdü. Götürdüm. Sonra stulun üstünə çıxıb baxdım. Qonşunun döşəməsindən nə isə bir balaca yarıq açılmışdı. Qızıl onluqlar oradan sürüşüb düşürdü. Yenə də qızıllar vardı. Amma mən onları götürməyə tələsmirdim. Qonşu duyuq düşərdi. Hərdən birini, ikisini götürüb xərcləyirdim. Mayor Daş Başovun mənzili idi. Sən demə, döşəmənin taxtasını, ya da parketi qaldırmaqla qızılları orada gizlədirmiş. Bizim çilçırağın bənd edildiyi tavanda mənim, yoxsa onun günahından oyuq açılmışdı… İndi başa düşdünüz. Oğrudan oğruya halaldır…. Qonşunun hələ də yoxa çıxan qızıllardan xəbəri yoxdur.
Prokuroru gülmək tutdu:
-Yaxşı, sən get. Lazım olanda çağıraram
Nərmə Nazikov çıxdı. O gedəndən sonra prokuror Daş Başovu nəzarətə götürtdürdü. Məlum oldu ki, o, cinayətkarlarla əlbir olub, müxtəlif yollarla pul qazanır. Aldığı pulları qızıla çevirir.
Daş Başov rüşvətxorluqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbsə alındı. Belə yerdə deyirlər: “Başqasına quyu qazan özü həmin quyuya düşür”.
Bakı şəhəri, 09 sentyabr 2023-cü il
Yazıya 15 dəfə baxılıb