Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Balaca kişilər” tamaşası yenidən nümayiş etdirildi

8fe80348-ce7e-4d50-8f85-a8e560664881Oktyabr ayının 22-də yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan “Balaca kişilər” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində yenidən nümayiş etdirildi.

Kultur.az xəbər verir ki, Teatrın Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin qalibi olan “Balaca kişilər” əsərinə Quruluşçu rejissor, Əməkdar artist Nicat Kazımov  səhnə həyatı bəxş edib.  Tamaşanın quruluşçu rəssamı Vüsal Rahim olmaqla, döyüş səhnələrinin quruluşu İsa Əsədova, musiqi tərtibatı isə Zaur Rəşidova aiddir.

Görkəmli tənqidçi Əsəd Cahangir tamaşanın çox uğurlu alındığını qeyd etdi: “44 günlük Zəfər tariximizə həsr olunmuş tamaşada bir qrup azərbaycanlı gənc döyüşçü düşmən mühasirəsinə düşsə də, qəhrəmanlıqla döyüşür. Əsgərlərimizin bir hissəsi həlak olur, lakin bu, onların qəlbindəki qələbə əzmini sındıra bilmir. Əsər çox aktual bir mövzuya həsr olunub. Əsərin tərtibatı, musiqisi, rejissor işi, aktyor oyunu yüksək səviyyədə idi və tamaşaçıların döyüşün bilavasitə iştirakçısı olmasına şərait yaradırdı. Belə əsərlər həm gənclərdə vətənpərvərlik hisslərini gücləndirir, tərbiyəedici rol oynayır, həm də şəhidlərin xatirəsinin yad edilməsi kimi müqəddəs bir görəvi yerinə yetirir. Əsərin dramaturji baxımdan ən uğurlu cəhətlərindən biri də Azərbaycan dövlətçiliyi tarixində Şah İsmayıl Xətai, Cavad Xan, İbrahimxəlil Xan, Hüseynqulu Xan və digərlərinin obrazlarının yaradılmasıdır. Bu tarixi şəxsiyyətlərin ruhları hadisələrin gedişində iştirak edir, Azərbaycan döyüşçülərini qəhrəmanlığa səsləyir. “Balaca kişilər” əsərində Azərbaycan dramaturgiyasında çox nadir olan bir hadisə də baş verir – metafizik planla realistik plan paralelləşdırılır və gənclərimizi keçmişimizə, dövlətçilik ənənələrimizə bağlı olmağa çağırır. Əsərin tərtibatında da bu məsələ öz əksini tapıb, səhnədə böyük bir ağac təsvir olunub və ağacın kökləri bütün səhnəyə yayılıbdır. Bu da bizim tarixi köklərimizə bağlılığımızın səhnəqrafik ifadəsi kimi anlaşılır. Həm rejissor Nicat Kazımovu, həm dramaturq İlqar Fəhmini, həm də tamaşada iştirak edən aktyorları bu tamaşa münasibətilə təbrik etmək olar. Tamaşa çox uğurlu alınıb. Xüsusilə nəzərə alaq ki, yeddi nəfər gənc döyüşçünün obrazını yaradan aktyorlar olduqca gənc aktyorlar idi, bəlkə də bu tamaşa onların debütü idi. Nəticə olaraq qeyd edim ki, hər kəs öz işinin öhdəsindən uğurla gəldi”.

Qeyd edək ki, alqışla başa çatan tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev rol alıb.

Yazıya 629 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.