AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ – TARLA GÖZƏTÇİSİ (hekayə)

AKİF 100Valentin Roşka Moldoya

Hər ikisi anadangəlmə halal adam idi. Başqalarına rəva görmədiklərini özlərinə də görməzdilər. Ancaq olacağa çarə yoxmuş…

Tarla gözətçisi Leonte bir gün növbə çəkərkən kirvəsi Antonu qarğıdalı tarlasında dolaşan gördü. Kirvə ağzına kimi dolu torbanı çiyninə atmışdı. Leonte atını saxlayıb tüfəngini ayağa çəkdi və:

–  Anton, mənimlə idarəyə gedəcəksən! – deyə qışqırdı. – Sənə öyrədərəm.

Gecə idi. Bayaqdan yağan narın yağış yolu xarab etmişdi. At, dırnaqlarını yapışqan kimi palçıqda şıppıldadaraq, yorğa yerişlə gedirdi. Anton kirvə bir qədər arxada ot basmış cəngəlliklə yeriyirdi. Leonte onun ağır nəfəs aldığını eşidirdi. Anton heydən düşsə də kəndə çatanadək ağzını açıb bir söz də demədi. Yalnız öz komasının yanından ötəndə kədərlə:

–        Arvad yenə yadından çıxarıb hinin qapısını açıq qoyub. Axır bir gün hinə girəcək, toyuqları daşıyıb aparacaqlar.

Amma bununla belə, ayaq saxlamadı. Küçədə palçıq dizə çıxırdı. At az qala büdrəyib yıxılacaqdı. O, Antonun üst-başını batırdı. Şiddətli külək fanarları yırğalayırdı. Ağacların bədheybət evi xatırladan kölgələri kirvələrin ardınca sürünürdü.

Leonte bir əli ilə bərk – bərk yüyəni dartdı, o biri əli ilə arasıkəsilmədən alnını ovuşdurdu. Ağır və əzabverici fikirlər ona rahatlıq vermirdi. Antonun belə bir iş tutacağına heç cür inana bilmirdi. O, hətta əlini kəsməyə belə hazır idi, nəinki Antonun özgə həyətindən küləş çöpü çırpışdırmasına.

O, Antonu yaxından tanıyırdı… belə iş tutmazdı. Ağac öz yarpağını qoruyub saxlar, insan isə şərəfini.

“Şeytan onu yoldan çıxarıb nədir? Yəni onun ağlını alıb kolxozun qarğıdalı tarlasına göndərib?”

Leonte alnında puçurlanmış soyuq tərdən əlinin islandığını hiss etdi. – Birdən atının başını döndərib:

–  Anton kirvə, – dedi, – sənin torbandakı qarğıdalı deyil, elədir?

Anton dinmədi. Sonra qaşqabağını turşutmuş halda güclə eşidiləcək bir səslə:

–  Yox!- dedi.

Leonte ümidsiz bir halətlə:

–  Anton kirvə, mən bilirəm ki, sənin torbandakı qarğıdalı deyil! – deyə qışqırdı.

–  Bəs mən nə deyirəm. Əlbəttə, yox.

Leonte atdan düşdü. Torbanı qamarlayıb açdı. Orda yun dolaması vardı.

Anton:

–  Yun aparıram, – dedi, – Xutordakı kirvəmdən almışam. Arvad xalça toxuyur, bir az çatmırdı.

–  Niyə bayaqdan bunu demirsən?

Anton torbanı çiyninə atıb arxasını kirvəsinə çevirdi. Evinə gedə – gedə arxaya dönmədən:

–  Sən ki, məndən xəbər almadın! – dedi.

–  Anton kirvə! Anton! Belə palçıqda səni dörd verst əziyyətlə gətirdim. Dörd verst. Bir görürsənmi…

Anton isə artıq uzaqlaşmışdı. Onun dediyini eşitmədi, ya da özünü elə göstərdi ki, eşitmir…

 


 

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.