Akif ABBASOV – QABAN OVU

AKİF 100 (hekayə)
Kənd camaatı lap boğaza yığılmışdı. Ova icazə verilmədiyindən meşədə  vəhşi heyvanlar çoxalmışdı.  Xüsusən axşamlar, gecə yarısı kəndə  sakitlik çökəndə, adamlar yatanda qaban, canavar, tülkü, çaqqal həyət-bacalara soxulur, pəncələrinə keçənləri götürüb aparırdılar. Canavarlar daha  çox ziyankarlıq edirdilər. Bir qoyunu, yaxud bir quzunu caynağına almaqla kifayətlənməyib, bir-ikisini də parçalayıb eləcə də qoyub aradan çıxırdılar.

Tülkülər də toyuqlara daraşmışdılar.

Adamlarda tüfəng olsa da, vəhşi heyvanları vurmağa qorxurdular. Üzü astarından baha başa gələcək,  yaxşıca cərimələnəcəkdilər. Ödəyəcəkləri o cəriməyə neçə quzu, neçə toyuq, neçə qoyun, neçə keçi ala bilərdilər.

Əlqərəz, odla su arasında qalmışdılar. Yığılıb kəndin bələdiyyə nümayəndəsinin yanına getdilər.

Bələdiyyə nümayəndəsi onları qabaqladı:

-Bilirəm niyə gəlmisiniz. Xəbərim var. Bu yırtıcılar mənim də bir quzumu, bir qoyunumu aparıb.

Niyazi kişi özünü saxlaya bilmədi:

-İndi deyirsən, əlimizi əlimizin üstünə qoyaraq oturub baxaq?

Muxtar söhbətə qarışdı:

-Qaban adamlardan birini parçalayanda əl-ayağa düşəcəklər.

Bələdiyyə nümayəndəsi:

– Ov ovlamağa heç birinizin icazəsi yoxdur.  Odur ki, çarəsizik, – dedi.

Fatma arvad dilləndi:

-Bizim qonşu Arazın icazəsi var.

Bəşir aydınlıq gətirdi:

-O, ovçular cəmiyyətinin üzvüdür.

Bələdiyyə nümayəndəsini gülmək tutdu:

-İndi deyirsiniz sizin bu Araz bütün qabanları, canavarları qırıb çatacaq? Ona kim icazə verəcək? Deyirsiniz o binəvanı verək fələyin güdazına?

Bu səfər Dünyamalı kişi dilləndi:

-Elə niyə, ay bələdiyyə? Arada güllə atıb o vəhşi heyvanları qorxutsun. Bəlkə kəndə gəlməkdən çəkinələr.

Bələdiyyə nümayəndəsi:

-Ona qalsa elə siz də tüfənglərinizi işə sala bilərsiniz.

İki-üç ailədə ov tüfəngi vardı. Amma onlar əllərinə tüfəng almağa cəsarət etmirdilər. Qorxdular ki, öz əlləri ilə başlarının iş açarlar.

Dünyamalı kişi anlatdı:

-Ay bələdiyyə, elə bircə Araz bəsdir. Cavan oğlandır, ovçular cəmiyyətinin üzvüdür. Onu tanıyırlar. Araza ilişməzlər.

Kənd camaatı dağılışandan sonra bələdiyyə nümayəndəsi Arazı idarəyə çağırıb məsələni anlatdı:

-Gümanımız sənə qalıb. Kəndi lərzəyə salan o vəhşi heyvanları hürkütmək lazımdır ki,  buralarda dolaşmasınlar, ürək edib heyvanlara yaxın gəlməsinlər.

Araz “baş üstə” deyib evə qayıtdı.

Qabanlar gündüz yatır, axşamlar haradasa saat 20-21 radələrində ova çıxırdılar.  Arazın bundan xəbəri vardı. Odur ki,  həmin vaxt gedib meşədə özünə yer elədi, kolların arasında uzanıb silahlı hazır vəziyyətdə əlində saxladı. Sakitlik idi. Araz kəndin heyvanlarına qan udduran qabanın gəlişini   səssiz-səmirsiz gözləyirdi.   Bu zaman uzaqdan şıqqıltı eşitdi.   Arazın bədəni üşəndi. Əlində tüfəng olsa da, həyəcanlı idi. Qorxu canını almışdı. Hər şey ola bilərdi.

Qaranlıq olduğundan uzağı görmək çətin idi. Araz özünü elə itirmişdi ki, bələdiyyə nümayəndəsinin dediklərini unutmuşdu. O, demişdi ki, qabanı qorxutmaq lazımdır, güllə ilə vurmaq yox. Araz isə qabanın   yaxına gəlməsini gözləyirdi  ki, atanda gülləsi boşa çıxmasın.

Səs cəngəlliyin dərinliyindən  gəlirdi. Oraya gündüz vaxtı   girmək olmurdu, onda qala gecənin bu vaxtı. Ona görə Araz yerindən tərpənmir, qabanın yaxınlaşmasını gözləyirdi.

O, yaxınlaşan kölgəni görürdü. Tüfəngini atəş üçün sazlayıb:

-İndi axırına çaxacaq, – dedi, -kənddən daşıyıb apardıqlarını burnundan tökəcəyəm.

Kölgə lap yaxınlıqda idi. Araz tez uzandığı yerdən qalxıb atəş açmaq istədi, amma əl saxladı.  Qarşısındakı qaban yox,  bir qadın idi. Olardı 60-70 yaşlarında.

Araz yerində donub qalmışdı. Qadın da qəfil qarşısına çıxan oğlanı görüb  əvvəlcə hərəkətsiz qaldı, sonra  dönüb qaçmağa başladı.

Araz artıq özünə gəlmişdi:

-Sənə min şükür, pərvərdigar! Mən bura qabanı hürkütmək üçün gəlmişdim, amma deyiləni unudub qabanı öldürmək istəyirdim. Qarşıma qaban yox, bir qadın çıxdı. Yaxşı ki, tələsmədim, yoxsa bədbəxt hadisə baş verə, güllə ilə  qadını vura, onun həyatına son qoya bilərdim. Qabanı vurduğuma görə cəza alacaqdımsa, qadına atəş açdığıma görə, məni həbs edəcək, 10-15 il iş kəsəcəkdilər.

Araz alnının tərini silib Allahına min şükür elədi.

Qəfil çay kənarında peyda olan qadın kim idi? Gecə vaxtı buralarda nə edirdi?

Araz evə qayıtdı. Səhər bələdiyyə şöbəsinə gedib əhvalatı danışdı. Polislərə xəbər çatdı. Meşəni axtarmağa başladılar. Qadını tapa bilməsələr də, onun  meşənin dərinliklərində gecələdiyi bir sığınacaq gördülər. Sən demə, psixoloji durumu qaydasında olmadığı üçün qadın qaçıb meşədə özünə sığınacaq düzəldibmiş. Gündüzlər yaxın  kəndlərə gedib camaatdan yemək-içmək istəyir, axşamlar gəlib burada yatırmış.

Qadını tapıb evlərinə gətirdilər.

Polis idarəsi vəhşi heyvanların kəndə hücumlarının qarşısını almaq üçün plan işləyib hazırladılar.

Bakı, 14 sentyabr 2023-cü il

 

Yazıya 36 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.