Malik Fərrux – 75
Şərqi Zəngəzura-Laçına qayıdırıq… Sənin ruhun, inanıram, o qayıdış köçünü qarşılayır, əziz dost. Tələbəlik illəri, səninlə dostluğum əvəzı olmayan günlərimdi… Ruhun şad olsun…
Maliki xatırladım… Ədəbiyyata ilk gəlişi ilə,”Qartallı dağlar” şeiri ilə oxucu mühitində səs- səda yaradan Malik Fərruxu.. 1968-ci ilin əvvəlləri idi O vaxtki Lenin adına kitabxanada ədəbi dərnək vardı… Fərman Fərimzadə, Sabir Rüstəmxanli, Dilsuz, Nüsrət Kəsəmənli,Çingiz Əlioğlu, Vahid
Əziz,Malik Fərrux… bəzən bu dərnəkdə 20-25 nəfər iştirakçı olurdu. İndi orada iştirak edənlərin hamısının adını çəkmək imkan xaricindədi…
Mən də iştirakçılardan biri idim…Bizi, oxucuları valeh edən “Qartallı dağlar”a gəlirəm… O dərnək günlərindən biri yaxşı yadımdadı… Nüsrətlə Malik dərnəyə bir gəldilər.Şeirlər, hekayələr oxunur, müzakirələr gedir. Dərnəyi Tofiq Bayram aparırdı. Nüsrət söz aldı, Tofiq müəllimə dedi ki, Malikin şeiri var, sözü ona verək, şeirini oxusun. Aydın idi ki, Nüsrətin Malikin nə oxuyacağından xəbəri vardı, məlumatlıydı. Hamımızın gözü Malikə dikildi.Malik dağlara, qayalara, qartallara aid şeirini oxudu. “Qartallı dağlar”şeirini…Təbii şeir çox yaxşı qarşılandı, hamımız tərəfindən bəyənildi. Tofiq Bayram məmnunluqla:: Malik, gecikdirmə, şeiri “Ulduz”a gətir-,dedi.Tofiq Bayram “Ulduz”da poeziya şöbəsinə rəhbərlik edirdi.
Çox keçmədi o möhtəşəm şeir geniş oxucu aiditoryasına təqdim edildi. Deyim ki, Nüsrət gözəl şair olmaqla bərabər, ürəyigeniş insan idi.Dost uğuruna sevinən, o uğurları təqdir edən, paylaşan insan idi.Allah rəhmət etsin, o dərnəkdə Nüsrət mənim şeirlərim haqda da müsbət fikirlər söyləyib.
Maliklə yataqxanada yaxın otaqda qalırdım. Xatirələrim az deyil.
Malik qapalı adam deyildı. Səmimiydi.Onun şeirləri də ruhdan gələn, əbədi diriliyə, həyata bağlı şeirlərdi. Mən də bəzən şeirlərimi Malikə oxuyurdum…
Onun təklifi ilə yağışlı havada pəncərədən baxıb gördüklərimizi şeirə cevirməyimizi xatırlayıram… O, sözüynən-söhbətiynən də nikbinlik qaynağı idi.
Universiteti qurtarana yaxın “Dəmir adam”ı yazdı Çox səmimi, əhatəli, məzmunlu, böyük yazıçımız Süleyman Rəhimova həsr olunan layiqli, diqqətçəkən yazı idi… Malikin bu yazısı da ədəbi aləmdə rəğbətlə qarşılandı…
Maliki qartallı dağlardan ayrı təsəvvür etmək mümkün deyil. Həmin seirin də misralarında Maliki görmək mümkündü. Ruhun şad olsun,Vətən qayğıları, Laçın qayğıları ruhunu sıxmasın daha, əziz dost!
Göylərə ucalıb yolu dağların,
Yuyunan buludlar saçı olubdur.
Hökmdar dağların, ulu dağların
Qartallar başının tacı olubdur.
Dostunun yolunda düşəndə dara,
Çoxu bu dostluqdan bezər dünyada.
Dağlarda gurlayan ildırımlara
Qartallar dayanıb dözər dünyada.
Bir qartal yaranda göyün qatını,
Gözləri yol çəkər, düşünər dağlar.
Ana təbiətin mükafatımı,
Yığıb qartalları başına dağlar?
Qartal qanad çalıb uçanda qıyla,
Dərələr boğular harayda, səsdə.
Dağın tarixini caynaqlarıyla
Qartallar yazıbdır qayalar üstə.
.
Odur yanımçılı bu dağların da,
Ölüncə dağların başına dönər.
Dar gündə qartalın caynaqlarında
Hər qaya bir sapand daşına dönər…
Yazıya 27 dəfə baxılıb